Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirməyə hazırdır

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində, həmçinin beynəlxalq aləmdə siyasi uğursuzluqlarını ört-basdır etmək üçün növbəti dəfə silahlı təxribata əl atmış, kəndlərimizi və dinc vətəndaşlarımızı müxtəlif silahlardan atəşə tutmuşdur. Bunun da nəticəsində mülki obyektlərə ciddi ziyan dəymiş, insan tələfatı olmuşdur.

Düşmən cavabsız qalmadı və  rəsmi Yerevanın budəfəki özbaşınalığı ona baha başa gəldi. Azərbaycan Ordusu  düşməni yerində oturtdu, hətta, böyük şücaət göstərərək, 20 ildən artıq işğal altında olan ərazilərimizin bir hissəsini də geri qaytardı. Hərbçilərimizin bu qəhrəmanlığı həm dövlət başçımız, həm də ölkəmizin siyasi xadimləri və ziyalıları tərəfindən yüksək qiymətləndirilir.

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında  keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı demişdir ki, bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi: “...Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm”.

Milli Ordumuzun Ermənistan silahlı qüvvələrinə layiqli cavab verməsi  və düşmənin cəbhədə təxribatlar törətmək istəklərinə  güclü zərbə vurması, onları işğal altında saxladıqları ərazilərdən qovması ictimaiyyət nümayəndələri tərəfindən qürur hissə ilə qarşılanıb.

Milli Məclisin deputatı, professor Musa Qasımlı ilə söhbətimiz də bu barədə oldu. O dedi:

— Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsini Azərbaycan dövləti daim beynəlxalq hüququn normaları çərçivəsində, sülh və danışıqlar yolu ilə həll etmək istəyib. Azərbaycan tərəfinin əsas məqsədi təcavüzkar ölkənin işğal etdiyi ərazilərimizi qan tökülmədən azad etməyə çalışıb. Ermənistan isə işğalı uzatmaq və mövcud status-kvonu davam etdirmək fikrindən, işğalçılıq siyasətindən əl çəkmir. Bu, azmış kimi, işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrini daim atəşə tutur, günahsız insanları, uşaqları qətlə yetirirlər. Azərbaycan tərəfi isə buna  cavab verməyə məcbur olub.

Son vaxtlar işğalçı ölkənin təxribatlarının sayı daha da artıb. Bunun da bir sıra səbəbləri vardır. İlk növbədə Ermənistanı ağır böhrana düçar edən və bu çətinlikdən çıxarmağı bacarmadığını görən Serj Sarkisyan cinayətkar-korrupsioner əməllərini ört-basdır etməyə çalışır. Sarkisyan hökuməti  ermənilərin diqqətini ölkədəki real vəziyyətdən yayındırmağa, Azərbaycanın timsalında düşmən obrazı yaratmağa və öz hakimiyyətinin ömrünü süngü üzərində oturmaqla uzatmağa çalışır. Digər tərəfdən, Ermənistan prezidenti artıq dərk etməyə başlayıb ki, dünya birliyi Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyir və bunu açıq şəkildə bəyan edir. Atəşkəsin mütəmadi olaraq Ermənistan tərəfindən  pozulması artıq beynəlxalq ictimaiyyətə də bəllidir.  Prezident İlham Əliyevin ABŞ-a səfərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlərdəki uğurlu nəticələri, ölkəmizin ədalətli mövqeyinin-ərazi bütövlüyünün və suverenliyinin müdafiə olunmasına dair bəyanatların verilməsi, Serj Sarkisyanın isə Vaşinqtonda adam yerinə qoyulmaması işğalçı dövlətin başçısını ciddi narahat etmişdir. Bütün bunlar əlləri günahsız insanların qanına batmış Ermənistan prezidentini növbəti təxribatlara əl atmağa vadar edib. Başqa yolu da qalmayıb. Ermənistan rəhbərliyi hesab edirdi ki, bəlkə bu dəfə də  Azərbaycan  tərəfi cavab verməyəcək və onlar da özlərini qalib hesab edəcəklər. Lakin yanıldılar. Azərbaycan Ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda, işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi. Çaşqın vəziyyətə düşmüş erməni ordusu çıxış yolunu qaçmaqda gördü. Bu, bir daha onu göstərdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

İnanıram ki, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurması Ermənistan rəhbərliyinə ciddi bir dərs olacaq.  Milli Ordumuzun qarşısında davam gətirə bilməyib qaçmağa başlayan Ermənistan hərbçiləri  işğal etdikləri Azərbaycan ərazilərini-Dağlıq Qarabağ regionunu və digər əraziləri öz xoşları ilə boşaltmalıdırlar. Artıq bunu etməyə məhkumdurlar. Artıq Ermənistan prezidenti də dərk etməlidir ki, işğal etdikləri Azərbaycan ərazilərini tərk etməlidirlər. Əgər belə etməsələr, onda Azərbaycan Ordusunun hərəkətə keçməsinin nəticələri Ermənistan üçün daha  fəlakətli olacaq.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında