Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi dünyanın diqqət mərkəzindədir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dəyərli qardaşım Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməklə xüsusi məna daşıyan bu ili daha da zirvəyə qaldırdı. Bu forumun Alyansımıza Cənubi Qafqazın və Orta Asiyanın zəngin mədəni mirasından faydalanma imkanı təqdim edəcəyinə inanıram.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının Prezidenti

 


 

Azərbaycan daha bir mötəbər tədbirə – BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdi və bir daha nüfuzlu qurumların tədbirlərini yüksək səviyyədə keçirməyə qadir olduğunu təsdiqlədi. Buna həm iqtisadi, həm də siyasi gücümüz imkan verir. Son illər respublikamızın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsi dünya birliyində qazandığımız inam və etibarın nəticəsidir. Dövlət başçısı İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya respublikamızın beynəlxalq birlikdəki reytinqini getdikcə artırır, əlaqələrini daha da genişləndirir. Dünyanın 140 ölkəsindən dəvət olunmuş qonaqların iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi də məhz bu uğurların məntiqi nəticəsidir.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmiş və ötən ilin iyul ayında Prezident İlham Əliyev forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Artıq bütün bunlar arxada qalmış və 2 minə yaxın qonağın iştirak etdiyi tədbir yüksək səviyyədə keçirilmişdir. Belə əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilməsindən xəbər verir.

Artıq beynəlxalq birlikdə də etiraf olunur ki, Azərbaycan qısa müstəqillik tarixində özünü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi tanıtmışdır. Digər tərəfdən, son illər ölkəmizdə keçirilən humanitar forumlar, həmçinin sivilizasiyalar və mədəniyyətlərarası dialoqlar Azərbaycanı tolerantlıq məkanına, multikultural dəyərlərə sadiq olan müstəqil dövlətə çevirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılmışdı.

Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. Bütün bunlar barəsində forumda ətraflı söhbət açılmış, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı liderliyi xüsusi qeyd edilmişdir. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar dövlət başçımızın irəli sürdüyü təşəbbüs dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş mühüm addım kimi dəyərləndirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı nitqi böyük maraq doğurmuşdur. Diqqətə çatdırmışdır ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur: “Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir".

Dövlət başçısı bildirmişdir ki, bununla yanaşı, ən qədim kilsələrdən biri – qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır: “Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir”.

Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu vacib məsələlərin müzakirə edilməsi üçün ölkəmizdə mütəmadi olaraq, müxtəlif tədbirlər təşkil edilir. Artıq hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə halını alıb. Bu tədbirlərdə əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsi və daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasıdır.

Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Bu baxımdan humanitar forumların, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların keçirilməsi üçün əlverişli məkandır. Ölkəmizin dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi etməsi yüksək dəyərləndirilmişdir. 2008-ci ildə keçirilmiş “Bakı Prosesi”nin təşəbbüskarı da məhz bizim ölkəmiz olmuşdur. Bu tədbir də mədəniyyətlərarası dialoq üçün geniş imkanlar yaratdı. Elə həmin ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri Bakıya toplaşmış və 100-dən artıq nazir ilk dəfə Bakıda bir araya gəlmişdir.

2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin iştirakı ilə “Bakı Prosesi” adlandırılan tədbirə qatıldılar. Bu proses indi də inkişaf etdirilir və getdikcə daha çox dəstək qazanır, mədəniyyətlərarası dialoqa öz dəyərli töhfələrini verir.

Belə tədbirlərin mütəmadi xarakter aldığını vurğulayan respublikamızın rəhbəri Avropa və İslam dövlətlərinin idmançılarını bir araya gətirən tədbirlərdən də söhbət açmışdır: “Çox fəxr edirik ki, ötən il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə biz Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir”.

Belə nüfuzlu tədbirlərin ölkəmizdə keçirilməsinin prioritet əhəmiyyətlərindən biri də tədbir iştirakçılarının Azərbaycan həqiqətlərinin və reallıqlarının canlı şahidi olmasıdır. Bu dəfə də belə oldu. Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini davam etdirməsini, mütəmadi olaraq atəşkəsi pozmasını, cəbhəyanı ərazilərdə tez-tez təxribatlar törətməsini və bunun da nəticəsində insan tələfatı olmasını, mülki obyektlərə, yaşayış evlərinə ciddi ziyan vurulduğunu diqqətə çatdırmışdır: “Təəssüflər olsun ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır”.

Ölkə başçısı demişdir ki, işğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmiş və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində, siz erməni xalqının dini mirasının tərəfimizdən necə qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir. Təəssüf ki, beynəlxalq birlik bu ədalətsizliyə hələ də göz yumur.

Forum iştirakçıları, həmçinin, son illər ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlərlə də tanış olmuşlar.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo  və Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoğan çıxış edərək, bu forumun alyansa Cənubi Qafqazın və Orta Asiyanın zəngin mədəni mirasından faydalanma imkanı təqdim edəcəyinə əminliklərini ifadə etmiş, tədbirə  ev sahibliyi etdiyi üçün Azərbaycana xüsusilə təşəkkürlərini bildirmişlər. Həmçinin dünyada baş verən terror aktları kəskin pislənilmişdir.

Forum çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra ölkələrin parlament sədrləri və nazirləri ilə görüşüb fikir mübadiləsi aparmışdır.

BMT-nin Sivilizasiyalar Alyansının  VII Forumu işini plenar və bölmə iclaslarında davam etdirmiş və sonda forumun Bakı Bəyannaməsi qəbul olunmuşdur.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında