Azərbaycan Prezidenti İlham ƏLİYEV: Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində ölkəmizin sosial-iqtisadi qüdrəti nəzərəçarpacaq dərəcədə yüksəlib, beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli şəkildə möhkəmlənib, dünya birliyinə inteqrasiya sürətlənib, respublikamız ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2012-ci ilin aprelində Azərbaycanın daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT QAK-ın İcraiyyə Komitəsinə tamhüquqlu üzv olması,  2015-ci ildə isə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin getdikcə artan beynəlxalq nüfuzuna əyani sübutdur.

Bütün bunlarla yanaşı, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  Ermənistanın hərbi təcavüzü, ərazilərin işğalı və bir milyon qaçqın-köçkün problemi ilə üz-üzə qalıb. Hazırda Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal altındadır, minlərlə abidə, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min fərdi ev və mənzil dağıdılıb. 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına zidd olaraq, həmin ərazilərdəki yeraltı sərvətlər talan olunur, təbiətə ciddi zərər vurulur, maddi-mədəni abidələr dağıdılır.

Bu gün Dağlıq Qarabağ regionu nəzarətsiz ərazidir və Ermənistan tərəfindən həmin torpaqlar narkotiklərin yetişdirilməsi və tranziti üçün istifadə edilir. Azərbaycan dəfələrlə beynəlxalq qurumlara, xüsusilə də BMT-nin Narkotiklər üzrə Baş İdarəsinə konkret məlumatlarla müraciət etsə də, beynəlxalq təşkilatlar Ermənistana bu məsələdə təsir göstərməkdə acizlik çəkirlər. Həmin ərazilərdə yetişdirilən narkotik vasitələr isə sərbəst şəkildə Avropaya nəql olunur və insanların həyatını məhvə sürükləyir, digər tərəfdən isə erməni diasporu üçün öz məkrli niyyətlərini gerçəkləşdirməkdə maliyyə mənbəyi rolunu oynayır.

Beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar kimi tanımalarına və müvafiq qərarlar qəbul etmələrinə baxmayaraq, Ermənistan öz işğalçı niyyətindən bu gün də əl çəkmir və təəssüf ki, ona ciddi beynəlxalq təzyiq göstərilmir. Halbuki Azərbaycanın hər bir vətəndaşı üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün hərtərəfli hüquqi baza var. Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə pislənilib, işğal altındakı Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınan qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb olunub.  ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf ki, həmin qərar və qətnamələr hələ də icra olunmur. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal etdiyi  Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini,  təcavüzkar siyasətini daha açıq şəkildə davam etdirir, ərazimizin  20 faizini işğal altında saxlayır.

Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizin və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələrimizin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulması məhz bunun bariz ifadəsidir. Öz xalqının etimadını tamamilə itirən Ermənistanın kriminal rejimi bu ölkədəki dözülməz vəziyyətdən, əhalinin narazılığından diqqəti yayındırmaq məqsədilə mütəmadi surətdə cəbhə xəttində təxribatlar törədir.

Yeri gəlmişkən, bu gün ATƏT və bir sıra dövlət rəhbərlərinin münaqişə tərəflərini atəşi dərhal dayandırmaq  və təmkin göstərmək kimi çağırışları başadüşülən olsa da, onlar ilk növbədə Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə məcbur etməlidirlər. İşğalçı tərəfin atəşkəs rejimini pozması dünya birliyi, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qətiyyətlə pislənilməli, düşmən dövlətdən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri tələb olunmalıdır. Əks-təqdirdə Ermənistanın dövlət rəhbərlərinə qarşı ən sərt beynəlxalq sanksiyalar tətbiq edilməlidir.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı iclasda çıxış edərək bildirib ki, ilk dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilib. Azərbaycan   mövqelərinə Ermənistanın təxribatçı qrupları hücum çəkiblər. Düşmənə layiqli cavab verilib. İşğalçı ordu hissələri yerinə oturdulub. 

Azərbaycan Prezidenti xatırladıb ki, aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizin və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələrimizin  intensiv atəşə tutulması da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılıb. Düşmənə sarsıdıcı zərbə vurulub...

Azərbaycan Prezidenti daha sonra deyib: “Bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq... Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.

Ümumiyyətlə, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində səylərini daha da artırıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılmasına nail olub. Ona görə də cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Azərbaycan Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi ovqatı  və ordu ilə xalqın monolit birliyi bunu deməyə əsas  verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır.

Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizin və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələrimizin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulması qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları məqsədə nail olmayıb və ciddi itkilər verərək geri çəkiliblər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinirlər. Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bizə məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı və adekvat cavabları nəticəsində ermənilər böyük itki veriblər. Hətta sərt senzura şəraiti olsa belə, Ermənistanın informasiya resursları onlarla hərbi qulluqçunun öldüyünü açıqlayıblar.

Qoşunların təmas xəttində baş verən son hadisələr Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da öz aydın ifadəsini tapıb. Həmin bəyanatda vurğulanır ki, Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti, zəbt etdiyi torpaqların mədəni və fiziki xarakterini qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin erməni əhalisini bu ərazilərə köçürməkdə başlıca məqsədi açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı və qəbuledilməz, qeyri-davamlı olan status-kvonun saxlanılmasıdır. Status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı dövlət başçısı səviyyəsində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə qeyd olunub.

Ermənistan danışıqlar prosesini pozmaq məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son təklifləri də daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün təşəbbüslərini rədd edib. Bu, bir daha sübut edir ki, rəsmi Yerevan həqiqətən də hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil.

Sözügedən bəyanatda, eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan torpaqlarının hərbi işğalı münaqişənin həllinə xidmət etmir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaq. Ermənistan bu reallıqla nə qədər tez barışsa, münaqişə bir o qədər tez həll olar və regiondakı ölkələr və insanlar əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı qazanarlar.

Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim bu gün əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində   fokuslaşdırmağa cəhd göstərir. Digər tərəfdən isə vaxtı gələndə Azərbaycanın işğal altında olan torpaqları azad etməklə bağlı başqa yollara əl atacağından çəkinərək, onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə vasitəsilə əl-qolunu bağlamağa çalışır. Ancaq bütün bu cəhdlərin heç bir səmərəsi yoxdur və ola da bilməz. Azərbaycan bundan sonra da bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail olacaqdır.

Digər səbəb Ermənistan hökumətinin son zamanlar onun daxili və xarici siyasətinə öz etirazını açıq şəkildə nümayiş etdirən erməni diasporunun və yerli ictimaiyyətin diqqətini mövcud ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq cəhdi ilə bağlıdır. Həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan bu gün  regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunan vəziyyətə düşüb. Ölkənin bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunan ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yoxdur. Buna görə də hazırda Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tutur. Ermənistanın rəsmi orqanları etiraf edirlər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk edir. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq. Faktiki dövlət müstəqilliyini itirmiş Ermənistan bir neçə ildən sonra bu itkini formal cəhətdən də rəsmiləşdirmək məcburiyyətində qalacaq.

Sonda diqqəti bir məqama da yönəltmək istərdik. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizin və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələrimizin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulması bir sıra nüfuzlu ölkələrin və beynəlxalq təşkilatların da haqlı narazılığına səbəb olub.  Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. O qeyd edib ki, əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı.

 Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko,   Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkman,  Fransa Senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt,  Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkuni, Almaniya Bundestaqının deputatı Mark Hauptmann və başqaları    Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı bəyanatlarında diqqətə çatdırıblar ki,    Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib. Bu, azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma torpaqlarına qayıtmaları üçün zəruridir. Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və Avropa Şurasının münaqişəyə dair qəbul etdikləri sənədlər icra olunmalıdır.

Sonda diqqəti aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı cənab İlham Əliyevin çıxışından bir məqama yönəltmək istərdik.  Azərbaycan Prezidenti deyib ki,  Ermənistan ordusu bu gün çox böyük zərbə alıb. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun.

Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.

Bəli, Azərbaycan sözügedən münaqişədə səbr, dözümlülük, konstruktivlik göstərir. İyirmi ildən artıq bir dövrdə atəşkəs rejimində yaşayan Azərbaycan yenə də məsələnin sülh yolu ilə öz həllini tapmasının tərəfdarıdır. Bu, dövlətimizin başçısı tərəfindən dəfələrlə bəyan edilib. Bildirilib ki, ölkəmiz  müharibənin başlamasının, qan tökülməsinin, insanların   həlak olmalarının  əleyhinədir. Amma, bununla belə torpaqlarımızın işğal altında saxlanılması ilə də barışmır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında