Hakkı KƏSKİN: IV Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərini öyrənmək üçün gözəl fürsətdir

Neçə ildir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində dünya əhəmiyyətli ardıcıl forumlar, mədəniyyət və siyasət tədbirləri həyata keçirilir. Bu, Azərbaycana olan etimadın nəticəsidir. Bununla yanaşı,  IV Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərini öyrənmək üçün gözəl fürsətdir.  Bu sözləri “Xalq qəzeti”nə Almaniyanın tanınmış ictimai-siyasi xadimi, Bundestaqın və AŞPA-nın sabiq üzvü Hakkı Kəskin paytaxtımızda IV Qlobal Bakı Forumu keçirilməsini şərh edərkən  bildirdi.

H. Kəskin qeyd etdi ki, bu dəfə tədbirdə iştirak edə bilməsə də prosesi izləmişdir və Azərbaycana olan marağın hər il olduğundan daha çox artdığını müşahidə etmişdir: “ Təsəvvür edin, bu gün erməni lobbisi, erməni diasporu nə qədər çalışır ki, Azərbaycanın xarici ölkələrdə, təşkilatlarda imicini heçə endirsin. Onlar çox istəyərlər ki, bu möhtəşəm tədbirlərdən İrəvanda da keçirilsin. Amma Ermənistanın buna nə maddi imkanları, nə mənəvi haqqı, nə də istəyi vardır. Ermənistanın illərdir qardaş Azərbaycana qarşı işğal siyasəti, təxribatçılıq əməllərinə baxmayaraq ölkəniz inkişaf edir. Dünyanın əsas enerji mənbələrindən birinə çevrilmişdir. Enerji təhlükəsizliyi prosesində Azərbaycanın indiki rolu danılmazdır. Bəs Ermənistan nəyi ilə öyünür ? İşğallamı, terrorlamı ? BMT-nin qətnamələrinə riayət etməməkləmi ?

Bu gün Ermənistan Türkiyə dövlətini bölməyə çalışan PKK terrorçularına sığınacaq verir.  Erməni terroru ilə PKK-nın cinayətləri birləşmişdir. Onların hər ikisinin məqsədi Türkiyə və Azərbaycana qarşı yönəlmişdir. Məhz bu imicə sahibləndiyi üçün Ermənistanda belə tədbirlər baş tutmur və bu ölkənin belə tədbirlər keçirməsi ümumiyyətlə marağında deyil. Çünki dünyada sülhə, əmin-amanlığa, tolerant dəyərlərə xidmət edən bu cür tədbirləri ancaq siyasi cəhətdən sabit və etibarlı dövlətlər keçirə bilər." H. Kəskin bildirib ki, bu gün Azərbaycan multikulturalizmin yüksək dəyərləndirildiyi dünya dövlətlərindən biridir.  Azərbaycanda  müxtəlif etnoslar və dinlərin nümayəndələri birgə sülh şəraitində, bərabər hüquqlar çərçivəsində yaşayırlar. Azərbaycanda baş tutan bu forumun əsas məqsədlərindən biri də Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, beynəlxalq terrorizmin fəsadları və onunla mübarizədir. Özünün böyük problemi ola-ola digər dünya ölkələrinin problemlərinin həllində təşəbbüskar tərəf kimi çıxış etmək və bunun baş tutması üçün ev sahibliyi etmək böyüklük göstəricisidir. Bu gün Azərbaycan dövləti Cənubi Qafqazda sülhü sona qədər mühafizə etməyə çalışır. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub, milyondan artıq qaçqın və məcburi köçkünü var. Amma Azərbaycan yenə də səbrlə davranır və problemin beynəlxalq hüquqa, BMT-nin prinsiplərinə uyğun davranmasını gözləməkdədir. Halbuki, Azərbaycanın güclü ordusu vardır və şübhə etmirəm ki, istəsə qısa müddətdə öz itirilmiş bölgələrini geri qaytara bilər. Lakin Ermənistan Azərbaycanın bu səbrli davranışından sui-istifadə edir. Dünyanın bəzi aparıcı beynəlxalq təşkilatları da buna göz yumur, Ermənistana qarşı təzyiqlər etməyə tələsmirlər. İki fərqli ölkə ilə qarşı-qarşıyayıq: biri dünyaya sülh mesajı verən tolerantlıq, multikulturalizm nümunəsi göstərən Azərbaycan, digəri isə təcavüzkarlıqdan, işğalçılıqdan geri çəkilməyən Ermənistan.

Bakıda baş tutan tədbirdə çoxsaylı dövlət başçılarının, sabiq dövlət və hökuməthəyata  rəhbərlərinin iştirak etməsi onu göstərdi ki, dünya ölkələri hər dəfə Azərbaycana gəlməkdə maraqlıdır, Azərbaycanın təşkilatçılığı ilə baş tutan forumlara güvənir, burada öz ölkələrini təmsil etməkdə qürur duyurlar. Çünki Azərbaycanın apardığı uğurlu xarici siyasət ölkəniz barədə kənarda bu müsbət imici  qazandırmışdır. Təəssüf ki, bu gün dünyada və xüsusilə Avropada islamafobiya var. Bunun da əsas səbəbi dünyada baş verən terror hadisələrinin bəzilərində özünü müsəlman təəssübkeşləri kimi göstərən terrorçu təşkilatlardır. Əlbəttə, terrora, günahsız insan qanının axıdılmasına “yox” deyən İslam dininin baş verənlər ilə əlaqəsi yoxdur. Amma sevindiri haldır ki, Qərb və Şərqin qovuşduğu strateji bir nöqtədə yerləşən qədim Azərbaycanda həm dini dəyərlərimiz qorunur, həm də dünyəvi dəyərlər mühafizə olunur. Yüksək daxili sabitlik, güclənən dövlət bütün müqəddəs dəyərlərə eyni hörmət prinsipindən irəli gəlir. Bunu dünyanın ağıllı, xırda təəssübkeşlik hisslərindən uzaq olan insanları sözsüz ki, görür və qiymətləndirirlər. Düşünürəm ki. Azərbaycan bu tipli möhtəşəm tədbirləri bundan sonrada da davam etdirərək dünyaya nümunə göstərəcəkdir. 

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında