Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk.
Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu da təsadüfi deyildir. Son illər mədəniyyət və din sahəsində beynəlxalq təşəbbüslərə göstərilən dəstək nəticəsində Azərbaycan dünyanın tolerantlıq mərkəzinə çevrilib. Bu gün ölkəmiz müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair əhəmiyyətli tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Həmin ənənə bu gün də qorunub saxlanılır. Ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması beynəlxalq aləmdə də etiraf olunur. Bütün bunlar Azərbaycan xalqının güc mənbəyidir. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”.
Azərbaycan əsrlər boyu birgə yaşayan millətlərin, habelə bütün dinlərin nümayəndələrinin Vətəni olmuşdur. Müstəqil Azərbaycan bu gün də çoxmillətli və çoxkonfessiyalı ölkədir. Respublikamızda yaşayan müxtəlif dinlərin nümayəndələri, həmçinin bütün millətlər sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, ölkəmizdə demokratik pinsiplərin inkişafına xüsusi önəm verilməsinin və tolerantlığın bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın uğurlu inkişafında əhəmiyyətli rol oynamışdır.
Ölkəmizin müasir tarixinin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin adı, əvəzsiz xidmətləri ilə bağlıdır. Ulu öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət bu gün dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımızın qarantıdır.
Azərbaycan dövlət müstəqilliyinə yenidən qovuşduqdan sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpası, insanlara etiqad azadlığından sərbəst istifadə etmək üçün əlverişli şəraitin yaradılması istiqamətində qətiyyətli addımlar atıldı. Söz yox ki, müstəqilliyimizin ilk illərində ölkəyə rıəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı insanların etiqad azadlığında da hərc-mərclik, ayrı-seçkilik yaratmışdı. Lakin 1993-cü ilin ikinci yarısından başlayaraq, respublikamızda həyata keçirilən uğurlu islahatlar dövlət-din münasibətlərinə də öz təsirini göstərmiş, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə yüksək səviyyəli diqqət və qayğı prioritet vəzifələrdən olmuşdur. Bu da ölkəmizdəki mövcud humanitar dəyərlərin, münasibət və meyillərin inkişafına müsbət təsirini göstərmişdir. Bütün bunlar həmin vaxtdan başlayaraq müstəqil Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində, yanaşı yaşadığı məkana çevirmişdir.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub və multikultural ənənələrin də mövcudluğu o vaxtdan başlayıb. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən millətlərin nümayəndələri və etnik qruplar arasında dini baxışına görə heç bir fərq qoyulmayıb. Respublikamızda yaşayan insanlara onların əxlaqına, mədəniyyətinə, mənəviyyatına, intellektinə uyğun olaraq qiymət verilir. Bu ənənələr tarixən qorunub saxlanılıb və bu gün də davam etdirilir. Əsrlər boyu Azərbaycan ərazisinə müxtəlif cərəyanlar, xalqlar gəlib-getmiş, burada müxtəlif millətlərin, dinlərin nümayəndələri birgə, mehriban, tamamilə sülh, qarşılıqlı anlaşma şəraitdə yaşamışlar.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin uğurlu davamı özünü dövlət-din münasibətlərində də açıq şəkildə büruzə verib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin birgə fəaliyyəti üçün yaradılmış şərait artıq dünya birliyində də nümunəyə çevrilib. İndi dünya milli-etnik, dini, irqi ayrı-seçkilikdən uzaq durmağın nümunəsini Azərbaycan modelində görür. Bu nümunə ölkə Prezidentinin mədəniyyət və din sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ərsəyə gəlmişdir.
Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycanın sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mütəmadi olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış etməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir.
Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfrans, forum təşkil edilir. Belə tədbirlərin keçirilməsində isə Azərbaycan beynəlxalq qurumların ən çox üstünlük verdikləri ölkədir. 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Teri Devisin bir fikrini xatırlatmaq istərdik. O, Bakıda keçirilən konfransın bütün Avropa üçün əlamətdar hadisə olduğunu bildirmiş və qeyd etmişdir ki, “Bakı öz tarixi ilə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii körpüdür”.
Bu konfransda sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur. Bir il sonra isə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. Tədbirə Avropa Şurası dövlətlərinin mədəniyyət nazirlərinin dəvət olunması toplantının böyük əhəmiyyətə maik olmasından xəbər verirdi. Tədbirdə dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti öz təntənəsini tapdı. Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm nümunəsi göstərir. Eyni zamanda, dinlərin harmoniyada olmasının mümkünlüyü ideyasını təlqin edir və bunu təkcə sözdə deyil, əməli işdə də təsdiq edir.
Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi mədəniyyətlərarası dialoq təşəbbüslərini daha qlobal səviyyəyə yüksəltməyə imkan vermişdir. Artıq dünyanın nüfuzlu beynəlxalq qurumları humanitar forumların Azərbaycanda keçirilməsi təşəbbüsünü dərhal qəbul edir, ölkəmizin bu sahədə böyük təcrübə topladığı qeyd olunurdu. Ölkə rəhbərinin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü böyük məmnunluqla qarşılanmışdır. Belə bir beynəlxalq tədbirin keçirilmə məkanının yekdilliklə Azərbaycan paytaxtının seçilməsi qərarı təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də, müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan, ən nəhayət, ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə əlaqədar idi.
Bu tədbirin respublikamızda keçirilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edirdi. Çünki İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətini artırmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyası üçün əlverişli imkan yaranırdı.
Bunun ardınca hər iki ildən bir ölkəmizin Ümumdünya mədəniyyətlərarası dialoq forumlarına ev sahibliyi etməsi bir daha təsdiqlədi ki, bu, Azərbaycan Prezidentinin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Eyni zamanda, dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı bir zamanda ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən, malik olduğumuz mehriban birgə yaşayış ənənələrinin beynəlxalq səviyyədə model kimi qəbul olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir. Bu forumların böyük əhəmiyyət kəsb etməsinin mühüm səbəblərindən biri də tədbirin əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etməsidir. Bu fəaliyyət ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında körpü rolu oynamasına, həmçinin müstəqil dövlətimizin təşəbbüsünə beynəlmiləl status qazandırır.
Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın da iştirak etdikləri Dünya dini liderlərinin Bakı Sammiti Azərbaycanı tolerant ölkə kimi təsdiqləyən daha bir tutarlı fakt oldu. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Həmçinin, bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşamalarını yüksək qiymətləndirmişdir: “Dünya dini liderlərinin Bakı Sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir”.
Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən gəlmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir. Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti danılmazdır. Bu, bir faktdır ki, fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələrdə, əsasən, irqi, etnik, dini və gender müxtəlifliyi zəminində dözümsüzlüyün və ksenofobiyanın yayılması ilə bağlı ümumi narahatlıqların ifadə edilməsi ilə yanaşı, bu kontekstdə dünyanın mədəni müxtəlifliyinə dair mədəniyyətlərarası və dinlərarası dialoqun artan rolu diqqəti cəlb edir.
Hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir, millətlərarası ünsiyyət yüksək səviyyədədir. Ölkəmizdə dini etiqada hörmət hökm sürür və dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikultiralizmin hökm sürdüyü ölkəyə çevrilib. Bütün bunlar respublikamızın mədəniyyətlərarası dialoqun mərkəzi statusunu getdikcə möhkəmləndirir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.