“Qardaşlıq nümunəsi”

Prezident İlham Əliyevin Ankaraya səfəri Türkiyə mətbuatında belə qiymətləndirilir

Dünyada çox az ölkə vardır ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir-birinə əl uzadan olsun. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki dövlətin sərgilədiyi səmimi münasibətlər bənzərsiz olması ilə də unikaldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə etdiyi səfər zamanı sərgilədiyi səmimilik və səsləndirdiyi sözlər də qardaş Türkiyəyə olan münasibətlərimizin möhkəmliyini bir daha təsdiqləməklə yanaşı, iki xalq arasında tarixi bağların sarsılmaz olması barədə dünyaya birmənalı mesaj da göndərdi.

Prezident İlham Əliyevin Türkiyəyə səfəri hələ də beynəlxalq mətbuatın gündəmindədir. Xüsusilə də qardaş ölkənin mətbuatı Azərbaycan liderinin Türkiyənin ağır günündə Ankaraya səfər etməsi və iki ökkə arasında münasibətlərin daha da dərinləşməsinə şərait yaradan sənədlərə imza atması geniş müzakirə və təhlil olunur. Ölkə başçısı İlham Əliyevin Türkiyəyə səfərini və Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlarını geniş şəkildə işıqlandıran türkiyəli həmkarlarımız Ankarada törədilən dəhşətli terror hadisəsindən sonra gerçəkləşən səfəri iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani göstəricisi kimi dəyərləndirirlər.

Nüfuzlu “Milliyət” qəzetində “Əliyevdən böyük jest” başlığı altında dərc olunmuş məqalədə Prezident İlham Əliyevin səfəri Türkiyənin zor günündə bütün dünyaya “Bir millət - iki dövlət” mesajı kimi önə çıxarılır. “Əliyevdən Ankara jesti” başlığı altında dərc olunmuş digər məqalədə yazılır ki, fevralın 17-də Ankarada törədilmiş terror hadisəsinə görə Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini ləğv etməyə məcbur olmuşdu. Məqalədə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə Bakı əvəzinə, Ankarada keçirilməsi yüksək qiymətləndirilir. “Milliyət”in məqaləsində əlavə edilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan da terrorla mübarizə mövzusunda Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi baxımından bu təklifi qəbul etmiş və göstərdiyi jestə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Qardaş ölkənin digər tanınmış qəzeti olan “Sabah” da ölkə başçımızın gözlənilməz səfərinə geniş yer ayırmışdır. Qəzetin “Ərdoğan: “TANAP-ın inşasını vaxtından əvvəl bitirəcəyik" başlıqlı məqaləsində qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki xoş xəbərlə yadda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin inşasının vaxtından əvvəl başa çatdırılacağını, Bakı-Tbilisi-Qars dəmir yolunun isə dekabrda istifadəyə veriləcəyini bildirdi. Qəzet yazır ki, bu iki xoş xəbər Ankarada törədilən terror aktına görə Bakının yerinə Ankarada keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında səsləndirildi. “Sabah” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı “qara günün dostu” adlandırmasına da diqqət çəkmişdir.

Geniş oxucu kütləsinə malik “Star” qəzetində Bakıda keçirilməsi planlaşdırılan görüşdə iki ölkə arasında münasibətlərin daha da güclənməsinə şərait yaradacaq qərarların qəbul ediləcəyinə, lakin 17 fevral Ankara terroru üzündən danışıqların Türkiyə paytaxtında baş tutmasına diqqət ayrılmışdır. “Star” qəzeti mühüm görüşün Ankarada keçirilməsini qardaş Azərbaycandan gəlmiş bir jest kimi dəyərləndirir.  Bundan əlavə, sosial şəbəkələrdə də səfər geniş şəkildə işıqlandırılır.

“Takvim” qəzetində də Azərbaycan Prezidentinin Türkiyəyə gəlməsinə yer ayrılmışdır. “Əliyev Ankarada” başlıqlı məqalədə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimindən hazırlanan geniş reportajda iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağda baş verən son vəziyyət haqqında fikir mübadiləsi aparıldığı vurğulanmışdır. “Takvim” qəzeti Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransında “azərbaycanlı qardaşlarımıza sərgilədikləri güclü dəstəyə görə təşəkkür edirəm” sözlərinə də yer vermişdir.

“Türkiyə” qəzetinin “Azərbaycan Prezidenti Ankarada”, “Ərdoğan: Türkiyəni heç vaxt diz çökdürə bilməyəcəklər” sərlövhəli məqalələrində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası çərçivəsində imzalanmış sənədlər barədə məlumat verilir və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransındakı çıxışına toxunulur: “Biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı gündə də, pis gündə də bir yerdəyik. Bu hücumlar Türkiyəni sarsıtmaz. 25 ildir Türkiyə ilə Azərbaycan birlik və həmrəylik göstərirlər. Bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bizim xalqlarımızın birliyi və qardaşlığımız əsas məsələdir”.

Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında