Samirə PATZER – İSMAYILOVA: Almaniyadakı diasporumuz Xocalı soyqırımının təbliğatını ön plana keçirib

1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş dəhşətli soyqırımı hər il olduğu kimi, bu il də dünyanın bir sıra ölkələrində anılacaq. Artıq Qərbi Avropanın bir sıra ölkələrində Xocalı tədbirləri start götürüb. Bu günlərdə Niderland, Belçika, Fransa və Almaniyada Xocalı soyqırımına dair anım tədbirləri keçiriləcək. Bundan əlavə Avropa ölkələrinin parlamentlərinə və beynəlxalq təşkilatlara bir sıra müraciətlər də ünvanlanıb. Bu barədə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Samirə Patzer – İsmayılova məlumat verib.

Almaniyada yerləşən Avropa Azərbaycanlıları Konqresi “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair Avropa Parlamentinin  İnsan Hüquqları  Komitəsinin yeni seçilmiş sədri Yelena Valensaya  müraciət edib. Bu  müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı aktının müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi tələb edilib. Müraciətdə, həmçinin, Ermənistan prezidenti Serj Sarkisyanın  qətliamın təşkilatçılarından olduğu  vurğulanaraq,  məsuliyyətə cəlb edilməsi istənilib.  Daha sonra soyqırımının beynəlxalq ekspertlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həlli yolunda və sülhün əldə edilməsinə cəhd göstərmələri tələb olunmuşdur. Daha sonra müraciətdə bildirilir ki, erməni işğalçıları tərəfindən hər gün atəşkəsin pozulması, işğal altında olan doğma torpaqlarını  ziyarətə getmiş  dinc sakinlərin birinin öldürülməsi, digər iki nəfərin girov götürülməsi və işgəncələrə məruz qalması və indiyə qədər həbsdə saxlanması faktları açıqlanmışdır. Müraciətdə əsas mövzu olaraq İslam Konfransi Gənclər Forumunun baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət !” kampaniyası haqqında məlumat və bu fəaliyyətin nailiyyətləri təqdim edilmişdir. 

AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın artıq bir sıra ölkələrdə Xocalı soyqırımının tanınmasına dair apardığı “Justice for Khojaly” ictimai – media fəaliyyətinə cəlb edərək, Avropa qurumlarının, nəhayət,  bu soyqırımına  siyasi  münasibət  bildirilməsini tələb etmişdir. 

S. Patzer bildirib ki, AAK ən böyük sosial şəbəkələrdə Xocalı soyqırımına həsr edilmiş səhifə yaratmış və ümummilli faciəmiz barədə maksimum dərəcədə əcnəbilərin maarifləndirilməsini qarşıya məqsəd qoymuşdur. Bundan əlavə, qurumun təşəbbüsü ilə Xocalı soyqırımına dair  məlumat açıqcaları çap olunmuş və paylanmışdır. Bu açıqcalarda İslam Konfransı Gənclər Forumunun baş koordinatoru Leyla xanım Əliyeva tərəfindən aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təqdim etdiyi  “Xocalı uşaqların gözü ilə” sərgisindən olan fotoşəkillər, faciə  haqqında məlumat öz əksini tapmışdır. Açıqcalar Almaniyanın Şimali Vestfalen əyalətinin parlamentinə,  Avropa Parlamentinin  İnsan Hüquqları  Komitəsinə  göndərilmişdir.  Bir sözlə, Almaniyadakı diasporumuz bu il də Xocalı faciəsinin təbliğatını  ön plana keçirib.

Sonda AAK rəhbəri  bildirib ki, fevralın 27-də Avropa Azərbaycanlıları Konqresinin və Dünya Azərbaycanlı Həkimlər Birliyinin  birgə təşkilatçılığı ilə Köln şəhərində Xocalı soyqırımı qurbanlarına həsr edilmiş “Unudulmaz ağrı” adlı anım gecəsi keçiriləcəkdir.

Tədbirdə Azərbaycanın tarixinin qanlı səhifələrindən olan Xocalı faciəsinə dair  “Böyüməyən uşaqlar” filmi nümayiş etdiriləcək.

Tədbirin bədii hissəsində Günel Anarqızının “Qarabağ hekayələri” kitabından  “Atama məktub”  hekayəsi səsləndiriləcək, alman müəllifləri  Elfi Şramm və Məsud Pənahinin “Pozulmuş sülh” adlı cizgi filmi göstəriləcəkdir.

S. Patzer əlavə edib ki, tədbirdə özü də daxil olmaqla DAHB-nin sədri Bəhruz Kuçeiçi və  Fərzanə Saadatman məruzələrlə çıxış edəcəklər. Tədbirdə  Şimali -Reyn – Vestfalen əyalətnin parlamentinə müraciət bəyanatı təqdim ediləcəkdir. Bu bəyanatda Xocalı soyqırımının  alman siyasi dairələri tərəfindən  tanınması tələb edilmiş və 2017-ci ildə Xocalı hadisələrinin 25-ci ildönümünün bu əyalətdə  ictimaiyyət səviyyəsində qeyd edilməsi  təklifi irəli sürülmüşdür. Tədbir  zamanı Xocalı soyqırımından bəhs edən fotostend, kitab, broşür və digər əyani vasitələr təqdim ediləcəkdir. Tədbirə  alman ictimaiyyətinin tanınmış nümayəndələri qatılacaqlar.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında