Dünyadakı mövcud “ikili standartlar” Xocalı faciəsinin daha geniş miqyasda soyqırımı kimi tanınmasına imkan vermir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaq. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir. Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji əhəmiyyətə malik Xocalı rayonu erməni separatizminin, şovinizminin qurbanı olmuşdur.

Həmin gecə erməni qəsbkarları Xankəndidə yerləşən, keçmiş sovetlərdən qalma 366-cı alayın yaxından köməkliyi ilə Xocalını tamamilə yandırmış, Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş vermişdir. Əslində, ermənilər Xocalı şəhərinin mühasirəsinə hələ 1991-ci ilin oktyabrında başlamışdılar. Xankəndi ilə Əsgəran arasında strateji məkan olan Xocalının ələ keçirilməsi ermənilərin əsas məqsədlərindən idi. 1991-ci il oktyabrın 30-da Xocalı ilə əlaqə tamamilə kəsilmişdi. Və ara-sıra görünən vertolyotlar mühasirədə qalan 2500 nəfərlik Xocalını Azərbaycanla bağlayan yeganə nəqliyyat vasitəsi idi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndidən atılan raketlə vurulmasından sonra Xocalı ilə hava əlaqəsinə də tamamilə son qoyulmuşdu. 1992-ci il yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmiş, şəhər büsbütün təcrid olunaraq taleyin ümidinə buraxılmışdı. Fevralın ikinci yarısından etibarən Xocalı dörd bir yandan erməni yaşayış məntəqələrindən intensiv artilleriya atəşinə məruz qalırdı. Şəhərin mühasirədən çıxarılması üçün kağız üzərində çeşidli planlar cızılsa da, onların heç biri gerçəkləşdirilmirdi.

Həmin dövrdə hakimiyyətdə olan rejimin Qarabağı qorumaq bacarığına malik olmadığı qabarıq görünürdü. Üstəlik silahlı qüvvələr siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu - fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına ölkə rəhbərliyinin göstərdiyi biganəlik Xocalıya münasibətdə də aşkar idi. Güc nazirliklərinin tez-tez dəyişdirilməsi hərbi uğursuzluqların əsas səbəblərindən birinə çevrilmişdi. Xocalının müdafiəsi üçün mərkəzi hakimiyyət səviyyəsində planlı tədbirlərin həyata keçirilməməsi son nəticədə ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız qətliamı törətməsinə şərait yaratmış oldu.

Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılar təpədən dırnağadək silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədilər. Şəhəri yalnız atıcı silahlarla qoruyan yerli özünümüdafiə dəstələri ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Nəticədə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuşdur. 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.

Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən erməni vandalizminin gerçək mahiyyəti barədə dünya ictimaiyyəti yetərincə məlumatlandırılmamışdı. O zamankı ölkə rəhbərliyinin bu faciəyə olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə Xocalı soyqırımı kimi dəhşətli cinayət törətməsinə dünya ictimaiyyəti ilkin vaxtlarda biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə hansısa təsirli tədbirlər görülməmişdir. Halbuki artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın, guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq qondarma “Sumqayıt hadisələrini” dünyaya bəyan etdilər. Biz isə yaşadığımız gerçək qətliamı dünyanın önünə çıxarmağa tələsmirdik. Hətta 1993-cü il fevralın 23-də imzalanmış “Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında” fərman da kağız üzərində qalmışdı.

Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq hüquq normaları Xocalıda baş verənlərin “soyqırımı kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar yaradır. Belə ki, BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş bu konvensiyada ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmışdur. Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqi və dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir.

Konvensiyanın 3-cü maddəsinə görə, soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa iştirak və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımda iştirak cəzalandırılan əməllər sırasındadır. Bu kriteriyalar baxımından Xocalı qətliamının soyqırımı kimi tövsif olunmasına ciddi hüquqi əsaslar mövcuddur. Ümumən, Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 104-cü maddələrini əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı, deportasiya, işgəncələr və qeyri-insani rəftar, eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə Qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir. 

Azərbaycan 1996-cı il mayın 31-də BMT-nin 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasını ratifikasiya etmiş, milli qanunvericiliyini bu sənədə uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölmənin fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil “sülh və insanlıq əleyhinə cinayətlər”, 17-ci fəsil “müharibə cinayətləri” adlandırılmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırım”, (maddə 103), “Soyqırımın törədilməsinə təhrik etmə” (maddə 104) maddələri daxil edilmişdir.

Erməni silahlı qüvvələri və Dağlıq Qarabağın silahlı separatçı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndinə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə Xocalıda törətdikləri qətliamda Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqnqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və Xankəndidə yerləşən 366-cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, ötən 24 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Azərbaycanın üzləşdiyi soyqırımı cinayətlərinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun da tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fondun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESCO Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət” Beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb-saytının təqdimetmə mərasimləri keçirilir.

Görülən işlərin nəticəsi olaraq, son illər bəzi dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etməyə başlamışlar. Məsələn, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumınya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya, Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi və digər ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. Şübhəsiz, bu prosesin genişlənməsi tədricən dünya ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı daha obyektiv məlumatlar almaq imkanlarını genişləndirir.

Etiraf etmək lazımdır ki, dünyada mövcud olan “ikili standartlar” Xocalı faciəsinin daha geniş miqyasda soyqırımı kimi tanınmasına hələlik imkan verməmişdir. Halbuki, şahid ifadələri, istintaq materialları və beynəlxalq hüquq normaları 1992-ci ildə Xocalıda baş verənlərin soyqırımı olduğuna hansısa şübhə yeri qoymur. Ötən əsrin əvvəllərindən fərqli olaraq, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş vermişdir. Dünyanın ən müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri hələ 1992-ci ildə faciə ilə bağlı geniş reportajlar vermiş, yaxud yaymışlar.

Bədnam erməni millətçiləri, bir qayda olaraq, hər ilin aprel ayında hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Qondarma “erməni soyqırımı”nın ildönümləri ərəfəsində çirkin təbliğatlarını genişləndirən erməni şovinistləri ənənəvi olaraq Türkiyə və Azərbaycanı hədəf seçərək özləri haqqında məzlum, “qırğına məruz qalmış millət” imici yaratmağa səy göstərirlər. Ötən əsrin əvvəllərində türklərin guya “ermənilərə qarşı soyqırımı yeritdiyini” iddia edən erməni millətçiləri öz diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Bəzi ölkələrin qondarma “erməni soyqırımı” məsələsindən siyasi təzyiq vasitəsilə istifadə etməyə çalışmaları bunu bir daha təsdiqləyir.

Yüz ildən çox dövrdə ermənilərin bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımının baş verməsinə gətirib çıxarmışdır. Hadisələr göstərir ki, bu gün erməni millətçiləri hələ də özlərinin bədnam və çirkin niyyətlərindən əl çəkməyiblər. Qəddar üsullarla dinc insanları kütləvi qırğına məruz qoyan erməni millətçiləri tarix qarşısındakı cinayətlərini ört-basdır etmək məqsədilə müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa əl atır, öz xeyirlərinə yazmağa cəhd edir və bu işdə xaricdəki erməni lobbisinə arxalanırlar.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Halbuki, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquq normalarına əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Lakin son illərdə bir çox dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etmişlər. Deməli, Xocalı soyqırımının dünyada tanıdılması bir-iki ilin işi deyil və bu istiqamətdə hələ uzun müddət fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin hücumçu diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik.

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və
Hüquq İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında