Tarix boyu böyük dövlətlər gücündən, qüdrətindən istifadə edib dünyada öz maraqlarına uyğun nizam yaratmağa çalışıb. Bu zaman onlar kiçik, zəif xalqları öz tərəfinə çəkmək üçün hər vasitəyə əl atıb, qonşu dövlətlərin ziddiyyətlərindən məharətlə yararlanıblar. Son 2 əsrin sürətli elmi-texniki inkişafı həyatın məzmununu, cəmiyyətlərin yaşam tərzini kökündən dəyişsə də, dünya siyasətinin xarakteri əvvəlki kimi qalır. Ədalət, dostluq, qardaşlıq pərdəsi arxasında haqsızlıq, düşmənçilik, saxtakarlıq özünü tez-tez göstərir.
{nl}
XX əsrdə erməni toplumu türk soyuna qarşı əsassız iddiaları ilə Anadoluda və Qafqazda böyük dövlətlərin maraqlarının həyata keçməsində alətə çevrilib. Başabəla ermənilər Osmanlı, İran və Rusiya imperiyaları arasında ziddiyyətlərin körüklənməsi prosesində katalizator rolunu həvəslə yerinə yetiriblər. Digər imperialist dairələr də bu proseslərdə ermənilərdən yararlanmağa çalışıblar. Birinci Dünya müharibəsi dövründə maraqlı dövlətlər erməniləri daha da fəallaşdırıblar. Nəticədə, Rusiya tərəfinə xidmət göstərən ermənilər Qafqazdakı türk torpaqlarında özlərinə dövlət yaratmağa nail olmuş, Osmanlı imperiyası daxilində müxtəlif dairələrə nökərçilik edən ermənilər isə yerində otuzdurulub, zərərsizləşdirilib.
{nl}
Bu xəyanətkar hərəkətləri ilə ermənilər saysız-hesabsız türk məskənini xaraba qoyublar, yüz minlərlə günahsız türkü qətlə yetiriblər. Bütün bunları ört-basdır etmək üçün onlar neçə illərdir ki, öz havadarları ilə birlikdə “erməni soyqırımı” yalanını uydurub dünyanı aldatmaq, yeni fitnə-fəsadlara yol açmaq siyasəti yeridirlər. Son illər susmaq bilməyən “erməni soyqırımı” təbliğatı, bu yalanın böyük siyasət meydanına çıxarılması imperialist dairələrin Türkiyə öndə olmaqla bütün türkdilli dövlət və toplumlara qarşı növbəti hücumu üçün ideya-siyasi əsas yaratmağa yönəldilib.
{nl}
Belə olmasaydı son günlərdə bir həftənin içində ABŞ-da və İsveçdə parlament səviyyəsində erməni yalanına “yaşıl işıq” yandırılmazdı. Özü də bu yalanın mahiyyətini onu həqiqət kimi qəbul edənlərin özləri də yaxşı bilirlər. ABŞ Konqresi nümayəndələr palatası xarici əlaqələr komitəsində və İsveç parlamentində səsvermə zamanı təxminən eyni miqdarda deputat bu yalanı qəbul etməyib. Lakin nəyin bahasına olursa-olsun, 1-2 səs artıq səsə nail olmaqla saxta soyqırım layihəsinin təsdiqinə nail olanlar öz məkrli məqsədlərini açıq-aydın ortaya qoyublar. Hədəf Türkiyədirsə, demək, həm də Azərbaycandır, türk dünyasıdır. Ona görə də bu gün hər bir türk övladı, hər bir namuslu insan bu həyasızlığa, haqsızlığa qarşı səsini qaldırmalı, etirazını bildirməli, erməni yalanlarının iç üzünü, onların havadarlarının çirkin məqsədlərini açıb göstərməlidir.
{nl}
Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyası daxilində baş verən qanlı hadisələrin mahiyyəti yaxın keçmişin tarixinə az-çox bələd olanlar üçün aydındır. Rusiya və Antanta tərəfindən qızışdırılan Osmanlı vətəndaşı olan ermənilər Anadoluda və Qafqazda dinc türk əhalinin qanını axıtmışlar. Bu soyqırımın qarşısını almaq üçün o vaxtkı Osmanlı dövləti rəhbərliyi erməniləri xüsusi mühafizə altında imperiyanın təhlükəsiz ərazisinə köçürmüşdür. Dünya müharibəsi cəbhələrində, döyüşlərdə, türklərə qarşı basqınlarda ölən silahlı ermənilərin, ümumiyyətlə, tələf olanların sayı 250-300 min nəfərdən çox olmamışdır.
{nl}
Bəs şişirdilə-şişirdilə 1,5—2 milyon nəfərə qaldırılan rəqəmlər haradan alınıb? Axı o vaxt Avstraliyadan Amerikayadək bütün dünyada bu qədər erməni yox idi. Yalanın, həyasızlığın da bir həddi-hüdudu olar. Əvvəla, o vaxt ermənilərin özlərinin bais olduqları və köçürülmə ilə nəticələnən hadisəni heç bir ölçü ilə soyqırım adlandırmaq olmaz. İkincisi, müharibə zamanı ölən ermənilərin sayı dəfələrlə şişirdilir. Əslində, o zaman Osmanlı dövlətinin silah-sursatını ələ keçirmiş, Rusiya və Antanta dövlətləri tərəfindən silahlandırılan ermənilər Anadoluda və Qafqazda türkdilli əhaliyə qarşı əsl soyqırım törətmişlər.
{nl}
O vaxt ermənilərin viran qoyduqları obaların mənzərəsi, faciələrin izləri hələ də bu vəhşiliyə şahidlik edir. Mənim babalarımın yaşadığı Zəngəzurun Şəki kəndinin dinc əhalisini də 1918-ci ildə quldur Andranikin dəstəsi oda qalayıb. Babam Kərimin 2 qardaşını gözləri qarşısında işgəncə ilə öldürüblər. Atam 14 yaşlı Məmmədxan təsadüf nəticəsində sağ qalıb, Qarabağa qaça bilib. İndi Azərbaycanda elə bir ailə tapmaq olmaz ki, ermənilər öz vəhşilikləri, qanlı əməlləri ilə ona ölüm-bədbəxtlik gətirməmiş olsun.
{nl}
Qondarma soyqırım havadarlarını isə həqiqət deyil, Türkiyəyə təzyiq göstərmək, erməniləri yeni cinayətlərə şirnikləndirmək düşündürür. Yəni Türkiyəni nə qədər sıxsan, döysən, günahlandırsan o qədər çox fayda götürərsən... Zəifləyəcək Türkiyənin üzərindən aşıb yeni məqsədlərə çatmaq olar... Özgə torpaqlarında dövlət quran, türk qanı axıtmaqla arxasında duranları sevindirən ermənilərin ötən əsrin əvvəllərində də, sonunda da törətdiyi münaqişə və qırğınlar bax bu siyasətdən qaynaqlanır, güc alır.
{nl}
“Soyqırım aşiqləri”nə haqq-ədalət lazımdırsa gözlərinin qabağında törədilən Xocalı soyqırımına niyə göz yumur, qulaq bağlayırlar? Belələri niyə 20 ildən bəri çöllərə səpələnmiş, ən ağır şəraitdə yaşayan 1 milyon azərbaycanlı qaçqın-köçkünün bu halına ermənilərin bais olduğunu dilə gətirmirlər? Böyük dövlətlərin dildə bir, əməldə isə başqa bir mövqe göstərməsi, nəhayət, biabırcasına üzə çıxmaqdadır. “Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır” – deyən böyük dövlətlər Ermənistanı işğalçılıq əməlindən geri döndərmək əvəzinə, daha da həvəsləndirir, mükafatlandırırlar.
{nl}
Olmayan “soyqırım”ı təsdiq etməklə böyük dövlətlər bir vaxt bütün dünyaya bəla olacaq “erməni xəstəliyi”ni şiddətləndirirlər. Bir vaxt Hitler Almaniyasını keçmiş SSRİ-yə qarşı yönəldənlər çox keçməmiş özləri faşizmin qurbanı oldular. Bu gün Türkiyəyə, Azərbaycana meydan oxuyan Ermənistan, şəksiz, nə vaxtsa ABŞ-a, Rusiyaya, Fransaya, elə İsveçin özünə də təpik atacaq, buynuz göstərəcək.
{nl}
Türkiyə dövlətinin sələfi olan Osmanlı imperiyası həmişə kiçik xalqları himayə edib. Belə olmasaydı ermənilər onun ərazisində artıb-çoxalmaz, əmin-amanlıqda yaşamaz, bir çoxu isə ali mənsəbə çata bilməzdi. Çağdaş Türkiyə dövləti bütün xalqlarla dostluq, qardaşlıq, qarşılıqlı fayda şəraitində yaşamaq siyasəti yeridir. Türkiyənin ABŞ-la münasibətləri strateji əməkdaşlıq müstəvisindədir. Qardaş ölkə Avropa ilə bir ailə olmağa can atır. ABŞ-da və Avropada erməni lobbilərinin təsirinə düşən siyasətçilər isə Ermənistanla Türkiyə, eləcə də Azərbaycan arasında münaqişəni dərinləşdirmək xətti yeridirlər. Amma ABŞ-ın da, Avropa dövlətlərinin də strateji maraqları Türkiyə və Azərbaycanla dostluq əlaqələrini möhkəmləndirməklə bağlıdır.
{nl}
Türkiyə və Azərbaycan Avropanın ümumi inkişafında, enerji təhlükəsizliyində önəmli rol oynayır. ABŞ Türkiyə ilə strateji əməkdaşlıq tarixinə kölgə salan, faydalı münasibətləri korlayan addımlar atmaqdan çəkinməlidir. Bu gün sağlam məntiq erməni yalanlarına dəstək verməyin əleyhinədir. Çağdaş dünyada ikibaşlı siyasət heç kəsə fayda gətirmir. Avropa ilə Asiyanın, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda ABŞ-a və Avropaya regionda güclü mövqeyi olan Türkiyə və Azərbaycan lazımdır, yoxsa böyük dövlətlərin oyununda alət olan Ermənistan? Bu çağdaş dünya siyasətinin ən önəmli məsələlərindən biridir. Türkiyə və Azərbaycanı incik salan, itirən Qərb özünün Şərqə, türk-islam aləminə sərbəst çıxışını əngəlləyə bilər.
{nl}
Mən “Əsrin müqaviləsi” kimi böyük bir layihənin reallaşmasında yaxından iştirak edən, bir sıra beynəlxalq məclislərdə Qərbdəki həmkarlarımla tez-tez görüşən, sıx təmasda olan, neft geofizikası sahəsində çalışan və tanınan bir alim kimi inanıram ki, əvvəllər olduğu kimi, bu dəfə də bəlalı, xəstə erməni kampaniyası cilovlanacaq. Qloballaşan dünyada layiqli yerini tutan Türkiyə və Azərbaycana qarşı ədalətsiz münasibətə, nəhayət, son qoyulması dünyada xoş gələcəyin təminatı kimi günün siyasi zərurətidir.
{nl}
{nl}
Kərim KƏRİMOV,
{nl}
AMEA-nın müxbir üzvü, əməkdar elm və texnika xadimi,
{nl}
(karikatura müəllifindir)
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.