Aprelin ilk günlərində təmas xəttində təxribatlar törədən və Azərbaycan Ordusunun nəyə qadir olduğunu görəndən sonra əndişəyə düşən Serj Sarkisyan Ermənistanı (bəli, bu gün həmin ölkə dövlət kimi yox, qatil prezidentin özəlləşdirdiyi müəssisə qismində mövcuddur) indi bizim silahlı qüvvələrimizlə üz-üzə gəlməyə cəsarət etmədiyinə görə mülki əraziləri gülləbaran edir.
Serj Sarkisyan daxili auditoriya üçün hesablanmış bu addımlarla kimləri isə aldada bilər. Amma əvvəlcə onun özü aldanır. Elə güman edir ki, ötən əsrin səksəninci illərindən qalma köhnə silahlardan atdığı (ifadə erməni müxalifətçilərinindir -red.) paslı mərmilərlə mülki əhalini qorxudacaq və təmas xəttinə yaxın ərazilər zəbt edəcək. Unudur ki, indi Azərbaycan dövləti də, ordumuz da, xalqımız da ötən əsrin doxsanıncı illəri səviyyəsindən qat-qat yüksəkdədir. Ona görə də düşmənin istənilən təxribatının qarşısını almaq üçün bizə çox qısa vaxt lazım olur. Bunu Sarkisyan da artıq bilir.
Ermənilərin güllə yağışı altında saxladığı kənd və qəsəbələrimizin sakinləri nə üçün yaşadıqları ərazini tərk etmirlər? Ona görə ki, bu ərazilər min illərdən bəri həmin insanların əcdadının yaşadığı torpaq, yurd yeri, məskən və nəhayət, Vətəndir. Mülki ermənilər isə ən kiçik döyüşlər başlanan kimi Ağdərədən ona görə qaçdılar ki, həmin ərazi onların nə torpağıdır, nə də vətəni. Ağdam və Tərtər sakinləri həmin yerlərdə ona görə möhkəm dayanıblar ki, onların dövləti haqq, ədalət uğrunda mübarizə aparır, ermənilərin dövləti isə işğal etdiyi əraziləri əldən verməmək, yəni özgənin torpağını qəsb eləmək üçün. Azərbaycanın mülki əhalisi ona görə gülləbaran altında duruş gətirir ki, onlar dövlət tərəfindən yüksək səviyyədə qorunduqlarını, müdafiə olunduqlarını, problemlərinin məhz dövlət tərəfindən həll olunacağını çox yaxşı bilirlər. Ermənistan sakinlərinin yaxşı bildiyi isə odur ki, onların prezidenti öz xalqının düşmənidir.
Təmas xətti boyunca yaşayan soydaşlarımızın problemlərinin məhz dövlət tərəfindən həll olunacağını sübut edən faktlar çox olsa da, biz onlardan cəmi ikisini yada salmaqla kifayətlənmək isəyirik. Birinci fakt Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri, ikinci fakt isə dövlət başçımızın erməni artilleriya atəşləri nəticəsində Ağdam və Tərtər rayonlarının sakinlərinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün mayın 2-də imzaladığı sərəncamdır. Yeri gəlmimşkən, həmin sərəncamda deyilir ki, erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün bu rayonların hər birinə 3 milyon manat vəsait ayrılsın.
Dövlət başçımızın Qarabağ səfərindən sonra Ermənistanın kütləvi informasiya vasitələrində gedən yazıların qəribə sərlövhələri var idi: “Azərbaycan Prezidenti təmas xəttinə nə üçün getmişdi?” Nə qədər yersiz və məzmunsuz sual olsa da, cavab vermək istəyirsən. Amma yada düşür ki, bu sualın cavabını dövlət başçımız Ağdamın Mahrızlı kəndində sakinlərlə görüşərkən vermişdir. Sanki Prezident bilirdi ki, düşmən tərəfi onun səfərinin yaratdığı təlaş və təşvişdən sonra bu qəbildən olan suallar ortaya çıxacaq. Ona görə də Prezident Mahrızlıda dedi:
“Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edim. Bilirsiniz ki, aprel ayının əvvəlində Ermənistanın silahlı təxribatı nəticəsində bizim mövqelərimizə hücum çəkildi, biz şəhid verdik, o cümlədən mülki əhali arasında həlak olanlar olmuşdur. Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək”. Yəqin ki, bu cavab Azərbaycan Prezidenti təmas xəttinə nə üçün getmişdi ?- deyən düşməni “qane etdi”.
Həmin cavab daha çox isə Azərbaycan xalqını qane etmişdir. Hərbi ekspert Ramil Məmmədli ölkənin kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada dövlət başçımızın Qarabağ səfəri barədə maraqlı fikirlər səsləndirib: “Prezident İlham Əliyevin cəbhə bölgəsindəki Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı qəhrəman Azərbaycan əsgərinin əlini sıxması, onun döyüş meydanında göstərdiyi şücaəti şəxsən qiymətləndirməsi həm ordumuzun, həm də cəbhəboyu zonada yaşayan əhalinin ruh yüksəkliyini xeyli artırdı. Bu, həm də hərbi-siyasi arenada məğlub olan və çıxılmaz vəziyyətə düşən Ermənistanın kriminal rejiminə, ”müharibə partiyası"na, o cümlədən beynəlxalq birliyə də mühüm bir ismarıc idi".
Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsində yaşayan mülki insanlarla səmimi görüşləri, onların bütün problemlərinin dövlət tərəfindən həll ediləcəyini deməsi yaranmış vəziyyətdən çıxmaq üçün atılan dəyərli addım və ən ali insani jest idi. Ancaq Mahrızlı kənd sakini Südeyf Məhərrəmovun — üstünə düşmən gülləsi yağan bir vətəndaşın həmin anda Azərbaycan dövlətinə və Prezidentinə dayaq olduğunu dilə gətirməsi — sözün həqiqi mənasında fəxr etməli, iftixar hissi keçirilməli məqam idi: “ möhtərəm cənab Prezident, Ali Baş Komandan. Ağdam əhalisi adından, təmas xəttində yaşayan bütün insanlar adından bizimlə görüşə gəldiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Aprel ayının əvvəllərində erməni militaristlərinin, mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribatın qarşısını Azərbaycan Ordusu layiqincə aldı. Biz bunu dəstəkləyirik, bu yerdə bərk dayanmışıq. Bizə arxayın ola bilərsiniz, möhtərəm cənab Prezident, Ali Baş Komandan. Sizin bütün xarici və daxili siyasətinizi bəyənirik, öz yerimizdəyik, heç bir yerə də getməyəcəyik. Biz Sizinlə, ordumuzla fəxr edirik”.
Bir sözlə, bu gün Azərbaycan dövlətinin iqtisadi qüdrəti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının qətiyyəti, Milli Ordumuzun maddi-texniki bazasının mükəmməlliyi, əsgər və zabitlərimizin peşəkarlığı sübut edir ki, biz istənilən məsələni Azərbaycan xalqının mənafelərinə uyğun həll edəcəyik. Bu göstəricilər sırasına xalqımızın iradəsini, torpaqlarımızı işğaldan azad etmək istəyini də əlavə etsək, onda qətiyyətlə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı gün o qədər də uzaqda deyil.
Sonda bir məsələni xüsusilə qeyd edək. Qardaş Türkiyənin mərhum Prezidenti Süleyman Dəmirəl çıxışlarının birində demişdi ki, böyük paşamız Mustafa Kamal Atatürkün Osmanlı xarabalıqları arasından qüdrətli Türkiyə Cümhuriyyətini qaldıra bilməsinin ilk səbəbi onun öz xalqına xidmət etmək istəyi, ikinci səbəbi isə qadınlı-kişili, böyüklü-kiçikli bütün türklərin dəstəyini görməsi idi. Bu məqamda həmin həqiqətin yada salınması təsadüfi deyil. Bu sətirlər Xalq artisti, professor Tofiq Bakıxanovun redaksiyamıza etdiyi telefon zəngi əsasında qələmə alınıb. Ustad sənətkar dedi: “Prezident, Ali Baş Komandan, sağlam, enerjili, çevik, cürətli və cəsarətli Azərbaycan kişisi olduğuna görə, onun cəbhəyə getməsi tamamilə təbii bir haldır. Ancaq mən cəbhədə onun yanında, düşmən gülləsinin çata biləcəyi mövqedə Mehriban xanım Əliyevanı da görəndə, təkcə həyəcanlanmadım, həm də fəxr etdim. Ona Azərbaycanın çörəyi, suyu, havası halal olsun! Bu fakt bir daha sübut etdi ki, biz bu müharibədən mütləq, geniş miqyasda qələbə ilə çıxacağıq. Çünki Azərbaycan xalqı, üstəlik, ölkəmizin istənilən sakini Prezidentin bütün addımlarını dəstəkləyir, ona arxa-dayaq olur!”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.