İşğalçı Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki obyektləri və dinc əhalini hədəfə alaraq zərbə endirir

Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycanın cəbhəyanı  ərazilərində atəşkəsi mütəmadi pozmaları nəticəsində kəndlərə, mülki obyeklərə, yaşayış evlərinə  ciddi ziyan dəymişdir. Söz yox ki, iriçaplı artilleriya silahlarından istifadə edən düşmənin  atəş nöqtələri Milli Ordumuz tərəfindən layiqli cavablarını alır,  buna baxmayaraq, əhalinin rahatlığı pozulur, hüquqları tapdanır, insanlara ciddi ziyan dəyir. Təəssüf ki, bütün bunlar dünya birliyinin gözü qarşısında baş verir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulmasına laqeyd münasibət işğalçı dövləti getdikcə həyasızlaşdırır.

Dünyanın 140 ölkəsindən gəlmiş 2 mindən çox qonağın iştirak etdiyi  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə başladığı günlərdə də Ermənistan silahlı qüvvələri atəşkəsi mütəmadi olaraq pozmuş, beynəlxalq təşkilatlara qarşı açıq şəkildə hörmətsizlik etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı nitqi zamanı da dünya birliyinin Ermənistanın işğalçılıq siyasətinə laqeyd münasibətini bir daha diqqətə çatdırmışdır: “Ermənistan ilə Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz azad edilməlidir, insanlarımız evlərinə geri dönmək imkanına malik olmalıdır”.

Dövlətimizin başçısı bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyətin müvafiq qətnamə və qərarlar qəbul etdiyini diqqətə çatdırmışdır. Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edildiyini xatırladan dövlətimizin başçısı, bildirmişdir ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və onlara əməl etmir. Forum iştirakçılarının diqqətinə çatdırılmışdır ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən 20 ildən çox keçir və bu məsələ həll olunmamış qalır.

Forumda çıxış edənlər terrorizmə qarşı mübarizədə səyləri daha da artırmağın vacibliyini vurğulamşlar. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında terrorizmi kəskin pisləmiş və qeyd olunmuşdur ki, zorakı ekstremizm və terrorçuluq nəticədə insanların doğma ata-baba yurdundan zorla didərgin düşməsinə gətirib çıxarır. İspaniyanın xarici işlər naziri bildirmişdir ki, terrorizm heç bir vəchlə İslamla əlaqələndirilməməlidir. Çünki terrorizmin qurbanlarının əksəriyyəti elə müsəlmanlardır.

Ermənistan terror təşkilatlarının azərbaycanlılara qarşı  törətdikləri terror aktları nəticəsində on minlərlə insanın həlak olması, ömürlük şikəst qalmaları və ev-eşiklərindən didərgin salınmaları buna əyani sübutdur. Dövlətimizin başçısı bu faktı forum iştirakçılarının da diqqətinə çatdırmışdır: “Təəssüflər olsun ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir.

Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır”.

Respublikamızın rəhbəri demişdir ki, 1990-cı illərin əvvəlində biz böyük humanitar fəlakətlə üzləşdik. Çünki 250 min azərbaycanlı Ermənistandan qovulmuş, daha 700 mindən çox məcburi köçkün isə Dağlıq Qarabağ və digər bölgələrdən idi. O zaman Azərbaycanın əhalisinin 8 milyondan az olduğunu nəzərə alsaq, adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə Azərbaycan çox güman ki, dünyada birinci yer tuturdu.

Bu gün də Ermənistan işğalçılıq siyasətini davam etdirərək atəşkəsi mütəmadi olaraq pozur. Müdafiə Nazirliyinin yaydığı məlumat da bu faktı təsdiqləyir: Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 4.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, mülki Azərbaycan əhalisini məsuliyyətsiz və hədəflənmiş şəkildə ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız aprelin 27-dən 28-nə keçən gecə Tərtər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib. Ümumiyyətlə, 2 aprel tarixindən başlayaraq Ermənistanın bu kimi əməllərinə görə təmas xəttinə yaxın yaşayış məntəqələrdə dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisiləri atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ərazilərimiz, yaşayış məntəqələri atəşə tutulub.

İntensiv mərmi atəşinə məruz qalan qəbiristanlıqda məzarlar tamamilə dağılıb, xeyli qəbrə ziyan dəyib, yüksək gərginlikli   elektrik xətti sıradan çıxıb. Ümumilikdə isə ötən gecə atəşkəsin pozulması nəticəsində Tərtər rayonu üzrə 8 yaşayış evinə ziyan dəyib ki, onlardan da  1-i tamamilə yararsız vəziyyətə düşüb. Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, biri yanaraq kül olub.

Ermənistan qoşunlarının təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir. Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir.

İşğalçı dövlətin silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq, mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri adi hal deyil. Bu Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı planlı və sistematik şəkildə həyata keçirdiyi terror siyasətinin tərkib hissədir.

Artıq Ermənistanda yerli əhali prezident Serj Sarkisyanın işğalçılıq siyasətindən cana doyub. Son vaxtlar erməni ordusunun acınacaqlı məğlubiyyəti, cəbhədəki uğursuzluqları əsgər analarının ciddi etirazına səbəb olub. Bu etirazlar yerli televiziya kanallarında da səsləndirilir və erməni ictimai-siyasi xadimlər bütün günahların prezident Serj Sarkisyanda olduğunu bildirirlər. Hətta, Ermənistandakı “informasiya kanalına verdiyi müsahibəsində Ermənistan Milli Müqəddərat Birliyinin lideri, ölkənin ən məşhur müxalif siyasətçilərindən biri Paruyr Hayrikyan Serj Sarkisyanı “zavallı qoyun” adlandırıb. O deyb ki, Serj Sarkisyan saxtakarlıq yolu ilə iqtidara gəlib.

Paruyr Hayrikyan deyib ki, indi təlxəklik etmək gərək deyil: “Serj Sarkisyan yaşlı adamdır, özünü biabır etməsin. Çox pis, ağır vəziyyətdəyik. Millət olaraq çökmüşük. İnsanlarımız küçələrə çıxaraq Serj Sarkisyanın istefasını tələb edirlər. Amma mən belə demirəm, çünki bilirəm ki, Serj Sarkisyan getsə, Qalust Saakyan gələcək. Sarkisyan casusdursa, Qalust Saakyan “peşka”dır. Yəni casusun “peşka”sı taleyimizi həll etməlidir?! İnqilab etmək olardı, amma ölkədə inqilab etməyə layiq, inana biləcəyimiz siyasi qüvvə yoxdur"

Göründüyü kimi, Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün gah Azərbaycan ərazilərində təxribatlar törədir,  gah da  öz ölkəsində sərnişin avtobuslarını partlatdırır. Bununla diqqəti yayındırmağa çalışsa da, istəyinə nail ola bilməyəcək. Çünki qüdrətli Milli Ordumuz Sarkisyanın bütün ümidlərini alt-üst edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında