Hər bir müstəqil dövlətin prioritet vəzifələrindən biri də dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etməkdir. Nüfuzlu beynəlxalq qurumların, xüsusilə, BMT-nin üzvlüyünə qəbul olunmaq, ümumiyyətlə, beynəlxalq aləmə inteqrasiya etmək zəruri məsələlərdəndir.
Çünki məhz belə əlaqələr zamanı sülhün və siyasi sabitliyin təmin olunmasına, hüquqi dövlət quruculuğu istiqamətində praktik addımların gerçəkləşdirilməsinə, genişmiqyaslı islahatların aparılmasına və beynəlxalq ictimaiyyətlə əlaqələrin qurulmasına inam yaranır.
SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan beynəlxalq münasibətlər sisteminə qatılmağı və mötəbər qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoymuşdu. Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda Azərbaycan kimi gənc bir dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsi o zaman çox çətin idi. Buna görə də, ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri, prioritetləri müəyyən edilməli idi.
1991-ci il oktyabrın 18-də respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya ölkələri ilə hərtərəfli qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyinin möhkəmləndirilməsi məqsədilə nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT üzvlüyünə qəbul olunmaq istiqamətində zəruri addımlar atmağa başlamışdır. Həmin il oktyabrın 29-da müstəqil Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət etmişdir. Müraciətdə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getməsini əsas götürərək, dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi, BMT kimi mötəbər təşkilata üzv qəbul olunması məsələsini nəzərdən keçirməyi bu qurumun üzvlərindən xahiş etmişdir.
Müstəqillik yoluna yenicə qədəm qoymuş Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqə yaratmaq və nüfuzlu qurumlara üzv olmaq arzusu diqqətdən yayınmamış və BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında müstəqil dövlətimizin bu təşkilata üzv olması ilə əlaqədar qətnamə qəbul edilmişdir. Bundan sonra, BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün — Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. Dörd gün sonra — martın 6-da isə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurumla əməkdaşlığının formalaşdırılmasına əlverişli imkan yaratmışdır. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həm bu təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurmuşdur.
BMT-yə üzv olmaq ölkəmizə nə vermişdir? Təbii ki, ilk növbədə Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək, Ermənistanın təcavüzünə qarşı beynəlxalq qanunlardan daha səmərəli istifadə etmək, ümumilikdə, dünya birliyinə sıx inteqrasiya imkanı yaratmışdır. Çünki Birləşmiş Millətlər Təşkilatının qlobal məramı məhz bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaqdan ibarətdir. Həmin vaxt müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan bir sıra ölkələrin, o cümlədən xarici himayədarlarının dəstəyi ilə üzərimizə yeriyən Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Respublikamızın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün dəridən-qabıqdan çıxan antiazərbaycan qüvvələrin ölkəmizə təzyiq və təhdidlərinin qarşısını almaqda BMT-nin böyük rol oynayacağı şübhəsiz idi. Məhz bu məramı rəhbər tutan Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı birləşmələrinin müstəqil Azərbaycan dövlətinə hərbi təcavüz edərək, ərazilərini zor gücünə tutmasının yolverilməzliyini bu təşkilat qarşısında qaldırmışdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpağı olan Dağlıq Qarabağı zəbt etdikdən sonra onun ətrafındakı digər rayonları da işğal etməsi BMT Təhlükəsizlik Şurasının reaksiyasına səbəb olmuşdur.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamə də bunları təsdiqləyir. BMT-nin Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə əlaqədar 30 aprel 1993-cü ildə 822, Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə 874 və nəhayət, Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü ildə 884 saylı qətnamələr qəbul etmişdir. Müstəqil Azərbaycanın ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması təsdiqlənmiş və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə qəti şəkildə çağırılmış, ərazilərin əldə edilməsi məqsədi ilə güc işlədilməsinin yolverilməz olduğu vurğulanmışdır. BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və ata-baba torpaqlarından didərgin salınmış insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunması tələb edilmişdir.
Bundan başqa, həmin dövrdə BMT-nin Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyən yeddi bəyanatla çıxış etmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə əlaqədar BMT Baş Assambleyası 1993-cü ildəki plenar iclasında müvafiq qətnamə qəbul etmişdir. Qətnaməyə görə, Azərbaycandakı qaçqın və məcburi köçkünlərə beynəlxalq yardım göstərilməsi nəzərdə tutulmuşdur.
BMT Baş Assambleyasının 1994-cü ilin sentyabrında keçirilən 49-cu sessiyasında ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir. Ulu öndər sessiyada nitq söyləyərək, yüksək tribunadan Azərbaycandakı vəziyyət, Ermənistanın təcavüzü barədə dünya ictimaiyyətini məlumatlandırmışdır. Heydər Əliyev 29 sentyabr 1994-cü ildə BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Azərbaycanın BMT-yə münasibətdə siyasətini belə qiymətləndirmişdir: “Bütövlükdə, Azərbaycan Respublikası gələcək üçün BMT-nin perspektivlərini nikbinliklə qiymətləndirir və bundan sonra da Birləşmiş Millətlər Təşkilatının yüksək prinsiplərini müdafiə etmək, təşkilatın nüfuzunun səmərəsinin artırılmasına nail olmaq əzmindədir.”
Azərbaycan—BMT əməkdaşlığının genişlənməsində qurumun Baş katibi Butros Butros — Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə şəxsən tanış olan Butros Butros – Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təşkilatlarının öz səylərini artıracağını bildirmişdir.
Bundan sonra, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılmış, qarşılıqlı səfərlər davam etdirilmiş və Azərbaycan həqiqətlərinin bu mötəbər qurumun tribunası vasitəsilə dünya birliyinə çatdırılmasında mühüm addımlar atılmışdir.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə BMT ilə geniş əlaqələr quran Azərbaycan əməkdaşlığın müxtəlif vasitələrindən istifadə edir. İkitərəfli əlaqələrin səmərəli şəkildə həyata keçirilməsi üçün Azərbaycan bir sıra mühüm beynəlxalq müqavilələrə qoşulmuşdur ki, bu da respublikamızın müasir ictimai-siyasi, sosial-iqtisadi sahələri ilə bağlı meydana çıxan problemlərin həll olunması üçün imkanlar yaradır. Azərbaycan mülki və siyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar, uşaq hüquqları, qadınların, qaçqınların, müharibə qurbanlarının statusu və müdafiəsi, soyqırımın qarşısının alınması və bu cinayətə görə cəzalandırma, habelə başqa məsələləri əhatə edən çoxsaylı beynəlxalq sənədlərə qoşulub.
Azərbaycan Respublikası BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bunlardan BMT İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT Uşaq Fondu (UNİCEF), BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı (UNİDO), Ümumdünya Səhiyyə Təşkilatı, BMT Qadınlar Fondu (UNİFEM), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı (Azərbaycan 1997-ci ilin iyulunda qoşulub) daha fəaldırlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi BMT-nin iclaslarında mütəmadi olaraq, müzakirəyə çixarılan əsas məsələlərdən birinə çevrilib. 2008-ci il martın 14-də BMT-nin Baş Məclisi 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” məsələsini müzakirə etmiş, BMT-nin üzvü olan dövlətlərin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə danışılmış, nümayəndə heyətləri məsələ ilə bağlı Azərbaycanın müəllifi olduğu qətnamə layihəsini dəstəkləməyə çağırılmışdır. 9 bənddən ibarət olan qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə etmişdir. O cümlədən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərindən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirmişdir.
Müzakirələrin sonunda keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə, 100 bitərəf səslə nəticələnmişdir. Beləliklə, BMT-nin Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə qətnaməni qəbul etmişdir.
Sənəddə “Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi sual altında qoymasından” və Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyətinə mənfi təsir göstərməsindən ciddi narahatlıq ifadə olunub. Baş Assambleya üzv dövlətləri Azərbaycanın suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırır. “Baş Assambleya bir daha bildirir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır və bu vəziyyətin saxlanmasına yardım göstərməməli və ya şərait yaratmamalıdır”, – deyə qətnamədə bildirilir. Sənəddə “erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün zəbt edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” zərurəti qeyd edilmişdir.
Azərbaycanın BMT ilə əlaqələrinin getdikcə yaxşılaşdırılması 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə özünü qabarıq şəkildə büruzə verdi. Respublikamız həmin seçkidə BMT üzvü olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq, inamlı qələbə qazanmışdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü kimi iki il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr irəli sürmüş və müxtəlif vaxtlarda iki dəfə bu quruma sədrlik etmişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisə idi və bu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir.
Müstəqil dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini ölkəmizin diplomatiya tarixində böyük nailiyyəti hesab edən Prezident İlham Əliyev demişdir: “Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir”.
Hazırda ölkəmiz BMT ilə əlaqələrin daha geniş inkişafına çalışır, onun yüksək səviyyədə fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən təkliflərin müzakirəsində fəal iştirak edir. Azərbaycan Təhlükəsizlik Şurasının daha geniş tərkibli, daha məsuliyyətli və demokratik olmasının, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ şəkildə cavab verməsinin, bu qurumun qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasının tərəfdarı kimi çıxış edir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr sürətli inkişaf yolu keçərək, çoxşaxəli əməkdaşlığa çevrilmişdir. Eyni zamanda, Azərbaycan da bu mötəbər beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini vermişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.