Rəsmi Bakı vasitəçilikdə tərəfsizliyi mühüm amil sayır Azərbaycan sülhsevər ölkədir. Həyata keçirdiyi xarici siyasət, regional və qlobal enerji və təhlükəsizlik problemlərinin həllində atdığı addımlar və dəstəklədiyi layihələr məhz belə deməyə əsas verir. Lakin Qərb ilə Şərq arasında çox vacib rol oynayan Azərbaycanın verdiyi töhfələri gözardı etməyə çalışan siyasi dairələr var və belə qüvvələrin ABŞ-da da olması böyük təəssüf doğurur. Söhbət ABŞ-da hakimiyyətdə olan demokratlardan, daha doğrusu, yeni iqtidarın Birləşmiş Ştatların strateji müttəfiqinə çevrilmiş Azərbaycanın maraqlarına zidd mövqe tutmasından gedir.
ABŞ -Azərbaycan münasibətlərinin tarixi çox deyil. Buna baxmayaraq, ötən müddət ərzində hər iki ölkə rəhbərliyi tərəfindən atılmış addımlar sayəsində münasibətlər qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasını, o cümlədən sülhməramlı əməliyyatların həyata keçirilməsini özündə birləşdirən strateji xarakter almışdır. Avrasiyada geosiyasi panoramı dəyişdirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin reallaşdırılmasını nümunə kimi göstərmək olar. Lakin son zamanlar ABŞ rəhbərliyinin atdığı addımların rəsmi Vaşinqtonun Azərbaycanla strateji müttəfiqliyinin ruhuna uyğun gəlmədiyini və daha çox ikili standartlara uyğun gəldiyini müşahidə etmək mümkündür. Demokrat Partiyasının hakimiyyətə gəlməsindən sonra bu mənfi hal qabarıq seçilir və yeni iqtidarın xarici siyasətində bas vermis dəyisikliklər Azərbaycanda narazılıqla qarşılanır.
Əslində ABŞ-ın Azərbaycana yanaşmasında ikili standartların olmasını həmişə müşahidə etmək olar. 18 ildir qüvvədə olan "Azadlığa dəstək aktı"na 907-ci düzəliş buna əyani sübutdur. Azərbaycanın təcavüzə məruz qalmasına və torpaqlarının işğal olunmasına baxmayaraq, 907-ci düzəliş hələ də ABŞ hökumətinin masası üstündə qalır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, 907-ci düzəlişin qəbul edilməsində demokrat konqresmenlər böyük rol oynamışdılar. Təcavüzkarın başını sığallayaraq ədalətsiz olaraq Azərbaycana birbaşa yardımı qadağan edən düzəlişi Konqresdən keçirən demokratlar arasında, təəssüf ki, bu gün ABŞ hökumətinin siyasətini formalaşdıran siyasətçilər də var. O zaman senator kimi, indisə ABŞ-ın vitse-prezidenti kimi fəaliyyət göstərən Cozef Baydenin həmin uzdəniraq düzəlişin qəbul edilməsində xüsusi fəallıq göstəməsini də qeyd etməmək olmur. Belə bir yüksək vəzifəli ABŞ siyasətçisinin hələ sovetlər dönəmindən qondarma erməni soyqırımı məsələsinə dəstək verməsini və hətta 907-ci düzəlişi dəstəkləməsini demokratların Türkiyə və Azərbaycana olan "isti" münasibətlərinin təsdiqi kimi ön plana çıxarmaq olar. Bu gün həmin demokratların canfəşanlığının nəticəsidir ki, Ermənistan işğalçı siyasətini davam etdirir.
Təəssüf ki, indiyədək həmişə Azərbaycanın böyük regional nüfuzunu vurğulayan ABŞ iqtidarları heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı şəkildə təcavüzə məruz qalmış Azərbaycanın haqlı mövqeyindən çıxış etməyiblər. Regional inkişafa böyük təkan verən layihələrin reallaşmasında böyük rol oynamasına baxmayaraq, İraq və Əfqanıstan əməliyyatlarında fəal kömək göstərməsinə rəğmən, rəsmi Vaşinqton haqlının tərəfini tutmasıyla yox, işğalçının nazıyla oynamasıyla yadda qalıb. Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə formal neytrallıq və bitərəflik nümayiş etdirirdi. Hərçənd ki, Azərbaycana qarşı 907-ci düzəlişin hələ də qüvvədə qalmasını neytrallıq kimi qiymətləndirmək düzgün olmaz. Ümumiyyətlə, bu məsələyə neytral yanaşmanı da ədalətli saymaq çətindir, çünki ərazisinin 20 faizinin işğal olunduğu Azərbaycanla, işğalçı Ermənistana bərabər yanaşmaq nə hüquqi, nə də mənəvi baxımdan doğrudur.
İndiyədək rəsmi Vaşinqton bu mövqeyini ATƏT-in Minsk qrupunun həmsədr olmasıyla, vasitəçilik edən tərəfin istənilən halda neytral mövqedə dayanmasının zəruriliyilə izah edirdi. Bu gün isə rəsmi Vaşinqtonun birmənalı olaraq ədalətsiz mövqe tutmasının şahidi oluruq. Yəni vasitəçi ABŞ işğalçı erməniləri dəstəkləməyə başlayıb. Belə ki, Barak Obama hökumətinin dünyada qəbul edilmiş vasitəçilik prinsipini kobudcasına pozduğunu görürük. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçısının münaqişə tərəfinin birilə, özü də işğalçı dövlətlə müzakirələr və məsləhətləşmələr aparmasını məhz belə qiymətləndirmək olar. Halbuki bu günədək ATƏT-in Minsk qrupunun digər üzvləri olan Rusiya və Fransa liderləri münaqişə tərəflərilə apardıqları müzakirələrdə iki və ya üçtərəflilik prinsipini pozmayıblar.
Bundan başqa, keçirilən görüşlər haqqında həmsədr dövlətlərdə də tam təfərrüatıyla məlumatın olması üçün danışıqlar prosesində Minsk qrupunun digər həmsədr ölkələrinin təmsilçiləri də iştirak ediblər. İndisə Obama hökuməti Ermənistanla birtərəfli qaydada müzakirə apararaq, neytrallıq mövqeyinə zərbə endirir. Yəni Ağ ev sahibinin münaqişə tərəflərindən yalnız biri, xüsusilə də işğalçı tərəf olan Ermənistan prezidentilə görüşməsi, münaqişənin digər tərəfini bu danışıqlar prosesindən kənar saxlaması, üstəlik, danışıqların mahiyyəti barədə Azərbaycan rəhbərliyinə, o cümlədən həmsədr ölkə nümayəndələrinə məlumat verməməsi rəsmi Bakıya tam haqlı olaraq ABŞ-ın neytral və obyektiv vasitəçilik mövqeyinə şübhə ilə yanaşmasına əsas verir.
Sual oluna bilər: Obama administrasiyasını belə bir mövqe tutmağa hansi amillər vadar edir? Hadisələrin inkişafı göstərir ki, ABŞ hökumətinin bütün səyləri və imkanları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, regionda sülh və sabitliyin bərpasına deyil, yalnız ağır iqtisadi böhran içində çabalayan işğalçı Ermənistanın xilasına yönəlib. Faktlar belə deməyə əsas verir. 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş verən münaqişədən sonra Ermənistanın Rusiya ilə əlaqəsinin kəsilməsinin işğalçı ölkədə ağır sosial-iqtisadi nəticələrə gətirib çıxardığını okeanın o tayındakılar da diqqətlə izləyirlər. Bu gün aydındır ki, dünya maliyyə böhranı şəraitində qonşularıyla sərhədləri bağlı olan Ermənistanı xilas etmək üçün rəsmi Vaşinqton fəallaşıb və Ağ evin bu siyasətinin ABŞ-dakı erməni lobbisinin təsirindən qaynaqlanması şübhə yaratmır. Sıravi vətəndaş da müşahidə edir ki, ABŞ Ermənistanla sərhədlərin açılması məqsədilə Türkiyəyə təzyiq edir və qapıların açılmasını Dağlıq Qarabağ münaqişəsilə əlaqələndirilməməsi üçün Azərbaycana təzyiq etməyə çalışır. Halbuki sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə birbaşa zərbə olduğunu hamı, o cumlədən Ağ ev də başa düşür.
ABŞ-ın məsələ ilə bağlı davranışının arxasında erməni lobbisinin təsiri altında olan siyasətçilərin dayandıqlarını təsdiqləyəcək arqumentlər də var. Məsələn, bu günlərdə Bakıda səfərdə olan NATO Parlament Assambleyasının nümayəndə heyətinin üzvlərilə qeyri-rəsmi söhbətlər zamanı üzə çıxan bəzi faktların arxasından "erməni lobbisinin qulaqları"nın tərpəndiyini sezmək o qədər də çətin olmayıb. Belə ki, heyət üzvlərindən biri nümayəndələr palatasının sədri, ermənipərəst Nensi Pelosi ilə Barak Obama arasında razılaşma olduğunu açıqlayıb və ABŞ-ın Türkiyəyə Ermənistan sərhədlərinin açılmasıyla bağlı göstərilən təzyiqləri həmin razılaşmayla izah edib. Yəni Nensi Pelosi prezident Obamadan səhiyyə islahatlarını nəzərdə tutan qanun layihəsinin palatadan keçməsinin müqabilində Ermənistan-Türkiyə sərhədlərinin açılmasını istəyib. Nümayəndələr Palatasının uzun sürən mübahisələrdən sonra Obamanın səhiyyə islahatlarına səs verməsinin ardından, Ag evin Türkiyə və Azərbaycana müxtəlif formalarda təzyiqləri artırması çox mətləblərdən xəbər verir. Göründüyü kimi, Obama hökuməti partiya maraqları naminə strateji müttəfiqləri olan Türkiyə və Azərbaycana qarşı ədalətsiz münasibət göstərməyə başlayıb və işğalçı Ermənistanı bataqlıqdan çıxarmağa çalışır.
Beləliklə, ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərində baş verənlər Birləşmiş Ştatlarda hakimiyyətdə olan Demokrat Partiyasının Ermənistanın regiondakı maraqlarının müdafiəçisi qismində çıxış etdiyini, prinsipial məsələlərdə hətta ABŞ-ın milli maraqlarını deyil, erməni lobbisinin və rəsmi İrəvanın maraqlarını əsas tutduğunu deməyə əsas verir. Ona görə ki, hazırda Ağ ev erməni lobbisi qarşısında öhdəlikləri yerinə yetirmək naminə strateji müttəfiqləri olan Türkiyə və Azərbaycanla münasibətləri korlamağa belə razıdır. Belə bir vəziyyətdə Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münasiqəsinin nizamlanması prosesində neytral və obyektiv vasitəçi olduğuna şübhə ilə yanaşmağa tam haqqı çatır. Rəsmi Bakı hesab edir ki, regionda sülhün bərqərar olmasına əngəl olan münaqişənin həll olunmasında neytrallıq ana prinsipdir və bu prinsipdən kənara çıxmaq yolverilməzdir.
{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.