Mən əminəm ki, bu görüş bizim dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır.
Barak OBAMA
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Vaşinqtonda keçirilən 50-dən çox ölkənin liderlərinin iştirak etdiyi IV Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Belə mötəbər tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması və iştirak etməsi ölkəmizin dünya birliyində artan reytinqinin göstəricisidir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi öz ölkəsinə – Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edərkən göndərdiyi məktubda da ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək dəstək verdiyini bildirməsi respublikamızın dünya birliyinin diqqət mərkəzində olmasından xəbər verir. ABŞ Prezidentinin məktubunda qeyd olunurdu ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir: “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”.
ABŞ Prezidentinin bu dəvəti bir daha təsdiqlədi ki, iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Eyni zamanda, Amerikanın daxilində Azərbaycana münasibətdə müsbət meyilli olmasının göstəricisidr. Bununla da Prezident Barak Obama bəzi nümayəndələrə Azərbaycanın ABŞ-a müttəfiq dövlət olduğu mesajını verdi.
Azərbaycan Prezidentinin ABŞ-a dəvət olunması xəbərinin ardınca bu ilin əvvəllində dövlət başçımızın ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul etməsi, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından söhbət açılması, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunması respublikamıza verilən yüksək diqqətin nəticəsi idi.
Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısının Vaşinqtonda ABŞ rəsmiləri, konqresmenlerlə, bir sıra ictimai xadimlər və böyük şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılmış, həmçinin iki ölkə arasında enerji, təhlükəsizlik, sülhyaratma və digər sahələrdə yaxşı əməkdaşlığın olduğu diqqətə çatdırılmışdır. Güclü təməl üzərində qurulmuş münasibətlərin hazırda yeni mərhələyə qədəm qoyması xüsusi vurğulanmışdır.
Dövlətimizin başçısı Vaşinqtonda keçirdiyi görüşlərdə Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsini diqqətə çatdırmış, uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərə görə ABŞ hökumətinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Respublikamızın rəhbəri diqqətə çatdırmışdır ki, ümumiyyətlə, dünyada baş verən münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.
Azərbaycan Prezidentinin Vaşinqton səfərinin müxtəlif görüşlərlə zənginliyi ölkəmizə olan maraqdan irəli gəlmişdir. Bu da Azərbaycanın Qafqaz regionunda ABŞ-ın etibarlı tərəfdaşı olduğunu təsdiqləyir. 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında qurulan diplomatik münasibətlər elə o vaxtdan bəri regional təhlükəsizliyin təmin ediməsi, enerji təhlükəsizliyinin artırılması, iqtisadi və siyasi islahatların gücləndirilməsi istiqamətində davam etdirilmişdir. ABŞ bu sahələrdə mütəmadi olaraq Azərbaycana dəstəyini nümayiş etdirib. ABŞ-ın Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində Azərbaycana dəstəyi iki ölkə arasında münasibətlərin yaxşı olmasının bariz nümunəsidir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ölkəmizin xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan bütün ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq və artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirmiş və bu gün də layiqincə davam etdirir. Respublikamızın müstəqillik tarixinə nəzər salsaq, ABŞ-Azərbaycan əməkdaşlığının inkişafında bu və ya digər qlobal siyasi, hərbi-geostrateji məsələlərə yanaşmada, Xəzərin enerji resurslarının dövriyyəyə buraxması və üçüncü minillikdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması kimi məsələlərdə üst-üstə düşən mövqelərin böyük rol oynadığının şahidi oluruq. Məhz Azərbaycan Xəzər regionunu Qərbin üzünə açmış, ABŞ və Avropanın nəhəng neft şirkətlərinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və ixracında iştirakını təmin etmişdir. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuş, Kosovo, İraq kimi qaynar nöqtələrdə bu qurumun sülhyaratma missiyasında fəal iştirak etmişdir.
ABŞ-da törədilmiş 2001-ci il Sentyabr terror hadisəsində Azərbaycanın göstərdiyi mövqe bir daha təsdiqlədi ki, ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə öndə olub. Həmin hadisədən sonrakı mərhələdə bəzi dövlətlər gözləmə mövqeyi tutduğu halda, ulu öndər Heydər Əliyev bu dəhşətli hadisəyə dərhal münasibət bildirmişdi. Heydər Əliyev ABŞ-da törədilən həmin terror aktını bütövlükdə bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayət kimi pisləmiş və Azərbaycanın terrorla mübarizədə hər zaman fəal mövqe tutacağını bəyan etmişdi. Axı, ölkəmiz də terrorzimdən əziyyət çəkir. Respublikamızın ərazi bütövlüyü beynəlxalq aləm tərəfindən tanınır, lakin torpaqlarımızın 20 faizi uzun illərdir erməni işğalı altındadır, 1 milyon qaçqın-köçkünümüzün hüquqları Ermənistan tərəfindən pozulub. BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi barədə 4 qətnaməsi olduğu halda, bu qətnamələr hələ də icra olunmur. Bütün bunlara baxmayaraq, Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən modern müsəlman ölkəsi olaraq qalır. Qərb institutları ilə daim yaxından əməkdaşlıq edən ölkəmiz, 25 illik müstəqillik tarixində uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilmişdir. Azərbaycanın müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutması, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməməsi ABŞ-ın ictimai-siyasi xadimləri tərəfindən də yüksək qiymətləndirilir.
ABŞ-ın ən böyük ştatı olan Alyaskanın Konqresi tərəfindən bu yaxınlarda Azərbaycana güclü dəstək ifadə edən rəsmi bəyannamənin qəbul edilməsi və bu sənəddə ölkəmizin inkişafını əks etdirən faktların öz əksini tapması qürurverici haldır. Senatın sədri Kevin Mayer və Nümayəndələr Palatasının spikeri Mayk Şeno tərəfindən imzalanmış bəyannamədə qeyd olunur ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan ölkələrindən biri olmaqla, regionun ən güclü iqtisadiyyatına malikdir və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.
Bildirilir ki, ötən 25 il ərzində Azərbaycan ilə ABŞ enerji təhlükəsizliyi, eləcə də beynəlxalq terrorçuluğa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdiriblər. Həmçinin, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunur, bu səpkidə “Cənub” qaz dəhlizi layihəsinin önəmi vurğulanır.
Sənəddə Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə fəallığı da öz əksini tapıb. Qeyd olunur ki, 2001-ci ilin 11 sentyabrında baş vermiş terror hücumlarından sonra ABŞ və koalisiya qoşunlarının Əfqanıstanda apardığı əməliyyatlara dərhal və qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri Azərbaycan olub. Bu münasibəti olduqca yüksək qiymətləndirən Alyaskanın ştat qanunvericiləri, 11 Sentyabr terror aktları zamanı həlak olmuş 2753 amerikalının ailələri adından Azərbaycan Respublikasına təşəkkür ediblər. Həmçinin, sənəddə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı vurğulanır.
ABŞ-ın Azərbaycandakı səfiri Robert F. Sekuta da iki ölkə arasındakı əməkdaşlığı yüksək dəyərləndirən fikirlər sələndirmiş, ölkəmizin inkişafını və beynəlxalq terrorizmə qarşı fəal mübarizə apardığını xüsusi vurğulamışdır. Səfir qeyd edib ki, Azərbaycan ABŞ və NATO-nun Əfqanıstanda ekstremizmə qarşı apardıqları mübarizədə tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq, əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanını verib. Azərbaycan, həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatları üçün maddi-texniki təchizatların nəqliyyatını təmin edib. Azərbaycan ekstremist təşkilatlarıın maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardım göstərib: "Çox vacib amil də ondan ibarətdir ki, dünyəvi dövlət olan Azərbaycan digər dövlətlər üçün dini tolerantlığın canlı nümunəsidir. Azərbaycanda mövcud olan dini tolerantlığı nəzərdən keçirəndə ümid etməyə başlayırıq ki, bir gün dini zəmində olan zorakılıq keçmişdə qalacaq".
Belə faktlar istənilən qədərdir. Göründüyü kimi, ABŞ-ın dövlət rəsmiləri, həmçinin ictimai-siyasi xadimləri, ziyalıları Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılması və əlaqələrin genişləndirilməsinə böyük maraq göstərirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirdiyi görüşlərdə də bunun şahidi olduq. Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ilə görüşü zamanı amerikalı diplomatın ölkəmiz haqqında sələndirdiyi fikirlər də bunu təsdiqləyir. Vitse-prezident respublikamızın rəhbəri İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirmişdir. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulamış, ABŞ-ın Azərbaycanın “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirmişdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin ABŞ-da keçirilən və dünya üçün mühüm əhəmiyyət kəsb edən IV Nüvə Təhlükəsizliyi Sammitinə şəxsən ABŞ Prezidenti Barak Obama tərəfindən dəvət edilməsi Azərbaycanın xarici siyasətinin mühüm uğurudur.
Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması eyni zamanda, ABŞ ilə Azərbaycan arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.