ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Birləşmiş Ştatlar Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi prosesləri ABŞ-da maraqla izlənilir.
Con KERRİ
ABŞ-ın dövlət katibi
5Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, siyasi sahədə böyük nailiyyətlərin qazanılması, o cümlədən, siyasi gündəlikdə əsas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bir sıra ölkələrdə Xocalı soyqırımının tanınması və digər uğurlarla zəngin olub.
Bununla yanaşı, dünyada maliyyə-iqtisadi böhran prosesinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, tikinti- quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi son illərin nailiyyətlərini səciyyələndirən əsas amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları (ABŞ) ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir.
Xatırladaq ki, ABŞ da öz növbəsində Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini çəkən, qlobal və regional əhəmiyyətli enerji layihələrini gerçəkləşdirən və Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıracaq yeni layihələrin təşəbbüskarı kimi çıxış edən Azərbaycanla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olduğunu dəfələrlə bəyan edib. Ümumiyyətlə, hər iki dövlətin münasibətlər sisteminə nəzər saldıqda bir daha əminlik yaranır ki, bu gün ABŞ - Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Bugünədək iki ölkə arasında mühüm önəm daşıyan 100-ə yaxın dövlətlərarası sazişin imzalanması da deyilənlərin bariz ifadəsidir.
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir. Belə ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra ABŞ onu tanıyan ölkələr arasında ön sıralarda yer alıb. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də qurulub. Həmin ilin mart ayında isə ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerikada səfirliyi fəaliyyətə başlayıb. Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bunun ən gözəl nümunəsi kimi diqqət çəkir. Bir çox beynəlxalq ekspertlər tərəfindən əfsanə hesab olunan Bakı -Tbilisi -Ceyhan (BTC) neft kəməri məhz ABŞ administrasiyasının dəstəyi ilə inşa edilərək istifadəyə verilib. Sözügedən neft kəmərinin tikintisi Azərbaycana öz ehtiyatlarını beynəlxalq bazarlara çıxarmaq imkanı yaratmaqla bərabər, həm də yeni enerji dəhlizi, yeni marşrut kimi önəm qazanıb.
Yeri gəlmişkən, BTC-nin reallaşmasından sonra Azərbaycanın yaratdığı imkandan hazırda respublikamızla uğurla tərəfdaşlıq edən Mərkəzi Asiya dövlətləri də faydalanmaqdadır. Region ölkələri üçün də geniş imkanlar açan adı çəkilən layihənin gerçəkləşməsi, eyni zamanda, ABŞ-Azərbaycan həmrəyliyinin uğuru sayılmalıdır. Təsadüfi deyil ki, ABŞ öz əhəmiyyətinə görə heç də digərlərindən geri qalmayan “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyətini də anlayır və onu dəstəkləyir. Bunları nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi var. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər var. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilib. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə - iqtisadiyyat, ticarət, sərmayələr - ABŞ şirkətləri Azərbaycanda əsas investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin ediblər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir”.
Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətini çəkir. Bu reallığı ifadə edən ABŞ-ın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Dünyada böyük nüfuza malik olan və bütün hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən və çoxları tərəfindən ABŞ dövlətinin mövqeyinin ifadəçisi kimi qiymətləndirilən strateji araşdırma qurumu olan Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman bildirib ki, yaxın gələcəkdə sözügedən dövlətin dünyadakı ən yaxın müttəfiqi Azərbaycan olacaq.
Martın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü zamanı yuxarıda qeyd edilən məsələlərlə bağlı ətraflı danışılıb. Con Kerri bəyanatında diqqətə çatdırıb ki, Prezident Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşməsi istiqamətində indiyədək mühüm tədbirlər həyata keçirib. Bu, Avropanın uzunmüddətli strateji maraqlarının reallaşdırılmasına, eyni zamanda, vacib olan enerji mənbələrinin şaxələndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olub. Hazırda isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb. İki ölkə arasında fəal siyasi dialoq mövcuddur.
ABŞ-ın dövlət katibi Con Kerri görüşdə, həmçinin Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, eyni zamanda, Azərbaycanda gedən iqtisadi islahatların, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğulayıb.
Dövlətimizin başçısı daha sonra deyib: “Aramızda inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır. ABŞ şirkətləri tərəfindən iqtisadiyyatımıza 10 milyard dollardan artıq sərmayə yatırılıb. Bu da iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir. Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə cənab katibin qeyd etdiyi kimi, biz ”Cənub Qaz Dəhlizi" layihəsi üzərində birlikdə işləyirik. Bu, enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və həmin layihəyə cəlb olunmuş bütün tərəflərə - istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaqdır".
Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda qeyd edilənlərlə yanaşı, Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər - kənd təsərrüfatı, informasiya- kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan da danışıb. Dövlətimizin başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu xatırladıb. Cənab İlham Əliyev, eyni zamanda, neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşündə də iki ölkə arasında iqtisadi münasibətlərin hazırda dinamik xarakter almasından söhbət açıb. ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb. O, ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində keçirdiyi digər görüşlərdə də iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verilib. ABŞ-ın “General Electric” şirkətinin vitse-sədri Con Rays dövlət başçımız ilə görüşündə Azərbaycanda gördüyü işlər barədə məlumat verib, təmsil etdiyi qurumun ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirib. Con Rays “General Electric” şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğulayıb. O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev “General Electric” şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də ətraflı danışıb. Dövlət başçımızın ABŞ-ın ticarət naziri Penni Pritzker və “Export-Import” Bankının sədri və prezidenti ilə görüşündə isə Azərbaycan ilə adı çəkilən maliyyə qurumu arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə “Export-Import” Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Söhbət zamanı Azərbaycanda yeni islahatlar proqramının həyata keçirildiyi, bunun biznes sahəsində fəaliyyət üçün yaxşı imkan yaratdığı diqqətə çatdırılıb. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görüldüyü xüsusi vurğulanıb. Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə yuxarıda qeyd edilənlərlə yanaşı, son vaxtlar Azərbaycanda gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Xatırladaq ki, təkcə ötən il ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 milyard dollardan çox artıb. Bu sahədə ABŞ-dan Azərbaycana idxal əməliyyatları 50 faiz genişlənib. İndiyədək ABŞ-ın Azərbaycana sərmayə qoyuluşu təxminən 10 milyard dollar təşkil edib. Bunun 9 milyard dolları neft, 1 milyard dolları isə qeyri-neft sektorunun payına düşür.
İqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və ABŞ-ın böyük potensialı mövcuddur. Məlum olduğu kimi, Azərbaycan kosmik peyklərin buraxılması sahəsində Amerika şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin “Azərbaycan Hava Yolları QSC ABŞ-dan 6 təyyarə alıb.
Sonda qeyd edək ki, cənab İlham Əliyevin ABŞ dövlət başçısı Obama tərəfindən dünya səviyyəli nüfuzlu beynəlxalq tədbirə - Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzlu aktor olmasını təsdiq etməklə yanaşı, rəsmi Bakının qarşılıqlı etimada əsaslanan fəal xarici siyasət kursu həyata keçirməsini, etibarlı tərəfdaş kimi tanınmasını göstərir.
Azərbaycan Prezidentinin səfəri, həmçinin göstərdi ki, Azərbaycanla ABŞ arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur.
Nəhayət, Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi ABŞ-ın respublikamızın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.