Fevral ayı Azərbaycan, bizim yerləşdiyimiz region və ümumilikdə, bütün dünya üçün çox mühüm hadisələrlə yadda qaldı. Çünki dünyanın iki ən qüdrətli dövləti - ABŞ və Rusiya müxtəlif səbəblər üzündən yaranmış münaqişələr nəticəsində on minlərlə insanın həlak olduğu, yüz minlərlə sakinin qaçqın-köçkün taleyi yaşadığı, aylardan bəri od yağan Suriyada atəşkəsin elan edilməsi barədə razılığa gəldilər. Avropa ölkələrini təmsil edən konfliktoloqlar dönə-dönə yazmışdılar ki, bu münaqişə Asiyada davam etsə də, daha çox Avropanı zərərdidəyə çevirmişdir. Suriyada atəşkəs rejiminin yaradılması təklifini ən çox dəstəkləyən və həmin razılaşmanı ən tez alqışlayan liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. Çünki münaqişənin xalqın və dövlətin həyatına vurduğu zərbələrin ağrısını ən çox yaşayan ölkələrdən biri də Azərbaycandır.
İlin ikinci ayında konkret olaraq Azərbaycan və İran İslam Respublikası üçün hamının birmənalı şəkildə mükəmməl uğur kimi qəbul etdiyi siyasi hadisələrdən biri də Prezident Həsən Ruhaninin dəvəti ilə Prezident İlham Əliyevin Tehrana rəsmi səfərə getməsi oldu. Bəzi ekspertlər dövlət başçımızın orada apardığı səmərəli danışıqları, dövlətimizin və xalqımızın maraqlarına cavab verən 11 mühüm sənədin imzalanmasını, eləcə də, regional əməkdaşlığın yeni formatının yaradılması barədə razılığa gəlinməsini Bakı və Tehranın əməkdaşlığı üçün mühüm siyasi uğur adlandırırlar.
Digər ekspertlər isə qeyd edirlər ki, Bakı ilə Tehran arasındakı uğurlu siyasi əməkdaşlığın təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən qoyulmuş və sonrakı illərdə sürətlə inkişaf etdirilmişdir. Indi təməli qoyulan proseslər isə beynəlxalq aləmi bürüməkdə olan iqtisadi böhran fonunda hər iki ölkədə mühüm iqtisadi inkişaf tempinə səbəb olacaq əməkdaşlığın formalaşdırılmasını təmin edəcək. Ekspertlərin bu proqnozları səsləndirməsindən cəmi bir həftə sonra baş verən proseslər sübut etdi ki, dövlət başçımızın Tehran səfəri zamanı imzalanan sənədlər təkcə Azərbaycan və İran üçün deyil, eləcə də Rusiya Federasiyası üçün mühüm iqtisadi önəm kəsb edir. Bu barədə bir az sonra söz açacağıq.
Fevralın 23-də Tehranda aparılan danışıqlardan və sənədlərin imzalanmasından sonra mətbuat üçün bəyanatla çıxış edən Prezident Həsən Ruhani region ölkələrinin (Ermənistan istisna olmaqla) demək olar ki, hamısını qane edəcək bir fikir səsləndirmişdi: “Biz bugünkü görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bu formatlara daxildir: İran - Türkmənistan -Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan -Türkiyə”. İlk olaraq Rusiya mətbuatından əks-səda gəldi: “Olduqca mühüm sənəddir.”
Bu da təbiidir. Çünki on illər boyu iqtisadi sanksiyalar altında yaşayan İran İslam Respublikasının iqtisadiyyatının dirçəldilməsinin yolu bu ölkənin təbii sərvətlərinin Azərbaycandan keçərək Rusiya vasitəsilə Avropa bazarına çıxarılmasıdır. Bu yol ilk növbədə İrana, sonra isə tranzit ölkə olaraq Azərbaycan və Rusiyaya külli miqdarda səmərə gətirəcəkdir. Həmin məsələyə münasibət bildirən Prezident İlham Əliyev Tehrandakı bəyanatında demişdir: “Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik”.
Fevralın son günlərində baş verən hadisələr, daha doğrusu, eşitdiyimiz xəbərlər dövlət başçımızın Tehran səfərinin region və dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyevin fevralın 25 və 26-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, 27-də isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə apardığı telefon danışıqları bir daha sübut etdi ki, Azərbaycan, sözün həqiqi mənasında, regionda sülhün, bərabərhüquqlu əməkdaşlığın və sosial-iqtisadi inkişafın formalaşdırılmasına öz töhfələrini vermək iqtidarında olan ölkədir. İran Prezidenti Həsən Ruhani ilə telefon söhbətində iki ölkə arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd edən dövlət başçımızın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsini davam etdirdiyi bildirilir.
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, İran Prezidenti Administrasiyası Həsən Ruhaninin Azərbaycan Prezidenti ilə telefon danışıqlarına dair yaydığı rəsmi məlumatda iki ölkə arasında bütün istiqamətlərdə strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasının qərara alındığını açıqlayıb. Məsələn, İran televiziyalarından birinin məlumatına əsasən, İlham Əliyevlə telefon danışıqları zamanı Həsən Ruhani Azərbaycan və İranın “ bütün sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün” addımlar atıldığını qeyd edib. Dost ölkə Prezidenti deyib: “İslam Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhlkəmləndirilməsini alqışlayır.”.
İran Prezidentinin sözlərinə görə, Azərbaycan dövlət başçısının Tehrana etdiyi son səfər zamanı əldə edilmiş razılaşmaların yerinə yetirilməsi iki ölkə arasında ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək. Ruhani həmçinin ifadə edib ki, bu razılaşmalar İran, Azərbaycan və Rusiya arasında, xüsusən, tranzit, energetika və ticarət sahəsində birgə əməkdaşlıq üçün zəmin yaradacaq. Prezident İlham Əliyev də Azərbaycan, Rusiya və İranı birləşdirəcək Şimal-Cənub dəmir yolunun tikintisinin sürətləndirilməsinin vacibliyini bildirib.
Xatırladaq ki, bu nəqliyyat dəhlizi ildə 7 milyon ton yük və 1, 4 milyon sərnişin daşımağa imkan verəcək. Dəhlizin açılması üçün İran tərəfi Astara - Rəşt -Qəzvin dəmir yolunun tikintisini başa çatdırmalıdır. Şimal-Cənub dəhlizi barədə razılaşma Azərbaycan, İran və Rusiya arasında hələ 2005-ci ildə əldə edilib. 2009-cu ildə üç ölkə layihəni həyata keçirmək üçün birgə müəssisə yaradıb.
İran mətbuatı yazır ki, Prezident İlham Əliyevin Prezident Həsən Ruhani ilə ardıcıl olaraq iki gün telefon əlaqəsi saxlaması onun Rusiya Prezidenti ilə telefon danışıqları arasında birbaşa əlaqə olub. Başqa sözlə, Azərbaycan Prezidenti İranda əldə edilmiş razılaşmaları, o cümlədən, Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsinə və çox güman ki, energetika sahəsində birgə əməkdaşlığa dair razılaşmalar barədə Putinə də məlumat verib. Çünki söhbət üç ölkənin ortaq maraqlarından gedir.
İranlı həmkarlarımız daha bir maraqlı məqama da toxunurlar: “Rusiyanın ”Qazprom" şirkəti İranla qaz mübadiləsinə dair təkliflər verib. “Qazprom” İrana ildə 10 milyard kubmetrə qədər qaz verməyə, əvəzində Fars körfəzində eyni həcmdə İran qazını qəbul edib bazara çıxarmağa hazırdır. İranın bu qaz nəqli üçün yetərli infrastruktura malik ölkə isə Azərbaycandır. Xatırladaq ki, İranla Azərbaycan arasında neft sahəsində də belə əməliyyatlr reallaşdırılacaq. Beləliklə, tam qənaət yaranır ki, Azərbaycan Prezidentinin İranla əldə edilmiş razılaşmalara dair Putinlə dalbadal telefon danışıqları apardıqdan sonra yenidən İran Prezidenti ilə əlaqə saxlamaq zərurəti yaranıb. Nəticədə isə məlum olur ki, bölgədə İran-Azərbaycan- Rusiya üçtərəfli strateji tərəfdaşlığının təməli qoyulub.Təbii ki. bu fakt ilk növbədə Ermənistanı ciddi narahat edəcək. Amma bu, başqa yazının mövzusudur.
Azərbaycan Prezidentinin Tehrana səfərinin nəticələri barədə həm dövlət rəsmilərimizin, həm də qardaş ölkədəki həmkarlarımızın dediklərindən bəzi məqamları qələmə aldıq. Yazının sonluğu üçün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmilərindən birinin mülahizələrini də qeyd etməyi vacib saydıq. Axı, istənilən iki ölkə arasındakı yüksək əməkdaşlığın formalaşdırılmasında diplomatların xidməti də danılmazdır. Bu məqsədlə səfirliyin Bakıdakı Mədəniyyət Mərkəzinin direktoru, doktor İbrahim İbrahimiyə müraciət etdik. Doktor qəzetimizin suallarına gözlədiyimizdən qat-qat maraqlı cavablar verdi:
– Hərdən jurnalistlər mənə deyirlər ki, nə üçün Prezident cənab İlham Əliyevin Tehran səfəri zamanı mədəni əməkdaşlıq barədə sənəd imzalanmadı? Mən isə cavab verirəm ki, imzalanmış sənədlərin hamısı dolayısı ilə həm İranın, həm də Azərbaycanın mədəniyyətinin daha sürətlə inkişafına xidmət edəcək. Çünki həm imzalanmış 11 sənəd, həm də sonradan razılaşdırılmış - yaxın zamanlarda imzalanması gözlənilən başqa bir saziş bilavasitə ölkələrin iqtisadi durumunun, insanların sosial-rifahının yaxşılaşdırılmasını təmin edəcək. Yüksək iqtisadi durum isə ilk növbədə mədəniyyətin, təhsilin və elmin inkişafını təmin edir. Bu, bütün ölkələrdə belədir.
* * *
– Yaxud, imzalanmış sənədlərdən biri terrorizmə və bu kimi əməllərə qarşı birgə mübarizənin sürətləndirilməsi haqqındaddır. Hamı bilir ki, regionda bu istiqamətdə ən geniş mübarizə aparan da, ən çox zərərdidə olan da Azərbaycanla İrandır. Hətta İranın yaxın tarixində Xocalı faciəsinin tam oxşarı olan Hələbtsə faciəsi də vardır.Yəni biz gerizəkalılığın törətdiyi bu qəbil hadisələri önləmək üçün birgə mübarizəyə atılırıqsa, deməli, Azərbaycan və İran mədəniyyət abidələrinin bir daha ayaq altında qalmamasına çalşırıq.
* * *
– Prezident İlham Əliyevin Tehran səfərindən sonra razılaşdırılmış “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi barədə saziş haqqında oxudum ki, o sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edəcək. Bir xalqın öz dövlətinin ərazi bütövlüyünü bərpa etməsinin nə boyda mədəniyyət nümunəsi olduğunu söyləməyə ehtiyac yoxdur.
* * *
– Tehranda dövlət başçılarının görüşündən sonra Prezident İlham Əliyevin İranın Ali Dini lideri Ayətullah üzma Seyid Əli Xamneyi ilə də görüşü olmuşdu. Orada Ağeyi Xamneyi dedi ki, Azərbaycan xalqı böyük alimlər, fikir sahibləri yetirmiş xalqdır, Azərbaycan ölkəsi isə hüşyar insanlar ölkəsidir. Bizim ali dini rəhbərimiz Azərbaycan ölkəsi və xalqı haqqında bu fikirləri səsləndirirsə, onda İranın Azərbaycan mədəniyyətinə münasibəti göz qabağındadır. Yeri gəlmişkən, mən onu da qeyd edim ki, Ağeyi Xamneyinin ötən il Avropa gənclərinə ünvanladığı ikinci məktubu Azərbaycanda da böyük maraqla qarşılanmışdı. Siz də həmin məktubun bəzi hissələrini internet vasitəsilə yaymışdınız (burada “Xalq qəzeti” deyil, məqalənin müəllifi nəzərdə tutulur -red.) . Orada belə bir cümlə var idi: “Mədəni bağlılıqlar təbii olaraq və cəmiyyətin qəbul etdiyi şəkildədirsə, onda inkişafa səbəb olur.” Allaha şükür ki, Azərbaycanla İranın mədəni bağlılıqları məhz bu şəkildədir. Yəni Azərbaycan mədəniyyəti ilə İran mədəniyyəti elə şəkildə bir-birinə bağlanıb ki, artıq bu ölkələr arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün hansısa rəsmi sənədə ehtiyac yoxdur.
* * *
– Bilavasitə bizim mərkəzin əməli işlərinə gəlincə isə, bizim özümüzün də Azərbaycan tərəfi ilə razılaşdırılmış, fəqət dövlət səviyyəsində olmayan iki sənədimiz var ki, onlar da yaxın vaxtlarda imzalanacaq. Əminəm ki, bu sənədlər prezidentlərimizin yaratdığl qardaşlıq ab-havasına bizim töhfəmiz olacaq. Ancaq o sənədlər imzalanmamışdan da biz Azərbaycan mədəniyyət xadimlərinin İranda, İran mədəniyyət xadimlərinin isə Azərbaycanda geniş şəkildə təbliğ edilməsi istiqamətində çoxsaylı işlər görmüşük. İndi söhbət dövlət başçılarının görüşündən getdiyinə görə onları saymaq istəmirəm.
* * *
– Amma, bir məqamı qeyd edim. Prezidentlər artıq ikitərəfli əməkdaşlıq formatını üçtərəfli formatla dəyişdilər. Məmnunluqla qeyd edirəm ki, bizim də belə bir layihəmiz var. Belə ki, Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin İrandakı və Gürcüstandakı anoloji musiqi kollektivləri ilə birlikdə möhtəşəm konsertini təşkil edəcəyik. İlk konsertin Tbilisidə olacağını planlaşdırırıq. Yəni, dövlətlərimizin və prezidentlərimizin götürdüyü istənilən siyasi kurs bütün azərbaycanlılar kimi iranlılar tərəfindən də yüksək səviyyədə dəstəklənir.
* * *
Sonda həmsöhbətimizin timsalında dost və qardaş ölkənin bütün sakinlərini parlament seçkilərində nümayiş etdirdikləri mütəşəkkilllik, prinsipiallıq və uğurlu nəticələr münasibətilə təbrik edirik!
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.