Qlobal Forumun Bakıda keçirilməsi dünyanın Azərbaycandakı multikultural mühitə olan münasibətinin məntiqi nəticəsidir

Azərbaycanın dost ölkə olaraq son illər siyasi, sosial - iqtisadi sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir. “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi də dünya ölkələrinin Azərbaycandakı sabitliyə, inkişafa, başlıcası isə multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Şübhə etmirəm ki, bu forum “birgəyaşayış” məfhumunun “inklüziv” cəhətini vurğulamaqla çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu inklüziv yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını reallaşdırmaq üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək.

Mən Azərbaycanda yaşayan dostlarımla daim əlaqə saxlayıram. Yaxşı bilirəm ki, xalqın tarixi tolerantlığı, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi və Azərbaycanın Şərqi Avropa və Qərbi Asiya arasındakı coğrafi mövqeyi kimi amillərin təsiri nəticəsində respublikada elə bir mühit yaranıb ki, burada müxtəlif dini və etnik mənsubiyyətə aid olan insanlar qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar.

Yeri gəlmişkən, onu da vurğulayım ki,  Azərbaycan xalqının tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

BMT-nin Sivilizasiyalar Alyansının (SA) 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəldəcək. Bu da təbiidir. Çünki dünyanın tanınmış siyasi və ictimai xadimlərinin, ekspertlərin bir araya gələrək “İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırış və məqsəd” devizi altında vacib bir məsələni müzakirə etmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaradıb. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

Bir çox beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın  artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb.  Bakıda səfərdə olan dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verməklə bu respublikanı dünyada sabitlik, inkişaf məkanı kimi bir daha tanıdırlar.

Sonda bir neçə kəlmə də Azərbaycan-Gürcüstan münasibətləri barədə fikrimi bildirmək istərdim. Hər iki ölkənin əməkdaşlığı  getdikcə genişlənir. Bu isə təbii ki, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Burada bir həqiqəti də etiraf etməliyik:  Azərbaycan- Gürcüstan dostluğu mərhum prezidentlər Heydər Əliyev  və Eduard Şevardnadzenin ölkələrimizə rəhbərlik etdikləri vaxtlardan geniş vüsət alıb. Onların bu dostluğa uzaqgörənliklə verdikləri önəm indiki  əlaqələrimizin strateji istiqamətini müəyyən edib. Bu gün bir daha əmin oluruq ki, 20-25 il əvvəl adları çəkilən böyük şəxsiyyətlərin   qoyduqları bünövrə hər iki xalqın  gələcəyinin əsas yolunu müəyyən edib.

Gürcüstan iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır. Bu dəstək sosial layihələrin reallaşdırılmasında da nəzərə çarpır. Bunu görməmək mümkün deyil. Bütün bunları bizim dost Azərbaycan dost Gürcüstan üçün edir. Mən iftixar hissi ilə deyə bilərəm ki, bölgədə həyata keçirilən bütün layihələr öz bəhrəsini verir.

Giorgi STURUA,
Gürcüstan-Azərbaycan
Cəmiyyətinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında