Prezident İlham Əliyev: Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır!

Aprelin 2-nə keçən gecədən başlayaraq, bütün cəbhəboyu mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutan  erməni işğalçıları ciddi itkilər verərək geri çəkilirlər. Lakin Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya vermirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzi idarə heyətinin sədri, iqtisad elmləri namizədi Vüqar Bayramovla söhbətimiz də bu barədə oldu. O dedi:

- Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti, zəbt etdiyi torpaqların mədəni və fiziki xarakterini qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin erməni əhalisini bu ərazilərə köçürməkdə əsas məqsədi açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı və qəbuledilməz, qeyri-davamlı olan status-kvonun saxlanılmasıdır. Status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı dövlət başçısı səviyyəsində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə qeyd olunub.

Ermənistan danışıqlar prosesini pozmaq məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son təklifləri də daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün təşəbbüslərini rədd edib. Bu, bir daha sübut edir ki, rəsmi Yerevan həqiqətən də hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil.

Azərbaycan torpaqlarının hərbi işğalı münaqişənin həllinə xidmət etmir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaq. Ermənistan bu reallıqla nə qədər tez barışsa, münaqişə bir o qədər tez həll olar və regiondakı ölkələr və insanlar əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı qazanarlar.

İyirmi beş ildən çoxdur torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz  bu gün də  yeni ərazilər zəbt etməyə cəhd göstərirlər. Hazırda cəbhə bölgəsində baş verən hadisələr bunu bir daha təsdiq edir. Lakin onlar unudurlar ki,  qarşılarında  1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.

Cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılmasına nail olub. Ona görə də cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Azərbaycan Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi ovqatı  və ordu ilə xalqın monolit birliyi bunu deməyə əsas  verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır.

Sonda bir məqamı da xüsusi vurğulamaq istərdim. Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, başqa sözlə,  ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də Azərbaycan dövləti diplomatik müstəvidə özünün bütün resurslarından maksimum istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Hamıya məlum olduğu kimi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyünə qarşı törədilən qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik üçün ciddi təhlükə yaradır.

Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə, Ermənistan ordusunun qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərini davam etdirməsi bu ölkənin mövqeyini açıq şəkildə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlık Şurasının son iclasında Prezident İlham Əliyev Ermənistanın bu təxribatçı hərəkətlərini təhlil edərək deyib: “Bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm”.

Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı münaqişənin həlli istiqamətində bütün dünya ictimaiyyətinə öz prinsipial mövqeyini də  bir daha bəyan edərək bildirib: “Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur...”.

Sonda onu da demək istərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi son əməliyyatlar torpaqlarımızın işğalından keçən uzun müddətdən sonra ordumuzun həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biridir. Bütün ölkə vətəndaşları bu uğuru yüksək qiymətləndirirlər.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında