Azərbaycanın 25 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətlər dünya birliyində yüksək qiymətləndirilir. Bu müddət ərzində ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanmış, yüksək nailiyyətlərə imza atmışdır. Prezident İlham Əliyevin beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə böyük önəm verməsi və bu istiqamətdə həyata keçirdiyi siyasi strategiya ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın nüfuzlu təşkilatları öz tədbirlərini məhz respublikamızda keçirməyə üstünlük verirlər.
Azərbaycanda böyük əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib.
IV Qlobal Bakı Forumunun da yüksək səviyyədə keçirilməsi ölkəmizin dünya birliyində getdikcə artan reytinqinin göstəricisidir. Belə nüfuzlu bir tədbirin artıq 4-cü dəfədir ki, ölkəmizdə təşkil olunmasının əsas səbəblərindən biri Azərbaycanın sülhsevər, dinlərin və mədəniyyətlərin qovuşduğu və bərqərar olduğu bir məkan kimi tanınmasıdır. Bu, bir daha ölkəmizin dialoq və əməkdaşlıq məkanı olduğunu təsdiqlədi.
Bu forum beynəlxalq miqyasda əhəmiyyətli toplantıya çevrilib. Çoxsaylı dövlət və hökumət başçılarının foruma qatılması, eləcə də dünyanın aparıcı media qurumlarının tədbiri işıqlandırması Bakı Forumunun nə qədər önəmli olmasından xəbər verir. Forumun açılış mərasimində edilən çıxışlar və müzakirələr zamanı səsləndirilən fikirlər təsdiqləyir ki, IV Qlobal Bakı Forumu dünyada sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu gün dünyanın bir sıra ölkələrində yaranmış münaqişələr, əsasən, dialoqun olmaması səbəbindən daha gərgin xarakter alır. Bu mənada, ölkəmiz və dövlətimizin başçısı üzərinə böyük missiya götürərək, dünyada sülhə, əmin-amanlığa, tolerantlığa hesablanmış fəaliyyətini layiqli şəkildə davam etdirir. Dövlət başçımızın sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Məhz bu baxımdan belə bir foruma ölkəmizin ev sahibliyi etməsi xüsusi əhəmiyyət kəsb edir. IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyaya verdiyi böyük töhfə kimi yadda qalacaq.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə obyektinə çevrildi.
Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil edilmişdi.
Ən əhəmiyyətlisi isə odur ki, rəsmi Bakı bütün sadalanan istiqamətlər üzrə əldə etdiyi uğurları unikal nümunə kimi dünyanı idarə etmiş və hazırda idarə edən auditoriyaya təqdim etdi. Forumda, bir daha Azərbaycan torpaqlarının Ermənistan siahlı qüvvələri tərəfindən işğal edildiyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Azərbaycan Prezidentinin forumun açılışındakı çıxışı xüsusilə yaddaqalan oldu. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər, yəni, BMT-nin Təhlükəsizlik Şurasının bu münaqişəyə dair çıxardığı qətnamələr öz həllini tapmayana qədər regionda istədiyimiz sülhə nail ola bilməyəcəyik. Möhtərəm Prezidentimizin bildirdiyi kimi, regionda sülhə nail olmaq istəyiriksə, ilk olaraq, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bir milyondan artıq qaçqın və məcburi köçkün öz tarixi torpaqlarına qaytarılmalıdır.
IV Qlobal Bakı Forumunda iştirak edən siyasətçilər, tanınmış diplomatlar və ictimai-siyasi xadimlər də təsdiqlədilər ki, Azərbaycan dünyaya nümunə ola biləcək bir ölkədir.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı,
YAP Nəsimi rayon təşkilatının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.