Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi məsələsi ABŞ Dövlət Departamentində keçirilmiş brifinqdə müzakirə edilib

Aprelin 4-də ABŞ Dövlət Departamentində keçirilmiş brifinqdə Azərbaycanın Dağlıq Qarabağ regionunda münaqişənin genişlənməsi, habelə Ermənistan tərəfindən ölkəmizə qarşı təcavüz məsələlərinə toxunulub.

ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Mark Toner Ermənistan və Azərbaycan qoşunları arasında cəbhə xəttində döyüş əməliyyatları barədə söhbət açaraq qeyd edib ki, ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Dağlıq Qarabağ regionunda münaqişənin genişlənməsini və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesinin bərpa olunmasında, zorakılığa son qoyulmasında tərəflərə kömək yollarını müzakirə ediblər. M.Toner onu da qeyd edib ki, ABŞ hər iki tərəfi “zor tətbiq edilməsini dərhal dayandırmağa və münaqişənin daha da genişlənməsinə yol verməməyə” çağırıb. O vurğulayıb ki, son nəticədə Ermənistan və Azərbaycan liderləri atəşkəs rejiminin bərpa edilməsi və davamlı sülhə nail olmaq üçün özlərində siyasi əzmkarlıq tapmalı olacaqlar, ABŞ isə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi tərəfləri danışıqlar prosesinə məcbur etməyə səy göstərəcək.

ANS teleşirkətinin müxbiri Qənirə Ataşovanın “erməni tərəfin hücumları nəticəsində münaqişənin bu cür genişlənməsi Prezident Əliyevin Vaşinqtona uğurlu səfərinə reaksiya deyilmi və davam edən erməni təcavüzü barədə ABŞ-ın mövqeyi nədən ibarətdir?” sualının cavabında Mark Toner bildirib ki, münaqişənin genişlənməsinin mümkün motivləri barədə onun məlumatı yoxdur. Lakin o, münaqişənin genişlənməsinə yol verməməyin, zorakılığa son qoymağın və münaqişənin həlli üçün mövcud mexanizmdən – Minsk qrupundan istifadə etməyin zəruri olmasını vurğulayıb.

AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı bununla əlaqədar şərhində qeyd edib ki, ABŞ Dövlət Departamenti martın 30-da bəyanatla çıxış edib. ABŞ dövlət katibi Con Kerri həmin bəyanatda Birləşmiş Ştatlar hökumətinin  Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiyini və beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki Yekun Aktına əsasən hərtərəfli nizamlamaya nail olmaqda tərəflərə kömək etmək əzmində olduğunu bildirib. Y.Babanlı soruşub: “Bildiyiniz kimi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli dörd qətnaməsi erməni qoşunlarının Azərbaycandan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu münaqişə barədə həmin qətnamələr beynəlxalq hüquqi normalara müvafiq olaraq qəbul edildiyi üçün sual yaranır: Dövlət Departamenti tərəfləri zor tətbiq etməkdən çəkinməyə çağırdığı halda eyni qayda ilə Ermənistandan nə üçün xahiş etmir və hətta tələb etmir ki, o, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin?”.

M.Toner bu sualın cavabında bir daha qeyd edib ki, ABŞ Minsk qrupu prosesini və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququ prinsipləri əsasında ədalətli tənzimlənməsinə nail olmaq üçün həmsədrlərin vasitəçilik səylərini dəstəkləyir və hər şey iki ölkənin hökumətlərinin siyasi iradəsindən asılıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında