Son vaxtlar Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə–işğal altında saxladıqları Azərbaycan ərazilərində müxtəlif təxribatlar törətməklə gərginliyi daha da artırıblar. İki ölkə arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, Ermənistan silahlı birləşmələri təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, toplardan intensiv atəşə tutması nəticəsində mülki obyektlərə, yaşayış evlərinə ciddi ziyan dəymiş, qəbiristanlıqlar dağıdılmış, dinc əhali arasında ölən və yaralananlar olmuşdur. Əhalinin min-bir əziyyətlə tikib-qurduğu ev-eşik, həyət-baca bir anın içərisində yerlə-yeksan edilmişdir. Son 3 gün ərzində cəbhəyanı ərazilərdə 100-dən artıq evə ziyan dəymiş, onlarca ev, yaşayış üçün yararsız vəziyyətə salınmışdır.
Mən 24 il əvvəl bu hadisələrin canlı şahidi olmuşam. O vaxt—Xankəndidə yaşayan zaman keçmiş Sovet hakimiyyəti və onun rəhbəri Mixail Qorbaçovun millətlər arasında nifaq toxumu səpməsi, aşkar ayrı-seçkilik etməsi, ermənilərə xüsusi diqqət və qayğı göstərməsi, Azərbaycan xalqı ilə hesablaşmadan torpaqlarımızı ermənilərə bəxş etməsi nəticəsində doğma ocağımızdan zorla didərgin salındıq. Sonradan bu işğal daha da genişləndi və Kremlin havadarlığı, köməyi ilə Ermənistan dövləti Azərbaycanın ərazisini–
Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdi, bir milyondan artıq soydaşımızı ata-baba yurdundan didərgin saldı. İşğal zamanı Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, onların qəddarlığı faşistləri kölgədə qoydu. 1990-cı illərin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri amansız terror aktlarına, soyqırımına rəhbərlik edənlərdən biri işğalçı Ermənistanın indiki prezidenti Serj Sarkisyan idi.
Öz ölkəsinin ziyalıları və siyasi xadimləri tərəfindən təlxək, zavallı qoyun, casus və qatil adlandırılan S.Sarkisyan dünyada analoqu olmayan Xocalı soyqırımının törədilməsinə rəhbərlik etdiyini və bu bəşəri cinayətin iştirakçısı olduğunu həyasızcasına etiraf edir. Əlləri günahsız insanların qanına batmış bu qatil öz millətinə qarşı da amansız olmuşdur. Saxta prezident seçkilərinə etiraz edən dinc əhalinin gülləbaran edilməsi, bunun nəticəsində çoxlu sayda etirazçının qətlə yetirilməsi, sonuncu parlament seçkilərində müxalifətdən olan namizədlərin seçki qərargahının yandırılması, bu günlərdə Yerevanda sərnişin avtobusunun partladılması və bu zaman iki nəfərin həyatını itirməsi Serj Sarkisyanın cinayət əməllərinin tərkib hissələridir.
Ermənistanda nəşr olunan bir sıra kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, 1999-cu il oktyabr ayının 27-də Ermənistan parlamentində törədilən qətl hadisəsində də Serj Sarkisyanın əli olub.
8 məmur, o vaxtkı parlamentin sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və bir neçə deputatın öldürüldüyü cinayət hadisəsi ört-basdır edildi.
Belə faktlar kifayət qədərdir. Bütün bunlar bir daha təsdiqləyir ki, bəşəri cinayətlər törədən Ermənistan prezidenti hakimiyyətini qoruyub saxlamaq üçün müxtəlif vasitələrə əl atır. Artıq öz xalqının da ona nifrət etdiyini yaxşı bilən S.Sarkisyan yerli əhalinin diqqətini zəruri məsələlərdən yayındırmaq üçün əsas fəaliyyətini cəbhəboyu ərazilərdə təxribatlar törətməyə, azərbaycanlıların yaşadıqları kəndləri ağır artilleriyadan atəşə tutmağa yönəldib. Bu, Sarkisyanın xislətindən, insanlığa sığmayan amansızlığından, ağır cinayət əməllərinə bir növ adət etməsindən, insanları qətlə yetirməkdən sanki zövq almasından irəli gəlir. Öz millətinə qarşı da amansız cinayətlər törədən bir adamdan bundan artıq nə gözləmək olar?
Cəhbədə öldürülən, acından, yoluxucu xəstəliklərdən dünyasını dəyişən erməni əsgərləri analarının keçirdikləri etiraz aksiyalarında da Serj Sarkisyan hakimiyyətinin kriminal, qatil olduğu açıq şəkildə səsləndirilib. Qatil prezident etiraz səsini qaldıran əsgər analarına qarşı da amansız olmaq barədə göstəriş verib.
Ermənistan prezidentinin bəşəri cinayətləri beynəlxalq təşkilatların nümayəndələrinin gözləri qarşısında baş verir. Bu günlərdə Bakıda keçirilən 7-ci Qlobal Forumunda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir
Əbdüləziz Əl-Nasirin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallonun çıxışları zamanı terrorizmi, ekstremizmi kəskin pislədikləri, dünyanı miqrantların bürüdüyünü və bunun qarşısının alınmasının yolunu aradıqları bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini artilleriyadan və iriçaplı silahlardan atəşə tutur, yaşayış evlərini dağıdır, insanları öldürür və yaralayırdılar.
Təəssüf edirik ki, beynəlxalq təşkilatlar, münaqişənin nizamlanmasına bilavasitə cavabdeh olan ATƏT-in Minsk qrupu həmsədrləri erməni hərbi birləşmələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini, dinc əhalini atəşə tutmasına seyrçi münasibət bəsləyir, Ermənistan prezidentinin cinayət əməllərinin qarşısını almaqda qətiyyət göstərmirlər. Bu, himayədarlıq və beynəlxalq hüququn normalarına hörmətsizliyə biganəlik onu daha da həyasızlaşdırıb.
Ermənistan prezidenti Serj Sarkisyan öz xalqının diqqətini yayındırmaq və kriminallaşmış hakimiyyətinin ömrünü uzatmaq üçün yeni bir hiyləyə əl atıb. O, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb və bununla da, guya, müharibə tərəfdarı olmadığını sübut etmək istəyib. Bu barədə erməni mətbuatında da kinayəli məqalələr dərc olunub. Yerli kütləvi informasiya vasitələrinin verdikləri məlumata görə, Serj Sarkisyanın iştirakı ilə keçirilən Ermənistan Respublika Partiyasının (ERP) toplantısında Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdürüb. Şərtlər bunlardan ibarətdir:
—insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
—ünvanlı bəyanatlar;
—Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.
Beynəlxalq təşkilatlara da bəllidir ki, Ermənistan prezidentinin bu şərtləri irəli sürməsi növbəti siyasi oyunbazlıqdır. Həm müxalifət nümayəndələri, həm də yerli ziyalılar çox yaxşı bilirlər ki, Sarkisyanın bu şərtləri hakimiyyəti hələ bir müddət də əlində saxlamaq məqsədi daşıyır. Bu, onun növbəti hiyləsidir. Sarkisyan yaxşı bilir ki, erməni xalqı ona nifrət edir və dediklərinə də inanan yoxdur. Onun rəhbərlik etdiyi kriminal hakimiyyətin istefasını tələb edən çoxsaylı kütləvi aksiyalar da bunu təsdiqləyir. Ona görə də cinayətkar Ermənistan prezidenti bu dəfə sülh tərəfdarı qiyafəsində peyda olmaq istəyir. Ancaq bütün bunların heç bir faydası yoxdur. Onun cinayətləri artıq bütün dünyaya bəllidir və buna görə də cavab verəcək.
Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar, nəhayət, hərəkətə keçməli, işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş cinayətkar əməllərinə son qoyulması üçün qətiyyətli addımlar atmalıdırlar.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.