Azərbaycançılıq ideyası və multikultural dəyərlər

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimi və əbədi olacağını dönə-dönə vurğulamaqla müstəqilliyimizin sarsılmazlığının təmin olunmasının siyasi-ideoloji əsaslarını da böyük uzaqgörənliklə müəyyən etmişdir. Ümummilli lider dövlət müstəqilliyinin Azərbaycan xalqının tarixi nailiyyəti və milli sərvəti olduğunu qeyd edərək, bu dövləti qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək üçün bütün Azərbaycan vətəndaşlarının gücünü və enerjisini ortaq məxrəcə gətirərək dövlət müstəqilliyinin ətrafında birləşdirməyi məqsədəuyğun sayırdı. Bütün dünyada tarix boyu dövlətun gücü xalqın gücü ilə ölçülmüşdür. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycanın Konstitusiyasında hakimiyyətin mənbəyinin Azərbaycan xalqı olduğu qeyd edilmişdir.

Azərbaycançılıq birləşdirici dəyərdir. Azərbaycan xalqının ən böyük zənginliyi və xoşbəxtliyi, həm də onun milli-mədəni müxtəlifliyindədir. Tarixən Azərbaycanda müxtəlif etnoslara, dinlərə, mədəniyyətlərə məxsus xalqlar çiyin-çiyinə yaşamış, mehriban dolanmış və lazım gələndə bu Vətən uğrunda birgə mübarizə aparmışlar. Azərbaycanda yaşayan müxtəlif xalqları milli-dini fərqliliyinə baxmayaraq, bir amal uğrunda - müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşdirmək üçün ən uğurlu milli ideya ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideyası olmuşdur. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.”

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq milli ideyası dövlət müstəqilliyinin qorunub saxlanılması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: dövlətçilik və milli-mənəvi dəyərlərə sadiqlik. Ulu öndər hər bir Azərbaycan vətəndaşını siyasi mövqeyindən, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, vətənpərvər olmağa, milli maraqları şəxsi mənafedən üstün tutmağa, dövlətin möhkəmlənməsinə və qanunçuluğun təntənəsinə xidmət etməyə çağırırdı. Heydər Əliyevin təbliğ etdiyi azərbaycançılıq ideyası hər bir vətəndaşı bu dövlətin idarə olunmasında və inkişafında məsuliyyətə dəvət edir, hər bir azərbaycanlıda ictimai-siyasi özünüdərk duyğusunu, vətəndaşlıq hissinin yüksək olmasını tələb edirdi. Dünya azərbaycanlılarının 2001-ci ildə keçirilən I qurultayında ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasına yüksək qiymət verərək demişdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli-mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlər sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Azərbaycançılıq ideyasının ikinci tərkib hissəsi milli-mənəvi dəyərlərə sadiqlikdir. Milli-mənəvi dəyərlər dedikdə ölkədə yaşayan hər bir etnosun, sosial qrupun tarix boyu əldə etdiyi özünəməxsus dəyərlər, inanclar, adət-ənənələr nəzərdə tutulur. Bu dəyərlər fərqli ola bilər. Lakin hüquqi dövlətdə hər bir kəsin başqasının hüquq və azadlıqlarına, milli mənsubiyyətinə və mənəvi dəyərlərinə hörmətlə yanaşması əsas şərtdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın bütün vətəndaşlarının tarixə hörmət, milli-etnik fərqliliyi, tolerantlığı, millətlərarası və beynəlxalq inteqrasiyanın vacibliyini qeyd edir və bu məsələlərin ölkədaxili sabitlik üçün çox mühüm şərt olduğunu vurğulayırdı. Azərbaycanda uzun illər yəhudi, pravoslav, katolik, İslam mədəniyyəti ilə yanaşı yaşamış, inkişaf etmiş, bir-birini qarşılıqlı zənginləşdirmişdir.

Heydər Əliyev azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərə sadiqlik konsepsiyası üç komponentdən ibarətdir: dil, din, adət-ənənə. Azərbaycanda yaşayan müxtəlif xalqların öz dilində danışmaq, yazmaq və fikrini ifadə etmək hüququ konstitusion norma kimi dövlətimizin ana qanunu olan Konstitusiyamızda öz əksini tapmışdır. Məhz müstəqil Azərbaycan dövləti hüquqi dövlət olaraq bütün vətəndaşlarının hüquq bərabərliyini təmin edir və həyata keçirir. Azərbaycanda hər bir kəsin dini etiqad azadlığı tam təmin olunub və bu hüquqlar qanunvericiliklə qorunur. Milli ekstremizmə və terrorçuluğa, zorakılığa çağıran dini təmayüllər istisna olmaqla, bütün dinlərin və məzhəblərin Azərbaycanda yaşamasına və yayılmasına heç bir maneə yoxdur. Azərbaycan xalqını bütövləşdirən və öz dövləti ətrafında sıx birləşdirən azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərinin daha bir tərkib hissəsi adət-ənənələrin qorunması və tarixə hörmətdir. Azərbaycanda hər bölgədə, hər kənddə yaşayan kiçik etnik icmaların və sosial qrupların adət-ənənəsinin yaşaması, bir tərəfdən xalqın tarixinin, mədəni zənginliyinin qorunmasının ifadəsidirsə, digər tərəfdən dövlətin milli-mədəni müxtəlifliyə qayğısının nəticəsidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının böyüklüyünü ifadə edərək deyirdi: “Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycançılıq hissini yüksəldərik”.

Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam edir, yeni dövrün çağırışlarına, tələblərinə uyğun səviyyədə inkişaf edir, müasirləşir, Azərbaycan xalqının birliyini daha da möhkəmləndirir. Azərbaycançılıq ideyasının inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği, dünyaya tanıtdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən tarixi əhəmiyyətli böyük işlər görülür. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan muğamın, rəngkarlığın, xalçaçılığın, saz ifaçılığının dünya səviyyəsində tanınması, təbliği və dəyərləndirilməsi işi uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli ideyanın qorunması, inkişafı və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmək baxımından çox böyük işlər görür. Məhz Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə 2000-ə yaxın məscid və digər dini məbədlər tikilmiş, pravoslav, katolik, alban kilsələrinin , sinaqoqların tikintisi və təmiri həyata keçirilmişdir. Bu il fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksinin yenidən qurulmadan sonra açılışında çıxış edən cənab Prezident İlham Əliyev demişdir: “Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur. Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir”.

 

Dini-etnik müxtəliflik və sosial-mədəni inteqrasiya

 

Etnomədəni müxtəliflik hər bir dövlətin həyatında, xalqların bir-birini qarşılıqlı zənginləşdirməsi ilə müşayiət olunsa da, çox zaman düzgün siyasət yeridilmədiyi halda, etnoslararası və mədəniyyətlərarası ziddiyyətlərə səbəb olur. Çox təəssüf ki, müasir dünyada biz bir sıra ölkələrdə dini və etnik zəmində qarşıdurmaların, münaqişələrin və müharibələrin şahidi oluruq.

Sosioloqlar cəmiyyətdə etnomədəni təsirlərin əsas dörd variantını qeyd edirlər. Bu variantlardan biri mədəni unifikasiya yaxud bir mədəniyyətin digər mədəniyyəti assimilyasıya, edərək özününküləşdirməsidir. Mədəni-etnik münasibətlərin digər variantı mədəniyyətlərin separasiyası - bir-birindən ayrı yaşamasıdır. Başqa bir mədəni-etnik münasibət böyük toplumun kiçik topluma malik mədəniyyəti təcrid edərək inkişafdan saxlamasıdır. Bütün bunlar yuxarıda qeyd olunan mədəni-etnik münasibətlər, etnik və dini qruplar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmır, əksinə, onları daha da dərinləşdirir və kəskinləşdirir. Belə mədəni-etnik münasibətlərə alternativ olan xüsusi bir münasibət tipi də vardır ki, bu sosial-mədəni inteqrasiya adlanır. Sosial-mədəni inteqrasiya icmalar arasında mədəniyyətlər mübadiləsini təmin etməklə, hər bir icmaya məxsus mədəniyyətin qorunub saxlanılmasına da şərait yaradır. Sosial-mədəni inteqrasiyadan danışarkən böyük müvəffəqiyyətlə bu münasibətlərin Azərbaycan modelini göstərə bilərik.

Azərbaycanda etnik proseslərin tarixi inkişafı müxtəlif millətlərə, dinlərə və mədəniyyətlərə mənsub olan insanların bir sosial mədəni mühitdə yanaşı yaşamasını təmin etmiş və onların mədəniyyət mübadiləsi vasitəsilə bir-birini zənginləşdirməsinə gətirib çıxarmışdır. “Novruz bayramı” bəzi ölkələrdə milli, bəzi ölkələrdə isə dini bayram kimi qeyd olunur. Azərbaycanda isə milli mənsubiyyətindən, İslam dininin sünni və şiə mənsəbinə aid olmasından asılı olmayaraq əhalinin böyük əksəriyyəti tərəfindən bu bayram şadyanalıqla qeyd edilir. Muğam ifaçılığı və saz sənəti də etnik mənsubiyyətinə baxmayaraq Azərbaycanın bütün vətəndaşları tərəfindən öz incəsənətləri kimi qəbul olunur.

Bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində birgə iştirak və çıxış edirlər. Dünya katolik və pravoslav kilsələrinin liderləri bu məzhəblər ayrılandan sonra on əsrə yaxın müddətdə görüşmədikləri halda, Azərbaycanda pravoslav və katolik kilsələrinin rəhbərləri daim bir yerdə olurlar. Özü də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə.

Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, orada sünnilər və şiələr birlikdə vəhdət namazı qılırlar. Ölkəmizdə müxtəlif dini etnik qrupların sosial inteqrasiyası tarixi inkişaf prosesi nəticəsində baş vermiş və bu inteqrasiyada titul millətin - Azərbaycan türklərinin tolerantlıq xüsusiyyətinin böyük rolu olmuşdur.

Sosial-mədəni inteqrasiya fərdin, yaxud sosial qrupun cəmiyyətə sadəcə birləşməsi deyil, o cəmiyyətin həyatında mühüm funksiyalara malik bir üzvə çevrilməsidir. İnteqrasiya nəzəriyyəsinin banisi ingilis sosioloqu Q.Spenser haqlı olaraq qeyd edirdi ki, əgər cəmiyyəti bir orqanizm kimi təsəvvür etsək, inteqrasiyaya məruz qalan toplum həmin orqanizmin bir işçi orqanı hesab olunacaqdır. Bu gün Azərbaycan mədəniyyətini saz, tar, rəngkarlıq, heykəltəraşlıq olmadan təsəvvür etmək mümkün olmadığı kimi, “Ləzginka” rəqsi, “Nənələr” halay qrupu olmadan da təsəvvür etmək mümkün deyildir.

Sosial-mədəni inteqrasiyanın baş verməsi üçün dövlət siyasətinin mühüm əhəmiyyəti vardır. Bu siyasət bütün mədəni müxtəlifliyə eyni münasibət bəsləmək, eyni hüquqlar vermək, eyni imkanlar yaratmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonuna gedərkən, malakanların yaşadığı İvanovka kəndində xüsusi görüş keçirməyi öz səfər proqramına daxil edirsə, Gədəbəy rayonunda olarkən Slavyanka kəndində bir rus ailəsinin evində çay süfrəsində əyləşirsə, Xınalıq kəndinə asfalt yol çəkdirirsə, ümummilli lider Heydər Əliyev Lerikin dağ kəndində yaşayan çoban Xanışı öz dostu kimi qəbul edirsə, bunlar, əslində, Azərbaycan dövlətinin və dövlət başçılarının multikulturalizmə böyük töfhəsi sayılmalıdır.

 

Multikulturalizmin Azərbaycan nümunəsi

 

Milli-mədəni müxtəliflik indiki dünyanın həyat tərzi olmaqla yanaşı, bir sıra ölkələrdə ciddi dini, etnik, mədəni zəmində münaqişələrin mənbəyi də hesab edilir. Tanınmış sosioloqlar multikulturalizmin beş əsas formasını müəyyən edirlər:

İzolyasionizm və yaxud təcridetmə. Bu halda kiçik toplumlar titul millətdən təcrid olunur, ikinci növə çevrilir və cəmiyyətin həyatında fəal iştirak etməkdən məhrum olurlar. Ötən əsrin əvvəllərində Avstraliyada və Yaponiyada tətbiq olunan immiqrasiya haqqında qanun məhz bu siyasətə xidmət edirdi.

Assimilyasiya. Multikulturalizmin bu forması ölkəyə gələn miqrantları bir şərtlə qəbul edirdi ki, onlar öz əvvəlki adət və ənənələrindən imtina edərək titul millətin mədəniyyətini mənimsəməlidirlər. İkinci dünya müharibəsindən sonra Avropanın bir çox ölkələrində miqrantlara qarşı məhz bu siyasət həyata keçirilmişdir.

Yumşaq multikulturalizm. Milli-mədəni inteqrasiyanın bu forması daha yumşaq bir siyasət olub miqrantların dini-mədəni müxtəlifliyinə tolerant münasibəti ifadə edir, qarşılıqlı dil, təhsil, mədəniyyət, ünsiyyət əlaqələri yaratmaqla kiçik sosial qrupların titul qrupa uyğunlaşmasını təmin edir. Bu model Kanadada geniş yayılmışdır.

Sərt multikulturalizm. Multikulturalizmin bu forması dövlətin azsaylı toplumlara xüsusi fəal münasibətini ifadə edir. Dövlət bu toplumların cəmiyyətin həyatında tam hüquqlu və maksimum imkanlı üzv kimi iştirak etməsinə şərait yaradır. Milli-mədəni müxtəlifliyi təqdir edir, dəstəkləyir, lazım gəldikdə isə maddi yardım göstərir. Həm yumşaq, həm sərt multikulturalizm öz köklərilə liberal siyasət nəzəriyyəsinə bağlıdırlar. Lakin sərt multikulturalizm müasir liberalizmi, yumşaq multikulturalizm isə klassik liberalizmi özündə ehtiva edir.

Aparteid. Mədəni müxtəlifliyə reaksiyalardan biri də azsaylı toplumun cəmiyyət həyatına inteqrasiyasını qadağan edən, onları dövlət siyasəti səviyyəsində aşağı növ sosial qrup kimi tanıyan və repressiv üsullarla bu siyasəti davam edən aparteid rejimidir. Bu siyasət Cənubi Afrika Respublikasında qara dərili əhaliyə qarşı tətbiq edilmişdir. Göründüyü kimi, milli-mədəni müxtəlifliyin cəmiyyətdə münaqişə yaratmadan dinc yanaşı yaşaması, inkişaf etməsi və bir-birini zənginləşdirməsi üçün uyğun olan ən optimal forma liberal multikulturalizmdir.

Azərbaycanda mövcud olan multikultural münasibətlər müasir liberalizm siyasətinə uyğun olsa da, öz tarixi ənənələrinə və köklərinə görə unikal bir münasibətlər sistemini təşkil edir. Azərbaycan xalqının qüdrətini bu ölkədə yaşayan bütün dini, etnik, sosial qrupların həmrəyliyində və dostluğunda görən Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töfhəsini verir.” Müəllifi ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan bütün milli-mədəni müxtəliflik daşıyıcısı olan toplumların bərabərlik hüququ, milli mənsubiyyət hüququ, ana dilindən istifadə hüququ təsbit edilmişdir.

Multikultural təhlükəsizlik enerji təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, ictimai asayişin qorunması, qida və dərman təhlükəsizliyi, mənəvi və ideoloji təhlükəsizlik kimi çox vacib əhəmiyyət daşıyır və hər bir ölkənin milli təhlükəsizlik sisteminin mühüm komponentini təşkil edir. Azərbaycan dövlətinin daxili siyasətində insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə insanların fərqləndirilməsini qadağan edir və hər kəsə bərabər təminatlar yaradır. Məhz bu bərabər təminatlar multikultural təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycanda bütün milli, dini, mədəni, sosial qruplara dözümlü münasibət göstərmək, mərhəmət və şəfqət hissi ilə yanaşmaq, bir tərəfdən titul millət sayılan Azərbaycan türklərinin xarakterini ifadə edirsə, digər tərəfdən dövlət siyasətinin bu sahəyə diqqətinin nəticəsidir.

Azərbaycan dövləti daxili sabitliyin qorunması və möhkəmlənməsi üçün multikultural siyasətə böyük önəm verir. Multikulturalizmin qaynaqlarının öyrənilməsi dünya dövlətlərinin və xalqlarının ictimai anlaşma və həmrəylik şəraitində yaşamasının təmin olunması, dözümlü münasibətin formalaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün dünyada multikulturalizmin inkişafına böyük töfhədir. Son illərdə ölkəmizdə tolerantlıq, milli-mədəni müxtəliflik, humanitar əlaqələrin genişlənməsi və bu sahədə təsisatların yaranması istiqamətində çox böyük işlər görülmüşdür. 2008-ci ildən başlayan “Bakı prosesi” layihəsi çərçivəsində həyata keçirilən humanitar forumların Azərbaycan paytaxtında təşkil olunması dövlətimizin dünyada multikultural dəyərlərə önəm verdiyinin əyani sübutudur.

Azərbaycan Respublikasının Prezidentinin fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin təşkil olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, bir çox universitetlərdə multikulturalizm kafedralarının açılması və nəhayət, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması milli-mədəni müxtəliflikdən, milli-mədəni müttəfiqliyə keçidin çox gözəl bir forması və dünyaya humanist çağırışdır.

Bu ilin 25-27 aprel tarixində BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi, bu zirvə tədbirində dünyanın 140 ölkəsindən 2000-dən çox nümayəndənin iştirak etməsi ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” – fikrinin əyani nümayişi oldu.

Həmin forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm sözü mövcud olmadığı zamanda belə, həmin ideyalar daim yaşayıb”.

Musa QULİYEV,
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında