Aprelin ilk günlərində Azərbaycan Ordusunun cəbhədə göstərdiyi çox böyük şücaət haqqında eşidəndə ürəyim qürur hissi ilə doldu. Gördüm ki, xalqımız tarixi torpağı olan Qarabağı son nəfəsinədək qorumaq əzminədədir, onu heç kimsəyə verməyəcək.
Ermənilər elə bilməsinlər ki, Qarabağ təkcə 9 milyonluq Şimali Azərbaycan xalqınındır, bu torpaq ümumilikdə şimallı-cənublu 50 milyonluq qüdrətli bir millətin Vətənidir. Ordumuzun müzəffər yürrüşünü eşidən təbrizlilərin həmin gecə küçələrə çıxaraq toy-bayram etməsi də bu səbəbdəndir. Böyük tarixi qələbəmizin müjdəsi olan bu xəbərlər bütün dünya azərbaycanlılarını və dostlarımızı sevindirib. Doğrudur, son illərdə ordumuz təcavüzkar Ermənistan ordusuna qarşı bir sıra uğurlu əməliyyatlar aparıb və bunları da unutmamışıq. Mübariz İbrahimovun hünərini necə yaddan çıxarmaq olar?! İgid döyüşçülərimizin erməni hərbi təyyarəsini vurmasını unutmaq olarmı?!..
Amma ordu hissələrimizin Ermənistan qoşunlarına bu dəfəki cavabı son dərəcə tutarlı və kəsərli oldu. Təcavüzkar ölkə istədiyi vaxt Azərbaycan kəndlərini, günahsız dinc insanları, sadə əkinçiləri atəşə tutmağa adət edib. Zaman-zaman bu və ya digər ərazidə sadə insanlarımız, bəzi hallarda hətta körpələrimiz ermənilərin qəfil atəşlərinə hədəf olaraq qurban gediblər. Ancaq artıq buna son qoyulub. Müzəffər Azərbaycan Ordusu düşmənə nəinki layiq olduğu cavabı verməyə, hətta onu ən ağır itkiyə uğradaraq əlindəki ərazilərimizi geri almağa qadirdir və bunu hər addımda sübut edir. Bu dəfə məhz belə oldu. Ordumuzun igid əsgərləri ermənilərin çoxlu sayda ağır texnikasını, eləcə də yüzlərlə canlı qüvvəsini məhv etməklə kifayətlənmədi, düşmən caynağında qalmış strateji yüksəklikləri də ələ keçirdi. Azərbaycan telekanallarından birində cəbhə bölgəsindən olan sakin ordumuzun endirdiyi cavab zərbələri haqqında çox doğru qeyd etdi: “Ordumuz erməninin anasını ağlatdı”. Bu, bizi bir daha əmin etdi ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və Ali Baş Komandan əmr verərsə, hazırdır ki, Ermənistanın işğalçı ordusunu darmadağın etsin.
Hesab edirəm ki, Ermənistan Azərbaycanın kəndlərində yaşayan dinc sakinlərə atəş açmaqdan, xüsusən bu zaman ağır texnikadan istifadə etməkdən tamamilə əl çəkməlidir. Sadə kəndlinin evini tank mərmisi ilə dağıtmaqla Ermənistan heç nəyə nail ola bilməz. Ancaq Azərbaycanın qəhrəman oğulları bu atəşlərə cavab verəndə nəticəsi çox ağır olur. Bunu hər bir erməni artıq başa düşdü. Ordumuzun qələbə ilə nəticələnmiş cavab zərbələrini görən erməni əhalinin öz kəndlərini qoyub qaçması da buna əyani sübutdur.
Azərbaycan uzun illər atəşkəsi pozmamaq barədəki öhdəliyinə əməl edərək, ermənilərin namərd həmlələrinə cavab verməyib, bundan əlavə, həmişə münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsinə çalışıb. Azərbaycan Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlətimiz gənc insanların qanının tökülməsini, anaların gözüyaşlı qalmasını istəməyib. Amma danışıq xatirinə danışıq aparmaq da bizim məqsədimiz olmayıb. Dövlətimizin başçısı bunu həmişə açıq bəyan edib, Ermənistanı ağlını başına yığmağa, işğal etdiyi tarixi torpaqlarımızı qan tökülmədən boşaltmağa çağırıb. Ermənistan isə, təbii ki, himayədarlarına arxalanaraq bu çağırışları qulaqardına vurmağa, mövcud status-kvonu qoruyub saxlamağa çalışıb. İndi bunun da sonu gəlib.
Ermənistanın kriminal-terrorçu hakimiyyəti, Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətmiş canilər indi anlamağa başlamalıdırlar ki, Azərbaycan Ordusu istənilən an onların başını əzməyə qadirdir, Silahlı Qüvvələrimizin buna iqtidarı çatır.
Bu günlərdə baş verənlər Ermənistan rəhbərliyi və ordusu üçün bir dərs olmalıdır. Artıq onların 20 ildən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarını – Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu könüllü şəkildə boşaltmalarının vaxtıdır. Daha münaqişənin həllini uzatmaq üçün hiyləgər manevr imkanları bitib. Bu gün Azərbaycanın Müdafiə Nazirliyi beynəlxalq təşkilatların çoxsaylı xahişlərini nəzərə alaraq, Ermənistanın mövqelərinə qarşı atəşi dayandırdığını bəyan edib. Ancaq bu, o demək deyil ki, vəziyyət həmişə belə olacaq. Ermənistan atəşkəs rejimini bir daha pozacaqsa, Azərbaycan Ordusu ona daha sərt cavab verəcək. Ona görə də yubanmadan sülhə gəlmək lazımdır.
Qulamrza Səbri TƏBRİZİ,
Edinburq Universitetinin professoru,
Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.