Azərbaycanın yüksək, dinamik inkişafı, dini və milli tolerantlıq məkanı olması ölkəmizdə nüfuzlu beynəlxalq forumların keçirilməsinə böyük zəmin yaradıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

İyirmi beş il əvvəl dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan bu gün sürətlə inkişaf edən müstəqil dövlətə çevrilib. Qədim dövlətçilik ənənələrinə baxmayaraq, Azərbaycan gənc bir ölkədir və son iki onillikdə həyata keçirilən tədbirlər və demokratik proseslərə xüsusi önəm verilməsi respublikamızı  dünyanın inkişaf edən ölkələri sırasına qoşub. Azərbaycanın regionda və dünyada artan əhəmiyyəti ölkəmizi beynəlxalq məsələlərin müzakirə olunduğu qlobal forumların məkanına çevirib. Həm İslam, həm də Avropa təşkilatlarının üzvü kimi, Azərbaycan hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirir və bu da respublikamızın Avrasiyada geosiyasi, geostrateji və geoiqtisadi əhəmiyyətli bir mərkəz rolunu oynamasına imkan yaradır.

Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarci siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu  getdikcə artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan  Azərbaycanın dinamik inkişafı, demokratik dəyərləri, insan hüquq və azadlıqlarının müdafiəsini prioritet vəzifəyə çevirməsi dünya ölkələri tərəfindən müstəqil dövlətimizə olan marağı gündən-günə artırır, əməkdaşlığı daha da genişləndirir.  Artıq Azərbaycan qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib. Təsadüfi deyildir ki, bu gün Azərbaycan və onun paytaxtı Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar, Dünya İqtisadi forumlarına və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər müstəqil Azərbaycan dövlətinin dünyada  yüksələn reytinqini təsdiq edən mühüm amillərdəndir. Azərbaycan artıq müxtəlif xarakterli—siyasi, idman, səhiyyə, iqtisadi və digər tədbirlərin keçirildiyi məkana çevrilib.

Dünyanın tanınmış ictimai-siyasi xadimləri də bu gün Azərbaycanın regionda sülh, əmin-amanlıq, əməkdaşlıq məkanına çevrildiyini və bu məkanda getdikcə daha geniş spektrli, rəngarəng mövzuları əhatə edən beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyini etiraf edirlər. Son illər rəsmi Bakının ev sahibliyi etdiyi tədbirlərə nəzər yetirdikdə bir daha aydın olur ki, bunlar  ən müxtəlif mövzuları əhatə edir. Buraya idman, siyasət, regional əhəmiyyət kəsb edən məsələlər, o cümlədən dünyanın siyasi gündəmini zəbt edən mövzular daxildir.

Hazırkı real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, həm Avropa Şurasına, həm də ISESCO-ya üzv olan yeganə dövlətdir. Respublikamız  həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri yaratması ilə  yanaşı, müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Artıq daha bir mötəbər tədbirə ev sahibliyi etmək ərəfəsindəyik. Təbii ki, söhbət “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumundan gedir. Bu tədbirin Azərbaycanda  keçirilməsi çox mühüm və  əhəmiyyətli hadisədir.

 Bakı şəhərində keçirilən bu forum Azərbaycanın bir daha dünyada sürətli inkişafının, bütün sahələr üzrə əldə etdiyi böyük uğurların nümayişi, tanıtımı deməkdir. Bu forumun  keçirilməsi ilə əlaqədar hələ bir il öncə, 2015-ci il iyul ayının 24-də ölkə Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanmış və həmin sərəncamla forumun Təşkilat Komitəsi yaradılmışdır.

Qürurverici haldır ki, Azərbaycan bu günə kimi BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu da daxil olmaqla, dünya əhəmiyyətli bir sıra forumlara, mədəniyyətlərarası dialoqa, dünya dini liderlərinin sammitinə və digər tədbirlərə uğurla ev sahibliyi edib. Bu, hər birimizin sevincidir, qürur və fəxr mənbəyidir. Təbii ki, bütün bunlar ölkəmizin özünün yüksək inkişaf səviyyəsinə nail olması, tolerantlığın modelinə çevrilməsi ilə əldə olunub. Məhz Azərbaycanın yüksək, dinamik inkişafı, dini və milli tolerantlıq məkanı olması sayəsində ölkəmizdə hər il nüfuzlu beynəlxalq forumlar, tədbirlər keçirilir və bu da  dünyada yaxşı mənada  böyük əks-səda doğurur, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını getdikcə artırır. Yaxın keçmişdə ölkəmizin mötəbər qurumlara ev sahibliyi etməsinə nəzər yetirməklə, deyilənlərin həqiqət olduğu özünü açıq şəkildə büruzə verər.

Mədəniyyətlərarası dialoq yaşadığımız dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən ən təxirəsalınmaz vəzifələrdən biridir. Bunu son illərdə rəsmi Bakıda  keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi iş həcmi də təsdiqləyir. Hələ 2008-ci il dekabrın əvvəllərində Bakıda keçirilmiş Avropa və qonşu regionların mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində irəli sürülən və müxtəlif mədəniyyətlər, sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünün məntiqi davamı kimi 2011-ci ilin aprelində  paytaxtımızda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  keçirlimişdir. Bu möhtəşəm tədbirin keçirilməsinə qədər isə qlobal dünyanın problemlərinin həllinə  siyasi uzaqqgörənliklə  qatılan dövlətimizin başçısının  məntiqi mülahizələri beynəlxalq birlik tərəfindən  lazımınca dəstəklənmişdir. Təsadüfi deyildir ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi—sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilmişdir. Həmçinin TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

2010-cu ilin aprelində dünyanın dini liderlərinin Bakıya toplaşması tolerantlığa verilən yüksək dəyərin göstəricisidir. Dünya Dini Liderlərinin Bakı Sammitində  Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  iştirak etmişlər. Tədbirdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmiş, həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar. Nəhayət, 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının təqdimat mərasimində 2011-ci ilin aprelində “Bakı Prosesi”nin davamı olaraq, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi bildirilmişdir.

 “XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuşdur.

Bu forumda tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin iştirak etməsi  xüsusilə yaddaqalan olmuşdur. Forumda 64 ölkədən 540-dan çox nümayəndə, o cümlədən 14 Nobel mükafatı laureatının iştirak etdiyini qeyd etsək,  tədbirin pozitiv beynəlxalq səylərə böyük bir töhfə olduğu, dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəldiyini açıq şəkildə görmək olar. Forum çərçivəsində keçirilən görüşlər, aparılan diskussiyalar humanitar sahədə əməkdaşlıq üçün ortaya yeni imkanlar qoymuşdur. Məhz bunun nəticəsidir ki, hazırda  dünya miqyasında humanitar məsələlərlə bağlı yeni bir format yaranmaqdadır. Bütün bunların formalaşmasında  Bakıda keçirilmiş forumların yekunları, qəbul edilmiş qərarlar, bəyannamələr böyük rol oynamışdır. Bu tədbirlərin əsas məqsədlərindən biri bütün dünya xalqlarını bir yerə cəmləmək olmuşdur. Çünki dünya sürətlə dəyişir, texnoloji inkişaf bu dəyişikliyi daha da gücləndirir, bu gün əsas məsələ bu dəyişikliyə uyğunlaşmaqdır.

Azərbaycanın əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən yararlanaraq, beynəlxalq aləmdə öz yerini tutmuş Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilmişdir. Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə forumun iki ildən bir dəfə keçirilməsi ilə bağlı Prezidenti İlham Əliyev 2011-ci il mayın 27-də fərman imzalamış, ölkə başçısının himayəsi və iştirakı ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər.

2012-ci ildə  dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri  yenidən paytaxt Bakıda bir araya gəldilər. Bu dəfə isə Azərbaycan hökumətinin dəstəyi ilə gerçəkləşən 23-cü Krans Montana illik forumuna. Energetika siyasəti sahəsində dövlət və özəl idarəetmə məsələlərinə həsr olunmuş tədbirdə iştirakçılar yoxsulluğa qarşı mübarizə və dövlət məsələlərində menecmentin səviyyəsinin yüksəldilməsi, Şərqi Avropanın enerji təhlükəsizliyi, nəqliyyat əlaqəsi regional strategiyasının həyata keçirilməsi, regional münaqişələrin enerji siyasətinə təsiri, enerji təhlükəsizliyi və Azərbaycana sərmayə qoyuluşu, kiber təhlükəsizlik və qloballaşma, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin problem və perspektivləri, turizm və bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

2013-cü il  aprelin 7-8-də Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi – Davos İqtisadi Forumu Bakıda keçirildi. Bu mötəbər tədbirin paytaxtımızda keçirilməsi Azərbaycanın regionda aparıcı ölkə olduğunu bir daha təsdiqlədi. Davos Forumu ilk dəfə olaraq Xəzər sahillərinə gətirildi. Bu forumu təşkil etməklə ölkəmiz sadəcə regionun iqtisadi cəhətdən aparıcı ölkə olduğunu beynəlxalq arenada təsdiq etdirmədi, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz ilə Orta Asiya inteqrasiyasında həlledici ölkə olduğunu göstərdi.

 Məhz bu inteqrasiyanın əhəmiyyətini yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxışı zamanı bildirmişdir: “Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm ki, gələn illər ərzində biz bu müzakirələrə daha çox diqqət ayıracağıq və onlar, eyni zamanda, ideyaları formalaşdırır, rəyləri və gözləntiləri, o cümlədən narahatlıq doğuran, bəzən məyus edən məsələləri söyləmək üçün mühit yaradır. Lakin regionda müşahidə olunan əsas meyil inteqrasiya və əməkdaşlıqdır”.

2015-ci il mayın 18-19-da “Bakı prosesi” çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir. Forumda bir daha sübut olundu ki, “Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən, malik olduğumuz mehriban birgə yaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultual körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir. Yəni, “Bakı prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Bu fakt ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlədir və müxtəlif mədəniyyətlər arasında körpü rolu oynamasını təmin edir, həmçinin Azərbaycan dövlətinin təşəbbüsü beynəlmiləl status qazanır.

Buna qədər isə dövlətimizin başçısı daha bir qətiyyətli addım ataraq, 2014-cü il fevralın 28-də Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, bir az sonra isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə əlaqədar sərəncam imzalamışdır. Beynəlxalq ekspertlər bunu  dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı kimi qiymətləndirmişlər.

 Azərbaycan Prezidentinin sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur. Bu vaxta qədər keçirilən humanitar forumlar və sivilizasiyalararası dilaoqlar da təsdiqləyir ki, dövlət başçısının imzaladığı sərəncam heç də  təsadüfi deyil. Dövlətimizin başçısı bu qərarı verərkən Azərbaycan xalqının minilliklər boyu mövcud olan ənənələrinə söykənmiş, Azərbaycanda tolerant cəmiyyət formalaşdığını bir daha təsdiqləmişdir. Bütün bunlar BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Bakıda keçirilməsinə böyük zəmin yaratmışdır.

Qəti əminliklə demək olar ki,  Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Bu, təkcə, ölkədə yaşayan milli və etnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq aləmin səmimi etiraflarıdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında