Ermənilərin Sumqayıt “səhnə”sində tamaşası iflasa uğrasa da, süni ajiotaj səngimir

Bu şəhərdə törədilən qanlı hadisələrdən 28 il ötür

Keçmiş Sovet İttifaqının süqutu ərəfəsində baş vermiş ictimai-siyasi təbəddülatlar, milli zəmində qarışıqlıqlar sırasında Sumqayıt  hadisələri ayrıca bir səhifə təşkil edir. Üstündən 28 il keçməsinə baxmayaraq, bu hadisələr hələ də aktuallığını itirməyib. Yenə də bəzi xarici üzdəniraq qüvvələr bu hadisədən Azərbaycan əleyhinə istifadə etməyə cəhd göstərirlər.

Bir neçə ay öncə ABŞ konqresmeni Adam Şiff növbəti belə bir təxribat xarakterli açıqlama verib. Azərbaycan Respublikası  XİN-in  sözcüsü, Adam Şiffin açıqlamasına münasibət bildirərək göstərib ki, Sumqayıt hadisələri ilə bağlı aparılmış araşdırılmalarla tanış olmadan məqsədyönlü şəkildə Ermənistan, erməni diasporu və onun təsiri altında olan şəxslər tərəfindən bu məsələ siyasi məqsədlər üçün istifadə edilir. Qeyd olunub ki, əməliyyat-istintaq materialları əsasında Sumqayıt hadisələrini təşkil və icra etmək üçün Ermənistan DTK-sı tərkibində 34 nəfərdən ibarət “Nalyotçik” adlı xüsusi qrupun yaradıldığı və hadisələr öncəsi buraya göndərildiyi aşkar edilib. Onların hadisələr zamanı törətdiyi əməllər əməliyyat-istintaq yolu ilə müəyyən edilib. 

Xatırladaq ki, elə həmin bədnam konqresmen üç il bundan əvvəl də Amerika qanunvericilərini  ABŞ-ın Azərbaycanın hərbi ehtiyacları üçün etdiyi bütün yardımları təxirə salmağa çağırmışdı. Onun bəyanatı Ramil Səfərovun əfv edilməsi və ona hərbi rütbə verilməsi ilə əlaqədar idi. Bu adam ermənipərəst mövqeyi ilə daim seçilib, həmçinin qondarma “erməni soyqırımı” layihəsinin müəlliflərindən biridir.

Cinayətin icraçıları xüsusi mərkəzlər tərəfindən hadisələr ərəfəsində Sumqayıta göndərilmiş casuslar və onların təxribatına uyan səbatsız ünsürlər olmuşdu. Belə  casuslardan biri  “Qlasnost” jurnalının müxbiri Qriqoryantsın nümayəndəsi A. Şelkov qabaqcadan Sumqayıtda gələrək, hadisələri  lentə almış və artıq ertəsi gün Qərbin müxtəlif ölkələrində nümayiş etdirilmişdi.

Hadisə isə belə baş vermişdi: xüsusi hazırlanmış təxribatçılar qrupu Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə şayiələr yayaraq  Qafandan yaralıların gətirildiyini bildirmiş, onların başına toplaşmış məlumatsız və səbatsız ünsürlərdə qisasçılıq hisslərini qızışdırıb, qabaqcadan əldə etdikləri ünvanlara basqınlar təşkil edərək qətllər, qarətlər  və yanğınlar törədiblər. Moskva rəhbərliyi isə qəsdən 2 gün gecikdikdən sonra şəhərə qoşun yeridib. 

 

“Cinayət və cəza”

Dünyanın diqqətinin Qarabağ həqiqətləri və Xocalı soyqırımına yönəldiyi bir vaxtda xalqımıza qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunan Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq-mühafizə orqanları ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən “Sumqayıt 1988: cinayət və cəza” adlı kitab xüsusi əhəmiyyətə malikdir. Həmin kitabda Sumqayıt hadisələri dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılıb, müxtəlif siyasi sənədlər, mətbuat yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi kontekstində sistemləşdirilib.

Sumqayıt hadisələri ilə bağlı cinayətin azərbaycanlı iştirakçıları barəsində dərhal müvafiq cəza tədbirləri görülsə də, hətta ölüm cəzası verilsə də, Xocalı soyqırımını törətmiş erməni faşistləri bu günədək məhkəmə məsuliyyətinə verilməyiblər. Qeyd olunan hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər.

Elə həm də bu səbəbdən cinayətin əsas təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluğun Sumqayıt şəhərində törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələməsi və xüsusi  istintaq-əməliyyat qrupunun yaradılması son dərəcə təqdirəlayiqdir.

İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olmuş şəxslərin ifadələri alınıb, xarici ölkələrə müvafiq sorğular göndərilib, arxiv sənədləri açılıb, mətbuatda verilmiş məlumatlar təhlil edilib, digər zəruri istintaq-əməliyyat tədbirləri görülüb. Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni olan qadınlar da dindirilib və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etdiyini göstəriblər.

Artıq heç bir şübhə yoxdur ki, kütləvi iğtişaşlar bundan əvvəl üç dəfə məhbəs həyatı yaşamış sumqayıtlı erməni Eduard Qriqoryan və onun iki qardaşı, həmçinin Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunub. Emissarlar  Qriqoryanı ətraflı təlimatlandırıb, ona separatçıların yaratdığı “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən sumqayıtlı ermənilərin siyahısını və dəqiq ev ünvanlarını veriblər. Üstəlik də, aqressivliyi artırmaq məqsədilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin ediblər. Hadisələr zamanı isə bu şəxslər Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah paylayıblar.

Sumqayıtda təxribatın hazırlanmasını göstərən növbəti sübut: ermənilərin bir çoxu  şəhəri əvvəlcədən tərk edib və 1988-ci ilin yanvar-fevral aylarında onlar tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından pulların çıxarılması da kütləvi hal alıb.

 

“Sumqayıtda erməni soyqırımı olmayıb”

— Ona görə ki, əgər bu hadisəni Azərbaycan tərəfi təşkil etmiş olsaydı, orada ermənilərin heç biri salamat qalmazdı. —1988-ci ildə SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq, Sumqayıt hadisələri ilə əlaqədar cinayət işinin təhqiqatını aparmış Vladimir Kaliniçenkonun bu sözləri jurnalist-politoloq Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbədən” adlı kitabında yer alıb. Kitabın əsas məziyyəti ondan ibarətdir ki, burada təhqiqat aparmış müstəntiqin dilindən səslənən obyektiv məlumata görə, Sumqayıt hadisələrinin təşkilatçılarını axtarmamaq və xüsusən onları aşkar etməmək barədə o vaxt Moskvadan göstəriş verilmişdi. Sumqayıt hadisələri Azərbaycana və azərbaycanlılara qarşı məkrlə hazırlanmış, xalqımızı dünya birliyinin gözündən salmağa yönəlmiş mənfur aksiya idi. Bu kitab isə Sumqayıt hadisələri barədə həqiqəti yaymaq baxımından mötəbər mənbədir.

 Vladimir Kaliniçenko iki mühüm faktı təsdiq edib. Birincisi, bu hadisələri əsla “erməni soyqırımı” hesab etmək olmaz. İkincisi, həmin hadisələr o vaxtkı SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib. Ermənilər Sumqayıt hadisələri barədə yalan məlumatlar yaymaqla bu hadisələri ermənilərin kütləvi şəkildə qırılması kimi qələmə verirlər. Müstəntiq isə deyir ki, onda olan məlumata görə, talanlar zamanı həlak olanlar arasında azərbaycanlılar da var. Deməli, Sumqayıt hadisələri kütləvi iğtişaşdır, belə hadisələr isə bütün dünyada, o cümlədən Avropada, Rusiyada da baş verir. 

Sumqayıtda buradan köçən ermənilərə hər şərait yaradıldığının canlı şahidiyəm. Hətta onlara deyilirdi ki, kim istəsə, qalıb burada – Bakıda da yaşaya bilər. Məgər genosid törədən tərəf belə təklifdə bulunardımı?

...Evlərinə hücum olacağından duyuq düşən Trdatovlar ailəsi arvad-uşağı 1-ci mərtəbədə yaşayan azərbaycanlı ailəsinin – Səməngülgilin mənzilində gizlətmişdi. Talan zamanı xuliqanlar onun evinə dəfələrlə gələrək erməniləri gizlədib-gizlətmədiyini öyrənmək istəsələr də, hədə-qorxu gəlsələr də, Səməngül və qohumları erməni qonşuları ələ vermədilər. Təhlükə sovuşandan üç gün sonra gizlədilən ermənilər şələ-şülələrini götürüb Sumqayıtı tərk edəndə “axçi”lər göz yaşları içində belə dil-ağız edirdilər: “Səməngül, sən müqəddəs adamsan!” Təxminən əlli yaşı olan Səməngül isə onları qapıdan yola sala-sala “Gedin, xoşbəxt olun, çox yaşayın!” – deyirdi. Budurmu erməni soyqırımı, budurmu Sumqayıt qətliamları?! Əlbəttə, qəddarlıq, zorakılıq halları olmuşdu, heç kəs inkar eləmir, amma başıpozuqluq və qarışıqlıqlar olan hər yerdə bu, baş verir.

Şəhərin komendantı Krayev Moskvada çap olunan “Pravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsəydi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb...” ...Sumqayıtda “uğur”la icra edilən erməni qırğınından vur-tut ikicə gün sonra Stepanakertdə “Sumqayıt genosidi”nə abidə ucaldılması planlı təxribatı onların özlərinin törətməsini sübut edən aşkar faktdır. Hamı yaxşı bilir ki, iki günə abidə düzəltmək müşkül məsələdir. 

Daha geniş aspektdə düşünəndə görünür ki, SSRİ-nin dağıdılması məhz Dağlıq Qarabağdan başlanıb. Süni yolla yaradılan bu təxribat ocağı bilərəkdən vaxtında söndürülməyib. Sumqayıt olayları isə Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək ilkin vasitələrdən biri kimi düşünülmüşdü.

Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas almışdı. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətə salınmışdı. Mədəni-məişət obyektləri dağıdıldı, onlarca avtomaşın sındırıldı və ya yandırıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. 

Üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan ediblər. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanılıb, 500 nəfər həbs olunub, 94 nəfər mühakimə edilib. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verilib. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələnib. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asıb.

E.Qriqoryanın arxasında dayanan qüvvələr onu hər vasitə ilə cəzadan qurtarmağa çalışırdılar. Təşkilatçılar istintaqın gedişində həqiqətin yayındırılmasına çalışır, “Paşa”nın (Qriqoryanın ləqəbi belə idi) əməllərini gizlədir, kimisə başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb olunan “Paşa” erməni lobbisinin və Moskvadakı havadarlarının köməyilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın yanlış tutulduğunu yazırdı. İstintaq materialları onun qatı cinayətkar olduğunu sübuta yetirsə də, sonradan cəzası 9 ilə endirildi.

Yeri gəlmişkən, Sumqayıtın erməni cəlladı Eduard Qriqoryan keçmiş cinayətləri sayəsində hələ də kef çəkməkdədir. Bu yaxınlarda Azərbaycanın hüquq-mühafizə orqanları Qriqoryanın yerini müəyyən ediblər. “Paşa”  Moskva ətrafındakı Serqievo-Posadski rayonunda dəbdəbə içində yaşayır. Keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi və Baş Prokurorluğu 1988-ci il 26-29 fevral Sumqayıt hadisələrinin araşdırmasını apararkən bu hadisələrin həqiqi təşkilatçısının ermənilərin özlərinin olması barədə çoxsaylı faktlar aşkar edib. Danılmaz və inandırıcı sübutlar imkan verir ki, qriqoryanlar məsuliyyətə yenidən cəlb edilib ciddi cəzalandırılsınlar.  

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında