Ali Baş Komandanımızdan növbəti humanistlik

Azərbaycan növbəti dəfə atəşkəsə razılaşmaqla münaqişənin sülh yolu ilə həllinə sədaqətini göstərdi. Xatırladaq ki, işğalçı qoşunlar aprelin 1-dən 2-nə keçən gecə həmişəki vəhşiliklərini bir qədər də geniş miqyasda təkrarlayaraq, təmas xəttinə yaxın kəndlərimizi top, raket atəşlərinə məruz tutdular. Evlər, dinc sakinlər zərər çəkdi. Ordumuzun dərhal əks-hücumu və sarsıdıcı zərbələri düşməni çaş-baş saldı. Nəticədə beynəlxalq ictimaiyyətin təklifi ilə cəbhədə atəşkəs elan edildi.

Əslində müzəffər ordumuzun əks-həmlələri üç gün yarım çəkdi. Bu qısa vaxt ərzində düşmənin alınmaz hesab etdiyi dəmir-beton istehkamlar bir neçə yerdən dağıdıldı,  mühüm yüksəkliklər ələ keçirildi. Şanlı ordumuzun bu böyük hünəri olduqca qürurverici haldır.

Mən özüm qarabağlıyam. Uşaqlığım və gəncliyim o yerlərdə keçib. Eyni zamanda, on ildən artıq dövlət teleradiomuzun Dağlıq Qarabağ və ətraf rayonlar üzrə xüsusi müxbiri işləmişəm. Ordumuzun geri qaytardığı kəndlərə, obalara, yüksəkliklərə yaxşı bələdəm. Bu strateji yüksəklikləri minimum itki ilə almaq hər ordunun işi deyil. Qısa bir vaxtda qazanılan bu qədər uğur ordu komandanlığımızın çağdaş hərb taktikasına maksimum dərəcədə yiyələnməsini, zabit və əsgərlərimizin müasir hərbi texnikanı məharətlə idarə etmələrini, ən başlıcası, onlarda vətənpərvərlik və döyüş əzminin  yüksək olmasını bir daha təsdiq etdi. Əslində bu əməliyyatlar gənclərimiz üçün hərbi vətənpərvərlik nümunəsi idi.

Müharibə itkisiz olmur. Bizim də müəyyən itkilərimiz oldu, şəhidlər verdik. Amma xalqımızın qürur və mübarizə əzmi nəinki qırılmadı, hətta hər dəqiqə, hər saat yüksəlməkdə davam edir. Uşaqlı-böyüklü hamı döyüşlərdə şücaət göstərən qəhrəman əsgərlərimizə mənəvi dəstək nümayiş etdirir, şəhid düşən Vətən oğullarımızın ruhu qarşısında baş əyir. Hamı könüllü olaraq ordumuza yazılmaq istəyir. Qarşı tərəfdə isə təlaş, fərarilik, rəzillik hökm sürməkdədir.

Biz humanist millətik. Torpaqlarımızı qan tökməklə deyil, sülh yolu ilə azad etmək əzmindəyik. Bunu dövlət başçımız da həmişə, hər yerdə, ən ali tribunalarda dəfələrlə açıqlayıb. Onun son addımı da bunu bir daha sübut edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin aprelin 5-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkərkən söylədiyi sözlər qürurvericidir: “Bir daha demək istəyirəm, Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər...”

Qüdrətli ordumuzun yazdığı bu şanlı səhifədən sonra işğalçı Ermənistan və onun havadarları sonrakı addımlarını atmazdan əvvəl dərindən düşünməli, danışıqlar masası arxasında əyləşməli, qoşunlarını zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmalıdırlar.

Eldar İSMAYILOV,
Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının prezidenti,
Qarabağ müharibəsi veteranı,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında