Əhməd Davudoğlu: "Dağlıq Qarabağ münaqişəsinin həllini diqqət mərkəzində saxlayacağıq"

Noyabırın 10-dan etibarən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu daha bir məsul vəzifəni - Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri vəzifəsini icra etməyə başlayıb. Bununla da Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğludan sonra qurumun ikinci əhəmiyyətli orqanlarından birinə də türk rəhbərlik edəcək. Məhz buna görə də, Qərbdəki siyasətçilər yarızarafat-yarıgerçək noyabrın 10-dan etibarən Avropada "türk dönəminin başladığını" bildirirlər.
Məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri vəzifəsini icra etməyə başlaması Türkiyə və ümumilikdə türk dünyası üçün çox əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir: "Vəzifəni 6 ay icra edəcəyəm. Bu, o deməkdir ki, önümüzdəki 6 ay Avropa qitəsinin, bəlkə də dünyanın ən əhəmiyyətli bir qurumunun rəhbərliyini Türkiyə üzərinə götürür. Biz Türkiyə olaraq Avropa üçün vacib olan bütün məsələlərə diqqətlə yanaşacağıq."
Cənab Davudoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açaraq qətiyyətlə bəyan edib ki, Türkiyənin Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi müddət ərzində dondurulmuş münaqişələrin həllinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin yoluna qoyulması məsələsinə xüsusi diqqət yetirəcək, bu məsələlərdə Avropa Şurasının siyasəti və fəalliyyəti özünü daha qabarıq şəkildə büruzə verəcək.
Bu günlərdə Avropa İttifaqının Türkiyəyə həsr olunmuş hesabatı da mətbuat konfransında diqqət mərkəzində olub. Jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri deyib ki, 1998-ci ildən bəri Avropa Komissiyası ardıcıl olaraq Türkiyəyə dair hesabatlar hazırlayır. Bu gün Türkiyədə bir çox sahələrdə irəliləyişlər var, bununla belə, tədqiq olunacaq məqamlar da mövcuddur. Bu yaxınlarda Konistitusiyaya edilən dəyişikliklər hesabatda müsbət addım kimi dəyərləndirilib. Davudoğlu əlavə edib ki, bizim məqsədimiz demokratiyanın norma və prinsiplərinə hörmətlə yanaşılacaq bir cəmiyyət qurmaqdır. Biz təkliflərə açığıq və bütün çağrışlara cavab verməyə hazırıq. Biz Avropa Şurasının əsas dəyərlərinə cavab verməyə hazırıq və bunda qətiyyətliyik.
Avropa Komissiyasının hesabatı da bugünkü reallığı, vəziyyəti əks etdirir. Hesabatdakı tənqidi fikirlərə münasibətini açıqlayan Türkiyənin xarici işlər naziri deyib ki, sənəddə göstərilən məsələləri öz fəalliyyətimizə daxil edəcək, bu istiqamətdə lazımi işlər görəcəyik. Bütün bunlar bu gün Türkiyənin sadalanan dəyərlər - demokratiya, insan haqları, söz azadlığı və digər məsələlərə hörmət baxımından qeyri-qanuni bir şəraitdə olması anlamına gəlməməlidir. Bu, o deməkdir ki, biz sadəcə əlavə irəliləyişlər həyata keçirməliyik və biz də bunu edəcəyik.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu isə Əhməd Davudoğlunun Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri vəzifəsini icra etməyə başlamasının sevindirici hal olduğunu bildirib. "Mən əminəm ki, önümüzdəki 6 ay ərzində birlikdə göstərəcəyimiz fəaliyyət nəticəsində Türkiyə Avropa Şurasına damğasını vuracaqdır." Qeyd edək ki, Avropa Şurasının qurucu üzvlərindən olan Türkiyə əvvəllər 6 dəfə Şuranın Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri olub. Bu dəfə isə əsas fərqli cəhət ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz kimi, bu orqanla yanaşı Avropa Şurası Parlament Assambleyasına da türk rəhbərlik edir. Digər tərəfdən, həm cənab Davudoğlu, həm də Çavuşoğlu Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının üzvləridir. Bu, onların birlikdə fəalliyyətinə və yeni islahatlar proqramın həyata keçirmələrinə şərait yaradacaq. Açıqlamalardan belə məlum olur ki, ilk belə bir təşəbbüs Avropa Şurası tərəfindən qurulan Avropa İnsan Haqları Məhkəməsi üçün göstəriləcək.{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında