Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bir sıra sahələrlərlə yanaşı, enerji sektoruna aid mühüm strategiyanın hazırlanması da qarşıya məqsəd qoyuldu.
Müstəqilliyin ilk illərində bunun həyata keçirilməsi daxili çəkişmələr, ölkədə baş verən siyasi gərginlik və hakimiyyət uğrunda mübarizə ucbatından yubandı. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycan enerji siyasətini formalaşdırmağa başladı. Bu sahədə ən böyük addım nəhəng neft kontraktının – “Əsrin müqaviəsi”nin imzalanması ilə yadda qaldı. Enerji diplomatiyası bu gün Azərbaycan xarici siyasətini müəyyənləşdirən başlıca faktorlardan birinə çevrilmişdir. Bunun əsas səbəbi odur ki, Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.
Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı neft strategiyasının mühüm hissəsini təşkil edən “Əsrin müqaviləsi”nin Azəbaycan tarixində ölkəmizin iqtisadi inkişafında danılmaz yeri var. Bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, xüsusən, sənayenin və neft sektorunun müasirləşməsinə rəvac verdi. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi. Qərbin bir sıra aparıcı ölkələri, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnın başlanğıcını qoydu.
Bu barədə Prezident İlham Əliyev çox dəqiq deyib: “Əsrin kontraktı”nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. “Əsrin kontraktı”nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin edib. Dövlət başçısı neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin praktik şəkildə gerçəkləşməsinə nail olub. Beləliklə, 2005-ci ildə əfsanədən həqiqətə çevrilən BTC neft kəməri müəllifi Heydər Əliyev olan və dünyaya səs salan “Əsrin müqaviləsi”nin qanunauyğun məntiqi nəticəsi idi. 2005-ci il mayın 25-də boru kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrildi. Xəzər neftinin Ceyhan limanına çatdırılması, Ceyhandan isə dünya bazarlarına ünvanlanması həmişə çətin sınaqlardan böyük uğurla çıxmış, özünü təsdiqləmiş Heydər Əliyev siyasi kursunun real və parlaq qələbəsi kimi tarixə düşdü. Bu, sadəcə, qələbə olmayıb, Heydər Əliyevin müdrik siyasətinin təntənəsi səviyyəsində ümumiləşən tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz nailiyyət idi.
Bu gün Azərbaycan dövləti qlobal böhranın tüğyan etdiyi bir dövrdə, dünyanın müxtəlif hissələrində baş verən hakimiyyət uğrunda silahlı mübarizələrdə, terrorun, xaosun pik həddə çatdığı bir vaxtda öz daxili siyasi sabitliyini və beynəlxalq münasibətlərini qorumağı bacarmışdır. Təsadüfi deyildir ki, belə bir həssas zaman kəsiyində, böyük dövlətlərin bir-biri ilə “soyuq müharibə” apardığı bir vaxtda Azərbaycan həm tərəfsizliyini qorumuş, həm də hesablaşılan dövlətə çevrilmişdir. Azərbaycanın enerji resursları, ixracı, təhlükəsizlik məsələlərinin etibarlılığı dünyanın diqqətini cəlb edir. Bu gün Azərbaycana bir strateji tərəfdaş kimi güvənilir. Çünki, qloballaşan dünyada hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz və əsas tərkib hissələrindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan dost və tərəfdaş ölkələrin, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdi. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, indiyədək keçirilən enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı əsas rol ondan ibarətdir ki, ilk növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilmə imkanlarına sahibdir. Lakin, eyni zamanda, onu da qeyd etməliyik ki, hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün yaxşı potensial mövcud olsa da, bunun tətbiqi imkanları çətindir. Çünki, dünyada enerji daşıyıcıları olan böyük ölkələrin maraqlarının kəsişməsində tərəf seçmədən siyasət aparmaq və enerji ehtiyatlarını nəql etmək, satmaq güclü diplomatik manevrlər tələb edir. Bu gün Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində bu çətinliklər getdikcə dəf olunur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyir və bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edir.
Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir və bu Azərbaycan dövlətinin beynəlxalq siyasətində enerji diplotamiyası mühüm faktor olduğunu ortaya qoyur.
Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.
Son ən böyük enerji layihələrindən “Cənub” qaz dəhlizini qeyd etmək olar ki, bu da enerji təhlükəsizliyini təmin edən əsas amillərdən hesab olunur. Prezident İlham Əliyev bildirmişdir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin, eyni zamanda, onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır. Biz burada “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda, istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki-üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var.
Prezident İlham Əliyev Bakıda keçirilən “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsindəki çıxışında qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi. Bir məqamı da vurğuladı ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını və enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.
Dövlət başçısı, həmçinin, bu layihənin əhəmiyyətinə toxunaraq qeyd edib ki, “Cənub” qaz dəhlizi XXI əsrin tarixi layihəsidir. Bu gün “Cənub” qaz dəhlizinin reallaşması, əslində, Azərbaycanla Avropa İttifaqı ölkələri arasında böyük körpülərin qurulması baxımından əhəmiyyətlidir. Bundan əlavə, bu layihənin gerçəkləşməsi Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmaqla daha böyük uğursuzluqlara düçar olacağına zəmin yaradacaq. Azərbaycanın regionda və dünya ölkələri arasında hesablaşılan dövlətlərdən birinə çevrilməsi, iqtisadi asılıığımızın azalması və digər faktorlar bunun əksinə olaraq düşmən dövlətin özünütəcrid və işğalçılıq siyasəti, iqtisadi və siyasi asılılığını daha da sürətləndirəcək. Bu gün Azərbaycan müstəqil enerji siyasəti aparmaqla dünyanın böyük dövlətlərinin və qütblərinin tərəfdaşlıq etimadını qazanmışdır.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.
Tarix elmləri doktoru, professor Əli Həsənov “Geostrategiya” jurnalında “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” adlı məqalədə bu barədə yazır: “Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir.
İqtisadiyyatın və ölkə əhalisinin enerjinin bütün növləri ilə uzunmüddətli və sabit təmin olunması elmi cəhətdən əsaslandırılmış enerji siyasəti ilə sıx şəkildə bağlıdır. Bu siyasətin əsas məqsədi həm də təbii yanacaq-enerji ehtiyatlarından iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün səmərəli şəkildə istifadə olunmasına yönəlmişdir. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ölkə səviyyəsində davamlı şəkildə aşağıdakı vəzifələrin həyata keçirilməsini nəzərdə tutur:
* Ölkə iqtisadiyyatının və əhalinin uyğun qiymətlərlə enerji ehtiyatları ilə davamlı təmin olunması;
* ölkənin enerji təminatı sahəsində risklərin azaldılması və baş verə biləcək böhran hallarının qarşısının alınması;
* enerji ehtiyatlarından faydalı istifadə olunması və itkilərə yol verilməməsi;
* enerji daşıyıcılarının istehsalı, neft-qaz məhsullarının çıxarılması, emalı və nəqli zamanı itkilərin azaldılması;
* enerji sektorunun potensialından istifadə zamanı səmərəliliyin artırılması;
* müasir texnoloji vasitələrdən istifadə etməklə energetikanın ətraf mühitə texnogen təsirinin azaldılması və s.
Bu gün Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi ABŞ və Qərb dövlətlərinin geosiyasi maraqlarına da tam cavab verir. Bundan başqa, Qərb tərəfdaşları hesab edirlər ki, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqli regional əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, dünyada enerji ehtiyatlarının hasilatçı, istehlakçı və tranzit ölkələrinin qarşılıqlı faydalı maraqlarını təmin edir.
Beləliklə, milli enerji müstəqilliyini tam formalaşdırmaq və enerji təhlükəsizliyini daha effektli etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da konkret enerji strategiyasının hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür. Bu gün dünyanın bir sıra qaynar nöqtələrində, o cümlədən, bizə yaxın Suriya və İraqda baş verənlər dünyanın böyük güclərinin arasında sağlam rəqabət, daxili stabilliyi qorumaq, əhalinin sosial rifahını yüksəltmək və milli strateji bütün layihələrimizi həyata keçirmək, bir sözlə, mövqelərimizi möhkəmləndirmək üçün milli enerji siyasətimizi son dərəcə təkmilləşdirmək və proseslərdə ehtiyac duyulan tərəf olmaqla xarici siyasətdə diplomatik balansı qorumağımız gərəkdir.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.