IV Qlobal Bakı Forumu dünyaya sülh, tərəqqi, əmin-amanlıq və tolerantlıq mesajı verdi

Azərbaycan multikultural həyat tərzi və dini tolerantlıq baxımından dünyaya nümunə göstərir

Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş IV Qlobal Bakı Forumu öz işini başa çatdırıb. İki gün davam etmiş tədbirdə dünyanın müxtəlif ölkələrindən hazırkı və sabiq dövlət və hökumət başçıları, alimlər və ictimai xadimlər də daxil olmaqla 300-dən artıq nümayəndə iştirak edib. “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən forumda və panel iclaslarda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə edilib və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb.

Böyük beynəlxalq əhəmiyyət daşıyan tədbirdə iştirak edən Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsi sədrinin müavini, Rusiya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev qəzetimizə müsahibəsində deyib:

– Bakıda artıq dördüncü dəfədir ki, belə böyük beynəlxalq tədbir keçirilir və biz burada iştirak edirik. Çox əlamətdar haldır ki, Bakının bu cür tədbirlərə ev sahibliyi etməsi artıq xoş ənənə şəklini alıb və Azərbaycanın bu sahədəki uğurları dost ölkələr,  o cümlədən, Rusiya tərəfindən yüksək qiymətləndirilir. Bu cür tədbirlər zamanı bizim ölkəmizi də yada saldığına və fikirlərimizə dəyər verdiyinə görə Azərbaycan Respublikasının rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə dərin  minnətdarlığımı bildirirəm.

Azərbaycan dünyaya mühüm problemlərin həllini təklif edir. Özü də mücərrəd deyil, tamamilə konkret nümunələr əsasında. Prezident İlham Əliyev forumdakı çıxışında bütün bu məsələlər ətrafında çox dəyərli fikirlər söylədi. O, Azərbaycanın multikultural mühiti haqqında danışarkən bildirdi ki, bu ölkədə müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu sülh, əmin-amanlıq şəraitində yaşayıblar. Multikulturalizm və dini dözümlülük Azərbaycanda həm dövlət siyasəti, həm də xalqın həyat tərzidir.

Azərbaycan Prezidenti Yaxın Şərqdə baş verənlər, onun nəticəsi olaraq Avropada yaranmış qaçqın böhranı haqqında fikirlərini bölüşərək qeyd etdi ki, vəziyyətdən ən yaxşı çıxış yolu multikultural dəyərlərə sadiqlikdir. Bu dəyərlərin təşviqi hamımıza yardımçı olacaq.    

Azərbaycan özü məhz bu cür nümunə göstərir və ölkənin qazandığı uğurları multikultural həyat tərzi və dini tolerantlıqla bağlayır. Bu gün Azərbaycan əhalisinin 98 faizi müsəlmandır. Amma bu, ölkədə məscidlərlə bərabər pravoslav kilsələrinin tikilməsinə, sinaqoqların bərpa edilməsinə mane olmur. Azərbaycanda rus dili ikinci dövlət dili kimi təsbit olunmayıb, amma bu fakt Azərbaycana rus dilində təhsili genişləndirməyə, rus mədəniyyəti ilə maraqlanmağa və millətlərarası ünsiyyət dili kimi rus dilini qayğı ilə qoruyub saxlamağa mane olmur.

Gələcək xalqlar arasında münasibətlərə belə yanaşmadan asılıdır, indi bu, xüsusilə aydın görünür. Sevindirici haldır ki, hazırda dünya məkanında mühüm rol oynayan Azərbaycan kimi güclü ölkə bu gün çoxqütblü dünya mövzusunda siyasi dialoqun təşəbbüskarı kimi çıxış edir.

Hazırladı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında