Dördüncü Qlobal Bakı Forumu ikinci iş gününü sessiya və panel iclaslarla davam etdirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumu martın 11-də işini sessiya və panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyinin və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda sessiyaya İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini moderatorluq edib. O bildirib ki, Yaxın və Orta Şərqdə sülhün və təhlükəsizliyin təmin olunmasında inteqrasiya ən vacib amillərdəndir.

Franko Frattini İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra regionda yeni mənzərənin yarandığını diqqətə çatdırıb. O, ölkələr arasında mövcud problemlərin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili regiondakı mürəkkəb vəziyyətdən danışıb. O, region ölkələrində təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb. Eka Tkeşelaşvili regional əməkdaşlığın Əfqanıstanın inkişafı üçün çox önəmli olduğunu vurğulayıb. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələrinə də toxunan Eka Tkeşelaşvili bu layihələrin region ölkələri üçün əlverişli şərait yaradacağını deyib. O, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcəyini diqqətə çatdırıb.

Livanın sabiq Baş naziri Fouad Siniora çıxışında region ölkələrindəki mövcud problemlərdən və onların qonşu dövlətlərə təsirindən danışıb. O, dünyada dini radikalizmin qarşısının alınması üçün səylərin birləşdirilməsinin vacibliyi məsələsinə toxunub.

Pakistanın sabiq Baş naziri Şaukat Aziz isə çıxışında bildirib ki, müasir dünyada təcrid etmək yox, daha çox cəlb etmək üsulu ilə hərəkət etmək lazımdır. “Regiondakı dövlətlər bir-biri ilə sıx əməkdaşlıq qursalar bundan çox faydalanarlar”, - deyə o vurğulayıb.

Sessiya işini müzakirələrlə davam etdirib. Müzakirələrdə regionda inkişafın perspektivlərindən, problemlərin həlli yollarından söhbət açılıb. 

 

*    *    *

 

Dördüncü Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası “Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi” mövzusuna həsr olunub.

İclasa İtaliya Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Antonio Zanardi Landi moderatorluq edib. O, müasir dövrdə bu mövzunun çox aktual olduğunu, son illər Avropada bu məsələ ilə bağlı kifayət qədər problemlər yarandığını vurğulayaraq deyib: “Biz birgə çalışmalıyıq ki, bu məsələlərdə insanlıq amilini ön plana çıxaraq və problemin həllinə nail olaq. Biz çalışırıq ki, miqrasiya məsələsini nəzarətdə saxlayaq. Avropa qurumları da hazırda bu problemin səmərəli həllində çətinlik çəkirlər. Bu, əslində Avropada inteqrasiya məsələsinə ciddi əngəl törədir”.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun, burada müzakirə edilən mövzuların əhəmiyyətindən danışıb. Novruz Məmmədov forumda dünyanı narahat edən bütün məsələlərin müzakirə olunduğunu qeyd edib.

Prezident Administrasiyasının rəsmisi deyib: “Düşünürəm ki, biz gənclərə yaxşı bir miras qoymalıyıq. Onlar bilməlidirlər ki, hansı yolla getsələr daha doğru olar. SSRİ ilə yanaşı, 1990-cı illərdə Varşava Müqaviləsindən sonra yeni bir dünya başlandı. Avropa İttifaqının, Qərbin dünyaya mesajı belə idi: ”Biz sabitlik, təhlükəsizlik şəraitində yaşayacağıq, davamlı inkişafa nail olacağıq". Dünyada nə qədər çətinliklər olsa da, səyləri ortaya qoysaq uğurlu nəticəyə gəlib çıxa bilərik. Biz 25 ildə sabitlik şəraitində davamlı inkişafı təmin etməyi bacardıq. Amma deyə bilmərik ki, 25 il ərzində dünyamız yaxşı dünya olub. Bugünkü dünyamız hazırda daha münaqişəli, problemli dünyadır. 1990-cı illərdən sonra bütün ölkələr düşündülər ki, hər şey yaxşı olacaq, artıq beynəlxalq münasibətlərə ədalətli bir yanaşma gələcək. Amma bu gün Azərbaycana münasibətdə bunu görmək çox çətindir. Bu gün biz dünyada mövcud olan problemlərdən danışırıqsa, onların həllini vacib hesab ediriksə, Varşava Müqaviləsindən sonra ilk yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mütləq yer ayırmalıyıq. Beynəlxalq aləm Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli yanaşma ortaya qoyub bu problemi həll etsə idi, bəlkə də bu gün digər münaqişələrin çoxu baş verməzdi. Varşava Müqaviləsi zamanı bəlkə 10 problem var idisə, bu gün 50-dən çox bu cür münaqişə sadalamaq olar. Azərbaycan kimi dövlətlər ədalətli yanaşma gözləyir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə, digər ətraf 7 rayonu da işğal olunub. Amma bu haqda heç kim danışmaq istəmir. Belə olan halda biz ədalətli bir dünya qura bilərikmi? Bir daha deyirəm ki, beynəlxalq münasibətlərdə bu gün mütləq ədalətli yanaşma olmalıdır. Hazırda dünyada 10-15 aparıcı dövlət var. Bütün proseslər məhz bu dövlətlərin fəaliyyətinə uyğun olaraq gedir. İyirmi beş il ərzində təəssüflər olsun ki, dövlətlər beynəlxalq hüquqdan heç danışmadılar. Bizim üzləşdiyimiz münaqişə ilə bağlı da heç kim “Beynəlxalq hüquq” sözünü işlətmək istəmir. ATƏT-in Minsk qrupunun üç həmsədri heç bir iş görməyə-görməyə bu işin monopoliyasını əlində saxlayır. Hətta digər təşkilatlara tapşırıqlar verirlər ki, siz bu məsələyə qarışmayın. Mənim fikrimcə, bu, bəzi dövlətlərin öz maraqlarını hər şeydən üstün tutması nəticəsində baş verir".

Qaçqın və miqrasiya məsələlərindən danışan Novruz Məmmədov qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində münaqişə nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdi. Amma biz onlar üçün hər cür şərait yaratdıq. Bu gün çoxsaylı Avropa ölkələri qaçqın problemini həll edə bilmir. Miqrasiya hər zaman olub. Bu, diqqəti cəlb edən bir proses olmayıb. Ancaq miqrasiyanın qeyri-adi formasi yalnız müharibələr, münaqişələr nəticəsində ortaya çıxır və kütləvi xarakter daşıyır. Bu gün biz müəyyən geosiyasi proseslərin nəticəsini görürük. Məhz bu proseslərin nəticəsində miqrasiya problemi ortaya çıxıb. Ədalətli yanaşma olarsa böyük dövlətlərin, təşkilatların da maraqlarının həyata keçməsi daha asan olacaq. Bu gün Avropa dövlətlərinin hamısı bu məsələdə öz üzərinə məsuliyyət götürmək istəmirlər. Bu gün Avropa hərtərəfli düşünüb sonra mövqe bildirməlidir. 

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta iclasda çıxış edərək deyib: “Bu məsələ ilə bağlı aparılan bütün müzakirələr, mövcud reallıqlar göstərir ki, miqrant probleminin həlli uzun zaman tələb edir. İlk növbədə qaçqın problemini yaradan amilləri aradan qaldırmaq lazımdır. Problemin həlli yalnız Türkiyə, Yunanıstan və digər ölkələrin öhdəsinə buraxılmamalıdır. Birlikdə səy göstərmək lazımdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu böhran bəzi yerlərdə işsizlik, aclıq kimi problemlər ortaya çıxaracaq. Bu da özlüyündə terrorizmin, dələduzluğun yaranmasına gətirib çıxaracaq. Ona görə də problemin həlli üçün ilk növbədə yanaşmamızı dəyişməliyik. Əks halda Avropa İttifaqının özü üçün də ciddi təhlükə yarana bilər”.

Almaniyanın sabiq Baş naziri Lothar de Maiziere qaçqınlarla bağlı böhranın ölkəsi üçün də başlıca çağırışlardan biri olduğunu söyləyib. O bildirib ki, Almaniya qaçqın problemini birmənalı olaraq həll etmək istəyir. Qaçqın problemi münaqişələrdən qaynaqlanır. Ona görə də sülhün əldə olunması çox vacibdir. Bu gün qaçqın problemi ilə əlaqədar Türkiyənin üzərinə böyük yük düşür. Ona görə də bu ölkəyə kömək etmək Avropa dövlətlərinin borcudur.

Albaniyanın sabiq Prezidenti Rexhep Meidani bildirib ki, bu gün qaçqın böhranı ilə üz-üzə qalan Avropa çıxılmaz vəziyyətdədir. İlk növbədə bu problemi yaradan amillərlə mübarizə aparılmalıdır və insanlar öz doğma vətənlərinə qayıtmalıdırlar. Avropa dövlətləri qaçqınları müxtəlif ölkələrdə yerləşdirməklə məşğul olmaqdansa, münaqişələrin həllinə daha çox diqqət ayırmalıdır.

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaqa Serranno deyib ki, bu gün Latın Amerikasını miqrantlar qitəsi hesab etmək olar. Avropanın bir çox ölkələrindən bizim qitəyə axınlar olub. Əlbəttə, bunun əksi də mövcuddur. Məlumdur ki, bizim qitənin yaxşı yaşamaq istəyən insanları tarixən Avropaya üz tutublar. Amma son illər Avropanın müəyyən ölkələrində yaşanan iqtisadi böhranlar nəticəsində insanlar Cənubi Amerikaya, həmçinin bizim ölkəyə pənah gətiriblər. Bu da özlüyündə ərzaq çatışmazlığı, işsizlik və bu kimi başqa çətinliklər yaradır. Ancaq o da məlumdur və nümunələr var ki, müxtəlif mədəniyyətlərin nümayəndələri necə birgə yaşaya bilərlər. Bunun üçün ilk növbədə insanların qlobal və yerli vətəndaş anlayışını birləşdirmək və vahid konsepsiya ortaya qoymaq lazımdır.

“Exxon Mobile” şirkətinin sabiq vitse-prezidenti Jan Baderşnayder deyib ki, miqrantlar əslində öz ölkələri üçün də ciddi problemlər yaradırlar. Miqrant yola salan ölkələrin büdcəsinə milyonlarla ziyan dəyir. Miqrasiya problemini yaradan əsas məsələlərdən biri də təhsilin, yaşayış səviyyəsinin aşağı olmasıdır.

İclas mövzu ətrafında müzakirələrlə davam edib.

 

*    *    *

 

Dördüncü Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası “Radikallaşma və miqrasiya qlobal təhlükəsizlik çağırışı kimi. Birgə fəaliyyətə necə nail olmalı?” mövzusunda keçirilib.

Panel iclasına Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya moderatorluq edib. O, böyük problemlərin olduğu bir vaxtda insanları sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, miqrasiya və radikallaşma məsələlərinin paralel şəkildə müzakirə edilməsi olduqca əhəmiyyətlidir.

Zlatko Laqumciya dünyada miqrantların qəbulu məsələsindəki ədalətsizlikdən söz açıb. Qeyd edilib ki, bu məsələdə ədalətsizlik hökm sürür. Belə ki, Türkiyədə 25 nəfərə, Avropada isə 100 nəfərə bir miqrant düşür. Bütün bu proseslərin bütövlükdə bir çərçivəyə salınmasının vacibliyini vurğulayan Bosniya və Herseqovinanın sabiq Baş naziri dünyanı bu məsələnin həllində ədalətli olmağa çağırıb.

Macarıstanın sabiq Baş naziri Peter Medeşi miqrasiya problemlərindən danışaraq bildirib ki, bu problemi ölkələrin daxili işlərinə siyasi müdaxilələr nəticəsində yaranmış qeyri-sabitlik və xaos meydana gətirir. O, miqrasiya prosesinin həllində mədəniyyətlərə və ənənələrə hörmət göstərilməsinin vacibliyini qeyd edib. Sabiq Baş nazir, eyni zamanda, məsələnin uzunmüddətli həlli yolunun tapılmasında iştirakçıların eyni masa ətrafına toplaşmasının əhəmiyyətindən danışıb. Peter Medeşi vurğulayıb ki, əvvəlcə müharibələrin qarşısı alınmalı, sabitlik bərpa edilməli, təhlükəsizlik tədbirləri həyata keçirilməli, sənaye istehsalı bərpa olunmalı, yeni institutlar yaradılmalıdır.

Moldovanın sabiq Prezidenti Petru Luçinski miqrasiya məsələsi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etdiyini söyləyib. Bildirib ki, miqrant problemi getdikcə daha da pisləşir. O, cəmiyyətlərdə radikallaşma hallarının artdığını deyib. Bunun bir səbəbinin də miqrant axını olduğunu söyləyən Petru Luçinski radikalizmin qarşısını almaq üçün təsirli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Bu gün dünyanın daha təhlükəli olduğunu söyləyən İsrailin sabiq xarici işlər naziri Tsipi Livni bildirib ki, problemlərin həlli üçün bütün səylər sülhə yönəlməlidir. Bu gün dünyada baş verən mənfi hallar bəşəri dəyərlərə ziddir. O bildirib ki, insanlar sülh, əmin-amanlıq istəyirlər. Biz bu gün gözəl Bakıya, bu vacib foruma məhz qloballaşan dünyada sülhü möhkəmləndirmək istəyi ilə gəlmişik.

Forumun dünyanı maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olduğunu deyən Rumıniyanın sabiq Baş naziri Petre Roman dünyada gücdən istifadə edilməsinin yolverilməz olduğunu deyib. O, qlobal miqrasiya prosesinin həlli istiqamətində görüləcək tədbirlərdən danışıb. Bu məsələnin tezliklə həll edilməsinin vacibliyini qeyd edib.

Panel iclası işini müzakirələrlə davam etdirib.

 

*    *    *

 

Dördüncü Qlobal Bakı Forumunun “Enerji təhlükəsizliyi və qlobal idarəçiliyin perspektivləri nədir?” mövzusunda keçirilən panel iclası Almaniyanın müdafiə nazirinin sabiq müavini, sabiq dövlət katibi, Avropa Enerji və Resurs Təhlükəsizliyi Mərkəzinin direktoru Friedbert Pflügerin moderatorluğu ilə davam edib.

Azərbaycanın energetika naziri Natiq Əliyev iclasda çıxış edərək ölkəmizin enerji ehtiyatları barədə ətraflı məlumat verib. Bir çox ölkələrin enerji problemləri ilə rastlaşdığını söyləyən Natiq Əliyev enerji ehtiyatlarının iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayıb. Avropanın son on il ərzində enerji resurslarını axtarmağa başladığını bildirən nazir Xəzər regionunun Avropa İttifaqı üçün perspektivli məkan olduğunu diqqətə çatdıraraq deyib: “Biz dünyanın enerji xəritəsinə baxsaq görərik ki, enerji bazarı dəyişikliklərə məruz qalır. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu, ölkənin gələcək depozitləri deməkdir. ”Cənub Qaz Dəhlizi" layihəsi əsas amil olaraq Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayır. Bu yaxınlarda Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində enerji nazirlərinin ikinci toplantısı oldu. Bir çox maliyyə institutlarının nümayəndələri bu görüşdə iştirak etdilər və layihənin icrasının hazırkı gedişini yüksək qiymətləndirdilər. Planlaşdırıldığı kimi, istehsal olunan qaz 2018-ci ilin sonunda Türkiyə bazarına çatacaq. Neftin hazırkı qiyməti istehsalçı ölkələr üçün o qədər də əlverişli deyil. Yaxın gələcəkdə neftin qiymətində artım müşahidə edəcəyik. Alternativ enerji barədə danışarkən iqlim məsələlərini nəzərə almalıyıq. Azərbaycan əlverişli iqlimə malikdir. Bu, alternativ enerjinin istehsalı üçün yaxşı imkan deməkdir".

Afrikada enerji ehtiyatlarının gələcək üçün önəmli amillərdən biri olduğunu deyən Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanjo bu istiqamətdə əməkdaşlığı davam etdirməyin əhəmiyyətinə toxunub. Nigeriyanın bütövlükdə Afrikanın ehtiyacı olan enerjinin 50 faizini istehsal etmək gücünə malik olduğunu bildirən Olusegun Obasanjo neftin qiymətini öncədən müəyyən etməyin mümkünsüzlüyünü, hazırkı vəziyyətin istehsalçı ölkələr üçün əlverişli olmadığını diqqətə çatdırıb. OPEK-in neftin qiymətinə təsir edə bilmədiyini söyləyən Nigeriyanın sabiq Prezidenti qiymətlərdəki ucuzlaşmanın uzun müddət davam etməyəcəyini vurğulayıb.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers enerji təhlükəsizliyi məsələsindən danışaraq bunun bütün ölkələrin maraqlarına uyğun olduğunu söyləyib. Enerji təhlükəsizliyinin getdikcə xarici siyasətin əsas prioritetlərindən olduğunu, bunun milli təhlükəsizlik, iqtisadi artım, davamlı inkişaf konsepsiyaları ilə bağlılığını diqqətə çatdıran Valdis Zatlers təhlükəsizliyin daim enerji axınlarından asılı olduğunu söyləyərək deyib: “Enerji təhlükəsizliyi müxtəlif çağırışlarla rastlaşa və enerji mənbələri təcavüzkarların əlinə keçə bilər. Bəzi ölkələr enerjidən xarici siyasətlərinin əsas hissəsi kimi istifadə edə bilərlər. Enerji təhlükəsizliyi, eyni zamanda, sülh naminə əməkdaşlıq üçün də əhəmiyyətli amil ola bilər. İstər istehsalçı, istərsə də istehlakçı ölkələr enerjidən asılıdır. Bu, enerji ətrafındakı əməkdaşlığı gücləndirmək üçün çox vacibdir”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Valdis Zatlers deyib ki, Trans-Adriatik boru kəməri layihəsi enerji ehtiyatlarının şaxələndirilməsi üçün əhəmiyyətli layihədir. Bu layihə həqiqətən də yeni qaz bazarını yaradır.

Serbiyanın keçmiş Baş naziri Mirko Svetkoviç enerji ehtiyatları ilə bağlı müxtəlif ölkələrdə fərqli yanaşmaların olduğunu söyləyib. Ölkəsində enerji təhlükəsizliyinin ən yüksək yerdə olduğunu söyləyən keçmiş Baş nazir TAP boru kəmərinin Azərbaycan ilə Avropanı daha da yaxınlaşdıracağını bildirib, bəzi ölkələrdəki mövcud ekoloji problemlərdən danışıb.

Panel iclası maraqlı müzakirələrlə başa çatıb.

 

*    *    *

 

Qlobal Bakı Forumu çərçivəsində “İnsan hüquqlarının qlobal təşviqi və gender məsələləri ilə bağlı məlumatlılığın artırılması” mövzusunda keçirilən panel iclasına Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko moderatorluq edib.

Qadın hüquqları barədə qəbul edilmiş beynəlxalq sənədlərdən danışan Katerina Yuşşenko bu sənədlərdə gender bərabərliyinin təmin edilməsinin zəruriliyinin vurğulandığını söyləyib. Ayrı-seçkiliyin yolverilməz olduğunu deyən Katerina Yuşşenko qadınların cəmiyyətdə rolunun artırılması üçün şərait yaradılmasının önəmini qeyd edib.

XX əsrin son rübündə insan hüquqları, demokratiyanın bərqərar olması sahəsində dünyada böyük irəliləyişlərin müşahidə edildiyini söyləyən moderator 1974-cü ildən 2006-cı ilədək olan dövrdə demokratik dövlətlərin sayının artdığını diqqətə çatdırıb. O, qadınların hüquqları sahəsində də inkişafın özünü göstərdiyini, təhsil, mədəniyyət, biznes və digər sahələrdə onların rolunun artdığını bildirib. Sabiq birinci xanım bununla yanaşı, bu sahədə hələ də problemlərin mövcud olduğunu, panel iclasında məhz bu problemlərin həlli yollarının müzakirə ediləcəyini söyləyib.

Belarusun sabiq Prezidenti Stanislav Şuşkeviç ölkəsinin qadın hüquqları ilə bağlı bütün sənədlərə qoşulduğunu bildirib. Demokratik cəmiyyətlərdə qadın hüquqlarına hörmət olunduğunu qeyd edən sabiq Prezident bildirib ki, Belarusda gender bərabərliyi təmin olunur. Bununla yanaşı, o, Belarus parlamentində qadın təmsilçilərin az olduğunu söyləyib, seçkilərdə qadın namizədlərin fəallığının kifayət qədər yüksək olmadığını diqqətə çatdırıb.

Kolumbiyanın sabiq Prezidenti Andres Pastrana qadınların cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində daha çox iş görülməsinin vacibliyini qeyd edib. O bildirib ki, qadın daxili baryerləri aşaraq siyasi və adi həyatda malik olduğu qüvvəsini tam anlamalıdır. Bunun üçün təhsildə, mədəniyyətdə, siyasi proseslərdə iştirak əsas amillərdir.

Son vaxtlar siyasi proseslərdə iştirak edən qadınların sayının artdığını vurğulayan Andres Pastrana onların imkanlarından daha çox istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Madaqaskarın sabiq Baş naziri Jean Omer Beriziki ölkəsində qızların 70 faizinin təhsildən kənarda qaldığını, onların çox erkən yaşda ailə qurduqlarını söyləyib. Madaqaskarda dövlət və hökumət orqanlarında çalışan qadınların statistikası barədə məlumat verən Jean Omer Beriziki hazırda hər hansı dövlət qurumunun rəhbərinin qadın olmadığını təəssüflə qeyd edib. O, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasında  medianın böyük rol oynadığını vurğulayaraq bildirib ki, bu, müxtəlif proqramlar, seminarlar vasitəsilə təbliğ edilməlidir. Qadın hüquqlarının vəziyyətinə dair monitorinqlər keçirilməlidir.

Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi son vaxtlar dünyada qadınların əldə etdikləri nailiyyətlərə çox sevindiyini bildirib. O, qadınların ictimai-siyasi həyatda fəallığının artırılmasının önəmini qeyd edib və deyib ki, bu istiqamətdə maneələr tam aradan qaldırılmalıdır.

İclas diskussiyalarla davam edib.

 

*    *    *

 

Forum çərçivəsində keçirilən və maraqlı müzakirələrlə yadda qalan panel iclaslarından biri də “Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr edilib.

İclasda Azərbaycan, Kanada, Pakistan, ABŞ, Qırğızıstan, İndoneziya, Makedoniya, Türkiyə və Filippindən gənc liderlər çıxış ediblər.

Gənc liderlərin dünyadakı roluna həsr olunan panel iclasında qlobal problemlər, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları müzakirə edilib.  

İclasda çıxış edən gənclər forumda müzakirə edilən məsələlərin böyük önəmə malik olduğunu deyiblər. Dünyada baş verən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində gənclərin də fikirlərinin, ideya və təkliflərinin öyrənilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, Bakı Forumunda müzakirə olunan məsələlər dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. Bir sözlə, dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət edən bu forumun uğurlu nəticələri olacaq.

İclasda gənc liderlər dünyanın qaynar nöqtələrində davam edən gərginliklər, beynəlxalq terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizə, qaçqın problemi, enerji bazarındakı qeyri-sabitlik və bununla əlaqədar yaranan iqtisadi çətinliklər, multikultural dəyərlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Yaranmış vəziyyətdən çıxış yolları ilə bağlı gənc liderlərin səsləndirdikləri ideya və təkliflərin nəzərə alınmasının önəmi qeyd edilib.

 

İclasda çıxış edən gənclər forumda müzakirə edilən məsələlərin böyük önəmə malik olduğunu deyiblər. Dünyada baş verən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində gənclərin də fikirlərinin, ideya və təkliflərinin öyrənilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, Bakı Forumunda müzakirə olunan məsələlər dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. Bir sözlə, dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət edən bu forumun uğurlu nəticələri olacaq.

İclasda gənc liderlər dünyanın qaynar nöqtələrində davam edən gərginliklər, beynəlxalq terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizə, qaçqın problemi, enerji bazarındakı qeyri-sabitlik və bununla əlaqədar yaranan iqtisadi çətinliklər, multikultural dəyərlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Yaranmış vəziyyətdən çıxış yolları ilə bağlı gənc liderlərin səsləndirdikləri ideya və təkliflərin nəzərə alınmasının önəmi qeyd edilib.

 

*    *    *

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumu çərçivəsində “Qeyri-bərabər bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə: Necə?” adlı panel iclasına Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Alexandr Likhotal moderatorluq edib.

BMT baş katibinin sabiq müavini Noelen Heyzer iclasda çıxış edərək bildirib ki, dünya hazırda həmişəkindən daha zəngindir. Bu forumda daha çox təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılır. Lakin iqtisadi bərabərsizlik də diqqətdən kənarda qalmamalıdır. Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim hamımızın yaşadığı yeganə bir planetimiz var. Yoxsulluq və iqtisadi bərabərsizliyi aradan qaldırmaq üçün yeni yollar axtarılmalıdır. Milyonlarla insan çətin şəraitdə yaşayır. Dövlətlər bu sahədə müəyyən işlər görməlidirlər.

İclasda çıxış edən Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç deyib ki, dövlətlərin inkişafındakı qeyri-bərabərlik münaqişələrin əsasını təşkil edir və bu, bütün regionlara təsir göstərir. Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, münaqişələrə, hətta inqilablara gətirib çıxarır. Bərabərsizliyin dini, siyasi, iqtisadi təsirləri olur. Biz bərabərsizliyin aradan qaldırılması yollarını tapmalıyıq. Yoxsa, bizim vahid planetimizdə daha əndişəli hadisələrin şahidi ola bilərik.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku texnologiyanın inkişafının insanlara təsirindən danışıb. İyirminci əsrin ikinci yarısında bir çox ölkələr müstəqillik barədə düşünürdülərsə, indi qlobal güclərin iqtisadi, siyasi, bəzi hallarda isə dolayısı ilə hərbi təzyiqlərinə məruz qalıb və bunlardan əziyyət çəkirlər. Dünyada indi ciddi ziddiyyətlər mövcuddur. Dövlətlər bu ziddiyyətləri aradan qaldırmaq üçün konsensusa gəlməli, təhdid və təzyiqlərə son qoymalıdırlar. Hamının bizim vahid evimiz olan Yer kürəsində dinc, firavan yaşamaq hüququ var.

Panel iclası sonra mövzu ətrafında müzakirələrlə davam edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında