Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə fevralın 25-də Kişineuda Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyası və Moldovanın İctimai Palatası ilə birgə Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən elmi konfrans keçirilib.
Konfrans maraqlı çıxışlar və müzakirələrlə yadda qalıb.
Tədbirdə Moldova Respublikası Hökuməti yanında Dövlət İdarəetmə Akademiyasının birinci prorektoru Andrey Qroza, bu ölkənin sabiq müdafiə naziri, politoloq, fəlsəfə doktoru Viorel Çebotaru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva, Moldova Respublikasının sabiq insan hüquqları üzrə müvəkkili (ombudsman), Moldova İctimai Palatasının prezidenti Aurelia Qriqoriu, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev çıxış ediblər.
Məhsəti Əliyeva AZƏRTAC-a bildirib ki, tədbirdə, həmçinin Moldova Respublikası Hökuməti yanında Dövlət İdarəetmə Akademiyasının dinləyiciləri, dövlət orqanlarının təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatlar, QHT nümayəndələri, elmi ictimaiyyət, diaspor nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda olduğu kimi, Moldovada da Dnestryanı bölgədə separatçılarla bağlı problem mövcuddur. XX əsrin 80-90-cı illərində həm Moldovanın Dnestryanı bölgəsində, həm də Azərbaycanın Qarabağ bölgəsində hər iki ölkənin taleyinin çətin dövründə bu bölgələrin əhalisinə xaricdən olan dəstəklə qanuni hakimiyyət güclə devrilib və həmin dövlətlərin konstitusiyasına zidd olaraq, qeyri-qanuni rejim yaradılıb. Bu iki münaqişə arasında oxşarlıq çoxdur, ölkələrin hər ikisində olan separatçıları kənardan ruhlandıran və silah-sursatla kömək edənlər var. Qeyd olunanlar Moldova Respublikasında ərazi münaqişələri ilə bağlı problemlərin müzakirəsinin aktuallığını təsdiq edir.
Konfransı Moldova Respublikası Hökuməti yanında İctimai İdarəetmə Akademiyasının birinci prorektoru Andrey Qroza açıb və ərazi münaqişələri haqqında danışaraq Xocalı soyqırımına da toxunub.
Azərbaycanın Moldovadakı səfirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Moldova ictimaiyyətinə çatdırmaq üçün çox fəal çalışır: münaqişə ilə bağlı kitabların buraxılmasına dəstək verilir, onların təqdimatı keçirilir, KİV-də məqalələr dərc edilir, ictimaiyyətdə təbliğat aparılır və digər işlər görülür.
Konfransda çıxış edən səfir Namiq Əliyev Xocalı faciəsinin xalqımızın xatirəsində silinməz iz qoymasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərindən, ermənilərin iddialarının əsassız olduğundan, Xocalıda əsl soyqırımı həyata keçirdiklərindən söz açıb və hüquqi nöqteyi-nəzərdən Azərbaycanın haqlı olduğunu əsaslandırıb. O, iştirakçıların suallarını cavablandırıb.
Sonra Moldovanın keçmiş müdafiə naziri Viorel Çebotaru insanlığa qarşı cinayətin hüquqi-siyasi qiymətləndirilməsinə dair məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva çıxışında erməni terrorçularının Azərbaycana qarşı işğal və soyqırımı siyasətinin görünməmiş qəddarlıq, insan haqlarının kobud şəkildə pozulması və antihumanist aktlarla müşayiət edilən, beynəlxalq hüquq normalarına zidd olan tərkib hissəsi olduğunu vurğulayıb. O, bu faciənin erməni millətçilərinin XX əsr boyu Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinə daha bir nümunə olduğunu və bu siyasətin köklərinin uzaq keçmişə gedib çıxdığını deyərək, arxivdə saxlanılan işlərin nömrələrini və səhifələrini auditoriyanın diqqətinə çatdırıb, nüfuzlu beynəlxalq təşkilatları obyektiv mövqe tutmağa, bu soyqırımını bir daha müzakirə etməyə çağırıb və onu törədən cinayətkarların layiq olduqları cəzaya çatması üçün səyləri artırmağın zəruriliyini qeyd edib.
Məhsəti Əliyeva bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınması işinə böyük töhfə verib. Fondun aksiyası 2008-ci ildən başlayaraq dünyanın bir çox ölkələrində, beynəlxalq təşkilatların ofislərində, o cümlədən Cenevrədə BMT-nin qərargahında keçirilib. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Xocalı həqiqətlərini yaymaqla erməni təbliğatına zərbə vurub. Bu kampaniya nəticəsində 2010-cu ildə 51 dövlətin təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının qəbul etdiyi sənədə əsasən Xocalı soyqırımı bəşəriyyətə qarşı yönələn cinayət kimi tanınıb. Xocalı soyqırımını Pakistan, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika, Honduras, Qvatemala, Peru, Kolumbiya, Panama, Sudan parlamentləri tanıyıb. ABŞ-ın 21 ştatı Xocalı soyqırımına dair qətnamə qəbul edib.
Sonra Moldova İctimai Palatasının prezidenti Aurelia Qriqoriu “Xocalı soyqırımı Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir” mövzusunda çıxış edib. O qeyd edib ki, bu təcavüz insan haqlarının təməl prinsiplərinin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının kütləvi pozulması ilə müşayiət olunub.
İctimai Palatanın prezidenti AŞPA-da britaniyalı deputat Robert Uolterin qətnaməsinin qəbul olunmamasında Moldova deputatlarının da günahı olduğunu bildirib. O deyib ki, dörd Moldova deputatından yalnız biri AŞPA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamənin qəbulunun lehinə səs verib. A.Qriqoriu konfrans iştirakçılarına belə bir sualla müraciət edib: “Nəyə görə Moldova - dondurulmuş münaqişəsi olan ölkə bu cür qətnamələrin qəbulunda bitərəf qalır?” O, dövlətlərin ərazi bütövlüyü kimi mövzunun müzakirəsi zamanı susmaq və ya bitərəf qalmaqla Moldovanın özünü daha bir neçə separatçı qurumla üzləşmək təhlükəsi altında qoyduğunu bildirib.
İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalı soyqırımından danışaraq, bu gün Ermənistanda yüksək vəzifələr tutan S.Sarkisyan, S.Ohanyan, R.Koçaryan və Xocalı soyqırımının digər təqsirkarlarının beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu vurğulayıb.
Ümumiyyətlə, yüksək səviyyədə keçən konfransda iştirakçılar problemlə bağlı sərgidə nümayiş olunan kitab və broşürlərə böyük maraq göstərdilər. Tədbirdə “Xocalıya ədalət!” şüarı altında Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan kitab sərgisi təşkil edilib. Konfransın sonunda burada olan kitablar, broşürlər, qəzetlər, digər materiallar tədbir iştirakçılarına paylanılıb.
Səfirlik və İctimai Palatanın təşəbbüsü ilə tədbirdə Moldova ictimaiyyətinə Xocalı soyqırımını tanıtmaq məqsədilə “Xocalıya ədalət!” çağırışına imzatoplanma kompaniyası da keçirilib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.