Prezident İlham ƏLİYEV: Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir

Şərqdə ilk demokratik respublika quran Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşanda ona ilk dəstək Türkiyədən gəldi: 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini rəsmən tanıdı və bununla da Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yeni mərhələsi başladı.

Müstəqilliyin bərpasından ötən 25 ildə sosial-iqtisadi, siyasi və digər sahələrdə uğurla inkişaf edən Azərbaycan – Türkiyə strateji müttəfiqliyi bu gün dövlətlərarası münasibətlərdə dünyaya örnəkdir. Hər iki dövlət yeri gələndə bir-birlərindən ötrü şəxsi maraqlarını da arxa plana keçirə bilirlər. Bunun əsas səbəbi, əlbəttə ki, Türkiyə ilə Azərbaycanın qan və can qardaşlığıdır. Ulu öndər Heydər Əliyevin də dəfələrlə dediyi kimi, bu qardaşlıq sarsılmaz və əbədidir.

Xüsusilə beynəlxalq münasibətlər müstəvisində iki dövlətin bir-birini ardıcıl və davamlı dəstəkləməsi dünya siyasətində o qədər də tez-tez rast gəlinməyən səviyyədə nəzərə çarpır. Azərbaycan ilə Türkiyənin mövqeyi beynəlxalq təşkilatlarda müxtəlif strateji və regional məsələlər üzrə də bir-birinə çox yaxındır və üst-üstə düşür. Tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. 

Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bu, qardaş dövlətlərin istənilən məsələdə mövqelərinin bir olduğunu, daim birinin digərinin arxasında dayandığını həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac duyulmur. Türkiyəyə qarşı atılan istənilən addıma ilk reaksiyanın Azərbaycandan gələcəyinə nəinki Türkiyə cəmiyyətində, beynəlxalq aləmdə də heç kim şübhə etmir.

Əlaqələrin bütün sahələrdə dayanıqlı inkişafını təmin etməkdən ötrü hər iki dövlətin rəhbərlərinin, hökumət üzvlərinin, eləcə də iş adamlarının qarşılıqlı səfərləri, müştərək komissiyaların, işçi qrupların fəaliyyəti davamlı olaraq yüksək səviyyədə həyata keçirilir. Bərabərhüquqlu və ən ali dəyərlərə söykənən Azərbaycan – Türkiyə əlaqələri hazırda dünyanın başqa ölkələri arasında mövcud olan və ya ola biləcək ikitərəfli münasibətlərə örnəkdir.

İndi Azərbaycanın və Türkiyənin birliyini təkcə mənəvi dəyərlər, tarixi köklər deyil, eyni zamanda, regionun, eləcə də yeni minilliyin nəhəng layihələri möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin gerçəkləşməsinə nail olan Azərbaycan və Türkiyə nəinki regionun, bütövlükdə, dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan – Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir.

Son illərdə ölkələrimiz arasında münasibətlərin dinamizminin möhkəmlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Türkiyənin  Prezidenti  Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, iki qardaş ölkə arasında qırılmaz tellərin, milli ənənələrin mövcudluğu inkişafın davamlı olmasına əlverişli zəmin yaradır. Bu ənənələr, prinsiplər, şübhəsiz ki, gələcəkdə də davam edərək daha da möhkəmlənəcəkdir.

Bir sözlə, indi Azərbaycan – Türkiyə münasibətləri öz inkişafının elə bir mərhələsinə gəlib çatıb ki, bu ittifaqa qarşı gəlmək, hətta dünyanın ən güclü dövlətlərini belə regiondakı maraqlarından məhrum edə bilər. Bu münasibətlərin rəsmi təminatçısı, əlbəttə ki, iki ölkənin dövlət başçıları, onların maddi və mənəvi dayağı isə iki dövlətdə yaşayan bir millətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən Azərbaycan – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi sözlər yuxarıda qeyd edilənlərin bariz ifadəsidir. Ankaranın mərkəzində, Kızılayda mülki əhaliyə qarşı törədilən  terror aktı ilə bağlı göstərdiyi həmrəyliyə görə dövlət başçımıza, Azərbaycan xalqına dərin təşəkkürünü bildirən qardaş ölkə rəhbəri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq vurğulayıb ki, cənab İlham Əliyev bu səfəri ilə bütün dünyaya, xüsusilə də  bütün terror təşkilatlarına və onların arxasında dayanan  qüvvələrə  güclü və dəqiq mesaj verib. 

Terror aktının törədilməsi hər iki ölkə prezidentinin mətbuata bəyanatlarında da öz ifadəsini tapıb. Prezident Rəcəb Tayyib Ərdoğan bəyanatında deyib: “Terrora dəstək verməyi, terrorçuya pərdə olmağı azadlıq deyə təqdim edənlər, cənazələrimiz dəfn olunmamış siyasi maraq güdənlər bu qardaşlıq mesajından lazımi dərs çıxarmalıdırlar. Belə hadisələr və bildirilən etirazlar məsələnin əsl mahiyyətinin məkan birliyi deyil, bir ruh və könül birliyi olduğunu açıq-aşkar ortaya qoyur. Burada bir məqamı bir daha xüsusi qeyd etmək istəyirəm. Bazar günü törədilən terror aktı bütün Türkiyəyə, 79 milyon insana qarşı törədilmiş bir hücumdur. Bu hücumla terror təşkilatı cani və mənfur üzünü bir daha göstərdi. Hücumun hədəfi millətimizin arasına qorxu toxumu səpmək, Türkiyəni hədəfindən, müqəddəs addımlarından, məqsədlərindən çəkindirməkdir. Amma bunu əsla bacara bilməyəcəklər, bu, mümkün deyil. Terrordan alət kimi istifadə edənlər, məsum insanların qanını axıdanlar Türkiyəni əsla diz çökdürə bilməyəcəklər. Tam əksinə, özləri diz çökəcəklər. İnşallah, millət olaraq dost və qardaş ölkələrin dəstəyi ilə bu sıxıntıları da geridə qoyacağıq. Yeni Türkiyəni hamımız birlikdə inşa edirik və edəcəyik”.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında çıxışında, həmçinin qeyd edib ki, builki iclasın Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ilində keçirilməsi xüsusi məna daşıyır. Müstəqilliyimizi tanıyan ilk ölkə olaraq, ötən dövrdə Azərbaycanın qazandığı uğurlarla  bağlı Türkiyənin də qürur duyduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib ki, iki qardaş ölkə arasında ikitərəfli əlaqələr hazırda dünyada qibtə edilən səviyyədədir. Bu iclas da, şübhəsiz ki, mövcud əməkdaşlığı daha da dərinləşdirəcək və möhkəmləndirəcək.

Xatırladaq ki, Azərbaycan – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında   enerji, nəqliyyat, iqtisadiyyat və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Türkiyə Prezidenti çıxışında son illərdə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini, ötən il Bakıda ilk Avropa Oyunlarının uğurla başa çatdığını deyib. Qardaş Türkiyənin bundan qürur duyduğunu, iftixar hissi keçirdiyini iclas iştirakçılarına xatırladıb.  

Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, diqqəti diskriminasiya, ksenofobiya və İslamafobiya kimi irqçi meyillərin dünyada yenidən fəallaşmasına yönəldib. Məlumat verib ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu baxımdan mühüm əhəmiyyət daşıyacaq. Forumun uğur qazanması üçün Türkiyə Azərbaycanla sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində çalışacaq.

Türkiyə Prezidentinin çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılması ilə bağlı   fikirlərlə yanaşı, Asiyanın hazırda iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilməsi faktı da yer alıb: “Qafqaz bölgəsi Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi “İpək yolu”nun bərpası və təkmilləşdirilməsi məqsədilə reallaşdırılan  tədbirlər  qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Qardaş Türkiyə Bakı və Ələt limanlarında aparılan işlərlə yanaşı, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək qərarını verib”.

Rəcəb Tayyib Ərdoğan nitqində Azərbaycanın enerji resurslarının təhlükəsiz şəkildə Avropaya çatdırılması kimi mühüm bir məsələyə də toxunub. Bildirib ki, qardaş ölkənin Azərbaycanla  “Cənub” qaz dəhlizi  layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığı mövcuddur. Hazırda adıçəkilən qaz dəhlizinin əhəmiyyəti daha da artıb. Həmin dəhlizin, necə deyərlər,  onurğa sütununu TANAP təşkil edir. Bu baxımdan layihənin mümkün qədər qısa vaxtda həyata keçirilməsi zəruridir.

Azərbaycan – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Rəcəb Tayyib Ərdoğan  vətəndaşların təhlükəsizliyinə qəsd edən, bu dövləti təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizənin bundan sonra da daha ciddi şəkildə davam etdiriləcəyini bildirərək, bu məsələdə həmrəyliyə, dəstəyə görə Azərbaycana təşəkkürünü çatdırıb: “Bu ağır günlərdə əsl dostluğun və qardaşlığın nə demək olduğunu bizə göstərdiniz. Millətimiz bunu heç vaxt unutmayacaq”. 

İclasda çıxış edən Azərbaycan Prezidenti Ankarada törədilən dəhşətli terror aktı nəticəsində həlak olanlara Allahdan rəhmət diləyərək bildirib ki, bu dəhşətli terror aktı xalqımızı da sarsıdıb. Azərbaycan vətəndaşları hər zaman olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir. Hər iki dövlətin əlaqələrinin təməlində  birlik, qardaşlıq dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də iki xalq hər zaman bir-birinin yanındadır. 

Dövlətimizin başçısı xatırladıb ki, Türkiyə Azərbaycanın  müstəqilliyini tanıyan ilk ölkə olaraq həmişə respublikamızla əməkdaşlığa mühüm önəm verib. Bu əməkdaşlıq bu gün də dərinləşir, inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. 

Prezident İlham Əliyev qürurla bildirib ki, Türkiyənin son illər ərzində sürətli inkişafı xalqımızı sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr sırasındadır.

O çıxışında mühüm bir məqama da toxunub. Qeyd edib ki, keçən ilin noyabr ayında Türkiyədə G20 toplantısı keçirilib. Bu, qardaş ölkənin  növbəti böyük zəfəri idi. Xalqımız fəxr edir ki, Azərbaycan bu toplantıya dəvət olundu. Dost Türkiyə  bununla bir daha öz qardaşlığını göstərdi. Çünki Türkiyə ancaq bir ölkəni dəvət edə bilərdi, o ölkə isə  Azərbaycan oldu. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə dinamik inkişaf edən əməkdaşlıq hər iki ölkə prezidentinin mətbuata bəyanatlarında da öz ifadəsini tapıb. Bildirilib ki, Türkiyə nə qədər güclü olarsa, Azərbaycanın gücü də bir o qədər artacaq. Hər iki ölkənin gücü bu dövlətlərin birliyindədir və bütün beynəlxalq məsələlərdə onlar bir yerdədirlər. Türkiyə hər zaman Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olub və bu dəstək hazırda da göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən verilən qərar və qətnamələr icra olunmalıdır. Azərbaycan bu məsələ ilə bağlı ikili standartlarla üzləşib və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək Azərbaycan üçün çox önəmlidir.

Türkiyə ilə Azərbaycanı həm də  hərbi əməkdaşlıq birləşdirir. Azərbaycanlı hərbçilər bu yaxınlarda birgə təlimlər keçiriblər. Bu da yaxşı bir ənənəyə çevrilib. Bu gün iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Azərbaycan artıq Türkiyədən müxtəlif hərbi texnika, silah  alır. Türkiyənin bu sahədəki uğurlu fəaliyyəti, əlbəttə ki, Azərbaycanın müdafiə potensialını gücləndirir.

Nəqliyyat sahəsində  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mühüm önəm daşıması diqqətə çatdırılıb, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hər iki ölkə arasında ticari əlaqələrin inkişaf etməsi göstərilib. Qeyd edilib ki,  Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əlaqələrin 2023-cü il üçün 15 milyard dollarlıq səviyyəyə qaldırılması əsas məqsədlər sırasındadır. Bunun üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. 

Yuxarıda qeyd edilənlərlə yanaşı, bəyanatlarda diqqətə çatdırılıb ki,  qarşılıqlı sərmayə qoyuluşu hazırda 13 milyard dollar səviyyəsindədir. Bu rəqəmin də artırılaraq, qarşıdakı  beş ildə 20 milyard dollara çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvanın artan ixracat potensialı nəzərə alınaraq tezliklə müştərək fəaliyyətə qərar veriləcək. İstər muxtar respublikanın məhsullarını Türkiyədə görmək, istərsə də onun turizm imkanlarından yararlanmaq mühüm məsələdir. Belə ki, Naxçıvan turizm baxımından önəmli məkandır. Buna görə də  türk vətəndaşlarının öz səfər proqramlarına muxtar respublikanı daxil edərək gəzmələri, xüsusilə duz mağaralarında müalicə olunmaları ilə bağlı təklif xüsusi maraq doğurur.  

Xatırladaq ki, bütün yuxarıda qeyd edilənlər Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin iştirakı ilə imzalanan sənədlərdə də öz ifadəsini tapıb. 

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında