Son günlər Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində erməni işğalçılarının təxribata əl atacağı gözlənilən idi. Ermənistanı belə bir təxribata bir neçə səbəb sövq edirdi.
Əvvəla, Ermənistanda çoxdan davam edən iqtisadi tənəzzül artıq elə bir həddə çatıb ki, başqa ölkələrə köçə bilməyib məcburən Ermənistanda yaşayan əhali hökumətə qarşı siyasi tələblər irəli sürür. Sonu görünməyən bəlalar girdabında boğulan insanlar Qarabağı qan çanağına döndərəndən sonra Ermənistanda hakimiyyəti zəbt etmiş qatil səhra komandirlərindən və onların ətrafında cəmlənmiş quldur dəstəsindən yaxa qurtarmaq üçün aramsız etiraz aksiyaları keçirirlər.
Sarkisyan və ətrafının öz hakimiyyətini uzatmaq üçün keçirdiyi referendumun saxtalaşdırılmasından sonra əhalinin hakimiyyətə qarşı təzyiqi getdikcə artmaqdadır. Bu təzyiqi azaltmaq üçün əliqanlı hərbi rejimə ictimaiyyətin diqqətini daxili siyasi durumdan yayındırmaq lazım gəlir. Buna görə də Qarabağda vəziyyətin gərginləşdirilməsi müxalifəti cilovlamaq üçün Ermənistan hakimiyyətinə bəhanə kimi çox lazımdır. İkincisi, ermənilərin və onların müttəfiqlərinin bütün ciddi-cəhdlərinə baxmayaraq son aylarda Avropa Birliyinin yüksək çinli nümayəndələrinin Azərbaycana səfərləri intensivləşmiş, Avropa və ABŞ siyasiləri “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasını birmənalı şəkildə dəstəkləyən bəyanatlar səsləndirmişlər. Layihənin əleyhdarları regionda qeyri-sabitlik görüntüsü yaratmaq üçün həmişə olduğu kimi, bu dəfə də ermənilərin pozuculuq xidmətindən yararlanmaqda maraqlıdırlar.
Nəhayət, Prezident İlham Əliyevin bugünlərdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, bu məclis çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər ölkəmizə qarşı xoş məramlı münasibəti, qlobal və regional məsələlərdə Azərbaycanın rolunun etiraf olunmasını və dəstəkləndiyini nümayiş etdirir. ABŞ-ın vitse-prezidenti Co Baydenin öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsini ifadə etməsi isə Azərbaycanın haqlı mövqeyini ABŞ dövlətinin birmənalı şəkildə dəstəkləməsi deməkdir. Bu da öz növbəsində Azərbaycanın müstəqil siyasət aparmaq kursunu qəbul etməyən qüvvələri qıcıqlandırmaya bilməzdi. Bütün bunların toplamı Ermənistanı və onun havadarlarını Azərbaycana qarşı təzyiqləri artırmağa sövq edir və ermənilər də həmişə olduğu kimi, bu dəfə də öz mənfur təxribatçılıq rolunu oynamaqda davam edirlər.
Lakin Milli Ordumuzun döyüş ruhunu düzgün dəyərləndirə bilməyən Ermənistan işğalçıları bu dəfə layiqli cavabını aldılar və onların komanda verənləri artıq belə təxribatların uğur gətirməyəcəyinə bir daha əmin oldular. Son hadisələr status-kvonun qorunub saxlanması üçün münaqişənin həll olunmasını ləngidən tərəflər üçün də vacib bir mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və nəyin bahasına olursa olsun, öz torpaqlarını düşmən işğalından azad edəcək.
Dünya ölkələrinin əksəriyyətində media orqanları baş verən hadisələri işıqlandıraraq münaqişənin tarixi haqqında məlumat yayırlar. Verilən şərhlərdən də görünür ki, zaman keçdikcə, dünyanın münaqişə haqqında bilgiləri obyektivlik istiqamətində dəyişməkdədir. Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə tanıdılması üçün Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun, diplomatik korpusumuzun, diaspor təşkilatlarımızın və ayrı-ayrı soydaşlarımızın dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri çoxsaylı tədbirlərin artıq bəhrə verdiyini görürük. Zaman keçdikcə Azərbaycanın haqlı mövqeyi xarici ictimai rəydə daha geniş şəkildə yayılmaqda və daha geniş miqyasda qəbul olunmaqdadır.
Bütün bunlar son 2 onillik ərzində Azərbaycan dövlətinin apardığı müstəqil, qətiyyətli və ardıcıl xarici siyasi kursun xalqımıza və dövlətimizə uğur qazandırdığını və Qarabağ həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması üçün seçilmiş fəaliyyət istiqamətinin doğru olduğunu göstərir. Bəzi beynəlxalq media orqanlarında ölkəmizi bu münaqişəyə xarici güclərin cəlb etməsinin və Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həllinə sadiqliyinin vurğulanması üzün illər düşmənlərimizin Azərbaycana qarşı apardığı saxta, böhtançı və qərəzli informasiya müharibəsinin də artıq iflasa uğradığını göstərir.
Baş verən hadisələrə beynəlxalq qurumların reaksiyalarını isə hələ də adekvat hesab etmək olmaz. Müxtəlif ölkələrin ayrı-ayrı siyasətçiləri Azərbaycanın sühsevər mövqeyini, işğal olunmuş torpaqlarını geri qaytarmaq əzmini açıq dəstəkləsələr də BMT, AB, ATƏT, AŞPA kimi vacib qurumların rəhbərləri öz açıqlamalarında, həmişə olduğu kimi, ümumi şəkildə tərəfləri qarşıdurmadan çəkinməyə çağırmaqla kifayətlənirlər. BMT Baş katibi Pan Gi Mun öz bəyanatında tərəfləri 1994-cü il atəşkəs sazişinə əməl etməyə çağırır. Lakin ən böyük beynəlxalq qurumun rəhbəri BMT- nin qəbul etdiyi 4 qətnaməyə hələ də əməl olunmadığını dilə gətirmir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin narahatlıq ifadə edən çağırışı və Vyanada növbəti görüş keçirmək haqqında bəyanatı isə onların bu dəfə də işğalçı ilə işğala məruz qalanı eyniləşdirməklə əsl həqiqətin üstündən sükutla keçdiklərini göstərir.
Ermənistanın növbəti avantürasının bais olduğu hərbi gərginlik bir daha təsdiqlədi ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və təcavüzkarı buxovlayacaq yeganə güc mərkəzi erməni işğalına qarşı Azərbaycan Prezidentinin xalqımızın istək və iradəsini ifadə edən güzəştsiz mövqeyi, Azərbaycan ordusunun yüksək döyüş hazırlığıdır. Həqiqətən, xalqımızın yeganə ümid yeri ölkə başçısının bütün işğal olunmuş ərazilərimizin azad olunması üçün dəfələrlə bəyan etdiyi siyasi iradəsi və qətiyyətidir. Bu gün Azərbaycan əsgəri işğalçı ordunu özgə torpağında gizləndiyi səngərləri qoyub qaçmağa məcbur edirsə, Azərbaycan hakimiyyəti də işğalçını dəstəkləyən qüvvələri öz ədalətsiz inadlarından geri çəkilməyə məcbur edəcəkdir. Bu yolda bütün Azərbaycan xalqı öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Bu günlərdə ölkəmizdə hökm sürən yüksək əhval, vətənpərvərlik coşğusu bir daha göstərir ki, hər bir Azərbaycan vətəndaşı işğal olunmuş torpaqlarımızın azad olunması və düşmən təcavüzündən müdafiə olunması üçün müqəddəs savaşa canı və qanı ilə hazırdır. Döyüşlərdə Vətən torpaqlarının azad olunması üçün canından keçmiş igid əsgərlərimiz bu günün və gələcəyin əbədi qəhrəmanlarıdır. Onlar torpağımızın hər qarışı üçün canlarından keçməyə hər an hazır olduqlarını öz cəsarət və şücaətləri ilə göstərdilər, ölməzliyə qovuşdular.
Qarabağ avantürası üzərində Ermənistanda siyasi hakimiyyətə yiyələnmiş cinayətkar dəstə isə əmin olmalıdır ki, onlar nəinki işğal etdikləri əraziləri, heç öz hakimiyyətini və Ermənistan adlanan qondarma dövləti də qoruyub saxlaya bilməyəcəklər. Azərbaycan torpaqlarında süni surətdə yaradılmış, xarici qüvvələrin əlində oyuncaq rolunu oynayan və başqa dövlətlər üçün forpost funksiyası daşıyan qondarma bir qurum bir gün dünyanın siyasi xəritəsindən silinib gedəcək. Tarixi ədalət bərqərar olacaq, biz uzun müddət düşmən tapdağı altında qalmış müqəddəs yurd yerlərimizə qayıdacağıq.
Bu yolda şəhid olmuş qəhrəman əsgərlərimizin ruhuna hörmət və ehtiram hissi ilə:
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.