Prezident İlham Əliyev türk birliyinin sarsılmazlığını bir daha təsdiqlədi

Tarix Azərbaycan-Türkiyə birliyinin, eləcə də ümumiyyətlə türk birliyinin sarsılmaz olduğunu, bunu canı-qanı ilə qorumağa və möhkəmləndirməyə hazır olan siyasi liderlərin olduğunu bir daha sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin ağır günlərində – Ankarada baş vermiş və qardaş ölkəni qana bulamış müdhiş terror hadisəsindən sonra çox qısa bir müddətdə çevik siyasi qərar qəbul edərək Türkiyəyə səfər etməsi artıq dünyanı, xüsusən Azərbaycan-Türkiyə birliyini istəməyənləri, sözün həqiqi mənasında, heyrətdə buraxdı.

Martın 13-də Ankaranın Qızılay meydanında törədilmiş, 37 günahsız insanın həlak olması, 125 nəfərin yaralanması ilə nəticələnmiş qəddar terror aktı qardaş Türkiyə xalqı kimi azərbaycanlıları da sarsıtmış, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərini artıq ikinci dəfə şübhə altına salmışdı. Doğrudur, Türkiyə Prezidenti martın 15-də Bakıya gəlmək əzmini nümayiş etdirirdi. Amma ölkəsi günahsız şəhidlərinə yas tutduğu bir vaxtda bu səfəri necə reallaşdıracaqdı?!

Bax, əsl qardaş, əsl dost əli bu məqamda uzandı. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məşhur “bir millət-iki dövlət” kəlamını rəhbər tutaraq və özünün siyasi uzaqgörənliyini nümayiş etdirərək “Siz gələ bilmirsiniz, mən gələrəm”, - deyə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını Türkiyədə keçirmək üçün Ankaraya səfərə getdi. Əlbəttə, görüşün Bakıda, yaxud Ankarada keçirilməsinin heç bir fərqi yox idi. Bu şəhərlərin ikisi də türk dünyasının paytaxtı idi. Qardaş ölkəyə faciə üz vermişdisə, bu, hər iki ölkənin faciəsi deyildimi?! Belə bir vaxtda görüşün hansı paytaxt şəhərdə keçirilməsi vəziyyəti dəyişdirmirdi. Təki türk birliyinə, Azərbaycan-Türkiyə strateji əməkdaşlığına xələl gəlməsin. Bax, Azərbaycan Prezidenti məhz belə bir məqamda yenidən siyasi iradə, mərdlik və mübarizlik göstərdi. Eyni zamanda, Ankarada Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bəyan etdi, terror aktlarını qətiyyətlə pislədi və bu cür düşmən təxribatlarının türk xalqını və dövlətini sarsıda bilməyəcəyini bildirdi. 

Azərbaycan Prezidentinin cəsarətli addımını Türkiyə Prezidenti də yüksək qiymətləndirdi, Azərbaycanın dar ayaqda Türkiyəni tək buraxmadığını söylədi: “Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm”.

Təbii ki, bu, Azərbaycan-Türkiyə münasibətləri tarixində ilk belə təcrübə deyil. İlham Əliyevin hələ 2014-cü ilin aprelində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Praqada keçirilmiş toplantıda Ermənistanın terrorçu lideri Serj Sarkisyana cavabını yada salaq. Sarkisyan Türkiyənin tədbirdə iştirak etməməsindən sui-istifadə edərək qondarma “erməni soyqırımı”ndan danışmaq istəyərkən Azərbaycan Prezidenti “Türkiyə burada təmsil olunmur. Amma mən buradayam, sizə cavab verirəm”, - deyə onu susdurmuşdu. Bir müddət əvvəl Türkiyədə “Böyük İyirmiliyin” zirvə toplantısı keçiriləndə Prezident Ərdoğan özünün bir ölkəni dəvət etmək səlahiyyətlərindən istifadə edərkən məhz Azərbaycanı seçmişdi. 

Bu dəfə yenə Azərbaycan Prezidenti sinəsini qabağa verdi və qardaş ölkəyə öz dəstəyini göstərdi, hər zaman türk birliyini göz bəbəyi kimi qorumağa hazır olduğunu nümayiş etdirdi. Bu, Türkiyə-Azərbaycan qardaşlığını istəməyənlər üçün tərs sillə effekti idi.

Qulamrza Səbri TƏBRİZİ,
Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri,
Edinburq Universitetinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında