Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”
elan edilməsi haqqında sərəncamından
Bugünlərdə müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakı şəhəri 12 il öncə Türkiyə və İspaniyanın təşəbbüsü ilə təsis edilmiş BMT Sivilizasiyalar Alyansının növbəti VII Qlobal forumuna ev sahibliyi etdi. Ötən illər ərzində bu təşəbbüsə qoşulan dövlətlərin sayı 140-ı ötüb və bu heç də təsadüfi deyil. Dünya ölkələrinin böyük əksəriyyətində Yer kürəsini məskunlaşdıran bütün xalqların dinc yanaşı yaşamaq perspektivinə alternativin olmadığı artıq dərk olunmaqdadır.
Yeni minilliyin qlobal siyasət müstəvisinə çıxardığı qlobal təhlükələr qarşısında dünya xalqlarının səfərbər olunması artıq təxirəsalınmaz bir zərurətə çevrilib. Bu zərurətin dərindən dərk olunduğu bir sıra ölkələrin dövlətləri qlobal sabitliyə və təhlükəsizliyə xidmət edən müxtəlif təşəbbüslər irəli sürür. Dünyanın bir tərəfində sivilizasiyaların toqquşmasından danışaraq bunun qaçılmaz olduğu iddia olunarkən, digər tərəfində sivilizasiyaların qovuşmasına və qarşılıqlı faydalı təmaslarına cəhdlər göstərilir. Avropanın mərkəzində təəssüflə multikulturalizmin mümkünsüzlüyü haqqında danışıldığı zaman “köhnə qitə”nin Asiyaya qapısı sayılan Azərbaycanda multikulturalizmə alternativin olmadığı qətiyyətlə səsləndirilir.
Bu prosesdə Azərbaycanın öncül mövqedə addımlaması təbiidir və xüsusilə qürurvericidir. Məhz bu il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunmuşdur. Multikulturalizmin adi həyat tərzi olduğu bir ölkədə “Multikulturalizm ili”nin elan olunması Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya ünvanlanmış bir mesajdır. Bu, Azərbaycanın multikultural ənənələrinin və həyat tərzinin beynəlxalq səviyyədə ən yüksək şəkildə təqdimatı deməkdir.
Tarixdə ilk dəfədir ki, dövlət başçısı mədəni ideyanı qlobal siyasi məram səviyyəsinə qaldıraraq, onu milli və dünya inkişafının ön sırasına çıxarır. Rəsmi səviyyədə belə bir qərar qəbul etməklə Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası münasibətlərin inkişafında oynadığı tarixi roldan çıxış edərək, multikulturalizmi dövlətin humanitar siyasətinin mühüm komponentinə çevirir.
Multikulturalizm “qloballaşma”, “yeni dünya nizamı”, “qlobal sivilizasiya”, “demokratiya”, “universal insan haqları”, “qlobal vətəndaş cəmiyyəti” kimi tutumlu anlayış və yüksək dəyərlərlə bir sırada aktuallaşdırılır. Azərbaycan Prezidentinin bu ideyasına adekvat reaksiya verən yaradıcı ziyalılarımız problemin çoxcəhətli aspektlərini araşdırır, xarici ölkələrdə də Azərbaycanın multikulturalizm ideyasına həssas və rəğbətli münasibətlər sərgiləndiyini müşahidə edirik.
Multikulturalizm (çoxmədəniyyətlilik) ideyasının mahiyyətinə vardıqda onun önə çəkilməsinin, həqiqətən, bir zərurət olduğunu görürük. Belə ki, multikulturalizm ölkədaxili və ölkələrarası münasibətlərin tarixən inkişaf edən, dəyişən və təkmilləşən elə bir formasıdır ki, bu şəraitdə bütün insanların və onların müvafiq qanunlara zidd olmayan birliklərinin dinc yanaşı yaşaması və fəaliyyət göstərməsi mümkün olur.
İrqi mənsubiyyətinə, etnik, milli, mənəvi, dini dəyərlərinə, adət- ənənələrinə, dünyagörüşü və həyata baxış fərqliliklərinə, sosial-sinfi mövqelərinə, siyasi- təmsilçilik statuslarına, fizioloji-psixoloji əlamətlərinə baxmayaraq, müxtəlif sivilizasiyalara mənsub olan insan cəmiyyətlərinin vahid məkanda – Yer kürəsi üzərində dinc yanaşı yaşayaraq bəşəriyyət naminə fəaliyyət göstərə bilməsi üçün əsas şərt məhz multikultural mühitin davamlı mövcudluğudur.
Dünya qloballaşır və beynəlxalq sistemi təşkil edən siyasi subyektlər - dövlətlər arasında münasibətlərin beynəlxalq hüquqa uyğun paritet əsasları müəyyənləşir. Universal insan haqları və demokratiyanın bərqərar edilməsi humanizmin ən yüksək təyinatı kimi müəyyən olunur, qlobal vətəndaş cəmiyyətinin formalaşması üçün səylər artırılır.
Bütün bunlar siyasi quruluşundan asılı olmayaraq, bütün dünya dövlətlərinin vətəndaşlarının hüquqlarını müdafiə edən planetar sistemin – qlobal vətəndaş cəmiyyətinin formalaşması deməkdir. Bu məqsədə nail olmaq ayrı- ayrı sivilizasiyaların vahid qlobal məkan miqyasında konvergensiyası mühitində mümkündür. Belə bir planetar ideyanın Yer üzərində həyata keçirilməsi isə insanların və onların mənsub olduqları sivilizasiya, mədəniyyət, konfessiya, dövlət və s. birlik və sistemlərin multikultural məkanda – bir yerdə yaşaya bilmək şərtləri daxilində reallaşa bilər.
Bu gün multikulturalizm ideyası özündə kifayət qədər universal xarakter daşıyan sosial- siyasi, və fəlsəfi- ideasional məzmun ehtiva edir. Multikultural tolerantlıq o demək deyil ki, bəzi şərhçilərin iddia etdiyi kimi, sadəcə, müxtəlif dinlərin subyektləri bir- birini qəbul edir və bir- birinə etimad göstərirlər.
Multikultural dünyagörüşü və əxlaqı çoxmədəniyyətliliyin, çoxkonfessiyalılığın, polietnikliyin, inter-milliliyin elə bir əlverişli universal məkanını yetişdirir ki, burada həmin subyektlər (dövlət, sivilizasiya, mədəniyyət, konfessiya, qrup, fərd və s.) nəinki bir yerdə yaşayır, bir- birinə tolerant münasibət bəsləyir, həm də multikultural dəyərlərin qəbul edildiyi prinsip və meyarlara uyğun olaraq, birlikdə fəaliyyət göstərir, özlərinin yaradıcı, qurucu enerjisini konsentrasiya edir və bu potensialı böyük məqsədlərə yönəldərək bəşəriyyətin gələcəyi naminə hərəkət etdirə bilirlər.
Vətənimiz Azərbaycanın multikultural məkanı məhz belə bir potensiala və onun inkişafı imkanlarına malikdir. Bütün tariximiz və müstəqillik illərinin sıçrayışlı tərəqqi dövrü Azərbaycanı belə bir inkişaf səviyyəsinə çatdırmışdır.
Azərbaycanın multikultural məkan kimi təşəkkülü 3 vacib amilə söykənir:
— mühüm ticarət koordinatlarını özündə birləşdirən Böyük İpək yolu;
– bütün Avrasiya geopolitikasının onurğa sütununu təşkil edən türk sivilizasiyası;
– nəhayət, antik dövrlərdən bəri böyük mədəniyyətlərin dərin laylarını özündə sintezləşdirən Qafqaz və Şərq tarixində Azərbaycanın özünəməxsus rol oynaması.
Azərbaycanın da ayrılmaz parçası olduğu türk sivilizasiyası min illər ərzində Mərkəzi Asiyanın özək sivilizasiyası olaraq Uzaq Şərq istiqamətində Çin və yapon sivilizasiyaları ilə, Cənub- Şərq istiqamətində hind sivilizasiyası ilə, Yaxın Şərq istiqamətində İslam sivilizasiyası (başlıca olaraq ərəb və İran) ilə, Qərb istiqamətində isə Avropa və slavyan sivilizasiyaları ilə davamlı münasibətlərdə olmuş, amma tarixən, onların ayrılıqda hər birindən daha çox multikulturalizm məkanını yaratma funksiyasını həyata keçirə bilmişdir.
Türk dünyası koordinatlarında multikultural Azərbaycanın təkcə ictimai-siyasi deyil, həm də bədii-estetik mədəniyyət baxımından üzviliyi, bütövlüyü və rəngarəngliyi bütün gözəl cəhətləri ilə üzə çıxmışdır. Məsələn, Səfəvilər imperiyası dövründə ərazisi indikindən qat-qat böyük olan Azərbaycanın bu ərazilərdə yaşayan digər millətlərə və dinlərə qarşı siyasi, iqtisadi, mədəni, sosial və s. diskriminasiyaya yol vermədikləri, eləcə də digər xalqların tarixi abidələrinə, sənət texnologiyalarına, əxlaq və mənəviyyat qanunlarına ehtiramla yanaşdığı danılmaz faktlardır.
Bununla da azərbaycanlılar özlərini dünyaya yüksək soya və nəcabətə malik insanlar kimi təqdim etməklə yanaşı, həm də başqa cəmiyyət və mədəniyyətlərdən, onlara məxsus yaradıcılıq üslublarından, qabaqcıl həyat təcrübələrindən bəhrələnməyə çalışmışlar.Çoxdilli, çoxmədəniyyətli, çoxdinli Azərbaycan şəhərləri multikulturalist dünyagörüşünün təcəssümü və beşiyi olaraq inkişaf etmişdir. Şəhərsalma mədəniyyəti, memarlıq, miniatür sənəti, xalçaçılıq, keramika və tətbiqi sənətin digər sahələrində yüksək sənətkarlıq səviyyəsinə çatmışdır. Qədim şəhərlərimizdə ədəbiyyat, elm və təhsil dünya təcrübəsinin klassik dəyərlərini mənimsəməklə yanaşı, Şərq mənəvi mədəniyyətinin bilik və rasionallığa əsaslanan meyarlarını da əxz etmişdir.
Azərbaycanlılar universal antropoloji tipologiyasına görə də Türk, Şərq və Qafqaz etnosistemlərinin qovuşub təkamül etdiyi bir istiqamətdə təşəkkül tapdıqlarından və öz seçkin antropoloji özəlliklərini məhz “Azərbaycan universumunda” hifz edib inkişaf etdirdiklərindən, onlar estetik cəhətdən də unikal fizionomik quruluşa, Qafqaz kimi sərt və çoxiqlimli coğrafiyada yaşaya bilən dözümlü, çevik və sağlam həyat tərzinə malik olmuş, regionun konsolidasiya yaratma qabiliyyətli superetnosuna çevrilə bilmişlər. Diqqət etsək, görərik ki, dünya xalqlarının böyük əksəriyyəti, xüsusilə Qafqazın digər etnosları (Qafqazda 50- dən çox etnos yaşayır) tarixən və elə indi də başqa dillərdə ləhcə ilə danışırlar. Xarici dil bilən azərbaycanlılar isə başqa dilləri öz ana dilləri kimi mənimsəyir və öyrəndikləri bütün yabançı dillərdə təmiz danışa bilirlər.
Bu o deməkdir ki, “Avrasiya yaddaşına” malik Azərbaycan türkləri heç zaman etno-linqvo-mədəni məhdudiyyət tanımamış, uzun əsrlər boyu müxtəlif xalqlarla ünsiyyət və dil mübadiləsi prosesində onların “ağız laboratoriyası” daha çox inkişaf etmiş, tələffüz çətinliklərini aradan qaldıraraq, yabançı sözlərin deyilişi üçün daha optimal xüsusiyyətlər və ölçülər almış, dünyagörüşü və psixologiyası isə dünyaya açıqlıq modelində formalaşmışdır. Azərbaycan ədəbiyyatının epik genişliyinə az qala bütün dünya sığmış, Nizami Gəncəvi kimi dühaların yaradıcılığında dünyanın ən müxtəlif xalqlarının nümayəndələrinin monumental obrazları yaradılmış, həmin xalqların mədəniyyətlərinin dərinliyinə varılmışdır.
Azərbaycanın mütəfəkkir şairləri poeziyada digər xalqların tarixində müşahidə olunmayan yüksək bir zirvəni fəth etmişlər: onlar üç dildə - Azərbaycan türkcəsi, fars və ərəb dillərində yaratdıqları “Divan”larla klassik dünya ədəbiyyatını zənginləşdirmişlər. Bütün bu amillər türk sivilizasiyasının universal mühitində milli mədəniyyətlərin rəngarəng arxitektonikasının yaranmasına başlanğıc vermişdir.
Məhz buna görə bu gün Azərbaycan mühitində müşahidə olunan nadir dini tolerantlıq dünyanın istisnasız olaraq bütün ölkələrində heyranlıq və qibtə ilə qarşılanır. Azərbaycandan başqa dünyanın heç bir ölkəsində dini konfessiyalardan birinə aid olan dini bayram və mərasimlərdə digər konfessiyaların nümayəndələrinin də xoş məramla iştirakına rast gəlinmir və ümumiyyətlə, bunu mümkün hesab etmirlər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Böyük İpək yolu coğrafiyasının kəsişmə nöqtəsində yerləşən Azərbaycanın multikultural məkanı dünya sivilizasiyasının dəyərlərini nəinki özündə qovuşdurmuş, həm də buradan onların yeni inkişaf poliqonuna çıxmasına şərait yaratmışdır.
Böyük İpək yoluna tarixi kontekstdə baxsaq, görərik ki, bu yolun əsas marşrutları ilə bəşər sivilizasiyasının öz inkişafında əldə etdiyi bütün mütərəqqi yeniliklərin nümunələri, maddi və mənəvi nemətlərin çoxsaylı çeşidləri (ipək, qiymətli daş-qaşlar, ədviyyat, dəri, yun və digər toxuculuq məmulatları, kağız, çini qablar, şüşə, çay, şərab, düyü, bitki və meyvə toxumları, geyimlər, parçalar və bəzəklər, kosmetika, silahlar və kitablar, əlyazmaları və dini rəmzlər, ornamentlər, insan fəaliyyətində istifadə olunan bütün alət, ləvazimat və avadanlıqlar, hətta ov itləri və şahinləri, tutuquşu, bəbir və şir, nəhayət, canlı insanlar - qullar) daşınmışdır.
Bu yol üzərindəki karvansaraylar, ticarət şəhərləri, alınıb-satılan mallar, tədavüldə olan pullar, ünsiyyət yaradan dillər, ticarət yollarına nəzarət edən dövlət və imperiyalar dəyişmiş, yeniləri ilə əvəz olunmuşdur. Ancaq ticarət-mübadilə mədəniyyətinin bir “qızıl qaydası” dəyişməz olaraq qalmışdır: insanlar və dövlətlər bütün tarixi zamanlarda qarşılıqlı münasibətlərin daha yüksək səviyyəsinə, geniş miqyasına qalxmağa, bir-birini daha dərindən tanımağa, malik olduqları ən yaxşı maddi və mənəvi nemətləri bir-biri ilə bölüşməyə, nəticədə, istehsal və istehlak mədəniyyətinin daha optimal texnologiyalarına yiyələnməyə çalışmışlar.
Bütün bunlar ümumbəşəri dəyərləri formalaşdıran əsas stimullar olmuşdur. Beləliklə, bu gün müasir dünyada qlobal sivilizasiyanın qazandığı başlıca universal nailiyyətlərin kökündə həm də Böyük İpək yolu mədəniyyəti dayanır ki, bu mədəniyyətin müasir dövrümüzdə ən dolğun şəkildə daşıyıcısı məhz Azərbaycandır.
Böyük İpək yolunun xüsusilə XVI— XVIII əsrləri, sözün əsl mənasında, klassik Şərq şəhərlərinin mükəmməl ticarət mədəniyyətinə yiyələndiyi və bu mədəni arsenal üzərində iqtisadi-mədəni əlaqələrin ən yüksək səviyyəsinin əldə edildiyi bir mərhələ olmuşdur. Buxara, Səmərqənd, İstanbul, Təbriz və Dehli dünyanın hər yerindən tacirlərin axın- axın gəlib mal daşıdığı paytaxt- şəhərlər kimi şöhrətlənmişdir.
Bu yolun Çin - Mərkəzi Asiya - Qafqaz - Aralıq dənizi regionunu birləşdirən tarixi marşrutu erkən orta əsrlərdən başlayaraq, bu günümüzədək Azərbaycandan keçdiyindən, bizim şəhərlərimiz - Təbriz, Ərdəbil, Naxçıvan, Bakı, Gəncə, Şəki sürətlə inkişaf etmiş, böyümüş, klassik Şərq memarlığının incəliklərini özündə ehtiva edən karvansaray kompleksləri ilə zənginləşmiş, beynəlxalq ticarətin özünəməxsus qanunauyğunluqlarını mənimsəmişlər.
Beləliklə, Böyük İpək yolu üzərində Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı təmasını təmin edən Azərbaycan həm Şərqin, həm də Qərbin ən mükəmməl dəyərlərini öz məkanında sintezləşdirməyə nail olmuş və dünyanın da ondan bəhrələnməsinə geniş imkanlar açmışdır.
Bu gün Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, həm də beynəlxalq siyasi nüfuz və mədəni yeniliklərin təşəbbüskarlığı baxımından dünya üçün əhəmiyyətli bir ölkədir. Respublikamız qlobal miqyasda mədəniyyətlərarası münasibətlərin inkişaf etdirilməsi siyasətini regionda uğurla həyata keçirən dövlət olaraq öz tarixi missiyasını yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət qlobal əməkdaşlığa və dinamik inkişafa, tarixi- mədəni əlaqələrin dərinləşməsinə və daha da məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır.
Artıq Azərbaycan mədəniyyətlərarası dialoqun reallaşdığı beynəlxalq mədəni- intellektual məkan statusu qazanmışdır. 2011- ci il oktyabrın 10-11-də ölkəmizin paytaxtında keçirilən “Bakı Beynəlxalq Humanitar forumu”nda çıxış edən Prezident İlham Əliyev söyləmişdir: “Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə, bu gün multikulturalizmi şübhə altına qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır”.
Bu mövqe bir daha onu göstərir ki, beynəlxalq humanitar siyasətdə müasir dünyanın çoxmədəniyyətliliyi faktını təsdiq edən yeni siyasi etikanın meyarları ilə dövlətlərarası və mədəniyyətlərarası münasibətlərə baxılmaq ənənəsi yaranmaqdadır. Bu ənənənin konseptual müddəaları isə indi Azərbaycanda dünyanın aparıcı siyasi-intellektual elitasının iştirkı ilə ardıcıl keçirilən tarixi forumlarda onların birgə səyi ilə formalaşdırılır. Bu forumlarda mədəniyyət və sivilizasiyaların tarixi və müasir planda müqayisəli öyrənilməsindən əldə olunan elmi-analitik nəticələr planetar sivilizasiyaya doğru dünya inkişafının strategiyasına daxil edilir, ayrı-ayrı mədəniyyət və sivilizasiya kodlarından universal sivilizasiya kodlarının sistemləşdirilməsi imkanları araşdırılır, “müxtəlifliyin vəhdəti” paradiqması mədəniyyət və sivilizasiyaların tərəqqi perspektivinə çıxarılır.
Qlobal humanitar forumlar beynəlxalq münasibətlərin siyasi-etik normativlərini mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin moralist yanaşma modelləri və prinsipləri ilə sintezləşdirərək, beynəlxalq həyatda etik- siyasi mədəniyyətin konvergent inkişafını təmin edir. Dünyamızın gələcək taleyini müəyyənləşdirməyə, bütövlükdə, Yer kürəsini onun üzərində yaşayan bütün xalqlar və millətlərin təhlükəsiz bir məkanına çevirməyə yönəlmiş səylərin ortaya qoyulduğu Azərbaycan isə multikulturalizmin vətənidir. BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən forumu bu prosesə yeni yön və məzmun verdi.
Multikulturalizm bir etikadır. Siyasət, əxlaq, din və mənəviyyat qaynaqlarının bir- birindən ayrılmazlığı ideyasından, ayrı- ayrı sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı münasibətlərini aramsız olaraq dərinləşdirmə, təkmilləşdirmə və genişləndirmə imperativlərindən çıxış edən və özünün həm nəzəriyyəsi, həm də praktikasında müxtəlif yanaşmaların, tolerantlıq səylərinin enerjisini toplayaraq hərəkət etdirə bilən etika. Bu III minilliyin əvvəlində bəşəriyyətin əldə etdiyi ən böyük universal dəyərdir və vətənimiz Azərbaycan bu unikal dəyərin ən öncül daşıyıcısıdır.
Dünyanın multikulturalizm mərkəzinə çevrilməkdə olan, Şərq və Qərb memarlığının nadir sintezi kimi yüksələn gözəl Bakı şəhərində bu həftə keçirilən və böyük uğurla başa çatan BMT Sivilizasiyalar Alyansının VII Qlobal forumunda bu həqiqət bir daha bütün dünyanın diqqətinə çatdırıldı.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.