Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Vaşinqton, 30 mart, 2016-cı il
Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub” qaz dəhlizi layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır.
Con KERRİ
Amerika Birləşmiş Ştatlarının dövlət katibi
Vaşinqton, 30 mart, 2016-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istənilən xarici səfəri politoloqlar, siyasi ekspertlər və dünyanın mətbuat vasitələri tərəfindən maraqla qarşılansa da, dövlət başçımızın Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün reallaşdırdığı Vaşinqton səfəri əvvəlki səfərlərin hamısına nisbətən daha böyük auditoriyanın diqqət mərkəzindədir. Bu maraq və diqqət son zamanlar beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslər, gənc müstəqil dövlət olan Azərbaycanın həmin hadisələr fonunda – dünya səviyyəsində sərgilədiyi qətiyyət, ədalətli mövqe və beynəlxalq aləmdə qəbul edilmiş əməkdaşlıq prinsiplərinə sədaqət nümunələri ilə əlaqələndirilir.
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da və 31-də Vaşinqtonda bir sıra görüşlər keçirmiş, ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən danışıqlar, müzakirələr aparmışdır. Ancaq ekspertlərin fikrincə, dövlət başçımızın Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşü və görüşdən əvvəl mətbuata bəyanatlarla çıxış etmələri daha böyük maraq doğurmuşdur.
Con Kerrinin söylədiyi “Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin, nəhayət, öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır” – qətiyyəti təkcə mətbuat təmsilçiləri, dünyadakı azərbaycanlılar tərəfindən deyil, eləcə də, digər donmuş münaqişələrdən əziyyət çəkən milyonlarla insan tərəfindən maraqla qarşılanmışdır. Dövlət başçımızın “ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur”— fikirləri də Bakı-Vaşinqton əməkdaşlıq və tərəfdaşlıq münasibətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Xatırladaq ki, ölkələrimiz arasında daim inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırmışdır. Bu da iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir. Azərbaycan Prezidenti xatırlatmışdır ki, biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə ölkələrimiz “Cənub” qaz dəhlizi layihəsi üzərində birlikdə işləyir. Bu layihə enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və həmin layihəyə cəlb olunmuş bütün tərəflərə — istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Azərbaycan rəhbərliyi bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə minnətdarlıq hisslərini daim dilə gətirib. Çünki rəsmi Bakının fikrincə, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında Vaşinqtonun nümayiş etdirdiyi qətiyyəti yüksək qiymətləndirən dövlət başçımız qeyd etmişdir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.
Dünya ictimaiyyətinin nəzərinə növbəti dəfə çatdırılmışdır ki, Bakı ilə Vaşinqton, həmçinin regional təhlükəsizlik məsələləri üzrə də geniş tərəfdaşlıq edirlər. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin bizim NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbçimiz var. Beləliklə, münasibətlərimizin gündəliyi çox genişdir. Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı bütün bu məsələlər və regiondakı problemlər müzakirə edilmişdir. Təbii ki, bu səfər də, əvvəlki səfərlər kimi, bizim dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaq.
Təkcə Bakı-Vaşinqton əməkdaşlığının genişləndirilməsi deyil, ümumiyyətlə, Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. Qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına isə Azərbaycan rəsmiləri daha böyük önəm verirlər. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər.
Tərəflərin hər ikisinin maraq və təşəbbüsləri nəticəsində Bakı ilə Vaşinqton, sözün həqiqi mənasında, strateji tərəfdaşa çevrilmişlər. Biz bu qənaəti yada salarkən, Heydər Əliyev neft strategiyasının həyata keçirilməsi zamanı Vaşinqtondan gördüyümüz dəstəyi, xüsusilə, ABŞ şirkətlərinin “Əsrin müqaviləsi” və sonrakı neft sazişlərində iştirakını da xatırlatmalıyıq. Bundan başqa, xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, 2001-ci ildə Nyu-Yorkda törədilən 11 Sentyabr terror hadisələrindən sonra rəsmi Vaşinqtonun öz yanında gördüyü ilk dövlətlərdən biri məhz Azərbaycan olmuşdur. Ölkəmiz ABŞ rəsmilərinin təşəbbüsü ilə yaradılan antiterror koalisiyaya ilk qoşulanlardan biri kimi dostluğa və tərəfdaşlığa sədaqət nümayiş etdirmişdir. Yəni, ölkəmiz beynəlxalq terrorçuluqla mübarizədə daim ABŞ-la birgə çıxış edir. Azərbaycan 1994-cü ilin may ayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulub. Kosovo, İraq və Əfqanıstanda Azərbaycan hərbçiləri beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak ediblər. ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidentinə ünvanladığı məktubların əksəriyyətində yada saldığı “Biz Əfqanıstanda tərəfdaşlığımızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk” – fikirləri də məhz həmin həqiqətlərin etiraf edilməsidir.
Vaşinqtonda etiraf edirlər ki, Azərbaycanla ABŞ arasında əlaqələr yalnız enerji sektoru ilə bağlı deyil. Bu iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir. 2001-ci ildən sonra iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişafı göz qabağındadır. Ona görə də Azərbaycan ABŞ üçün dostdur, strateji tərəfdaşdır, müttəfiqdir. Bu əlaqələrin davam etdirilməsinə hər iki tərəf birgə səylər göstərməlidir. Bir daha xatırladaq ki, bu fikirlər ABŞ rəsmilərinin dönə-dönə səsləndirdiyi bəyanatların əksəriyyətində dilə gətirilir. Bundan başqa, Azərbaycanla ABŞ-ı ortaq digər dəyərlər də birləşdirir ki, bu da demokratiyadır. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu məkandır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özündə Qərb və Şərq mədəniyyətinin sintezini yaradır. Azərbaycan sürətlə inkişaf edir, bütün dünya üçün strateji tərəfdaşdır. Məhz ona görə də Bakıda Azərbaycan - ABŞ dostluq və tərəfdaşlığı mövzusunda keçirilmiş möhtəşəm tədbirdə dost ölkənin 42 ştatının nümayəndəsi iştirak edirdi. Bu isə Azərbaycan-ABŞ münasibətlərinin bugünkü səviyyəsinin göstəricisi idi.
Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı baş tutan “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumundakı çıxışında demişdir: “Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər vardır. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə – iqtisadiyyat, ticarət, sərmayələr – Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir”.
Göründüyü kimi, ABŞ-Azərbaycan münasibətləri artıq sırf dövlət maraqlarına əsaslanır. Ötən ilin son ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması və bu günlər həmin tədbirdə iştirak etməsi də bu arqumentin təsdiqi kimi qəbul edilir. ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda qeyd edilirdi: “Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”.
Xatırladaq ki, dövlət başçımızın Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri, ticarət naziri Penni Prtzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaqdır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.