Enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Cari ilin əvvəlində mən Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etdim. Enerji təhlükəsizliyi məsələsi hər iki tədbirdə – dünyanın həmin iki ən mühüm toplantısının gündəliyində idi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dünyanı qlobal maliyyə böhranının bürüməsi və enerji daşıyıcılarının qiymətinin əvvəlki illərə nisbətən 3-4 dəfə ucuzlaşması əksər ölkələrin iqtisadiyyatını zəiflətmiş, bir sıra iri şirkətlərin istehsal sahələrinə ciddi təsir etmişdir. Artıq bir sıra şirkətlər əvvəlki gücünü qoruyub saxlaya bilmir və bu da iş yerlərinin itirilməsi ilə nəticələnir. Ötən ildən başlayan iqtisadi böhran getdikcə dərinləşmiş, iqtisadi sahədə geriləmə davam etməkdədir. Təbii ki, qlobal maliyyə böhranı ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirini göstərməkdədir. Ancaq son illərin göstəricilərinə nəzər yetirdikdə ölkəmizdə yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində irəliləyişlərin olduğu müşahidə edilir. Bu, düzgün müəyyənləşdirilmiş siyasi və iqtisadi strategiyanın məntiqi nəticəsidir.
Böhranın getdikcə dərinləşməsinə baxmayaraq, Azərbaycan ötən ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilmişdir. Bu da ölkəmizin beynəlxalq nüfuzunun böyük dərəcədə artmasına öz təsirini göstərmişdir. Keçən il dövlət başçımızın 20 xarici ölkəyə rəsmi və işgüzar səfərləri, Azərbaycanda 15-dən çox xarici dövlət və hökumət başçısı ilə görüşü respublikamızın beynəlxalq aləmdəki əlaqələrinin getdikcə genişləndirilməsindən xəbər verir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər, aparılan danışıqlar onu göstərir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və dünya birliyində ölkəmizə çox böyük rəğbət yaranıb.
Prezident İlham Əliyevin xarici ölklərə səfərləri zamanı, xüsusilə Davos Forumunda iştirak edərkən bir daha şahidi olduq ki, ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük maraq var. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığımız da bunu təsdiqləyir. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizin getdikcə gücləndirilməsi ölkəmizi nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevirib. Bu tədbirlərdə burada enerji məsələlərinin də əsas müzakirə mövzusu olması ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu xeyli gücləndirib.
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə hazırladığı neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatında zəruri ölkələrdən birinə çevirib. Bu günlərdə Bakıda keçirilən “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında da bunun şahidi olduq. Tədbirdə də qeyd olunduğu kimi, ümummilli lider Heydər Əliyevin düşünülmüş neft strategiyası sayəsində Azərbaycan dünyanın lider ölkələrindən birinə çevirilib. Hazırda ölkəmizdə neft-qaz sahəsində dünyanın onlarla iri neft şirkəti fəaliyyət göstərir. Tədbirdə bir daha vurğulandı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa neft kəmərləri Azərbaycanın Qərblə siyasi əlaqələrini təmin edən körpü rolunu oynayır. Ölkəmiz artıq neft-qaz nəqli üçün tranzit ölkəyə də çevrilir. Artıq bəzi ölkələr yaxın gələcəkdə çıxarılacaq neftin Bakı-Tbilisi- Ceyhan kəməri ilə nəqlində maraq göstərirlər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasının dünyanın tanınmış ictimai-siyasi xadimləri, o cümlədən ABŞ diplomatları tərəfindən dəstəklənməsi ölkəmizin dünya birliyində artan reytinqinin göstəricisidir. Məsələn, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstaynın Birləşmiş Ştatların “Cənub” Qaz Dəhlizi layihəsini dəstəkləməsi barədə fikir səsləndirməsi iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. Ümumiyyətlə, ABŞ-da Azərbaycanla strateji əməkdaşlığa böyük üstünlük verilir. Bu ölkənin Vaşinqton ştatının Senatında ötən il keçirilən plenar iclasda Azərbaycana güclü dəstək ifadə edən qətnamənin qəbul edilməsi də bundan xəbər verir. Qətnamənin qəbulundan öncə həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən müxtəlif senatorlar çıxış edərək, Azərbaycanı sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə və ABŞ-ın mühüm tərəfdaşı kimi səciyyələndiriblər.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində sıx əməkdaşlıq edirlər. Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan, ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək “Cənub” Qaz Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.
Qətnamədə qeyd olunur ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, Azərbaycan, Vaşinqton ştatında yerləşən “Boeing” və “Microsoft” kimi şirkətlərin əsas regional tərəfdaşına çevrilərək, çoxmilyardlıq kontraktlar imzalayıb və bununla da bu ştatda amerikalılar üçün on minlərlə yeni iş yerinin yaranmasına səbəb olub.
Sonda, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının Vaşinqton Senatı tərəfindən dəstəkləndiyi qeyd olunaraq bildirilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir.
Göründüyü kimi, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstaynın ölkəmiz haqqında söylədiklərinin, necə deyərlər, hüququ bazası əvvəldən mövcud olub. “Cənub” Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən fəal şəkildə dəstəklənməsinə gəlincə isə, A.Hokstayn bildirib ki, Azərbaycan qlobal enerji təhlükəsizliyində müstəsna, xüsusilə də Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi konseptuallaşdırıldı. Azərbaycan rəhbərliyi başa düşürdü ki, bu, təkcə neft kəməri layihəsi deyildi, eləcə də Azərbaycanın dünya ictimaiyyətinin və dünya enerji birliyinin üzvü qismində strateji rolunu göstərirdi. Həmin vaxt ABŞ Prezidenti Bill Klinton Azərbaycan rəhbərliyinin baxışlarını bölüşürdü.
Amerikalı diplomatın qənaətinə görə, bu boru kəməri tarixdə ilk dəfə olaraq Xəzər regionundan neftin azad bazar qismində beynəlxalq bazarlara çatdırılmasına şərait yaratmışdır. O qeyd etmişdir ki, “Cənub” Qaz Dəhlizi Heydər Əliyevin vaxtında BTC ilə başlamış və Prezident İlham Əliyevin dövründə “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə başa çatan dairəni yekunlaşdırır. “Cənub” Qaz Dəhlizi layihəsini yüksək dəyərləndirən A. Hokstayn bunun Avropada hazırda yeganə əsl şaxələndirmə layihəsinin olduğunu bildirib: “Azərbaycandan qaz “Cənub” Qaz Dəhlizi üzrə Avropaya tədarük ediləcək. “Cənub” Qaz Dəhlizi yeni marşrut üzrə yeni qaz tədarükünü təmin etməklə rəqabət üçün əsl imkan yaradır”.
Bu layihədə öz ölkəsinin iştirak etməməsini və ondan iqtisadi mənfəət qazanmayacağını vurğulayan amerikalı diplomat bildirib ki, ABŞ şirkətləri bu layihəni o qədər həlledici hesab edir ki, onu əvvəldən bu günədək izləyirlər.
Biz dəstək vermək üçün, demək olar, hər həftə işləyirik və mümkün olan hər şeyi edirik ki, yaranan fikir ayrılıqlarını aradan qaldıraq və ortaya çıxan problemlərin həllinə kömək edək: “Bu layihəyə sadiqliyini dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və Prezident Barak Obama da göstərirlər. Hamı bu layihəni təkcə sözdə deyil, fəaliyyəti ilə də dəstəkləyir”.
O, iki ölkə arasındakı münasibətlərə də toxunub və deyib ki, ABŞ-Azərbaycan münasibətləri möhkəmdir, ölkələr Azərbaycanın müstəqillik qazanmasından bəri əməkdaşlıq edirlər. Regional enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq vasitəsilə ikitərəfli əməkdaşlığı möhkəmləndirdik.
Azərbaycan Prezidenti xarici ölkələrə səfərləri zamanı milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün təmin olunması, Ermənistanın işğalçılıq siyasətinin və beynəlxalq birliyin bu ədalətsizliyə göz yummasını xüsusi vurğulayır, ölkəmizin neft amilindən asılılığının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verir. Dövlət başçısı keçirdiyi bütün görüşlərdə ölkəmizin dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi, habelə Avropanın enerji təhlükəsizliyi məsələlərində respublikamızın rolunun daha da artırılması istiqamətində də söhbətlər aparır.
Qeyd edək ki, enerji təhlükəsizliyi hər bir ölkə üçün iqtisadi və milli təhlükəsizliyin əsasını təşkil edir. Bu, o deməkdir ki, Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Bu ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirakı və çıxışı da bunu təsdiqlədi.
Enerji təhlükəsizliyi məsələlərindən danışan Prezident İlham Əliyev müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının üzləşdiyi çətinliklərə toxunmuş, 1994-cü ildə dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət olunduğunu qeyd etmişdir.
Ötən illərdə ölkəmizdə neftdən asılılığı azaltmaq üçün infrastruktura çoxlu sərmayə qoyulduğunu deyən dövlətimizin başçısı, bu dövrdə ümumi daxili məhsulun həcminin artdığını, irimiqyaslı islahatların aparıldığını, geniş özəlləşdirmə proqramının həyata keçirildiyini diqqətə çatdırmışdır.
Ölkəmizin rəhbəri qeyd etmişdir ki, hazırda “Cənub” Qaz Dəhlizi layihəsi icra olunur, bu isə enerji təhlükəsizliyinin təmin edilməsinə, həmçinin marşrutların və enerji mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın iqtisadi inkişafına böyük dərəcədə təsir etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, əsas məqsəd dayanıqlı inkişafın təmin olunmasıdır. Prezident vurğulamışdır ki, Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəliyinin olmamasına baxmayaraq, ölkəmizdə bərpa olunan enerji mənbələri ilə bağlı genişmiqyaslı işlərin görülməsi bu prosesə töhfədir.
Bütün bu məsələlər Bakıda keçirilən “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bir daha vurğulanmışdır. Tədbirdə iştirak edən ölkələrin səlahiyyətli nümayəndələri ölkəmizin enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirmiş, “Cənub” Qaz Dəhlizi layihəsini dəstəkləyəcəklərini bəyan etmişlər.
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini bu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək demişdir: “İcazə verin, Sizə və Azərbaycan tərəfinə, cənab Prezidentə bu çox vacib toplantının təşkilinə və ona ev sahibliyi etməsinə görə minnətdarlığımı bildirim, hamınıza üzərinizə götürdüyünüz öhdəlik və bu sahədə görülmüş yaxşı işlərə görə ünvanlanmış alqışlara mən də qoşulum”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.