Prezident İlham Əliyevin İrana rəsmi səfəri və imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın inkişafına etibarlı zəmin yaradır

Azərbaycan–İran əməkdaşlığı bölgə üçün mühüm sabitləşdirici faktordur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik.

Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti

 


 

Qonşu dövlətlərlə Azərbaycan Respublikasının ən uzun sərhəd xətti İran İslam Respublikası ilədir. Münasibətlərimizin mahiyyətini isə ulu öndər Heydər Əliyev daha yaxşı xarakterizə edib:  “Tarixi,  etnik, dini və mədəni baxımdan  bizə ən yaxın ölkə də elə  İrandır”.

Ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət konsepsiyasında İranla dostluq və tərəfdaşlıq münasibətlərinin daim genişləndirilməsi məsələsinə xüsusi önəm verilirdi. Məmnunluq hissi yaradan faktdır ki, Prezident İlham Əliyev həmin siyasi konsepsiyanın bütün istiqamətləri kimi, İranla dostluq və etibarlı tərəfdaşlıq siyasətini də sədaqətlə, yaradıcılıqla davam etdirir. Dövlət başçımızın bu məsələyə verdiyi önəmin miqyasını onun özündən  və iranlı həmkarından seçdiyimiz sitatlarla ifadə etsək, daha yaxşı olar.  Fevralın 23-də Azərbaycan Prezidenti  İlham Əliyevlə birlikdə  mətbuat üçün bəyanatla çıxış edən  Prezident Həsən Ruhani  dedi : “Ötən iki il yarım ərzində bu, bizim beşinci görüşümüzdür. Bu, çox sevindirici haldır ki, bizim hər görüşümüz iki ölkə arasında münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edir. Həm də sevindirici haldır ki, bizim görüşlərimiz iki dost və qardaş ölkə olan İran ilə Azərbaycanın, onların xalqlarının mənafeyinə xidmət edir”.

Həmin əməkdaşlığa Azərbaycanın verdiyi önəmi dilə gətirən  Prezident İlham Əliyev isə dedi: “Fürsətdən istifadə edərək, İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə bir daha Sizi və bütün İran xalqını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olmuşdur və bütün yüksək kürsülərdən öz sözünü ifadə etmişdir”. Fikrimizcə,  iki ölkə arasındakı dostluq münasibətlərinin  səviyyəsinin bundan yaxşı xarakterizə etmək mümkün deyildi.

Ekspertlər yazırlar ki, həm Azərbaycan, həm də İran İslam Respublikası öz xarici siyasət kurslarında nə qədər sabit və dayanıqlı olsalar da, zamanın çağırışlarına cavab vermək, beynəlxalq aləmdə davam edən ictimai, siyasi, iqtisadi və hətta mənəvi-psixoloji proseslərə çevik reaksiya vermək kimi siyasi-diplomatik addımların atılması zərurəti də mövcuddur. Bu baxımdan Prezident Həsən Ruhaninin beynəlxalq aləmdə cərəyan edən çoxistiqamətli proseslər fonunda azərbaycanlı həmkarı İlham Əliyevi Tehrana dəvət etməsi və Prezident İlham Əliyevin həmin dəvəti məmnuniyyətlə qəbul edərək Tehrana rəsmi səfərə getməsi  hər iki paytaxtın milli dövlətçilik  maraqlarının ifadəsi  və hər iki ölkə xalqlarının mənafeyi baxımından xüsusi əhəmiyyətə malik  olan hadisələr idi.

Fevralın 23-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə aparılan danışıqlarında İran Prezidenti bildirdi ki, səfər çərçivəsində imzalanacaq sənədlərin münasibətlərimizin inkişafına töhfə verəcəyi şəksizdir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən  İran dövlətinin başçısı dedi ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Xüsusilə vurğulandı ki,  bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrdə İranın ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış etdiyini vurğulayan Prezident Həsən Ruhani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev isə əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirdi və əlavə etdi ki,  Azərbaycanın və İranın mövqelərində bir çox məqamlar üst-üstə düşür. Dövlət başçımız yada saldı ki,   regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkə sabitlik nümunəsidir.  Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirdi, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etdi.

Xatırladaq ki, prezidentlərin apardığı müzakirələr  zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd edildi. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulandı. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olundu. Dövlət başçıları islamofobiya meyillərinin artmasından narahatlıq ifadə edərək belə halların qarşısının alınması ilə bağlı müəyyən addımlar atılmasının zəruriliyini qeyd etdilər. Geniş tərkibdə görüş başa çatdıqdan sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə tərəflərin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək 11 mühüm sənəd imzalanıb.

Əlbəttə, yazının əvvəlində qeyd etdiyimiz kimi, dövlət başçımızın Tehran səfəri Azərbaycan-İran dostluq və tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edəcək. Ancaq cənab Ruhani bu səfərin başqa əhəmiyyətlərindən də söz açır. İran Prezidenti mətbuat üçün verdiyi bəyanatda dedi: “Biz bugünkü görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bu formatlara daxildir: İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə”. Fikrimizcə, məsələnin bu tərəfi artıq Tehranla Bakının regional əməkdaşlığa, deməli, həm də regionda sülhə töhfə vermək istəyinin  növbəti təzahürüdür.

Sıravi azərbaycanlının dövlət başçımızın Tehran səfərindən gözlədiyi çoxsaylı nəticələrdən biri də Xəzərin  bundan sonra da dostluq və əməkdaşlıq ünvanı kimi qalması üçün əldə ediləcək razılıqlar idi.  Prezidentimiz Tehranda verdiyi bəyanatda bu məsələyə xüsusi toxundu: “Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır”.

İran Prezidentinin  əməkdaşlığın üçtərəfli  formatda davam etdirilməsi haqqında dediklərini yüksək qiymətləndirən Azərbaycan Prezidenti öz bəyanatında digər ölkələri də bu əməkdaşlığa dəvət etdi: “Prezident Ruhani qeyd etdi ki, artıq biz üçtərəfli formatlarda da fəal iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcəkdir. Bu, bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq”.

Beləliklə,   Prezident İlham Əliyevin Tehran səfəri həm ölkəmiz, həm də region üçün kifayət qədər uğurlu  nəticələrlə yadda qaldı.  Bu səfər sübut etdi ki, xarici siyasətdə  mükəmməl  addımlar atan Azərbaycan dövlətinin regiondakı  və beynəlxalq aləmdəki dostları istənilən  zaman onun yanındadırlar.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında