Strateji layihələrin həyata keçirilməsi Azərbaycanın mövqeyini gücləndirir

SSRİ-nin süqutundan sonra Xəzər hövzəsi ölkələrində neft və qaz yataqlarının istismarında baş vermiş böyük dəyişikliklər, xüsusilə də Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərbə daşınmasında əldə etdiyi uğurlar regiona olan marağı getdikcə artırır. Bundan başqa, rəsmi Bakının strateji tərəfdaşları olan Türkiyə və Gürcüstanla birlikdə reallaşdırdığı Bakı-Tbilisi-Qars Rusiya və İranın dəstəyilə inşası ciddi mərhələyə qədəm qoyan “Şimal-Cənub” dəmir yolu nəqliyyat dəhlizi Cənubi Qafqaz regionunun diqqət mərkəzində qalmasına şərait yaradır. Enerji resurslarının daşınmasında mühüm infrastrukturun təşkili, vacib yük və sərnişin daşımaları üçün nəqliyyat qovşağının formalaşdırılması, Qərbin alternativ enerji dəhlizlərinin yaradılmasında maraqlı olduğu bir dövrdə Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərin güclü aktoru kimi mövqeyini gücləndirir.

Azərbaycanda nəqliyyat sistemi milli iqtisadiyyatın inkişafı baxımından həmişə mühüm əhəmiyyət kəsb etmişdir. İqtisadiyyatımızın enerji, rabitə, səhiyyə, təhsil və digər infrastruktur sahələri kimi, nəqliyyat da sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılmasından sonra, xüsusilə də 1993-cü ildən etibarən bazar iqtisadiyyatına doğru addımlar ataraq Azərbaycan hökumətinin nəqliyyat sahəsində nəzərəçarpacaq dərəcədə dəyişikliklərə səbəb olmuş islahatlar həyata keçirməsi hamıya məlumdur. Nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsinə nail olmuş Azərbaycan ölkəmizin mühüm nəqliyyat sisteminə inteqrasiyası istiqamətində də önəmli uğurlara imza atmışdır. Köklü struktur islahatlarını yekunlaşdırmağı bacarmış ölkə rəhbərliyinin nəqliyyat sisteminin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratması da günümüzün reallığıdır.

Ümumiyyətlə, iqtisadiyyatın şaxələndirilməsində nəqliyyat sektorunun inkişafı strateji əhəmiyyətə malikdir. Son illər nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi bu fikrimizi təsdiqləyir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, müasir hava limanları, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yolları tikilmiş və dəmir yolu xətləri yenilənmişdir ki, bu layihələrin uğurla başa çatdırılması Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin istismara verilməsi Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracağına olan inamı gücləndirir. Bundan başqa, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olmasını, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini də nəzərə alsaq, o zaman bu layihənin də istifadəyə verilməsindən sonra ölkəmizin Cənub və Şimal nəqliyyat dəhlizlərinin mühüm qovşağına çevrilməsi dönməz xarakter alacaq.

Qeyd edək ki, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zərurətini yaratmış və bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi sərəncam imzalamışdır. Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılmış və 2002-ci il 21 may tarixində qüvvəyə minmişdir. Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə 2005-ci il sentyabrın 20-də qoşulmuşdur. Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının İran körfəzinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq, Avropa-Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin sözlərinə görə, bu nəqliyyat dəhlizinin təkmilləşməsi ilə ölkəmizin ümumi büdcəsi bu layihənin icrasından nəzərəçarpacaq mənfəət əldə edəcəkdir. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ötən üç aydakı iqtisadi nailiyyətləri şərh edərkən “Şimal-Cənub” nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində böyük və səmərəli səylər göstərildiyini xüsusi olaraq vurğulamışdır. “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin icrası nəinki Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq, həm də Şimali Avropa ölkələri, Pakistan və Hindistan arasında əlaqələrin qurulmasını mümkün edəcəkdir.

Sülhməramlı siyasətilə fərqlənən Azərbaycanın Avrasiya məkanında oynadığı rol özünün müsbət xarakteri ilə ön plana çıxır və beynəlxalq təhlükəsizlik sistemində layiqli yerini tutur. Azərbaycanın Qərblə Şərq arasında təbii körpü rolunu oynaması nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Mütəxəssislər düşünürlər ki, Avrasiyanın həm də “giriş qapısı” adlandırılan Azərbaycana milyardlarla dollar gəlir gətirəcək layihə olan Transxəzər nəqliyyat marşrutu ölkəmizin dünyada mövcud olan iqtisadi əhəmiyyətini daha da artıracaq və marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Bu marşrutun Avropa ölkələrindən yük göndərənlər üçün də sərfəli olacağını vurğulayan mütəxəssislər əmindirlər ki, bir sıra dövlətlər Transxəzər nəqliyyat marşrutunun daim təhlükəsiz formada fəaliyyət göstərməsi üçün maraqlı olacaq və bu vəziyyət Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirəcəkdir.

Əlverişli coğrafi vəziyyətin Azərbaycana tranzit imkanlarını daha da genişləndirməyə imkan verməsi artıq faktdır. Belə ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizdə müasir logistika infrastrukturunun yaradılmasına və inkişaf etməsinə, o cümlədən region dövlətləri arasında iqtisadi əlaqələrin daha da güclənməsinə şərait yaradır. Ölkə başçısı Nazirlər Kabinetinin iclasında bu məqama xüsusilə toxunmuşdur: “Baxın, Azərbaycan yenə də iki dəhlizin ortasındadır. Əgər bizim qonşu ölkələrlə çox müsbət dostluq, tərəfdaşlıq əsasında qurulmuş münasibətlərimiz olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Mən həmişə demişəm ki, qonşularla münasibətlərimiz bizim üçün çox önəmlidir. Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Əksinə, bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu, həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir”. Prezident İlham Əliyev Azərbaycanın bu sahədə oynadığı rola yüksək qiymət verildiyini və bunun gözəl nəticələri olduğunu diqqətə çatdırmışdır.

Bir sözlə, mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan geosiyasi müstəvidə əhəmiyyətini daha da artırmağa nail olmuşdur. Şərqlə Qərb arasında strateji mövqeyindən uğurla yararlanan Azərbaycan Avrasiya məkanında əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməyi bacarmışdır. ABŞ-ın nüfuzlu “Global Finance Magazine” nəşrinin açıqladığı son reytinq cədvəli də bunu təsdiqləyir. Siyahı Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında tərtib edilir. Nəşr reytinqi tərtib edərkən nisbi yaşayış dəyəri və inflyasiya səviyyəsinin nəzərə alındığı ölkələrdə adambaşına düşən alıcılıq qabiliyyəti paritetini əsas götürmüşdür. Azərbaycan reytinq sıralamasında 64-cü yeri tutmuşdur. Ölkəmizdə adambaşına düşən ÜDM 18,913 min dollara bərabərdir. Region ölkələrindən Gürcüstan 113-cü (8,222 min dollar), Ermənistan isə 116-cı (7,748 min dollar) yerdə qərarlaşmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxaspektli siyasət nəticəsində ölkəmiz regional və beynəlxalq səviyyədə mövqelərinin möhkənlənməsinə nail olmaqla yanaşı, geosiyasi anlamda güc mərkəzlərinin daim diqqət mərkəzində qalması üçün əhəmiyyətini də artırmışdır.

Bütün bunlarla bağlı demək olar, böyük nəqliyyat layihələrinin həyata keçirilməsi, dəmir yolu infrastrukturunun, yol-nəqliyyat, eyni zamanda, dəniz və hava-nəqliyyat sisteminin inkişafı və təkmilləşdirilməsi Azərbaycanın regionda nəqliyyat mərkəzi kimi də rolunun güclənməsinə şərait yaradır. Ən əsası, nəqliyyat sahəsinin təkmilləşdirilməsi sayəsində tranzit potensialımızın inkişafı yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə, ticarətin inkişafına və turist axınının artmasına, milli iqtisadiyyatımızın daha da güclənməsinə və müstəqil xarici siyasət yürüdülməsinə müsbət təsir göstərəcəyi şübhə doğurmur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında