SURİYADA ATƏŞKƏS: imitasiya fonunda acı reallıqlar

Hazırda Suriyada tərəflərin atəşkəs barədə razılığa gəlməsi ilə bağlı intensiv danışıqların, hətta bu danışıqlardan əldə edilən razılaşmaların fonunda Suriyada baş verənlər, eləcə də Türkiyə-Rusiya arasında olan gərginliyin artan xətt üzrə inkişaf etməsi münaqişənin miqyasının genişlənəcəyi narahatlığını yaradır. Hər iki ölkə bölgədə aktiv siyasi xətt yürütməsi və maraqların toqquşması, qarşıdurmanın sərhədlərinin genişlənəcəyi təsəvvürünü formalaşdırmaqdadır. Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseni Yasenyukla keçirdiyi mətbuat konfransında post-sovet məkanında bu gün üçün aktuallıq kəsb edən münaqişələrdə şimal ölkəsini səbəbkar olaraq göstərməsi, artıq proseslərin Yaxın Şərqlə və ya Suriya ilə məhdudlaşmayacağı qənaətini yaradır.

İstisna etmək olmaz ki, aparılan danışıqların nəticəsi kimi tərəflər müvəqqəti məhdud zaman çərçivəsində atəşkəs elan etsinlər. Lakin problem odur ki, Suriyada beş verənləri yalnız daxili qarşıdurma kimi səciyyələndirmək mümkün deyil və proseslər çoxdan lokal xarakter daşımaqdan çıxıb. Suriyada baş verənlər dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region ölkələri, məsələn Türkiyə, İran, İsrail, Səudiyyə Ərəbistanı və Qətər, istərsə də, bölgədə mövqelərini qorumağa çalışan güclər — Birləşmiş Ştatlar, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Suriya probleminin bu gün açılması müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb, bu ölkələrin orada baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır. Bu ölkələrdən hər birinin özünəməxsus “Suriya həqiqətləri” var və bu “həqiqətlər” hər ölkə üçün tamamən fərqli səciyyə və xüsusiyyətlərə malikdir.

Hazırkı proseslər onu deməyə əsas verir ki, razılaşmadan daha çox, əksinə, Suriyada proseslərin daha kəskin hal alacağına şahid ola bilərik. Münxen danışıqları zamanı Rusiya tərəfinin rəsmi şəkildə ABŞ-ın quru qoşunlarından istifadənin mümkün ola biləcəyi ilə bağlı açıqlamalarına alternativ olaraq Suriya ərazisində 3-cü qüvvə tərəfindən hər hansı quru əməliyyatlarının aparılacağı təqdirdə, münaqişənin daha da kəskinləşə və uzana biləcəyini bəyan etməsi Kremlin öz mövqelərindən geri çəkilməyə hazırlaşmadığını göstərir. Məsələnin ikinci tərəfi odur ki, Türkiyə son həftələrdə Suriyanın şimalında olan kürd bölücü qruplaşmalarına artilleriya zərbələri endirir. Bu da onu göstərir ki, Türkiyə heç bir halda Rusiyanın bu proseslərdə kürd qruplaşmalarından bir alət kimi istifadə etməsinə imkan verməyəcək və eləcə də Suriyanın şimalında özü üçün münasib zəmin yaratmaqda israrlıdır.

Qərb bu əməliyyatları dayandırmaqla bağlı rəsmi Ankaraya çağırış etsə də, indiki halda Türkiyə tərəfinin əməliyyatları eyni qətiyyətlə davam etdirəcəyini söyləmək olar. Türkiyənin kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi əməliyyatlar, ilk növbədə, bu ölkənin daxilində baş qaldırmış bölücü və terrorçu zehniyyətə adekvat reaksiya kimi qiymətləndirilməlidir. Türkiyənin cənub-şərq bölgəsində yaşananlar bu problemin nə qədər ciddiləşdiyinin və miqyasını artırdığının göstəricisidir. Bölgədə siyasi hədəflərini gerçəkləşdirmək niyyətində olan qüvvələrin, o cümlədən, bir sıra böyük dövlətlərin PKK terror təşkilatından yararlanmaq istəyi  də burada əsas rol oynayır.

Başqa bir faktor isə Suriyanın Türkiyə üçün əhəmiyyətə malik olan şimal ərazilərinə Əsəd hakimiyyəti və Rusiyanın müəyyən dairələrindən idarə edildiyi iddia edilən YPG qruplaşmalarının müdaxilələridir. Bu, heç də daha çox zərbələrə məruz qalan türkmən faktoru və tarixi bağlılıqla əlaqədar deyil. Halbuki, bunlar da az əhəmiyyət daşımır. Türkiyə heç bir halda özünün Pakistana, Suriyanın isə onun üçün potensial Əfqanıstana çevrilməsini istəmir. Ancaq kürd terror qruplaşmaları, eləcə də Rusiyaya və Əsədə bağlı qüvvələrin aktivliyi bu hədəfin reallaşmasını əngəlləyir.

Üçüncü məqam, Səudiyyə Ərəbistanının liderliyi ilə 20-dən çox İslam və ərəb ölkələrinin yaratmış olduqları koalisiyadır. Əslində bu, Səudiyyə Ərəbistanının əzələ nümayişi kimi səciyyələndirilə bilər. Ərəblər bölgədə, xüsusilə də Suriyada baş verən proseslərdə artıq daha aktiv rol almağa iddialıdırlar və bu rollarını heç də diplomatik və ya siyasi iştirakla məhudlaşdırmaq niyyətində deyillər. Bu isə birbaşa İran və Rusiyaya mesajdır. Səudiyyənin aktivləşməsi Qərbin son zamanlar Suriyada ciddi siyasi və hərbi aktivlik göstərən Rusiya faktoruna cavabı kimi də qiymətləndirə bilər. Bu, həmçinin, İranın mövqelərini zəiflətməyə və ərəb ölkələrinə müdaxilənin qarşısının alınmasına da yönəlmiş addımdır. Xatırlayırsınızsa, keçən ilin ilk aylarında Yəməndə “Ənsərullah”la mübarizədə səudlar belə bir koalisiyanı yaratmağa səy göstərsələr də, nəticəsi olmamışdı. Koalisiya ilə bağlı razılıq məhz ilin sonunda Nimr əl-Nimrin edamı ilə daha aktiv fazaya qədəm qoyan İran-ərəb qarşıdurması zamanı əldə edildi və birinci dəfə bir o qədər sırasına qatılmağa razılıq verməyə tələsməyən Türkiyə və Pakistan, bu dəfə “hə” cavabı verdilər.

Faktiki olaraq məzhəb faktorundan və ərəb baharından sonra bölgədə yaranmış vəziyyətdən maksimum bəhrələnərək İraq, Suriya, Livanda idarəetməyə ciddi müdaxilə imkanları əldə edən İran bu ölkələrdə söz sahibinə çevrilmişdi. Eləcə də, Yəmən, Bəhreyndə də şiə icmaları ilə ardıcıl və sistemli iş sayəsində ciddi təzyiq imkanları əldə etmişdi. Yaxın perspektivdə iqtisadi imkanlar, Qərblə yaxınlaşma və Tehranın yaxın gələcəkdə əldə edə biləcəyi avantajlar fonunda Ər-Riyadın bütün istiqamətlərdə, əsasən də Suriya və Yəmənlə bağlı aktivliyini artırması tam anlaşılandır. Sözügedən aktivlik birbaşa Suriyada olan sünni tayfalarının münaqişədə daha aktiv rol oynamasına gətirib çıxara bilər. Qərb Rusiya-İran birliyinə qarşı region güclərindən ibarət qüvvədən yararlanmağa çalışır və bu, Türkiyə-Rusiya münaqişəsinə Qərbin sərgilədiyi mövqedən də açıq sezilir. İsrail də ərəblərlə koalisiyaya can atır.

Bəşər Əsəd isə, son günlərdə verdiyi açıqlamalardan da göründüyü kimi, nəinki istefa verməyə hazırlaşır, hətta apreldə keçirilməsi nəzərdə tutulan seçkilərdə içtirak etməkdə israrlıdır. Bu isə hətta indidən seçkidə hansı namizədin “qalib” gələcəyi ilə bağlı fikir yürütmək üçün bəs edəcək faktordur.

Suriya daxilində bir-birinə qarşı savaşan qruplaşmaların da atəşkəs rejiminə sonadək əməl edəcəkləri şübhəlidir. Hələ bu qarışıq mənzərədə xüsusi özünəməxsus pay sahibi olan İŞİD faktorunu da nəzərə alsaq, ümumiyyətlə, proseslərin indiki vəziyyətdə müsbət nəticələnəcəyini söyləmək çətindir.

Vüqar ZİFƏROĞLU,
Bakı Dövlət Universitetinin dosenti,
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında