1918-1920-ci illərdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq müstəqillik dövründə millətimizin taleyində həmişəlik iz qoyacaq işlər gördü. Təəssüf ki, o zaman xalqımızın tanınmış ziyalı və mütəfəkkirlərinin, əsilzadələrinin, əqidəli dövlət xadimlərinin min bir əziyyəti ilə yaranan bu dövlət çox qısa yaşadı. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının ordusu Azərbaycanı işğal etdi.
Sovet dövründə şüurumuza yeridilən yalançı təbliğatlardan biri də bu olub ki, guya bu ordu Bakıya girərkən əhali onları gül-çiçəklə qarşılamış və Azərbaycanın hər yerində sovet hakimiyyətini rahatlıqla qəbul etmişlər. Lakin həqiqətdə isə bunların yanlış olduğunun və Azərbaycanda az sayda bolşevik tərəfdarlarından savayı heç kəsin bu işğala haqq qazandırmadığının, hətta silaha sarılıb mübarizə apardığının şahidi oluruq. Bu, 1920-1937-ci illəri, təqribən on yeddi illik bir dövrü əhatə edir.
Cümhuriyyətin devrilməsi ilə başlanan üsyanlar
1920-ci ildə 70 minlik sovet ordusu qaçaqlar və milli ordu hissələrinin şimalda qalan bölmələri ilə vuruşa-vuruşa Azərbaycana daxil oldu. Cümhuriyyət xadimləri kütləvi qan tökülməməsi və müstəqil Azərbaycan sovet dövləti qurulacağı naminə hökuməti təhvil verdilər. Cümhuriyyət xadimlərinin əksəriyyəti mühacirət etdi. M.Ə. Rəsulzadə vaxtilə Stalinin həyatını qurtardığına görə onun tərəfindən xilas olundu. F.Xoyski, H.Ağayev və B.Cavanşir Tiflisə getdilər və orada erməni terrorunun qurbanı oldular. Nəsib bəy Yusifbəyli yolda qətlə yetirildi. Qısa müddət ərzində ölkəni işğal edən bolşeviklər qanlı cinayətlərə əl atmağa başladılar. Xalqın öndə gedən ziyalılarını, generallarını həbs etməyə, güllələməyə başladılar. Belə olan təqdirdə sovetlərə qarşı üsyanların baş verəcəyi labüd idi. Çünki əhali milli hökumətə, necə deyərlər, elə yenicə isinmişdi ki, yerini millətə yad dəyərlər gətirməyə çalışan kommunistlər tutdu. Bir sözlə, əhali milli və mənəvi kimliyi uğrunda mübarizəyə qalxdı.
Gəncə üsyanı
Bəs niyə məhz Gəncə? Ona görə ki, hələ 1918-ci ildə Bakı şəhəri Bakı Sovetinin və kommunasının işğalı altında olanda Gəncə bütün azadlıq aşiqlərinin, difaiçilərin, müsavatçıların, bir sözlə, milli təfəkkürlü ziyalılarımızın toplandığı mərkəzə çevrilmişdi. Azərbaycanın hər qarışına sahib olmaq və düşmənləri bölgədən sıxışdırıb çıxartmaq çağırışları və planları məhz bu şəhərdən gəlirdi. Ona görə də cümhuriyyətin devrilməsi gəncəlilər və ora toplaşan milli təfəkkür sahibləri tərəfindən asanlıqla həzm edilmirdi.
1920-ci il mayın 25-də Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyli, Səməd bəy Rəfibəylinin rəhbərliyi ilə üsyan başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi. Xalq hərəkatının getdikcə geniş miqyas aldığını görən XI qırmızı ordunun komandanlığı üsyanın yatırılması üçün təcili tədbirlər görməyə başladı. 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi.
Ermənilər elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək etməyə başladılar. Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Bolşevik qoşunları xeyli itki verdi. Hətta üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə halda XI qırmızı ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirməyə məcbur oldu. Çox sayda canlı qüvvənin, topların və zirehli texnikanın işə salınması şəhərdə son dərəcə böyük dağıntılara gətirib çıxardı. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək qeyri-mümkün idi. Şəhəri tərk etmək imkanı olmayan üsyançıları, habelə dinc əhalini mühasirəyə alaraq, kütləvi şəkildə güllələyirdilər.
Bir neçə gündən sonra üsyan amansızlıqla yatırıldı. Ehtimallara görə, üsyan nəticəsində düşmən 8 mindən çox itki verdi. Üsyançıların itkisi isə 12 min nəfərə çatdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudin bəy Köçərli mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları sovet güllələrinin qurbanı oldu.
Zaqatala üsyanı
1920-ci il iyunun 6-da Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan baş verdi. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar tərəfindən Zaqatala qalası, Qax və ətraf ərazilər ələ keçirildi. Üsyan bütün bölgəyə yayıldı. Lakin Sovet Rusiyasının XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatırdılar. Hafiz Əfəndi üsyançıların dəstəsi ilə Gürcüstan ərazisinə keçdi.
Qarabağ üsyanı
1920-ci ilin may ayında Qarabağda XI ordu hissələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş verdi. Tərksilah edilən milli ordunun əsgərlərinin əksəriyyəti evlərinə geri dönsə də, onlardan 28 əsgər və 4 zabit axıradək döyüşmək üçün Qarabağa tərəf hərəkət etdi. Bu hadisə xalq arasında və tarixi ədəbiyyatda “32-lərin dastanı” kimi əbədiləşdi. Onlar sayı 1200-1500-ə yaxın olan yerli üsyançılarla birləşdilər. “32-lər” üsyançıları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb, Qarabağa tərəf hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeni bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Milli Ordunun 6 minə qədər əsgər və zabit heyəti Qarabağ bölgələrinə nəzarət edirdi. Qırmızı ordunun iki diviziyasına “32-lər”i tərksilah etmək tapşırılmışdı. İyunun 5-də Tərtərdə, Ağdamda, Şuşada istilaçılara qarşı üsyanlar baş verdi. Tərtər üsyançıları sovet qoşunlarının böyük bir alayını darmadağın etdilər. Ağdamda da bolşeviklər ciddi müqavimətlə rastlaşdılar. Üsyançılar XI ordu hissələri ilə üç gün qanlı döyüşlər apardıqdan sonra məğlub oldular.
Şəki üsyanı
1930-cu ildə baş vermiş Şəki üsyanı Azərbaycanda sovet hakimiyyətinə qarşı ən yaddaqalan döyüşlərdən hesab olunur. Üsyanın mərkəzi Şəkinin Baş Göynük kəndi olmuşdur. Hətta üsyan Moskvanı da ciddi narahat etmişdi. 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda sovet hakimiyyətinə qarşı mülkədarların, milli burjua nümayəndələrinin iştirakı ilə baş vermiş silahlı üsyan, əslində, bütövlükdə xalq hərəkatı idi. 1930-cu il aprelin əvvəllərində Qax-Şəki Müəllimlər İnstitutunun müəllimi Həbulla Manaflının yazdığı “Şəki üsyanı” kitabında göstərildiyi kimi, bu üsyanı göynüklülər başlamışlar. Üsyanın rəhbərləri “kor türk” ləqəbli Əbdülqadir (o, əslən Anadoludan idi), Şeyx oğlu Molla Mustafa, Molla Məhəmməd və başqaları olmuşlar. Üsyançılar Şəki şəhərini tutmuş, siyasi məhbusları azad etmiş, poçt-teleqrafı ələ keçirmiş və şəhər 7 gün üsyançıların əlində qalmışdır. Sovet qırmızı ordusunun gücü ilə üsyan amansızlıqla yatırılmışdır. Üsyan yatırıldıqdan sonra qırmızı cəlladlar Baş Göynüyə böyük bir silahlı dəstə göndərmişlər. Dəstənin rəhbəri Qongin və onun köməkçisi Novruzov familiyalı bir erməni olmuşdur. Üsyanda iştirak etmiş onlarca göynüklü güllələnərək kütləvi məzarlıqda dəfn olunmuşdur. Xatırladaq ki, Azərbaycanın Xızı-Siyəzən, Quba, Lənkəran, Şəmkir, Kəlbəcər, Naxçıvan və digər bölgələrində də güclü antisovet çıxışlar olmuş və amansızlıqla yatırılmışdır.
Göründüyü kimi, bu üsyanlar Azərbaycanın xeyli bölgəsində baş vermiş, mütəşəkkilliyi olmasa belə, bolşevik ünsürlərini guya, xalqın “gül-çiçəklə” qarşılaması yalanlarını alt-üst edir.
Tanınmış bəylər, ruhanilər və qaçaqlar antisovet mübarizədə
Üsyanlar və antisovet çıxışlar, təbii ki, bir qrup kütlənin yığışaraq təşəbbüs göstərməsi deyildi. Bu üsyanlara xalqımızın milli təfəkkürlü bəyləri və qaçağa çevrilmiş əli silah tutan igidləri rəhbərlik edirdilər. Üsyanlar amansızlıqla yatırıldıqdan sonra bəylərin və qaçaqların əksəriyyəti güllələndi, xilas ola bilənlərin bəziləri Türkiyəyə və İrana keçdi, bəziləri isə dağlara çəkilərək müqavimət göstərməyə davam etdi. Məşhur bəyzadələrin içində Gəncədən Ələkbər bəy Rəfibəylini, Xəlil bəy Xasməmmədovu, Səməd bəy Rəfibəylini, məşhur ruhani, xalq arasında böyük nüfuza malik Molla Məhəmməd Pişnamazzadəni, Vedi mahalından Kərbəlayi İsmayıl Çimənlini, Zəngəzur və Qarabağdan Sultanov qardaşlarını və bu bölgənin tanınmış qazisi Bəhlul Behcət Əfəndini, Qubadan Əli bəy Zizikskini, Qazaxdan Cavad bəy Şıxlinskini, Ağdaşdan Əşrəf bəy Qarxunlunu, Borçalıdan Emin bəy Acalovu, Şamaxıdan Azad bəy Qocamanbəyovu və digərlərini qeyd etmək olar ki, onlar xalq arasında ciddi nüfuza və çəkiyə malik idilər. Adını çəkdiyimiz qəhrəmanlar bir növ xalqın milli elitasını təşkil edirdilər ki, bu da mübarizənin sovetlər üçün olduqca qorxulu əhəmiyyət daşıdığını göstərirdi. Əgər belə olmasaydı, bu üsyanların yatırılmasında sadəcə cəza dəstələri deyil, sovet qoşunlarnın çoxsaylı alayları da cəlb olunmazdı.
Azərbaycanda sovet-bolşevik diktaturasına qarşı milli çıxışlar təqribən 1937-ci ilə qədər davam etmişdir. İstənilən bölgəmizdə nizami və artıq özünə güclü dayaq nöqtələri yaratmış sovet qoşunlarına qarşı qaçaqlar vuruşurdular. Əsasən dağlıq ərazilərimizdə Azərbaycan milli qaçaq hərəkatı, sözün həqiqi mənasında, qəhrəmanlıq tarixi yazırdı. Qaçaq Mayıl, Dəli Alı , Məşədi Cəmil, samuxlu Qaçaq Məmmədqasım, Qaçaq Rüstəm və Təhməz Ramazanoğulları, Qaçaq İmambaxış, Qaçaq Gülsüm, İmamulla Qara Əhməd oğlu və digərləri Azərbaycan xalqının yenilməz ruhunu göstərirdilər.
Burada bir məqamı da xatırlatmaq istərdim. Yuxarıda adı çəkilən Qaçaq Mayıl hələ XIX əsrin sonlarından başlayaraq, çar Rusiyası imperializminə qarşı mübarizə aparmışdır. Sonra sovet işğalına qarşı silahlı dirəniş göstərən Qaçaq Mayıl hətta Şabran rayonunun “Sarvan” stansiyasında XI ordunun gəldiyi zirehli qatarı məcburi saxlayaraq ağır döyüşə girmişdir. Qeyri-bərabər döyüşdə sovet qoşunları xeyi itki vermişdir. Bundan əlavə, Qaçaq Mayıl Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri, böyük ideoloq M. Ə. Rəsulzadənin Lahıcda gizlənməsini təmin etmişdir. Ona görə də ələ keçən kimi, məhkəməsiz, sübutsuz 1924-ci ildə güllələnmişdir.
Ziyalı və mütəfəkkirlərimizin ideya mübarizəsi
1920-ci ildən 1937-ci ilədək Azərbaycan susmadı. O müddətdə sovetin qanlı rejiminin min cür hiylə və qəddar üsulla məhv etməyə çalışdığı milli bəyzadələrimizlə, milli təfəkkürlü qaçaqlarımızla bərabər söz, fikir adamları da mübarizə aparırdılar. Onların arasında mühacirət həyatı yaşayan Almas İldırım, dövlət himnimizin müəllifi Əhməd Cavad, gənc yaşında ikən “əks-inqlabçı ünsür”, “müsavatçı” damğası vurularaq güllələnmiş Mikayıl Müşviq, Məhəmməd Hadi, Qafur Rəşad, milli tədqiqatçılar Salman Mümtaz, Bəkir Çobanzadə, Sibirə sürgün edilmiş böyük yazıçımız Hüseyin Cavid, repressiyaya məruz qalaraq güllələnmiş Hacıbaba Nəzərli, tanınmış yazıçımız Seyid Hüseyn və digərləri var idi. Onların tək günahı hər vəchlə millilik ideyalarını yaşatmaları, saxta sovet xalqı əfsanələrinə uymamaları idi. Çoxlarını məhkəməsiz, sübutsuz güllələdilər və yaxud uzaq Sibirin qarlı-şaxtalı çöllərinə sürgün etdilər. Onların əksəriyyəti 23 ay yaşayan xalq cümhuriyyəti dövründə parlayan ziyalılarımız idi.
Bu 23 ay ərzində Azərbaycan xalqının tarixində yazılan ən böyük səhifələrdən biri də məhz o idi ki, sənətdə, ədəbiyyatda, mədəniyyətdə milli düşüncəli insanlarımızın yetişməsi sürətləndi. Cümhuriyyət ürəyində millət sevgisi aşıb-daşan hər kəsə meydan verdi. Sovet dövrü isə qondarma beynəlmiləlçilik, saxta sovet xalqı ideyası ilə milli ənənələrimizi, dilimizi, mənəvi dəyərlərimizi unutdurmaq yolu tutdu. Adını çəkdiyimiz və çəkə bilmədiyimiz yüzlərlə repressiya qurbanı qələmləri və fikirləri ilə bu xalqın ruhunu ölməyə qoymadılar. Bəylərin və qaçaqların mübarizəsi yatırıldıqdan sonra, hədəf düşüncə adamları idi. 1937-ci il repressiyaları xalqın əsl həqiqətlərini nəsildən-nəsilə ötürə biləcək aydınlarımızı nişan aldı.
Beləliklə, on yeddi illik dirənişin izlərini düşüncəsində gizli də olsa yaşadan Azərbaycan xalqı bütün əsarət buxovlarını qıraraq 1991-c ildə müstəqillik əldə etdi. Çoxsaylı şəhidlər verdi, lakin azadlığını qazandı. Bu isə milli ideyamızın sağlam və köklü təməllərə söykəndiyini və Azərbaycan xalqının əsarətə, müstəmləkəçiliyə boyun əyməyən xalq olduğunu bir daha sübut etdi.
Anar TURAN,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.