Sivilizasiyalararası dialoqun Bakı zirvəsi

BMT- nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycan paytaxtında təşkili ölkəmizin bu təşəbbüsə layiqli töhfəsinə dünya birliyinin verdiyi yüksək qiymətin təzahürüdür. Aprelin 25-dən 27-dək Bakıda belə bir nüfuzlu beynəlxalq məclisin keçirilməsi dünyanın müxtəlif məkanlarında baş verən bir sıra münaqişə və toqquşma fonunda əmin- amanlığa və dialoqa çağırışla bağlı dövrümüzün yaddaqalan bəşəri hadisəsidir.

İspaniya və Türkiyənin 2005-ci ildə irəli sürdükləri birgə siyasi təşəbbüs – “Sivilizasiyaların Alyansı” beynəlxalq miqyasda tanınmış humanitar formatdır. Alyansın qarşısında ən mühüm vəzifə kimi  dövlətlər və xalqlar arasında əməkdaşlıq sahəsində yaşamaq qabiliyyəti olan elə bir proqram qoyulmuşdur ki, bununla, Amerika alimi Semuel F. Hantinqtonun sivilizasiyaların toqquşması nəzəriyyəsində göstərildiyi kimi, dünyanın genişmiqyaslı sivilizasiyalararası toqquşmalara doğru sürüklənməsinin qarşısını almış olsun.

Elmi-texniki və informasiya inqilabları (hər şeydən əvvəl tarixdə görünməmiş informasiya və kommunikasiya imkanlarının artması) və qloballaşma prosesləri nəticəsində dünya getdikcə daha çox kiçik görünür. Müxtəlif sivilizasiyaları təmsil edən dövlətlər arasında iqtisadi, siyasi və humanitar əlaqələr durmadan genişlənir. Lakin bu heç də həmişə qarşılıqlı anlaşmanı artırmır. Məsələ burasındadır ki, iqtisadi modernləşmə və sosial dəyişikliklər bütün dünyada qərbləşmə mahiyyəti daşıyır və ənənəvi sivilizasiyaların dayaqlarını sarsıdır. Ona görə də Qərbin qloballaşma təzyiqi qərbli olmayan ölkələrdə sivilizasiya dayaqlarının “dağıdılması” klmi başa düşülür.

Dünyada qüvvələrin yenidən qruplaşması prosesi açıq- aydın özünü göstərir. Çin, Hindistan, habelə Yaxın Şərq və Cənub- Şərqi Asiya ölkələri əhəmiyyətli dərəcədə iqtisadi və siyasi gücə çevrilib, Qərbin nəhəng dövlətlərin hökmranlığına qarşı çağırış edirlər. Hazırda dünyanın 20 ən böyük ölkəsinin 10-u qərbli olmayan ölkələrdir. Qlobal ÜDM-da və beynəlxalq ticarətdə onların payı durmadan artır. Nəticədə, onlar arasında yalnız ticarət-iqtisadi və maliyyə sahəsində deyil, həm də siyasi, mədəni və dini ideyalar, dəyərlər və düşüncələr sferasında rəqabət dərinləşir. Qərb qlobal səviyyədə özünün keçmişdə uzun illər boyu yaranmış olan “həqiqətin son daşıyıcısı” statusunu itirməyə başlamışdır.

Bundan başqa, son onilliklərdə dünya əhalisi görünməmiş dərəcədə (həm də son dərəcə qeyri- bərabər) artmışdır. Bu da dünyada əhalinin Şimal ölkələrinin xeyrinə olmayan qeyri- bərabər bölgüsünü həddən artıq çoxaltmışdır. Kasıb Cənubda əhalinin sıxlığı durmadan artır. Avropanın məhz demoqrafik baxımdan iflası, onun İkinci dünya müharibəsindən sonra özünü göstərən iqtisadi tərəqqisi fonunda işçi qüvvəsinə əlavə tələbat yaratmışdır. Əhalinin təbii artımının azaldığı bir şəraitdə isə bu tələb üçüncü dünya ölkələrindən əhalinin kütləvi axını (miqrasiyası) hesabına ödənilir.

BMT ekspertlərinin hesablamalarına görə, XX əsrin ikinci yarısında Cənubdan Şimala təxminən 60 milyon insan axın etmişdir. Bu axın yeni yüzilliyin əvvəlində daha da artmış və 2005-ci ildə əhali axını bütün dünyada 191 milyon nəfərə çatmışdır. Bunun nəticəsində miqrantların donor ölkələrinə pul köçürmələri astronomok rəqəmlərə yüksəlmişdir. Dünya Bankının məlumatlarına görə, 2007-ci ildə Cənub ölkələrinə, yalnız qeydə alınmış pul köçürmələri 217 milyard dollar, o cümlədən Hindistana  27, Çinə  25,7, Meksikaya 25, Filippinə 17 milyard dollar təşkil etmişdir. Üçüncü dünya ölkələrini körükləyən belə nəhəng maliyyə axınlarının olması göstərir ki, dünya iqtisadiyyatında yeni əhəmiyyətli bölmə yaranmışdır.

Ən əhəmiyyətlisi də odur ki, xristian olmayan sivilizasiyaların təmsilçiləri, hər şeydən əvvəl, müsəlmanlar bir çox Avropa ölkələrində ictimai həyatın mühüm daxili amilinə çevrilmişdir. Belə ki, 1950-ci ildə Qərbi Avropada 300 min müsəlman yaşayırdısa, 2008-ci ildə onların sayı tam olmayan məlumatlara görə, 16 milyon nəfərə çatmış, yəni 53 dəfə artmışdır. Yaxın Şərq ölkələrində Avropa nəhənglərinin yanacaq- energetika ehtiyatlarının yenidən bölüşdürülməsi uğrunda XXI əsrin ilk onilliyində törətdikləri və bu günə qədər də davam edən və sonu görünməyən qanlı savaşlar yerli əhalinin öz doğma yurd-yuvalarından didərgin düşməsinə və Avropaya üz tutmasına səbəb olmuşdur. Nyu-Yorkun ticarət mərkəzinin partladılması, Moskvada çeçen partlayışları hamısı Yaxın Şərq ölkələrində yanacaq- energetika ehtiyatlarının yenidən bölüşdürülməsi uğrunda mübarizənin tərkib hissələridir və burada min illər boyu yaşamış yerli əhalinin faciələrinə yol açmışdır.

Avropaya müsəlman əhalisinin kütləvi axınının nəticəsi olaraq öz populyarlığına görə Məhəmməd Peyğəmbərin hər bir müsəlman üçün əziz olan adı İngiltərədə doğulmuş uşaqlar arasında ikinci, Parisin Sen-Deni ətraf şəhərciyində isə birinci yerdə durur. AB- nin mərkəzi Brüsseldə müsəlmanlar əhalinin 20 faizini təşkil edir, Britaniyanın Birminqem və Hollandiyanın Rotterdam şəhərlərində əhalinin təxminən yarısı müsəlmandır. Avropanın ictimai həyatı onun torpaqlarında milyonlarla əhalinin iştirakı nəticəsində durmadan dəyişir, bəzi rayonlarda İslam aparıcı dinə çevrilir və bu heç də bütün avropalıların ürəyincə deyildir. Avropa cəmiyyətinin buna reaksiyası müxtəlifdir: islamofobiyanın müxtəlif formalarında - sadəcə olaraq, anlaşılmamasından tutmuş, tamamilə qəbul edilməməsinə və hətta məscidlərin yandırılmasına qədər formalarda özünü büruzə verir.

Digər tərəfdən isə, xaçlı səfərlərindən tutmuş, Avropa dövlətlərinin əsrlər boyu davam edən dağıdıcı müstəmləkəçilik və yarımmüstəmləkəçilik siyasəti, bugünlərdə Əfqanıstan, Suriya və İraq əhalisinə qarşı aparılan soyğunçuluq siyasəti müsəlman əhalinin tarixi yaddaşında dərin kök salmışdır. “Parçala, hökmranlıq et” siyasəti bir çox Yaxın və Orta Şərq, Asiya və Afrika ölkələrinin inkişafının təbii gedişatını dayandırmış, əsrlər boyu formalaşmış ictimai münasibətləri darmadağın etmişdir. BOP- a (Böyük Orta Doğu Projesi) uyğun olaraq, süni şəkildə cızılan dövlət sərhədləri uzun illərdir ki, davam edən qanlı müharibələrin və gərginliklərin (ərəb – israil, Hindistan yarımadasındakı müharibələr, İraqın Küveytə soxulması, Əfqanıstanla Pakistan arasında gedən müharibə, Suriya, Liviya, İraqda tökülən qanlar və s.) baş verməsinə gətirib çıxarmışdır.

Beləliklə, müasir dövrün beynəlxalq siyasi gündəliyini ticarət- iqtisadi problemlərdən getdikcə daha çox, mədəni, dini, millətlərarası münasibətlər müəyyən edir. Belə məsələlərdə isə konsensusa nail olmaq ticarət- iqtisadi əlaqələrdən çox- çox mürəkkəbdir. Bu isə mövcud dünya sisteminin dayanıqlılıq ehtiyatını azaldır, əlavə gərginlik və konflikt mənbələri yaradır.

Millətlərarası ziddiyətlərin  çoxaldığı bir şəraitdə beynəlxalq ictimaiyətin vəzifəsi  onların kritik həddə çatmasının qarşısının alınmasıdır. Bu sahədə mühüm cəhdlərdən biri - İspaniya və Türkiyə hökumətləri tərəfindən irəli sürülmüş “sivilizasiyalar alyansı” ideyasıdır. Bu təşəbbüsün qəbul olunması, gerçəkləşdirilməsi və davamı olaraq, BMT Sivilizasiyalar Alyansının 6 forumunun təşkil olunması dünyanın sivil əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

VII Qlobal Forumun Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi isə dünyanın ən nüfuzlu ali qurumunun, dünya ölkələrinin Azərbaycana olan hörmətinin, etimadının ifadəsidir. Bu həm də ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə multikultural dəyərlərin təşviqinə, sivilizasiyalararası dialoqun inkişafına töhfələrinə dünya birliyinin verdiyi yüksək qiymətin təzahürüdür.

Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq İnstitutunun
Şərq-Qərb şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında