Rusiya ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan bu münaqişənin sülh və siyasət yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq tənzimlənməsinin tərəfdarıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Biz Minsk qrupunun iştirakçısı, cavabdeh dövlət, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində formalaşdırılmış prosedurlara, digər yanaşmalara tərəfdarıq. Ümid edirik ki, hazırda yaranmış sülh uzunmüddətli olacaq və tərəflər tənzimlənmə məsələlərinin müzakirəsini danışıqlar masası arxasında davam etdirə biləcəklər.

Dmitri MEDVEDEV
Rusiya Federasiyası Hökumətinin Sədri

 


 

Uzun müddətdir ki, davam edən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatların,  BMT və dünya birliyinin göstərdiyi səylər, xüsusilə də bu missiyanı üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti təəssüf ki, heç bir nəticə vermir.  İşğalçı dövlətə qonşu ölkənin ərazilərinin 20 faizini işğal etdiyinə və bu işğal nəticəsində 1 milyondan artıq insanın ata-baba torpaqlarından didərgin

salınmasına görə ciddi sanksiyaların tətbiq olunmaması münaqişənin 20 ildən artıqdır ki, davam etməsinə gətirib çıxarmışdır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyə dünya birliyinin ədalətsiz yanaşması işğalçı dövləti daha da həyasızlaşdırmışdır. Bunun nəticəsidir ki, atəşkəs rejiminə heç zaman əməl etməyən Ermənistan silahlı qüvvələri demək olar ki, hər gün cəbhəyanı ərazilərdə gərginlik yaradır, günahsız insanları qətlə yetirir, mülki obyektlərə, yaşayış evlərinə ciddi ziyan vururlar.

BMT-nin regionda sülhpərvər fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü faktının birbaşa etiraf olunmaması ilə bağlıdır. Ermənistan Respublikası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq, adıçəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildirirdilər. Halbuki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Deməli, Ermənistan münaqişədə bıtərəf olmayıb, dolayı yolla olsa da, hərbi təcavüzə rəvac verib. Bu isə beynəlxalq cinayətdir.  İkili standartlardan hələ də əl çəkməyən bir sıra beynəlxalq təşkilatlar uzun müddət davam edən münaqişəni “dondurulmuş münaqişə” adlandıraraq, bununla Ermənistana işğalçılıq siyasətini davam etdirməyə şərait yaratdılar. Ancaq Fransa senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə əlaqədar bəyanatı yanlış düşüncə sahiblərinə tutarlı cavab oldu. Senator bildirib ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. “Mövcud status-kvo qəbuledilməzdir. Biz tezliklə həll yolu tapmalıyıq. ATƏT-in Minsk qrupu heç bir səmərə verməyən ”addım-addım" strategiyasından imtina etməli və hərəkətə keçməlidir. Azərbaycan özünün Dağlıq Qarabağ və yeddi ətraf rayonun – ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə edilməsini qəbul edə bilməz."

O, həmçinin deyib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir: “Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriya və ya İraqda baş verənlərlə müqayisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq.”

Ermənistan tərəfi beynəlxalq birliyin ikili standartlarından yararlanaraq, atəşkəs rejimini mütəmadi olaraq pozur, cəbhəyanı ərazilərdə təxribatlar törətməklə gərginliyi daha da artırır, bununla da xarici aləmdə Azərbaycana məğlub ölkə yanaşma tendensiyası yaradırdı. Aprelin 2-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusu tərəfindən layiqincə cavab verilməsi düşmən ölkənin rəhbərliyini şoka saldı. Canını qurtarmağın yeganə yolunu beynəlxalq təşkilatlara və inkişaf etmiş müstəqil dövlətlərə yalvarmaqda görən Ermənistan prezidenti gah ATƏT-in Minsk qrupunun həmsədrlərinə, gah da digər ölkələrə üz tutdu. Almaniyadan aldığı cavab Serj Sarkisyanın bütün ümidlərini puç etdi. Daha sonra ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən aldığı cavab da onu məyus etdi: Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki Yekun Aktının üç əsas prinsipinin durması önəmli uğurdur. Həmin prinsiplər millətlərin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olunmasıdır. Bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır. Digər bir tələb isə ondan ibarətdir ki, mövcud status-kvo dəyişdirilməlidir.

Son hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyəti xeyli artırmışdır. Bu günlərdə Azərbaycana səfər edən Rusiyaının xarici işlər naziri Sergey Lavrovun, ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndələrinin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlərdə son günlər cəbhədə baş vermiş qarşıdurma və atəşkəsin  davam etdirilməsi əsas müzakirə obyekti olub.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevlə keçirdiyi həm təkbətək, həm də geniştərkibli görüşlərdə bu səfərə böyük əhəmiyyət verdiyini qeyd edərək, bildirmişdir: “Sizin səfəriniz Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək. Bizim dinamik, intensiv inkişaf edən münasibətlərimizin çox geniş gündəliyi strateji tərəfdaşlıq səviyyəsinə çatıb”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, vəziyyətin gərginliyinin azaldılması işində fəal vasitəçilik səylərinə görə Rusiya Federasiyasına bir daha təşəkkürünü bildirən Azərbaycan Prezidenti son vaxtlar baş vermiş gərginlik barəsində də məlumat verib: “Təəssüf ki, bu münaqişə illər boyu öz həllini tapmayıb və biz erməni tərəfin silahlı provokasiyaları ilə vaxtaşırı üzləşirik. Bu ayın əvvəlində ermənilər tərəfindən növbəti bu cür cəhd göstərilib. Azərbaycanın yaşayış məntəqələri atəşə tutulub, dörd yüzdən çox ev zədələnib, insan tələfatı olub, o cümlədən dinc sakinlər arasında da ölənlər var. Hərbi provokasiyaların qarşısını almaq, atəşkəs rejimini bərpa etmək üçün Azərbaycan tərəfi cavab tədbirləri görməyə məcbur olub”.

Vəziyyətin gərginliyinin səngidilməsi üçün vaxtında həyata keçirilmiş çox fəal tədbirlərə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirən respublikamızın başçısı qeyd etmişdir ki, Rusiya Prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng vurub: “Rusiya Federasiyası Baş Qərargahının rəisi də iki ölkənin qərargah rəisləri ilə əlaqə saxlayıb. Onların vasitəçilik səyləri sayəsində atəşkəs bərpa olunub, hərçənd qarşı tərəf buna heç də həmişə riayət etmir. Bütövlükdə, son günlərdə gərginliyin səngidiyini görürük və hesab edirik ki, bu, müsbət dinamikadır. Qeyd etməliyəm ki, Azərbaycan bu münaqişənin sülh və siyasət yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq tənzimlənməsinin tərəfdarıdır”.

Respublikamızın rəhbəri bildirmişdir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişənin tənzimlənməsinə gəldikdə isə, təəssüf ki, bu məsələ uzun illər boyu öz həllini tapmır. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. İyirmi ildən çoxdur ki, Azərbaycanın həm Dağlıq Qarabağ bölgəsi, həm də onun ətrafındakı yeddi rayonu işğal altındadır. Oradan bütün azərbaycanlı əhali qovulub, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox daxili köçkünümüz var. Ermənistandan olan 250 mindən çox qaçqını da buraya əlavə etsək, 1994-cü ildə atəşkəs barədə razılaşma əldə ediləndə bizdə qaçqınların və daxili köçkünlərin adambaşına sayı ən yüksək göstəricilərdən birini təşkil edirdi.

Dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması münaqişənin tammiqyaslı tənzimlənməsi üçün əsas şərtdir. Bu, baş verən kimi regionda sülh, əmin-amanlıq, əməkdaşlıq bərqərar olacaq. Bu, regionun bütün ölkələrinin xeyrinə olacaq.

İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu, iqtisadi, humanitar sahələrdə xeyli birgə layihələrin olduğunu qeyd edən Dmitri Medvedev Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi məsələsinə də münasibət bildirmiş, bu məsələdən ciddi narahat olduqlarını vurğulamışdır: “Ona görə ki, bizim üçün hər iki dövlətlə münasibətlər son dərəcə vacibdir. Bütün bu müddətdə biz Minsk qrupunun iştirakçısı, cavabdeh dövlət, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində formalaşdırılmış prosedurlara, digər yanaşmalara tərəfdarıq. Ümid edirik ki, hazırda yaranmış sülh uzunmüddətli olacaq və tərəflər tənzimlənmə məsələlərinin müzakirəsini danışıqlar masası arxasında davam etdirə biləcəklər”.

Atəşin dayandırılmasını alqışlayan D.Medvedev bu atəşkəsin davamlı, uzunmüddətli xarakter daşıyacağına, danışıqların yenidən başlanmasına və son illərdə formalaşmış yanaşmalar çərçivəsində irəliləməsinə, tərəflərin mövqelərini yaxınlaşdırmaq, kompromislər axtarmaq üçün etibarlı təməl olacağına ümidvar olduğunu bildirmişdir. Minsk qrupunun iştirakçısı və həmsədri kimi bundan sonra da bütün bu işləri davam etdirməyə hazır olduqlarını bəyan edən Rusiya Hökumətinin Sədri  regionda sülhün bərqərar olmasında Rusiyanın marağının Azərbaycanın və Ermənistanın marağından az olmadığını bildirmişdir.

İki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün  yaradılmış əlverişli imkana, gözəl şəraitə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən D.Medvedev dost Azərbaycan xalqına sülh və firavanlıq arzulamışdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında