Göbbels: "Yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılır"
2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilən zaman sabiq prezident Robert Koçaryan öz yerinə "seçki yolu ilə" müdafiə naziri Serj Sarkisyanı təyin edəndə o vaxt yerli əhali ciddi narazılığını bildirdi. Ermənistanı etiraz dalğaları bürüdü. Çünki bu işğalçı dövlətdə uşaqdan-böyüyə qədər hamı - ziyalılar, ictimai-siyasi xadimlər, ekspertlər Serj Sarkisyanın qabiliyyətinə, savadına, təhsilinə, siyasi düşüncələrinə yaxşı bələd idi. Yaxşı bilirdilər ki, o, beynəlxalq aləmdə onsuz da gözdən düşmüş Ermənistanı daha da rüsvay edəcək. Bəziləri isə düşünürdülər ki, "islanmışın yağışdan nə qorxusu".
Əsrlər boyu qonşu dövlətlərin torpaqlarına göz dikmiş, min hiylə-məkrlə, həmin əraziləri hissə-hissə zəbt edərək Ermənistan dövləti yaratmış ermənilər indi bu xalqın guya qədim tarixə malik olduğunu sübut etməyə çalışırlar. Onlar işğal etdikləri Azərbaycan ərazilərində guya bu xalqın "qədimliyini" əks etdirən saxta rəmzlər düzəldib torpağın altında basdırır, sonra "arxeoloji qazıntılar apararaq" həmin "rəmzləri" tapıb erməni xalqının qədim tarixə malik olması barədə cəfəng uydurmalar söyləyirlər. Lakin hər dəfə "arxeoloji qazıntılar" zamanı həmin ərazilərin Azərbaycana məxsus olması barədə daha tutarlı faktlarla qarşılaşırlar. Ancaq utanıb-qızarmadan bu rəmzlərin də onlara məxsus olduğunu sübut etmək istəyirlər. Necə ki, bizim xalq mahnılarımızı, qədim tarixə malik olan tarixi-mədəni abidələrimizi saxtalaşdırmağa cəhd göstərirlər. Nə qədər çalışsalar da, tarixi saxtalaşdıra bilmirlər. Ermənistan əhalisi də çox yaxşı bilir ki, onların yaşadıqları ərazilər Azərbaycana məxsusdur. Ona görə də məskunlaşdıqları Azərbaycan torpaqlarına "doğma vətən" deyə bilmir və kütləvi şəkildə xarici ölkələrə köçür, özlərinə "yeni vətən" axtarırlar.
Öz hərəkətləri, beynəlxalq tədbirlərdəki çıxışları, "siyasi biliyi" ilə özünü və Ermənistanı gülüş hədəfinə çevirmiş işğalçı dövlətin prezidenti Serj Sarkisyan yenə də sərsəm sayıqlamaları ilə qeyri-ciddi bir adam olduğunu təsdiqlədi. O, Ermənistandan kütləvi şəkildə köçüb gedən, Azərbaycan torpaqlarında doğma vətən kimi yaşaya bilməyən ermənilərin qarşısını almaq üçün erməni diasporunu təmsil edən jurnalistləri başına toplayıb guya bu xalqın qədim tarixə malik olduğunu sübut etmək istəyib. Yaddaşlarda "Gorus sayıqlamaları" kimi qalacaq bu görüşdə Serj Sarkisyan deyib ki, erməni dilinin ən azı səkkiz min illik tarixi vardır. Bu o deməkdir ki, guya ermənilər bir millət kimi ən azı səkkiz min ildir mövcuddur. Az-çox tarixdən anlayışı olan jurnalistlər prezidentləri Serj Sarkisyanın səviyyəsinə bələd olduqlarından bu "təzə xəbəri" soyuqqanlıqla qarşılayıblar. Çünki yaxşı bilirlər ki, dünyada analoqu olmayan Xocalı faciəsinin törədilməsinə, işğal altında olan Azərbaycan ərazilərində yerli əhaliyə ağlasığmaz divan tutulmasına, etnik təmizləməyə məhz Serj Sarkisyan rəhbərlik edib. İndi də "erməni dilinin ən azı səkkiz min illik tarixi vardır" deməklə işğal etdikləri Azərbaycan torpaqlarının da onlara məxsus olduğunu "sübut etmək" istəyir və xarici ölkələrə üz tutan erməni əhalisinə "bura sizin vətəninizdir" deməklə təsəlli vermək istəyir. Ancaq onun bu sayıqlaması cavabsız qalmadı.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli, filosof Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş "Gorus - 2010: Absurd teatrı mövsümü" adlı çox dəyərli, tarixi faktlarla zəngin elmi məqaləsi Ermənistan prezidentinin dediklərini alt-üst etdi. Bir daha məlum oldu ki, bu sərsəm fikirlər Ermənistan prezidentinin növbəti riyakarlığıdır. Serj Sarkisyanın köçüb getməkdə olan erməni əhalisinin qarşısını almaq naminə uydurduğu bu cəfəngiyyat ikrah hissi ilə qarşılanıb. Akademik Ramiz Mehdiyev yazır: "... Ermənistan başqasının ərazisini işğal etmiş və onu məskunlaşdıra bilməmişdir. Ağır demoqrafik vəziyyətdə olan bu ölkə özü tezliklə əhalisiz qalacaqdır. Ermənilərin öz ölkəsini asanlıqla tərk etməsinin və başqa ölkələrə köçüb getməsinin səbəbini izah etmək çətin deyil - onlarda bu torpağa bağlılıq hissi yoxdur, çünki instinktiv səviyyədə gəlmə olduqlarını hiss edirlər. Buna görə də oranı asanlıqla tərk edirlər. Bundan əlavə, onlar yaxşı başa düşürlər ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək məsələsində qətiyyətlidir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyincə, Ermənistanın rahat gələcəyi olmayacaq və hərbi əməliyyatlar həmişə gündəmdə olacaq".
Böyük Ermənistan dövləti yaratmaq, başqa ölkələrin torpaqlarını özününküləşdirmək iddiasında olan erməni "alimləri" də tarixi saxtalaşdırmağa cəhd göstərməklə həm öz ölkəsində, həm də beynəlxalq aləmdə qeyri-ciddi şəxs kimi tanınan Ermənistan prezidenti Serj Sarkisyanın "savadını", "siyasi düşüncəsini" daha da zənginləşdiriblər. Buna görə də erməni diasporunu təmsil edən jurnalistləri Ermənistana dəvət edərək regionda baş vermiş hadisələri olduğu kimi yazmaq əvəzinə, onlara tarixi faktları təhrif etmək və ona yarınan "alimlərə" dəm tutmaq barədə "prezident" tapşırığı verib. Onun tapşırığına əsasən başqa ölkələrdə yaşayan jurnalistlər də yaşadıqları ölkələrdə guya erməni dilinin ən azı səkkiz minillik tarixi olması barədə məqalələr dərc etməli, bununla da erməni xalqının qədim tarixə malik olması barədə rəy formalaşdırılmalıdır. Ermənistan prezidenti öz yalanlarını diaspor jurnalistləri vasitəsilə yaymaqla bütün dünyaya sübut etmək istəyir ki, guya Ermənistan qədimdən mövcud olan dövlətlərdəndir və guya Dağlıq Qarabağ da bu dövlətə məxsusdur.
Akademik R.Mehdiyev öz siyasətini yalan və iftira üzərində quran Ermənistan prezidentinin Gorusdakı aktyorluğuna layiqli cavab verərək onun və ölkəsinin saxtakarlıqda tayı-bərabəri olmadığını qeyd edir. O öz məqaləsində tarixi saxtalaşdıranların iç üzünü açaraq yazır: "Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixini "qədimləşdirməyə" və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc "nəticələr" çıxarır, siyasi liderlər də dərhal bu "nəticələrdən" yapışır və yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan həmin "nəticələri" elmdə hamılıqla qəbul edilmiş "aksiomlar" kimi qələmə verirlər". Belə yerdə Göbbelsin bir kəlamını xatırlatmaq yerinə düşərdi: "Yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılar".
Ümumiyyətlə, Ermənistan prezidentinin hər bir çıxışı guya faktlara istinad edərək danışdıqları onu gülüş hədəfinə çevirir, siyasi dünyagörüşünün məhdud olduğunu bir daha təsdiqləyir. Akademik R.Mehdiyev bununla əlaqədar yazır: "Məsələn Serj Sarkisyan təkəbbürünü gizlətmədən və heç bir əsas-dəlil göstərmədən azərbaycanlıları xristianlığın qəbul edilməsində dünyada birincilik iddiasında olmaqda günahlandırır.
Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz albanları xristianlığı hamıdan əvvəl qəbul etmişlər. Amma erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "... şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir. İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı".
Göründüyü kimi, Ermənistan prezidentinin daha bir yalanı aşkarlandı. Yalan, böhtan, iftira dövlət başçısına xas olmayan xüsusiyyətdir. Bu xüsusiyyətlərə qeyri-ciddiliyi də əlavə etsək, bunların hamısı Ermənistan prezidenti Serj Sarkisyanda cəmləşib. Bu gün Ermənistanın müxalifət nümayəndələri, ictimai-siyasi xadimləri, ziyalıları və sadə insanları da prezidentləri Serj Sarkisyanın hərəkətlərindən, danışıqlarından və davranışlarından xəcalət çəkdiklərini bildirirlər. Onların fikrincə, dövlət başçısı ciddi olmalı, danışıqlarına, verdiyi vədlərin yerinə yetirilməsinə diqqət yetirməlidir. 2008-ci ilin noyabrında Moskvada üç dövlətin - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar birgə imzaladıqları bəyannaməni xatırlatmaq istərdim. Serj Sarkisyanın imzasının mürəkkəbi qurumamış Ermənistan bəyannamənin şərtlərini pozdu. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar beynəlxalq qurumların, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşlərdə də Ermənistan prezidenti stol arxasından qalxan kimi dediklərini danır, bir qədər əvvəl verdiyi vədləri "unudur". Akademik R.Mehdiyevin "Gorus - 2010: Absurd teatrı mövsümü" elmi məqaləsi Ermənistan prezidentinin əsl simasının açılıb göstərilməsində, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.
{nl}
Vüqar QƏDİROV, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.