Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət – iki dövlətik” ifadəsi müasir dövrdə Azərbaycan–Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir.
Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması zəruri bir addım olmaqla, Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən dost və qardaş dövlət olduğunu ortaya qoymuşdur.
Tarixə bir nəzər
Türkiyə və Azərbaycan arasındakı əlaqələrin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi, ilk növbədə, tarixi təmələ söykənir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak etmişdir. Birinci dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər bolşevik bayrağı altında Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını və ərtaf yerləri işğal etmişdilər.
Belə bir mürəkkəb şəraitdə müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin öz ərazi bütövlüyünü qorumaq və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi. O dövrdə Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser- menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu.
Bakının “Sentrokaspi diktaturası”ndan - menşevik- eser və daşnak qoşunlarından azad olunduğu 15 Sentyabr bu gün tariximizin ən şanlı səhifələrindəndir. Hərbi nazir Ənvər paşa o vaxtlar Nuru paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.
Sovet dövründə Azərbaycan- Türkiyə münasibətlərinin tarixi təhrif edilmiş, millət kimi varlığını itirmək təhlükəsi olduğu günlərdə Azərbaycan türklərinin Türkiyədən yardım istəməsi, Osmanlı ordusu və Azərbaycan könüllülərindən ibarət “İslam ordusu”nun xalqımızı xilas etməsi işğal kimi qiymətləndirilmişdir. Əslində isə Bakıya daxil olan türk ordusunun rəhbərləri Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində əziz qonaq kimi qalmışdılar. Tağıyev ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarixi Muzeyi) Türk Qoşunları Komandanlığına ayırmışdı.
1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulmuşdu. Təəssüf ki, 1920-ci ilin 28 aprel bolşevik işğalı türk şəhidlərinə ümumxalq məhəbbətinin və minnətdarlığının rəmzinə çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan verməmişdi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa edəndən sonra Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə Bakının erməni-rus zülmündən azad edilməsi uğrunda şəhid olanların şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı.
Azərbaycan- Türkiyə əlaqələrinin 1920- 1922-ci illəri əhatə edən sənəd və materiallar sübut edir ki, bu dövrdə də Sovet Azərbaycanı ilə Türkiyə arasında diplomatik münasibətlər davam etmişdir. 16 mart 1921-ci ildə Moskvada Rusiya ilə Türkiyə arasında dostluq müqaviləsinin imzalanmasından sonra Azərbaycanın Türkiyədə diplomatik nümayəndəliyinin açılmasına qərar verilmiş, bu vəzifəyə İbrahim Əbilov təyin olunmuşdur və vəfat etdiyi 23 fevral 1923-cü ilə qədər Türkiyədə fəaliyyət göstərmişdir. İ.Əbilovun vəfatından sonra isə Azərbaycanın Türkiyəyə səfiri təyin olunmamış və bu funksiyanı Azərbaycanın da daxil olduğu SSRİ-nin, yəni mərkəzi hökumətin nümayəndəsi yerinə yetirməyə başlamışdır. Atatürk dövründən sonra da SSRİ ilə münasibətlərdə soyuqluq uzun illər davam etmiş, bu isə Azərbaycanı və qardaş Türkiyəni bir- birindən uzaq salmışdır.
Qısaca xatırlatdığımız bu tarixi həqiqətlər göstərir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdu. 70 illik sovet hakimiyyəti illərində bu tarix gizlədilmiş və yanlış təqdim olunmuşdur.
Dərin köklərə bağlı bu günümüz
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Bu birlik, təsadüfi deyil ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir.
Regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa çalışması hər iki ölkənin ortaq maraqlarından irəli gəlir.
Ölkələrimiz arasında mədəni- humanitar əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı minlərlədir və ilbəil artmaqdadır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən- ilə genişlənərək Azərbaycan ordusu üçün zabit kadrların hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi- texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.
Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə çatıb. Ortaq tariximizdən və dəyərlərlərimizdən qaynaqlanan qardaşlığımızın daimi olması üçün hər cür fədakarlıq göstərən insanların, yeni baxış ortaya qoyan şəxsiyyətlərin, o cümlədən öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, hazırda bu missiyanı davam etdirən dövlət başçıları Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın ardıcıl və müstəsna səyləri əlaqələrimizi daha da inkişaf etdirmək üçün qarşıya olduqca mühüm vəzifələr qoyur. Bu baxımdan münasibətlərin inkişafı üçün çox güclü siyasi iradə və sağlam zəmin var.
Azərbaycanın “Petkim”də, “Star Rafinery”də, elektrik stansiyası kimi layihələrdə kapital qoyuluşu var. Daha sonra gələn TANAP layihəsi önəmli yatırımlardan birini təşkil edir. Bunlar illər uzunu gerçəkləşəcək sərmayə qoyuluşlarıdır. Söhbət Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulacaq 17-18 milyard dollarlıq sərmayədən gedir. Bu, çox önəmli bir rəqəmdir. Həm də Azərbaycan iqtisadiyyatının səviyyəsini ortaya qoyur.
Bakı- Tbilisi- Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çardırılmasını təmin edəcəkdir. Bakı- Tbilisi- Qars layihəsi də eyni şəkildə həyata keçirilir. Orta Asiyyaya daşınan yüklərin məlum səbəblər ucbatından Gürcüstan, Azərbaycan və Qazaxstanın Aktau limanı vasitəsi ilə son mənzilə çatdprılması günümüzün reallıqlarıdır.
2015-ci ildə Türkiyə “G-20"yə ev sahibliyi etdi. Bu Türkiyəyə digər bir ölkəni həmin tədbirə qonaq kimi dəvət etmək hüququ verirdi. Türkiyə də bu məsələdəki yeganə haqqını Azərbaycan üçün istifadə etdi. Bu da təbiidir. Bu məsələ ilə bağlı Türkiyədə çox da geniş müzakirələr aparılmadı. Bu, bütün dövlət qurumlarının dəstəyi, eləcə də siyasi iradə nəticəsində Türkiyə üçün rahatlıqla qəbul olunan bir qərar oldu.
Azərbaycan və Türkiyə prezidentləri, hökumət başçıları, dövlət təmsilçiləri bir-biri ilə çox yaxın əməkdaşlıq ruhunda, xalqlarımıza xidmət və bölgə üçün iş görmək düşüncəsi ilə fəaliyyət göstərirlər. Bu, çox mühüm məsələdir. Azərbaycan və Türkiyə əlaqələrinin yüksək səviyyəyə çatdığını ortaya qoyan çoxsaylı fakt və nümunə günbəgün artmaqdadır.
Zaman sınağa çəkəndə bir olduq...
Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa calışmışlar. “Sürix protokolları”- Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq , işğalçı Ermənistanın blokadadan çıxarmaq məqsədini ortaya qoyan protokol Azərbaycan – Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gedişlər etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, Ermənistanın işğalçı siyasətinə və əsassız ərazi iddialarına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz.
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə kimi əvəzedilməzdir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq göstərir. Daha önəmlisi, istər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Türkiyə – Ermənistan münasibətlərinin bərpası istiqamətində addımlar atılacağına dair bəzi iddiaların ortaya qoyulmasına cavab olaraq Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun örnək olacaq tarixi bir müsahibəsini xatırlatmaq yerinə düşər: “Ermənistanın iddiaları həqiqəti əks etdirmir. İddia olunanlar tarixi həqiqətlər deyil. Bu iddiaları doğru hesab etmirik. 2015-ci ilə gəldikdə isə, bu il həm də Çanaqqala döyüşünün 100-cü ildönümüdür. Böyük iztirabların yaşandığı Çanaqqala döyüşünü Avstraliya, Yeni Zelandiya ilə Türkiyə arasında dostluq körpüsünə çevirdik. Bəhs etdiyim paradiqma dəyişikliyi budur. Türkiyə o dövrdə Avstraliyadan, Yeni Zelandiyadan insanların bu torpaqlara niyə gəldiyinin hesabını çəkməkdən çox, ulu öndər Atatürkün o zaman söylədiyi kimi, o döyüşlərdə həyatını itirmiş avstraliyalı, yeni zelandiyalı əsgərləri bizim torpaqlarımızda rahat yatacaqları şəkildə qəbul etmək qabiliyyətini göstərdik.
Ermənistanın iddiaları 2015-ci ildə pik nöqtəyə çatsa belə, zirvəyə çıxsa belə, ümid edirəm ki, bölgə üçün bəhs etdiyim çox daha müsbət nəticələr yaşanacaq. Faciə tək tərəfin yaşadığı bir faciə deyil, hər kəsin yaşadığı bir faciədir. Xocalıdakı hadisələrə əgər siz bir şey hiss etmirsinizsə, onların olduğunu qəbul etmirsinizsə, tarixi saxtalaşdıraraq özünüzün iddia etdiyiniz həqiqətlərlə bağlı anlayış gözləməyə haqqınız yoxdur."
Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Rəsmi Bakı isə öz növbəsində uydurma “erməni soyqırımı”nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır. 2010-cu ilin aprelində bədnam erməni lobbisinin təsiri altında Amerika Konqresində qondarma “erməni soyqırımı” məsələsinin ciddiliklə gündəmə gəlməsi rəsmi Ankaranı xarici siyasətdə ümumtürk birliyi xəttini gücləndirməyə sövq etdi. Rəsmi Bakı bununla yanaşı, həm də qondarma “erməni soyqırımı”nın ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin “Azadlıq” donanmasına hücumu kimi məsələlərdə Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.
Türkiyənin adekvat addımlarını da xüsusi vurğulamaq lazımdır. Qarsda “erməni-türk dostluğu”na ucaldılmış bədnam abidənin uçurulması ortaq maraqlara sədaqətin əyani göstəricisidir. Daha bir önəmli fakt isə 2015-ci il aprelin 24-də Türkiyədə Çanaqqala döyüşünün 100-cü ildönümünün təntənəli bayram edilməsi bütün türk dünyasının birliyinin nümunəsi olmaqla erməni iddalarına da gözlənilməz zərbə oldu.
Ölkələrimiz arasında çoxyönlu əlaqələr tarixi- siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə, regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün Qara dəniz – Xəzərətrafı bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Bu, həm də Türkiyə ilə Azərbaycan birliyinin möhtəşəm təntənəsidir.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.