Kitabxana mənəviyyat, bilik, zəka mənbəyidir.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi rəhbər gənclərə və ətrafındakı insanlara daim mütaliə etməyi, kitabla həmsöhbət olmağı məsləhət görmüş, həyatda kamil insan kimi yetişməyin, biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
Heydər Əliyev 1995-1997-ci illərdə 4 dəfə M.F.Axundov adına Dövlət Kitabxanasında olmuş və həmin kitabxananın işləri ilə yaxından maraqlanmışdır. Bu səfərlər Milli Kitabxananın həyatında böyük dönüşlə yadda qalmış və onun inkişafında əhəmiyyətli rol oynamışdır. Böyük fəxarət hissi ilə qeyd etmək lazımdır ki, hazırda özünün sürətli inkişaf və modernləşmə dövrünü yaşayan Azərbaycan Milli Kitabxanasının yenidənqurma konsepsiyasının əsası da XX əsrin 90-cı illərinin ortalarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu dahi şəxsiyyət 1995-ci il iyun ayının 3-də Milli Kitabxanaya gələrək “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirak etmişdir. O zaman M.F.Axundov adına Dövlət Kitabxanasının fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirən ulu öndər demişdir: “Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya və burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. Bu fikirlər Heydər Əliyevin kitaba, kitabxanaya bir elm məbədi, bilik xəzinəsi kimi necə dəyər verdiyini əyani şəkildə göstərir.
Ümummilli liderimiz kitabxana fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə də maraqlanmış və bu işin çox vacib olmasını söyləmişdi. Kitabxanaya çox az sayda yeni ədəbiyyatın daxil olduğunu biləndən sonra “...Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu Mərkəzi Kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun”, – demişdi.
Eyni zamanda, bunu nəzərə alaraq, öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdi. Bununla da o, böyük və şərəfli bir ənənəyə başlanğıc vermişdir. Ulu öndər kitabxanadakı çıxışı zamanı demişdir: “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər”.
Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız, mərhum akademiklərimiz – Ziya Bünyadov, Budaq Budaqov, Xalq yazıçısı Elçin, teatrşünas-alim Ədalət Vəliyev və başqaları Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitab bağışladılar.
Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya növbəti dəfə 1997-ci il noyabrın 5-də “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimi zamanı gəlmişdir. O vaxt ulu öndər Milli Kitabxananın fondundakı xarici ədəbiyyatla da maraqlanmış və məlum olmuşdur ki, bir neçə ildir ki, Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat daxil olmur. Diqqəti bu məsələyə çəkən ulu öndərimiz oradaca Baş nazirə göstəriş vermişdir ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın və bu vəsait hər il nəzərdə tutulsun.
Heydər Əliyevin Milli Kitabxananın fonduna öz şəxsi kitabxanasından bağışladığı kitablar bu gün kitabxananın nadir kitablar və kitabxana muzeyi şöbəsində böyük qayğı ilə mühafizə edilir və kitabxana fondundakı ən qiymətli kolleksiya kimi oxuculara, gənclərə, kitabxananın qonaqlarına, kitabxanaya ekskursiyaya gələn məktəblilərə və tələbələrə böyük fəxrlə nümayiş olunur.
Bu kolleksiyanın tərkibinə nəzər salarkən oradakı çoxsahəlilik və yüksək mütaliə mədəniyyəti diqqəti cəlb edir. Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, Türkiyə və Cənubi Azərbaycan ədəbiyyatına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, İslam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixinə və probleminə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur.
Bütün bunlar, bir tərəfdən ulu öndərin mütaliə dairəsinin genişliyinin bariz nümunəsi olmaqla yanaşı, digər tərəfdən bu böyük şəxsiyyətin bütün elmlərə marağının nümunəsi kimi qiymətləndirilməlidir. Ulu öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuq və bir sıra xarici jurnalistlərin ona verdikləri – “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” – sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da, bu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinin müdrikliyinə tam əmin olursan.
Ümummilli liderin Milli Kitabxanaya bağışladığı kitabları vərəqləyərkən və orada Heydər Əliyevin öz əli ilə apardığı qeydlərlə tanış olarkən bu dahi şəxsiyyətin mütaliə qabiliyyətinə və məsələlərə düşüncəli şəkildə müdaxilə etmə bacarığına valeh olursan. Tarixi hadisələrə tarixçi kimi müdaxilə etmək, ədəbiyyat məsələlərinə ədəbiyyatşünas alim kimi münasibət göstərmək, incəsənət əsərlərinə və arxitekturaya zərgər dəqiqliyi ilə yanaşmaq, Nizaminin, Füzulinin, Sabirin, Cəlil Məmmədquluzadənin, Şəhriyarın, Məmməd Arazın və başqa şair, yazıçı və dramaturqlarımızın əsərlərinə yaradıcı yanaşaraq, müəyyən qeydlər etməsi ulu öndərin, sadəcə mütaliəçi deyil, həm də geniş təxəyyülə malik bir insan olmasına dəlalət edir.
Bu qiymətli kolleksiyada diqqəti çəkən bir kitab da var ki, o da müqəddəs Həcc ziyarəti zamanı ona bağışlanan “Qurani Kərim” kitabıdır. Dahi Heydər Əliyev onun üçün çox əziz olan bu kitabı da Milli Kitabxanaya bağışlayarkən demişdir: – Orada – İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın bir neçə nüsxəsini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət Kitabxanasına verirəm. Bu faktın özü də ulu öndərin Milli Kitabxanaya müqəddəs bir elm və mənəviyyat məbədi kimi yanaşmasının bariz nümunəsidir.
Milli Kitabxana fonduna Heydər Əliyevin bağışladığı qiymətli kitabları zaman-zaman bu fenomen şəxsiyyətin yubileyləri münasibətilə keçirilən tədbirlərdə böyük fəxrlə nümayiş etdirir və gənclərə onlar haqqında böyük məhəbbətlə danışırıq. Həmin kitabları seyr edən gənclər bu dahi şəxsiyyətin elminə və təfəkkür dairəsinə, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasında kitabların və mütaliənin roluna, elmi biliklərə yiyələnməyin məhz kitablardan keçməsinə bir daha əmin olurlar. Ulu öndərin kitab kolleksiyası bu günədək DİN-in Polis Akademiyasının və Sumqayıt Dövlət Universitetinin kursantlarına, tələbə və müəllim heyətinə nümayiş olunmuşdur.
Bu il Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 93-cü ildönümü münasibətilə həmin kolleksiya ilk olaraq cəbhə bölgəsində – Tərtər rayonundakı Gənclər Mərkəzində rayon icra hakimiyyəti ilə Milli Kitabxananın birgə təşkil etdiyi sərgi-konfransda nümayiş olunmuşdur. Bu tədbirlərin davamı bu həftə ulu öndərin 93 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə – Milli Kitabxananın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə keçirəcəyi “Kitabxanaşünaslıq elmi və təcrübəsi:gələcəyə çağırışlar” mövzusunda sərgi-elmi konfransda və Bakı Dövlət Universitetinin Milli Kitabxana ilə birgə keçirəcəyi sərgi-konfrans çərçivəsində nümayiş olunacaqdır.
Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli Kitabxananın
direktoru, Əməkdar mədəniyyət işçisi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.