Prezident İlham Əliyev: Bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi, doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qaytarılması daim dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Bu gün də bu istiqamətdə qətiyyətli addımlar atılır, düşmən tapdağında olan ərazilərimizin dinc yolla azad edilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində, Ermənistan istisna olmaqla, artıq dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Bu fakt Ermənistanın işğalçı dövlət olmasının beynəlxalq birlik tərəfindən də etiraf edildiyini bir daha təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi bütün görüşlərdə və tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qarşıda duran vəzifələrdən söhbət açır, problemin beynəlxalq hüquq normaları çərçivəsində aradan qaldırılmasında Ermənistanın qeyri-konstruktivlik nümayiş etdirməsini, işğalçı ölkəyə ciddi sanksiyaların tətbiq olunmamasını diqqətə çatdırır və dünyada hələ də ikili standartların mövcudluğunun münaqişənin uzanmasına səbəb olduğunu bildirir.

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə obyektinə çevrilmiş, son günlər Ermənistan tərəfindən cəbhə bölgələrində təxribatlar törədərək gərginliyi artırmaq cəhdlərindən söhbət açılmış və bu dəfə düşmən tərəfinin layiqli cavablarını almaları diqqətə çatdırılmışdır. Dövlət başçısı  bu ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətməsi barədə məlumat vermiş və demişdir ki, təxribatın qarşısı alınmış, düşmənə layiqli cavab verilmişdir: “Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir”.

Respublikamızın rəhbəri qeyd etmişdir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son  hadisələr də bunu sübut edir. 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşdən sonra  danışıqlarda müsbət dinamika gözlənilirdi. Ancaq danışıqlardan heç iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Təbii ki, bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri yenə də atəşkəsə əməl edərək, bu təxribata bir neçə gün cavab vermədi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri mövqelərimizə hərbi helikopterlərlə hücuma keçmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bundan istifadə edən Ermənistan bir ildən çox müddət ərzində danışıqlardan yayınmışdı. Ötən ilin dekabrında   ATƏT-in Minsk qrupunun xahişi ilə Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Baxmayaraq ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa kimi dövlətlərin rəhbərliyi status-kvonun qəbuledilməz olduğu haqda bəyanatlar verirlər, ancaq Ermənistan buna məhəl qoymur. İşğalçı dövlətin bu özbaşınalığının qarşısının alınmasında qətiyyətin nümayiş olunmaması bu ölkəni daha da həyasızlaşdırır. Biz bu il aprelin əvvəlində də bunun şahidi olduq.

Nazirlər Kabinetinin iclasında deyildiyi kimi, Ermənistan rəhbərliyi həmişə çıxılmaz vəziyyətə düşəndə terror və təxribata əl ataraq cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan istifadə edir. Beynəlxalq ictimaiyyət də dəfələrlə bunun şahidi olub. Aprelin 2-də işğalçı dövlətin rəhbərliyinin köhnə üsuluna yenidən müraciət etmək məcburiyyətində qalmasına səbəb nə olmuşdu? Bəli, bu dəfə Ermənistan prezidentinə daha böyük “bədbəxtlik” üz verdi. Ölkəmizin beynəlxalq aləmdə artan reytinqinə xələl gətirmək, mötəbər beynəlxalq qurumlar, dünyanın güclü dövlətləri yanında  Azərbaycanın nüfuzunun aşağılanmasına çalışan Sarkisyanın “çəkdiyi zəhmətlər” heçə endi və  bütün ümidləri puça çıxdı.

Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarına səfərindən söhbət açan ölkə başçısı demişdir ki, bu ölkənin siyasi rəhbərliyi ilə keçirdiyi görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr-ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi müzakirə olunmuş, bu dövlətin  rəsmiləri münaqişənin həlli vaxtının çatdığını bildirmiş və Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etmişlər. Üstəlik, ABŞ Prezidenti Barak Obamanın “Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır” – fikrini səsləndirməsi Ermənistan rəhbərliyinə sarsıdıcı zərbə olmuşdur. Ölkəmizin dünya birliyində reytinqinin sürətlə artmasının canlı şahidi olan Serj Sarkisyan çıxış yolunu yenə də qan tökməkdə, cəbhədə vəziyyəti gərginləşdirməkdə görmüş və bu dəfə də öz xalqının diqqətini əsas məsələlərdən yayındırmağa çalışmışdır. Bu, Ermənistan rəhbərliyinin köhnə üsuludur. Xatırlayırsınızsa, 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin  gülləbaran edilməsi indiki və bundan əvvəlki iqtidarın hoqqalarından idi. 2014-cü ildə, Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə bölgəsində vəziyyət gərginləşdirilmiş, ermənilərin diqqətini əsas məsələlərdən yayındıraraq, necə deyərlər, başlarını qatmağa nail olmuşdular.

Azərbaycanın son illər qazandığı diplomatik uğurlar, dünyada söz sahibinə çevrilməsi, iri layihələrin rellaşdırılması sahəsində zəngin təcrübə toplaması və mötəbər qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsi Ermənistan rəhbərliyini mürəkkəb və çətin duruma salıb. Ancaq onun könhə ssenarisi—cəhbədə təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək cəhdi bu dəfə öz başında çatladı. İşğalçı dövlətin qatı cinayətkar prezidenti sanki unudurdu ki, artıq Azərbaycanın da səbir kasası daşmaq üzrədir. Görünür, dünyanın tanınmış siyasi xadimlərinin səsləndirdikləri  “Bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin danılmaz lideridir. Onun  qüdrətli ordusu var və öz gücünü nümayiş etdirmək üçün əsl məqamın yetişməsini gözləyirdi”-fikrini Serj Sarkisyan hələ də həzm edə bilmirmiş və ya Azərbaycan Ordusunun gücünə inanmırmış. İndi isə bu gücü və qüdrəti gördükdən sonra onda tam inam yarandı. Çünki Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında cəmi 3 gün davam gətirə bildi.

Ölkə rəhbəri də bu məsələyə münasibət bildirərkən demişdir ki, “Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”.

Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, qan tökülmədən həlli istiqamətində beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin verdiyi tövsiyələrə, irəli sürdükləri təkliflərə laqeyd yanaşan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən Ermənistan rəhbərliyinə elə gəlirmiş ki, hər dəfə yersiz bəhanələrlə danışıqlardan yayınmaqla, qeyri-konstruktivlik nümayiş etdirməklə işğalçılıq siyasətini davam etdirəcək və istədiyi vaxt Azərbaycan ərazisində hər cür təxribatlar törədə biləcək. Ancaq bu dəfə istəyinə nail ola bilmədi və çətin vəziyyətə düşən kimi danışıqlar prosesinə razı olduğunu bildirdi. İşğalçı ölkənin bu oyunbazlığı isə artıq beynəlxalq qurumları da hövsələdən çıxarıb.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq, daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salsaq, bir daha aydın olar ki, beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da addımlar atılıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılmasıdır. Həmin vaxtdan indiyə qədər prezidentlərin Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Ki-Uestdə, Sədərəkdə (Naxçıvan Muxtar Respublikası), Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda, Vyanada, Soçidə, Parisdə... 51 görüşü keçirilib. Bunun 23-ü Prezident Heydər Əliyevlə prezident Robert Koçaryan, 9-u Prezident İlham Əliyevlə prezident Robert Koçaryan, 19-u isə Prezident İlham Əliyevlə  indiki prezident Serj Sarkisyan arasında baş tutan görüşlərdir.

Danışıqlar zamanı Azərbaycan dövləti öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşıb. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən dünya birliyinin ikili standartlar prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə yaradır. ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətindəki fəaliyyəti isə, demək olar ki, heçə bərabərdir.

Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də, Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının zəruriliyi bildirilir.

Təəssüf ki, bütün  qətnamələr hələ də kağız üzərində qalıb. Dünyada mövcud olan ikili standartlar münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində  həllinə əngəl yaradır.  Münaqişənin nizamlanmasını üzərinə götürən ATƏT-in Minsk qrupu öz vəzifəsini bəyanatlar verməklə bitmiş hesab edir. Təcavüzkarın bu vaxta qədər öz adı ilə çağırılmaması və işğalçı dövlətə ciddi sanksiyaların tətbiq olunmaması Sarkisyan hakimiyyətini daha da həyasızlaşdırmışdı. Görünür, Azərbaycan Silahlı Qüvvələrinin gücünü görmək istəyirlərmiş.

Prezident İlham Əliyev istər beynəlxalq tədbirlərdə, istər müxtəlif ölkələrinin rəhbərləri, istərsə də ictimaiyyətin nümayəndələri ilə görüşündə də dəfələrlə bəyan edib ki, Azərbaycan müharibə tərəfdarı deyil və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə üstünlük verir. Ölkəmizin rəhbəri Nazirlər Kabinetinin iclasında bunu bir daha bəyan etmişdir: “Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında