Azərbaycan dəmir yolunun dinamik inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?..

Heydər ƏLİYEV,
Ümummilli lider

 


 

Müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Azərbaycanın inkişaf mərhələlərinin təhlili göstərir ki, bu strategiyanın tarixi ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından xeyli əvvəl – 1969-cu ildə respublikaya rəhbər seçilməsindən başlayır.

 Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş ittifaq respublikaları arasında bütün göstəricilərə, eləcə də yaşayış səviyyəsinə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan bütün keçmiş ittifaqı ən qiymətli təbii sərvət sayılan neftlə təmin etdiyi halda, heç bir iqtisadi resursu olmayan digər respublikalarda yaşayış səviyyəsi bizdə  olduğundan xeyli yüksək idi. 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açdı və ölkəmiz qısa zaman kəsiyində keçmiş ittifaqın tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrildi. Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında öz layiqli yerini tutdu.

1969-1982-ci illərdə respublikamızda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı, habelə  digər mütərəqqi sənaye sahələri yarandı. Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı 1048-ə çatdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə keçmiş ittifaqda aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Bakının bu illərdə inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi də dəyişdi. Paytaxtımız yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 ildə respublika əhalisinə 376,1 min yeni tikilən mənzil verildi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsi demək idi.

Onu da qeyd etmək lazımdır ki,   Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın uzun dövrdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Ümummilli liderin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsasını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Keçmiş ittifaq səviyyəsində mövcud iqtisadi əlaqələr qırıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin təbii resurslardan istifadə olunması və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm önəm daşıyırdı. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saydı. Görülmüş işlər nəticəsində 1996-2003-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsul iki dəfəyədək, orta aylıq əməkhaqqı 6,2 dəfə, pensiyalar isə 5,1 dəfə artdı.

Xatırlatmaq istərdim ki, Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazansa da, bu müstəqilliyin ilk iki ili Qarabağ müharibəsi və daxili çəkişmələrin ən gərgin vaxtları idi. Buna görə də həmin dövrdə iqtisadi inkişafdan heç bir söhbət gedə bilməzdi. 1993-cü ildə ölkəyə rəhbərliyi öz üzərinə götürən ümummilli lider Heydər Əliyev isə gözəl anlayırdı ki, inkişaf üçün ilk növbədə sabitlik olmalıdır. Buna görə də qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi dirçəlişi üçün tədbirlərin görülməsinə başlanıldı. Xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı.

1995-ci ildən etibarən Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) davamlı olaraq artması tendensiyası başladı. Bu müddət ərzində ölkədə adambaşına düşən ÜDM 5 dəfə, ÜDM-də özəl sektorun payı isə 81,7 faizədək artdı. Azərbaycan 2005-2007-ci illərdə ÜDM-in illik artım templərinə görə dünya liderləri sırasına çıxdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə rekord 34,5 faizlik, 2007-ci ildə isə 25 faizlik ÜDM artımı qeydə alındı.

O dövrdə islahatların uğurla aparılması üçün yeni qanunların qəbulu son dərəcə vacib idi. Genişmiqyaslı islahatlara başlayan ulu öndər yaxşı bilirdi ki, bu prosesin ağrısız keçməsi üçün ilk növbədə mükəmməl qanunvericilik bazası formalaşdırılmalıdır.  Ona görə də qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Bu dövrdə qəbul olunan iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. 1993-2003-cü illərdə qəbul edilən 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olundu.

Yeri gəlmişkən, ümummilli liderimizin Azərbaycan nəqliyyat sisteminin əsas qollarından olan  polad magistralın  inkişafındakı misilsiz rolu barədə  qeydlərimi də oxucuların diqqətinə çatdırmaq istərdim. Xatırladım ki, bu sahə hazırda özünün sürətli inkişaf mərhələsindədir. Dəmir yolunda görülən nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olub. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi həm birinci, həm də ikinci dövrü Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi səyləri sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda mühüm obyektlərin böyük əksəriyyəti məhz ulu öndərin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilib.

Ümummilli liderimizin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodu tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. O, istər, bilavasitə, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-87-ci illər ərzində, ölkə dəmir yolunun müasir, xaricdə istehsal olunan texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilməsinə səy göstərib. O illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunub ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin parlaq təzahürüdür.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi  müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli liderin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında mühüm yer tutan təsərrüfat kompleksi kimi dinamik inkişaf edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin təbrincə desək, cənab İlham Əliyevin  prezidentliyi dövründə ölkədə möhtəşəm dəyişikliklər baş verib, Azərbaycan dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilib... İqtisadiyyatın görünməmiş yüksəliş göstəriciləri dünya iqtisadiyyatının sanballı simalarının diqqətini cəlb etmiş özünəməxsus rekorda oxşayır.

Akademik Ramiz Mehdiyev, eyni zamanda, çıxışlarının birində Azərbaycan fenomenindən bəhs edərək bildirib ki, bu, nadir nümunədir, çünki iqtisadiyyatı 1990-cı illərin əvvəllərində bərbad vəziyyətə düşən ölkə olduqca qısa müddətdə əhali üçün ən kiçik məsrəflərlə sovet durğunluğu dövrünün çətinliklər səddini aşaraq dünyanın turbulent regionlarından birində özünəməxsus sabitlik adasına çevrilə bilib. 

Bu halda hələ də  Azərbaycanın Qarabağ regionuna sahib olmaq iddialarından əl çəkməyən, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanla davam edən ərazi münaqişəsinə baxmayaraq, davamlı inkişaf sürəti müşahidə olunur.

Yeri gəlmişkən, son dövr Azərbaycan dəmiryolçuları üçün əlamətdar hadisələrlə bağlı bəzi məqamlara da toxunmaq istərdim. Əvvəla deyim ki, uzun müddət işləksiz vəziyyətdə olan  Bakı-Sumqayıt dəmir yolu təmir olunaraq istifadəyə verilib, bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara buraxılıb.

Hazırda Bakı sərnişin stansiyasında yenidənqurma işləri davam etdirilir. Burada qısa müddətdə yeni platformalar inşa olunub, qatarların qəbulu, habelə yola salınması üçün nəzərdə tutulan yollarda əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Bu gün ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon parkının müasir sərnişin və yük vaqonları ilə yeniləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki,   Bakıda keçirilən “TransCaspian-2015” sərgisi çərçivəsində “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası ilə danışıqlar nəticəsində 2920 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması barədə razılığa gəlinib. Həmin vaqonlardan xeyli hissəsi artıq respublikamızdadır. Bundan başqa, Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunan “Valmet” markalı 45 tonluq konteyneryükləyici kran gətirilib. Onu da qeyd edim ki, vaqon parkı İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən  yataq tipli sərnişin vaqonları ilə zənginləşdiriləcək. Bu müasir vaqonların Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə hərəkət edəcəyi gözlənilir. Digər bir yenilik isə odur ki, “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqaviləyə əsasən, “Stadler” Gəncə vaqon istehsal zavodu fəaliyyətə başlayacaq. Bir sözlə, yeni qatarların, teplovozların, lokomotivlərin gətirilməsi və həyata keçirilən digər tədbirlər nəticəsində dəmir yolu sahəsində inkişaf dinamik xarakter alıb.

Azərbaycan üçün mühüm önəm daşıyacaq, eyni zamanda, Çini respublikamız vasitəsilə Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın dövrdə işə düşməsi gözlənilir. Bundan başqa, hazırda  Azərbaycan və İran arasında dəmir yolu xətləri mövcud olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Ona görə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası qarşısında duran prioritet məsələlərdən biridir. Adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

Xatırladım ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi   İran, Rusiya, Avropa, Cənubi Asiya və Fars körfəzi ölkələri arasında ticarət dövriyyəsini genişləndirmək məqsədilə 2000-ci ildə təsis olunub. Azərbaycan Respublikası  isə 2005-ci ilin sentyabrından bu təşəbbüsə qoşulub. Dəhlizin əsas məqsədi Cənubi Asiya və Fars körfəzinin limanlarını Azərbaycan və İran vasitəsilə Rusiya və Avropa ölkələri ilə birləşdirməkdən ibarətdir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının 3 dəfə az olmasıdır.

Dəhliz vasitəsilə yüklərin çatdırılmasının qiyməti rəqabətə daha davamlıdır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin digər üstünlüklərinə marşrutun təhlükəsizliyi və beynəlxalq tranzit dəhlizləri ilə kəsişməsini aid etmək olar. Ümumiyyətlə, bu dəhliz digər ətraf ölkələri də nəzərə almaqla  illik 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi kimi tranzit vaxtı və qiyməti baxımından ən səmərəli logistik həll yoludur. Ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə bu yük potensialının illik 5 milyon ton hissəsini və daha sonra maddi-texniki bazanı genişləndirərək illik 10 milyon ton daşınmanı Azərbaycan üzərinə keçirmək mümkündür.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Tarix baxımından o qədər də böyük olmayan son on iki ildən bir qədər artıq vaxt ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyub, regionun bütün iqtisadi və siyasi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilib. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır. Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla icra edilir.

Möhtərəm dövlət başçımızın ölkəmizin dinamik inkişafı naminə atdığı qətiyyətli addımlar bir daha göstərir ki, cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə ictimai münasibətlər sisteminin sağlamlaşmasını, məmurların fəaliyyətində müasir dövrün tələblərinin nəzərə alınmasını, idarəçilikdə sivil normaların qorunmasını vacib sayır.

Xüsusi vurğulamaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSC- də də islahatlar dönməz xarakter alıb. Bu isə kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanıb, dəmiryolçularda qarşılaşılan hər hansı problemin həllinin tezliklə həll ediləcəyi qənaəti yəqinləşib. Bu, həm də ölkə başçısının QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasını göstərir.

Ulu öndər Heydər Əliyevin xatirəsini anarkən onun xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycanı, əbədiyaşar ideyalarını qorumağı hər bir vətəndaş qarşısında mənəvi öhdəlik kimi müəyyənləşdirir. Çünki müstəqillik arzularımızın reallığa çevrilməsi və Azərbaycan dövlətinin bugünkü inkişafı məhz Heydər Əliyevin ideyalarına söykənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan  bütün sosial-iqtisadi nailiyyətlər, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi Heydər Əliyevin arzularının həyata vəsiqə alması deməkdir. Heç şübhəsiz ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq, daha uca zirvələri fəth edəcəkdir.

Məhərrəm MƏMMƏDOV,
fəxri dəmiryolçu, iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında