Heydər Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi

Ümummilli lider Heydər Əliyevin fəaliyyətində iqtisadiyyatın digər sahələri ilə yanaşı,  aqrar siyasət də özünəməxsus yer tutmuşdur.

Dahi öndər Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə  1969-1982-ci illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə aqrar sahənin tərəqqisi ilə bağlı “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında (1970-ci il)”, “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi haqqında (1975-ci il)”, “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında (1976-cı il)” kimi tarixi qərarlar qəbul olunmuş, respublika üçün mühüm əhəmiyyət kəsb edən Sərsəng, Madagiz, Araz, Arpaçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-Cibir magistral kanalları, Naxçıvan MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan və Abşeronda suvarma sistemləri, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri kimi yüzlərlə obyektlər tikilib istifadəyə verilmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri sayəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

Göründüyü kimi, ümummilli liderimizin aqrar sahəyə xüsusi diqqəti və köməyi nəticəsində ölkəmizdə kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. 1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə yüksəlmişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi inkişafının ən uğurlu nəticələri kənd təsərrüfatının ayrı-ayrı sahələrində, xüsusilə pambıqçılıqda öz əksini tapmışdır. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, bu sahədə istehsal 2,5 dəfə artmışdır. Bundan başqa, ittifaq miqyasında istehsal olunan pambıq ipliyinin 9,6 faizi, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşmüşdür.

Ulu öndərimiz ittifaq rəhbərliyində olan zamanlarda da aqrar sahəyə qayğısını əsirgəməmişdir. Onun bilavasitə köməyi Baş Mil-Muğan kollektorunun, Vayxır su anbarının, Şəmkir maşın kanalının və onlarla digər obyektlərin tikintisi ilə bağlı məsələlərdə öz əksini tapmışdır.

1991-ci ildə Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqillik əldə edəndən sonra ölkə qarşısında iqtisadiyyatın zamanın tələblərinə uyğun yenidən qurulması kimi həyati əhəmiyyətli problem dayanırdı. Sovet İttifaqında planlı təsərrüfat sisteminin dağılması digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana salmışdı. Respublikanı bu böhrandan çıxarmağın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını yeni iqtisadi əsaslarla bərpa etmək idi. Bunun da həyata keçirilməsi üçün, ilk növbədə, torpaq islahatları aparılmalıydı.

Xatırladım ki, əsası məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində həyata keçirilməklə qoyulan torpaq islahatları o, respublika prezidenti seçiləndən sonra bütün ölkəyə tətbiq edildi. Bu proses dünyada analoqu olmayan bir şəkildə, yəni torpaqların pulsuz olaraq əvəzsiz pay kimi vətandaşlara verilməsi ilə reallaşdı.

1995-ci ildən başlayaraq torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı mükəmməl hüquqi baza yaradıldı, 52-dən artıq fərman, sərəncam və digər hüquqi aktlar hazırlandı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Torpaq Məcəlləsi” və digər hüquqi - normativ aktlar ölkədə torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanından sonra islahatların həyata keçirilməsi prosesi daha da sürətləndi.

Torpaq islahatlarının, habelə aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsidir ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarında hər il dinamik artım müşahidə edilməkdədir. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan kənd təsərrüfatı məhsullarının idxalçısından ixracatçısına çevrilmişdir. 

Ulu öndərimizin ideyalarını uğurla həyata keçirən möhtərəm dövlət başçımız İlham Əliyev hər zaman  aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz elə bunun nəticəsidir ki, bu gün kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi aqrar sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoyub. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Cənab  İlham Əliyevin tövsiyəsi ilə hazırda ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə  bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilir, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılır, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yuxarıda qeyd edilən məsələlər barədə ətraflı danışılıb. Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi özünü daha qabarıq büruzə verir. Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb”.

Dövlət başçısı sözügedən iclasda ərzaq təhlükəsizliyi məsələsinin əsas prioritet olduğunu bildirərək, yaxın zamanlarda ölkənin özünü ərzaqla tam şəkildə təmin edəcəyini də qeyd edib: “Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha mühüm tədbirlər həyata keçirilməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə halda isə kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.

Dövlət başçısı İlham Əliyev çıxışında, həmçinin kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcək. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq”.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Ölkə başçısı  Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncam imzalayıb. Yeni qurumun formalaşdırılması bir çox yeniliklərə şərait yaradacaq. Belə ki, bu təşkilatın yaradılması qida sektorunun rəqabətə, kiçik istehsalçılara, kənd təsərrüfatının, kiçik və xırda biznesin inkişafına, səhmlərin Bakı Fond Birjasında kütləvi təklifə çıxardılması ilə kapital bazarında yeniliklərə, dövlət büdcəsindən birbaşa maliyyələşmənin azaldılmasına səbəb olacaq. Eyni zamanda, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti alınacaq  mal və məhsulların standartını da müəyyən edəcək ki, bu da  şübhəsiz ki, keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq.

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsalı və rəqabət qabiliyyətliliyinin artırılması, emal müəssisələrində mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi, iri fermer təsərrüfatlarının yaradılması, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatının texnika, mineral gübrələrə olan tələbatının təmin edilməsinin yaxşılaşdırılması, şoranlaşmış torpaqların yenidən dövriyyəyə qaytarılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə də tapşırıqlar verib.

Fermerlərə maliyyə dəstəyi mexanizminin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması istiqamətində əsas tədbirlərdən biri aqrar sahədəki xidmətlərin tamamilə elektronlaşdırılmasıdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyində elektron təsərrüfat sisteminin qurulması üzərində işlər yekunlaşmaq üzrədir. Bu sistemin mahiyyəti kənd təsərrüfatına ayrılan maliyyə vəsaitlərinin verilməsi və istifadəsi proseslərinin elektronlaşdırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Prosesə uyğun olaraq, artıq cari ildən subsidiyaların verilməsinin nağdsızlaşdırılması tətbiq olunacaq. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi şəxslərə yardımlar onların hesablarına köçürüləcək, fiziki şəxslər isə vəsaitləri müvəkkil bankın plastik kartları ilə əldə edəcəklər. Bank kartlarının xərcləri və bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin olunacaq.

Fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər yaxın zamanlarda aqrar sahənin inkişafına öz töhfəsini verəcək. Bununla yanaşı, sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması,   lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, lisenziyaların müddətsiz müəyyən edilməsi, eyni zamanda,   dövlət rüsumu məbləğinin Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılması, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılması da fermerlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcək.

Yuxarıda qeyd edilənlər isə onu göstərir ki, hazırda respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və ideoloji həyatının bütün istiqamətlərində olduğu kimi, aqrar sektorda da İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs uğurla davam etdirilməkdədir. Bu ardıcıllıq və prinsipiallıq isə Azərbaycan Respublikasının dinamik inkişafının əsasıdır.

Yusif  NƏSİBOV,
sahibkar, “Nəzər”
kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı müəssisəsinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında