Azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir

Tarixin ayrı - ayrı dönəmlərində erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olub. 1918-1920-ci illərdə daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. O zaman qəzanın müsəlman əhalisinin vəziyyəti həm də  ona görə ağırlaşmışdı ki, erməni kəndlərində silahlı quldur dəstələri ilə yanaşı, general Andranikin nizami qoşunları da var idi. Andranik erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da qəzanın ərazisini tərk etsinlər. Guya, bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın zəif silahlanan müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə, ermənilər həmin əhaliyə qarşı görünməyən  vəhşiliklər törətdilər.

Yeri gəlmişkən, Andranik 1865-ci ildə Sasun vilayətinin Qarahisar şəhərində doğulub. Gənc yaşlarından tufeyli həyat tərzi keçirib, asan yolla pul qazanmağa, varlanmağa cəhd göstərib. Elə bu məqsədlə də ermənilərdən ibarət silahlı dəstə düzəldərək,  türk yaşayış məntəqələrinə basqınlar edib, külli miqdarda mal-qara aparıb, qənimət əldə edib. 1894-cü ildə isə Türkiyədə qiyam qaldıran erməni hərəkatına qoşulub. Az sonra bu hərəkatda uduzacağını anladığı üçün terrorçu dəstəsi ilə təxribatlar törədib, neçə-neçə günahsız insanı qanına qəltan edib...

Andranik Uzunyan Türkiyədən qaçdıqdan sonra başının dəstəsi ilə Naxçıvana, oradan isə Mehri, Qacaran, Qafan istiqamətində irəliləyib Gorusa gəlir. Burada qərargahını qurur. Özü ilə gətirdiyi erməniləri azərbaycanlılara qarşı qisasçılıq hissi ilə yaşamağa, döyüşməyə çağırır. Üzünü “qaxtaqan” (qaçqın) adlandırdığı həmin ermənilərə tutub deyirdi: - Qaxtaqanlar, elindən, obasından ayrı düşən yazıq, məzlum ermənilər. Mən sizin dərdinizi bilirəm. Yaşamağa eviniz, yeməyə çörəyiniz, əkməyə torpağınız yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Mən sizi bu hala salan türklərdən Türkiyədə intiqam ala bilmədim. Ancaq intiqamı bu Zəngəzurda türklərin bir qismi olan müsəlmanlardan alacağam...

Andranikin dəstəsi qısa müddətdə Zəngəzurun Ərikli, Şükar, Şükarlı, Məliklər, Saybalılar yaşayış məntəqələrini yerlə yeksan edir. Şükar kəndinin sakinlərindən qaçıb canını qurtaralar da olur, düşmən pəncəsinə ilişənlər də. Kəndin uşaqlarını, qadınlarını, qocalarını, xəstələrini sıraya düzüb gətirirlər “Gəlin atılan qaya”nın üstünə. Bir əmrlə hamısını qayadan töküb, qırırlar.

Ermənilər tərəfindən azərbaycanlıların evlərinə od vurulub, yandırılıb, mal-qarası, qoyun-quzusu talan edilib. Təxmini hesablamalara görə, bir az əvvəl adları sadalanan yaşayış məntəqələrində 377 insan qətlə yetirilib. Həmin kəndlərdən  sağ qalan beş-üç ailə isə  Naxçıvanın Şahbuz rayonuna sığınıb.

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının  araşdırmalarına əsasən, 1918-1919-cu illərdə Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis sahəsindəki  yaşayış məntəqələrinin  əksəriyyəti, üçüncü, dördüncü və beşinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilib. Bəzi kəndlər, ümumiyyətlə, yer üzündən silinib, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin yeri üçün şumlanıb. 50 mindən yuxarı müsəlman qaçqını   dördüncü polis sahəsinə və Cəbrayıl qəzasına sığınıb.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb.   Burada bir məqama da toxunmaq istərdim. Başı bəlalar çəkən, məşəqqətlərə düçar olan qədimdən qədim  Zəngəzur həm də Andranikin qoşunlarına qarşı mərdliklə vuruşan qəhrəmanları ilə tanınıb... Zəngəzur Qaçaq Nəbi, Qaçaq Qardaşxan, Qaçaq Nuruş, Qaçaq Süleyman, Qaçaq Musa Cağazurlu, Ağəmməd, Kişi Tavat, Çal Aslan, Ovçu Qaraş, Şamil Kürdoğlu, Alı Safoğlu, Soltan bəy kimi el qəhrəmanlarının, neçə-neçə say- seçmə igidlərin ərsəyə çatdığı məkan olub. Keçən əsrin 60-cı illərində yaşlı, dünyagörmüş adamlardan indi adlarını çəkdiyim el qəhrəmanları barədə çox eşitmişəm. Məsələn, Şükarlı Şamil Kürdoğlunun igidliyindən, Vətənə, torpağa, millətə olan hədsiz məhəbbətindən söhbətlər dinləmişəm...

Bir gün Şamil Kürdoğlunun övladı Abbasın Naxçıvanın keçmiş Noraşin (indiki Şərur) rayonunda məskunlaşdığını, yay aylarında isə Sisyanın Bazarçay yaylağına üz tutduğunu eşidib onunla görüşmək, atası haqqında xatirələrini eşitmək qərarına gəldim. Onun obadakı alaçığını axtarıb tapsam da, özünü görə bilmədim. Amma alacıqdan yaşlı bir qadın çıxıb sevincək halda Noraşin ləhcəsində: -Buyurun içəri, eşikdə durmayın də bə! Abbas yoxdu, evi ki burdadı, - söylədi.

Razılığımı bildirib,  “başqa vaxt gələrəm” – deyib, geri dönmək istəyəndə isə sonradan adını öyrəndiyim Səməngül nənə  həya ilə soruşdu: – Oğlum, bağışlayın, hardan gəlmisiniz?

– Zəngəzurdan, Sisyandan – deyə, cavab verdim.

O yerlərin adlarını eşidən kimi arvadın çöhrəsi dəyişdi, sevincək oldu. - Bizim də əslimiz ordandı, bala. Şükar kəndini eşitmiş olarsınız, erməni-müsəlman davasında ciyəri yanmış Əndirənik obanı yandırdı, adamları qırıb çatdı, qaçaq saldı. Bizim Abbasın atası Şamil kişi iki doğma qızını... - deyib qəhərləndi, yaylığının ucu ilə gözlərinin nəmini silib sözünə davam etdi: - Kişi görür ki, ermənilər kəndi mühasirəyə alıblar, qızlar ələ keçməsin deyə elə bir iş görür... Kişinin öldüsündən, qaldısından xəbərimiz olmadı. Həmin vaxt iki gəlin ləyaqətləri tapdanmasın deyə özlərini qayadan atdılar. İndi bizimkilər ora “Gəlinqaya” deyirlər...

...Bir müddət sonra Abbasla “Leyliqaçan” yaylağında rastlaşdım. Atası Şamil Kürdoğlu haqqında, bacıları barədə bildiklərini danışmasını xahiş etdim. O, dərindən köks ötürüb söhbətə başladı:  

- Ay oğul, erməni quldurları mənə elə yaralar vurublar ki, nəsil-nəsil qövr edəcək... Hər dəfə xaraba kəndimizi görəndə xəyalım dolanır, başımdan papaq qalxır, tüklərim biz-biz olur... Atam  qorxu-hürkü bilməyən, vuran-tutan adam idi, daşnaklara qarşı mübarizə aparmaq üçün kəndin say - seçmə adamlarını başına yığıb dağlara çəkilmişdi. Ətraf el- oba daşnaklar tərəfindən mühasirəyə alınanda, erməni cəlladları müsəlmanlara divan tutanda, ağlasığmayan işgəncələr verəndə, var-dövlətlərini talan edəndə atam xəlvətcə kəndə dönür. Günahsız adamların qaçıb kahalarda, mağaralarda, dəlmələrdə daldalandığını görür. Bacılarımın isə kənddən çıxa bilmədiklərini gördükdə onların erməni əlinə keçməməsi üçün qəti qərar qəbul edir: “Namusu heç nəyə qurban vermək olmaz”, – deyib onları arxadan güllələyir... 

... Beləcə sərv boylu, qəddi-qamətli dağ gözəlləri yaralı maral balası kimi yerdə çabalaya-çabalaya tərlan gözlərini əbədi olaraq yumurlar. Onların al qanları bir-birinə qarışıb çuxurda laxtalanır. Al qanına bulaşan qızlarını görən atam nalə çəkir, fəryad qoparır:  

Bala dağı,
Bürüyüb lala dağı.

Hər yaralar sağalar
Sağalmaz bala dağı.

...Atam nə qədər sarsılsa da, artıq gec idi, olan olmuşdu. Bütün bəndi-bərəni ermənilər tutmuşdular. Atam mühasirədən çıxmaq üçün yollar axtarsa da tapa bilmir. Ermənilər onu tutub üç gün qaranlıq, rütubətli kahada saxladıqdan sonra gecə aparıb Qarakilsənin (Sisyanın)  həbsxanasına salırlar. Burada ondan qaçaqların yerini soruşurlar. Deməyəndə isə işgəncə verirlər,  sağ baldırının dərisini soyub duz səpir, əldə öyrədilən keçilərə yalatdırırlar. Bütün işgəncələrə tab gətirib sirr verməyən atamı sonradan aparıb “Göyuçuğun” qayasından atırlar...

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı barədə çox danışmaq olar. Onların deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməyib. Bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını daha da gücləndirməyə cəhd göstərirlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq “əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Bu cür məkrli niyyətlərə baxmayaraq, son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənib, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter alıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaradıb. Hazırda isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir, xalqımıza qarşı soyqırımı həyata keçirən erməniləri tənqid atəşinə tutur, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır.

Əvəz MAHMUD LƏLƏDAĞ,
Sumqayıt Dövlət Universitetinin müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında